"Azərbaycan Hava Yolları" QSC fəaliyyətində həddindən artıq qazanc və yüksək gəlir əldə etmək məqsədini güdmür

 

"Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyəti (QSC) bazar iqtisadiyyatı və xarici aviaşirkətlər tərəfindən kəskin rəqabət şəraitində fəaliyyət göstərən kommersiya strukturu olmaqla yanaşı, Qərb texnikasının alınması üçün kreditlərin ödənilməsi məqsədilə beynəlxalq reyslərdə maliyyə səmərəliliyinə də nail olmağa çalışır.

QSC prezidentinin köməkçisi, xidmət rəisi Məhərrəm Səfərli AzərTAc-a müsahibəsində Türkiyənin kurort zonalarına biletlərin qiymətinin artırılması ilə bağlı son günlər bəzi mətbuat orqanlarında yayılan xəbərlərə aydınlıq gətirmişdir. M.Səfərli qeyd etmişdir ki, "Azərbaycan Hava Yolları"nın əsas məqsədi ulu öndər Heydər Əliyevin də qeyd etdiyi kimi, uçuşların təhlükəsizliyini təmin etməkdir. Bu məqsədi əsas tutan QSC fəaliyyətində həddindən artıq qazanc və yüksək gəlir əldə etmək məqsədini güdmür. Bu gün Türkiyə istiqamətində uçuşlar heç də alternativsiz deyildir. Bu ölkənin aviadaşıyıcıları İstanbul, Dalaman və Adana hava limanlarından keçməklə transfer daşımalar təklif edir və öz məhsulunu Azərbaycanın xarici turizm bazarına çıxarır. Bəzi naşı jurnalistlər mətbu orqanlarda yazırlar ki, Bakı-İstanbul-Bakı aviareysi Tbilisi-İstanbul-Tbilisi reysindən qat-qat bahadır. Ancaq başa düşmürlər ki, Bakı-İstanbul-Bakı hava xətti, yəni gediş-gəliş Tbilisi-İstanbul-Tbilisi reysinin məsafəsindən iki dəfə çoxdur.

Bununla yanaşı qeyd edim ki, QSC-in qarşıdakı yay mövsümündə bu istiqamətdə həyata keçirdiyi aviareyslərdə biletlər mövcud vəziyyət və maliyyə səmərəliliyinin qorunması nəzərə alınmaqla, əvvəlki yay dövrü ilə müqayisədə 15 faizdən az artmışdır. M.Səfərli bildirmişdir ki, Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İKAO) qərarı ilə biletlər artıq avro məzənnəsi ilə satılır. Bu isə avronun məzənnəsinin yüksəlməsi fonunda biletlərin bahalaşmasına səbəb olur. Buna görə də əgər ötən il Antalya və Bodrum istiqamətlərində aviabiletin dəyəri 416 avro idisə, cari ildə bu, 476 avro təşkil edir. Bunun da obyektiv səbəbləri vardır. Bu, ilk növbədə QSC-in aldığı beynəlxalq kreditlər, dünya bazarında yanacağın bahalaşması, Türkiyə hava limanlarında yığım və xidmət haqlarının artması və avronun məzənnəsinin yüksəlməsi ilə bağlıdır.

Eyni zamanda, dünya bazarında neftin qiymətinin kəskin qalxması ilə əlaqədar olaraq Türkiyənin hava limanlarında aviayanacağın dəyəri də artmışdır. Keçən il yay mövsümünün əvvəlində Türkiyədə bir ton aviayanacağın dəyəri 450-470 ABŞ dolları olduğu halda, hazırda bu qiymət min dollardan artıqdır. Qiymət artımı, xüsusilə avronun məzənnəsinin yüksəlməsi Türkiyənin hava limanlarında yığımların da artmasına səbəb olmuşdur. Bu, aviabiletin dəyərinin bahalaşmasının səbəblərindən biridir. Digər tərəfdən, Türkiyənin hava limanlarında yerüstü xidmətdən başlayaraq bort qidasının qiymətinin artmasınadək istehsala çəkilən xərclər, eyni zamanda xidmət dəyərinin, haqq və yığımların artımı nəinki aviasiya sənayesinə, hətta bütün türk kurort biznesinə də təsir göstərmişdir. Həmçinin bu, dünyanın bir çox kurortlarında - Misir, Tunis və Yunanıstanda son vaxtlar yaranmış vəziyyətlə əlaqədar Türkiyənin kurort zonalarına tələbatın artması ilə də əlaqədardır. Eyni zamanda qeyd etmək lazımdır ki, ərəb ölkələrində baş verən iğtişaşlar da Türkiyənin kurort zonalarına turist axınını gücləndirmişdir. Bütün bunları nəzərə alaraq bir daha vurğulamaq istərdim ki, QSC Türkiyənin xidmət göstərən təşkilatları ilə qarşılıqlı hesablaşmaları da avro ilə apardığından qiymət artımının yarıdan çoxu bu valyutanın məzənnəsinin artması ilə bağlıdır. Həm də ki, tarif siyasəti rəqabətə uyğun müəyyən edilir.

M.Səfərli bildirmişdir ki, sərnişin və yük daşımaları ilə bağlı xidmətin səviyyəsini daha da yüksəltmək, eləcə də uçuşların təhlükəsizliyini dünya standartlarına uyğunlaşdırmaq məqsədilə Heydər Əliyev Beynəlxalq Aeroportunda yeni aerovağzal kompleksinin tikintisinə başlanmış, respublikamızın mülki aviasiyasının kompleks inkişafı çərçivəsində Qəbələ beynəlxalq hava limanının tikintisi sürətləndirilmişdir. Eyni zamanda, sərnişin və yük daşımalarının daha müasir səviyyəyə çatdırılması üçün QSC-in təyyarə və helikopter parkı yenilənməkdədir. Müştərilərə maksimum yüksək xidmət göstərmək və aviaparkımızı dünyanın beynəlxalq standartları səviyyəsinə yüksəltmək üçün bu yaxınlarda 5 "Aerobus-320" təyyarəsi alınmış, altıncısı isə mayın axırında, ya da iyunun əvvəlində respublikamıza gətiriləcəkdir. Həmçinin may-iyun aylarında aviaparkımıza ABŞ istehsalı olan müasir tipli "Boeing 767-300-ER" təyyarəsi də daxil ediləcəkdir. Daha belə bir təyyarə isə 2012-ci ildə alınacaqdır. Bundan başqa, "Azərbaycan Hava Yolları" QSC MDB ölkələri arasında ilk dəfə olaraq "Boeing" şirkətindən "Dreamliner-787" müasir tipli iki təyyarə alacaqdır. Birinci təyyarə 2014-cü ildə ölkəmizə gətiriləcəkdir. Bu təyyarələr uçuşların coğrafiyasının genişləndirilməsinə imkan verəcəkdir. Məsələn, Amerikaya, Cənub-Şərqi Asiyaya, Avropanın digər bir sıra ölkələrinə birbaşa aviareyslər həyata keçirmək mümkün olacaqdır.

Bu yaxınlarda Simferopola, Karlovı-Varıya, Aberdinə, Amsterdama reyslərin təşkil ediləcəyini nəzərə çarpdıran M.Səfərli Almaniyanın Berlin, Münhen və Düsseldorf şəhərlərindən birinə də yeni aviareysin açılmasının planlaşdırıldığını vurğulamışdır.

 

 

Azərbaycan.- 2011.-30 aprel.- S. 7.