Görkəmli fırça ustası Hüseyn Əliyevin 100 illik yubileyi münasibətilə Azərbaycan Dövlət İncəsənət Muzeyində rəssamın fərdi sərgisi açılmışdır

 

Görkəmli fırça ustası, xalq rəssamı Hüseyn Əliyevin anadan olmasının 100 illiyi münasibətilə aprelin 29-da R.Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyində rəssamın fərdi sərgisi açılmışdır.

AzərTAc xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyinin, R.Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyinin birgə təşəbbüsü ilə təşkil edilmiş sərgi çərçivəsində, həmçinin görkəmli fırça ustasının yaradıcılığına həsr olunmuş "Titrəyən kölgələr, sayrışan işıq" adlı kataloq və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Azərmarka" şirkəti tərəfindən rəssamın yubileyi münasibətilə buraxılmış poçt markasının təqdimatı keçirilmişdir.

Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək görkəmli rəssamın 100 illik yubileyi ilə bağlı sərgilərin Azərbaycandan əlavə, xarici ölkələrdə də keçiriləcəyini söyləmişdir. Nazir bildirmişdir ki, Hüseyn Əliyev Azərbaycan rəssamlıq sənətinin görkəmli nümayəndəsi olmaqla yanaşı, ölkəmizin rəngkarlıq məktəbinin ilk ustadlarından biridir. O, Leninqrad (Sankt-Peterburq) Rəssamlıq Akademiyasında təhsil almış ilk azərbaycanlı olmuşdur.

Ə.Qarayev vurğulamışdır ki, görkəmli fırça ustası Hüseyn Əliyevin yaradıcılığında portret, peyzaj, karikatura, qrafika janrlarında rəsm əsərləri mühüm yer tutur. Nazir qeyd etmişdir ki, Hüseyn Əliyev 50 il "Kommunist" (indiki "Xalq qəzeti") qəzetində rəssam və baş rəssam vəzifələrində çalışmışdır.

Eyni zamanda diqqətə çatdırılmışdır ki, sərgidə görkəmli rəssamın Dövlət İncəsənət Muzeyində və şəxsi arxivlərdə saxlanan 100-ə yaxın əsəri nümayiş olunur.

Sərginin açılış mərasimində Azərbaycan Rəssamlar İttifaqının sədri, xalq rəssamı Fərhad Xəlilov, Dövlət Rəssamlıq Akademiyasının rektoru, xalq rəssamı, akademik Ömər Eldarov, əməkdar memar Rasim Əliyev görkəmli fırça ustası Hüseyn Əliyevin həyat və yaradıcılığından, onun ərsəyə gətirdiyi əsərlərin özünəməxsusluğundan danışmışlar.

Sonra tədbirin iştirakçıları - Milli Məclisin deputatları, dövlət rəsmiləri, tanınmış elm, mədəniyyət və incəsənət xadimləri xalq rəssamı Hüseyn Əliyevin Azərbaycanın müxtəlif guşələrini, təbiətimizin gözəlliklərini əks etdirən əsərlərinə maraqla baxmışlar. Sərgi mayın 8-dək davam edəcəkdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.-30 aprel.- S. 5.