"Azərbaycan dəmiryolçusu" qəzeti 80 illik yubileyini qeyd etmişdir

 

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətində (QSC) qurumun və Dəmiryolçuların Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin orqanı olan "Azərbaycan dəmiryolçusu" qəzetinin 80 illik yubileyi qeyd edilmişdir.

AzərTAc xəbər verir ki, yubiley münasibətilə QSC, Azərbaycan Mətbuat Şurası və Azərbaycan Jurnalistlər Birliyinin birgə keçirdiyi tədbirdə "Azərbaycan dəmiryolçusu" qəzetinin redaktoru Vasif Süleyman və başqaları çıxış edərək "Azərbaycan dəmiryolçusu"nun fəaliyyəti barədə məlumat vermişlər. Bildirilmişdir ki, ölkənin sahə milli mətbuat ailəsində ən uzunömürlü mətbu orqan olan "Azərbaycan dəmiryolçusu" qəzeti 1931-ci ilin mart ayında "Zərbəçi" və "Udarnik" adları ilə Azərbaycan və rus dillərində fəaliyyətə başlamışdır. 1937-ci ildə qəzetlərin adı dəyişdirilərək "Bolşevik yolu" ("Bolşevitski put") olmuşdur. Həmin vaxt qəzet Zaqafqaziya Dəmir Yolunun Bakı və Gəncə siyasi şöbələrinin orqanı kimi fəaliyyət göstərmişdir. 1945-ci ildən isə rus dilində çıxan qəzetin adı dəyişdirilərək "Jeleznodorojnik Azerbaydjana" olmuşdur. 1949-cu ildə "Bolşevik yolu" "Azərbaycan dəmiryolçusu" adlandırılmış və bugünədək Azərbaycan dəmiryolunun tarixi salnaməsini yazmaqda davam edir.

Qeyd olunmuşdur ki, "Azərbaycan dəmiryolçusu" qəzetinin redaksiya heyətinin əməyi dövlətimiz tərəfindən həmişə yüksək qiymətləndirilmişdir. Əməkdaşlardan bir nəfər Prezident təqaüdçüsü, iki nəfər "Qızıl qələm" mükafatı laureatı, bir nəfər "Ustad" Ali Jurnalistika Mükafatının laureatı, iki nəfər "Nailiyyət" diplomu, üç nəfər "Fəxri dəmiryolçu" adına layiq görülmüşdür. Həmçinin vurğulanmışdır ki, bu dövrdə respublikanın polad magistralının aynası rolunu oynayan qəzetin əməkdaşları dəmiryolunda həyata keçirilən iqtisadi islahatlar, dəmiryolçuların istehsalat nailiyyətləri, bu və ya digər sahədə mövcud nöqsanlar barədə həm "Azərbaycan dəmiryolçusu" qəzetində, həm də ölkənin digər mətbuat orqanlarında oxuculara müfəssəl məlumat verirlər.

Sonra Azərbaycan Mətbuat Şurasının icraçı direktoru, Əməkdar Jurnalist Rəhim Hüseynzadə qurumun təbrikini çatdırmış, Xarkov Dəmir Yolları Akademiyasının rektoru Nikolay Dankonun qəzetin 80 illik yubileyi münasibətilə göndərdiyi teleqramın mətni oxunmuşdur.

 

 

Azərbaycan.- 2011.-30 aprel.- S.5.