Möhkəmlənən münasibətlər hüquq-mühafizə orqanlarının fəaliyyətində yeni prespektivlər açacaqdır

 

Gürcüstanın ədliyyə naziri - baş prokuroru Zurab Adeişvilinin başçılığı ilə Azərbaycanda səfərdə olan nümayəndə heyəti aprelin 29-da Ali Məhkəmənin sədri Ramiz Rzayevlə görüşmüşdür.

Ali Məhkəmənin sədri Azərbaycanın və Gürcüstanın bütün sahələrdə olduğu kimi, ədliyyə, prokurorluq orqanları və məhkəmə sistemləri arasında da çox işgüzar əlaqələrin yarandığını, münasibətlərimizin ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində də uğurla inkişaf etdiyini bildirmişdir.

R.Rzayev son illər respublikamızda məhkəmə-hüquq sahəsində həyata keçirilən islahatlar, Ali Məhkəmənin strukturu və fəaliyyəti barədə qonaqlara ətraflı məlumat vermişdir. O əmin olduğunu bildirmişdir ki, Gürcüstanın ədliyyə naziri - baş prokurorunun Azərbaycana səfəri ədliyyə, prokurorluq və məhkəmə orqanları arasında əməkdaşlığın inkişafına xidmət edəcəkdir. Dost və qonşu ölkələrimiz arasında möhkəmlənən münasibətlər hüquq-mühafizə orqanlarının fəaliyyətində yeni perspektivlər açacaqdır.

Zurab Adeişvili 2007-ci ildə Azərbaycanda olarkən Ali Məhkəmənin sədri ilə görüşünü xatırlamış, son illər məhkəmə sistemində həyata keçirilən tədbirlərin onda xoş təəssürat yaratdığını bildirmişdir. O, ölkəsində həyata keçirilən hüquq islahatlarından söhbət açmış, Gürcüstandakı Hüquqi Yardım İnstitutunun fəaliyyətini xüsusi qeyd etmişdir.

Gürcüstanın ədliyyə naziri - baş prokuroru iki ölkə arasında qarşılıqlı əməkdaşlığın böyük əhəmiyyət daşıdığını vurğulamış və bildirmişdir ki, əlaqələrimiz bundan sonra da davam etdiriləcəkdir.

Gürcüstanlı qonaqlar Ali Məhkəmənin inzibati binası ilə tanış olmuşlar. Məhkəmə tarixi muzeyinə baxan Gürcüstanın ədliyyə naziri - baş prokuroru Zurab Adeişvili xatirə kitabına ürək sözlərini yazmışdır.

Görüşün sonunda Ali Məhkəmənin sədri Azərbaycanın prokurorluq və məhkəmə orqanlarına xüsusi maraq və diqqət göstərdiklərinə, həmçinin əhəmiyyətli görüşə görə Gürcüstanın ədliyyə nazirinə - baş prokuroruna və nümayəndə heyətinin üzvlərinə minnətdarlıq etmişdir.

 

 

Azərbaycan.- 2011.-30 aprel.- S. 5.