Özbəkistanda Azərbaycan Gəncləri günləri davam edir

 

Özbəkistanda keçirilən Azərbaycan Gəncləri günlərinin iştirakçıları - Gənclər və İdman Nazirliyinin nümayəndə heyəti Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində olmuşlar. Qonaqlar Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin binanın qarşısındakı abidəsi önünə əklil və gül dəstələri qoymuşlar. Daha sonra qonaqlar mərkəzdə fəaliyyət göstərən Heydər Əliyev muzeyi, Azərbaycan dövlətçiliyi tarixi muzeyi, Azərbaycan-Özbəkistan tarixi əlaqələri muzeyi, kino-konfrans zalı, kitabxana, təntənəli mərasimlər salonu ilə tanış olmuşlar. Qonaqlara mərkəzin fəaliyyəti barədə məlumat verilmiş, nazir müavini İntiqam Babayev və "Kamolot" İctimai Gənclər Hərəkatı (İCH) Gənclər Birliyi sədrinin müavini F.Muxammetjanova fəxri qonaqlar kitabında ürək sözlərini yazmışlar.

Nümayəndə heyətinin üzvləri Özbəkistanın müstəqillik rəmzi olan "Xoşbəxt ana" monumentinə də əklil və gül dəstələri qoymuşlar. Daşkəndin Müstəqillik meydanı ilə tanışlıq zamanı qonaqlara meydanın yaranma tarixi, kompleksə daxil olan "Xoşbəxt ana", "Durna quşları" abidələrinin müəllifləri, ətrafdakı park barədə məlumat verilmişdir.

Nümayəndə heyəti Özbəkistan Ali Məclisinin Senatında olmuşlar. Qonaqlara Senatın vəzifələri haqqında məlumat verilmiş, sonra onlar Senatın binası və fəaliyyəti ilə tanış olmuşlar.

Daşkənddəki Gənclər Yaradıcılıq Sarayında təşkil edilən təntənəli sərgidə "Kamolot" İGH-nin 700-dən artıq üzvü, Azərbaycan diasporunun fəalları, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.

İ.Babayev və F.Muxammetjanova, Gənclər Yaradıcılıq Sarayının müdiri Kamola Akilova Özbəkistanda keçirilən Azərbaycan Gəncləri günləri barədə danışmış, bunun xalqlarımız arasında dostluq əlaqələrinin gücləndirilməsində əhəmiyyətini vurğulamışlar.

 

 

Qulu KƏNGƏRLİ,

AzərTAc-ın xüsusi müxbiri

Daşkənd

 

Azərbaycan.- 2011.-30 aprel.- S. 7.