Uşaq ədəbiyyatının
inkişafı diqqət tələb edir
Uşaq kitabının yaranmasına nəzər salsaq bu tarix 1477-ci ildən yunan müəllifi Ezopun mahnılarının yazılı kitab şəklində çap edilməsilə başlayır. Sonralar yazılaraq kitablara köçürülən başqa xalq nağıllarına da maraq artır, azyaşlılar bu cür nağıl kitablarına ciddi münasibət bəsləyirlər. Əsrlər ötdükcə uşaq nağılları yazan müəlliflərin sayı çoxalır, elə bu kitablara həvəs göstərən uşaqların da. Şərqdə də bir-birinin ardınca "Min bir gecə", "Ələddin", "Əlibaba və qırx quldur", "Sindibadın 7 hekayəti" adlı uşaq kitabları yaranır, bu kitablar dövrünün böyük nailiyyəti hesab olunur.
1658-ci ildə çex maarifçisi və pedaqoqu Y.A.Komenski uşaqlara dünyanın mahiyyətini anlatmaq məqsədilə çoxlu rəsmlərin yer aldığı bir kitab nəşr edir. Qrim qardaşlarının da nağıllar kitabı bu baxımdan çox maraqlı idi. Hətta XVIII əsrdə uşaqlara öz zövqlərinə görə kitab seçmək imkanı yaranmağa başlayır. D.Defo və C.Sviftin 1719-cu ildə böyüklər üçün yazdıqları "Robinzon Kruzo" və "Qulliverin səhayəti" romanları uşaqların daha çox maraqlarına səbəb olur və bu qəhrəmanları çox sevirlər. Maraqlı rəsmlərlə birlikdə uşaq ədəbiyyatı yazmaqda müəlliflərin məqsədi uşaqların intellektual inkişafında kitabların rolunu artırmaq, kitaba sevgi aşılamaq, kitab mədəniyyətinə diqqət yaratmaq idi. Məhz buna görə çoxları XIX əsri uşaq kitabının "Qızıl dövrü " hesab edirdlər.
Bu əsr Azərbaycanda uşaq ədəbiyyatı üçün qızıl dövr hesab olunmasa da XX əsrin ilk illərindən başlayaraq görkəmli maarifpərvər ziyalılarımız, işıq irfanları Firidun bəy Köçərli, Mirzə Ələkbər Sabir, Üzeyir bəy Hacıbəyli, Soltan Məcid Qənizadə, Abdulla Şaiq, Cəlil Məmmədquluzadə və başqaları yaradıcılıqlarında uşaq ədəbiyyatına yer ayırmış, nağıllar, şeirlər, təmsillər yazmışlar. Təkcə şeir, nağıl deyil, hesab, həndəsə, təbiət, təbabət və başqa kitabları da yazaraq dərs vəsaitləri tərtib ediblər. Üzeyir bəy "Hesab kitabı"nı yazanda hələ Qori Seminariyasının tələbəsi idi. Yeri gəlmişkən, bu şəxsiyyətlərin əksəriyyəti Qori Seminariyasını bitirmiş ziyalılar idilər. Onlar yaxşı bilirdilər ki, millətin tərəqqisi uşaqların bilikli və savadlı, elmli, dünyagörüşlü olmasından başlayır ki, bu da yalnız kitablar vasitəsilə mümkündür. Yaratdıqları hər bir nümunə oxunaqlı, diləyatımlı, səlisdir. Uşaqlar "Uşaq və buz"u, "Keçi"ni, "Gəl-gəl a, yaz günləri"ni bir-iki dəfə oxumaqla əzbər söyləyə bilirlər, bədii təsvirləri də təkrarolunmazdır. Görkəmli ziyalılar uşaq ədəbiyyatı ilə özfəaliyyət formasında məşğul olmamış, xalqımızın tarixini, soy-kökünü, dəyər və ənənələrini nəzərə alaraq gələcək nəsillər üçün ədəbiyyat yaratmışlar.
Hər il aprelin 2-i beynəlxalq uşaq kitabı günü dünyanın hər yerində uşaq bayramı kimi qeyd edilir. Viktorinalar keçirilir, məşhur nağıl qəhrəmanları uşaqların qonağı olur (Qulliver, Çirkin ördək, Çəkməli pişik, Zoluşka və s.), uşaqlara aid olduqları nağıl kitablarını hədiyyə edirlər. Bu cür maarifləndirici tədbirlərdə nəşriyyatlar xüsusilə fəallıq göstərirlər. Onlar müəlliflərdən uşaq nağılları, ədəbiyyatı sifariş almaq üçün necə deyərlər dəridən-qabıqdan çıxırlar. O gün hər bir uşağın yaddaşına kitab bayramı günü kimi həkk olunur. Beynəlxalq Uşaq Kitab bayramı paytaxtımız Bakıda da qeyd olundu. Nazirlər Kabineti yanında İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən aprelin 2-dən 7-dək "Nağıl qəhrəmanları rəssamların gözü ilə" adlı rəsm və uşaq kitabları sərgisi keçirildi. Müşahidələr göstərir ki, azərbaycanlı uşaqların kitaba marağı və ciddi münasibəti bəlkə də başqa xalqların uşaqlarından da çoxdur. Lakin elə həmin tədbirdə çıxış edən psixoloqlar və mütəxəssislər təəssüflə bildirdilər ki, nə valideynlər, nə də uşaq ədəbiyyatı mütəxəssisləri balacaların marağına onlar qədər ciddi yanaşa bilmirlər. Bu da nəticədə uşaqların kitabdan kənarda qalmasına səbəb olur. Sərgidə "Tutu" nəşriyyatının son 15 il ərzində məhsulu olan uşaq kitabları və bu kitablardaki rəsmlər nümayiş olunurdu. Sərgiyə gələn uşaqlar valideynlərinə az qala hər kitabdan almalarını istəyirdilər.
Lakin uşaqların kitaba marağını artırmaq məqsədilə keçirilən bu cür tədbirlər genişmiqyaslı olmur, yəni beynəlxalq uşaq kitabı günü hələ ölkəmizdə uşaqların kitab bayramı kimi qeyd edilmir. Belə bir bayramın olduğunu yalnız İçərişəhərdə sərgiyə gələn uşaqlar yadında saxlaya bilər. Maarifləndirici bayram tədbirlərinin miqyası geniş olsa və bölgələrimizdə də keçirilsə, əlbəttə, uşaqlarımız bu tədbirlərdən çox şey öyrənər, onların maraq dairələri artar. Xüsusən də uşaq nəşriyyatları və müəlliflər, rəssamlar bu cür tədbirlərdə uşaqlarla təmasda olar, onların nə istədiklərini özlərindən öyrənər, işlərini bu istiqamətdə qurarlar.
Son illər ölkəmizdə uşaq ədəbiyyatının inkişafında, keyfiyyətli nəşrində xeyli irəliləyiş əldə olunub. Bunu sərgiyə çıxarılan yüksək tərtibatlı, rəngli kitablardan görmək olur. Lakin bunlar bu sahədə mövcud problemin aradan qaldırılmasında ciddi əhəmiyyət daşımır. Hazırda Azərbaycanda uşaq kitabxanaları da azdır, kitab mağazaları da, kitabxanaya gedən uşaqlar da. Bir ara mütəxəssislər bu çatışmazlığı latın qrafikasına keçidin yaratdığı problemlə bağlayırdılar. Lakin keçiddən az müddət keçməyib, artıq bir neçə nəsil orta məktəbi latın qrafikasında bitirib. Baxanda hələ də Azərbaycanda uşaq ədəbiyyatı kölgədə görünür.
Məlumat üçün bildirək ki, təkcə Rusiyanın paytaxtı Moskvada 168 dövlət uşaq kitabxanası var. Bu kitabxanaların nəzdində bütün yaş qrupları üçün pulsuz dərnəklər fəaliyyət göstərir. Beş yaşından 14 yaşınadək uşaqlar bu dərnəklərdə müxtəlif məşğuliyyətlər keçirir, kitablar oxuyur, maraq dairələrini genişləndirirlər. Azərbaycanda isə cəmi 104 uşaq kitabxanası var. Onların yarısının da adı qalıb, çoxu fəaliyyətsizdir. İşləyənlərdə də uşaqların fəallığı azdır, kitab fondu yetərincə deyil və sairə. Paytaxt Bakının payına düşən uşaq kitabxanaları fəaliyyət göstərsə də, onların da problemləri başdan aşır. Səbəb kimi kitab fondunun azlığı, balacaların tələblərinə cavab verən kitab və jurnalların olmaması, ən əsası da, maliyyə problemləri.
Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası ölkədə fəaliyyət göstərən bütün uşaq kitabxanaları üzrə elmi-metodik mərkəz hesab olunur. 1965-ci ildə yaradılmış bu kitabxana uşaqların intellektual inkişafı sahəsində xeyli uğurlar qazanmış, yüksək tərtibatlı kitablarla təchiz olunmuş, kitabxananın nəşr etdiyi "Göy qurşağı" jurnalı rayonlara da yayılır. Lakin həm bu kitabxananın, həm Abdulla Şaiq adına digər uşaq kitabxanasının və başqa bütün kitabxanaların oxucu, kitab fondu problemləri mövcuddur. Ölkəmizdə milli uşaq ədəbiyyatı qıtlığı vardır. Deməli, uşaqların marağını artırmaq üçün daha çox iş görülməli, bu sahə kölgədən çıxarılmalıdır. Ağıllı, savadlı və səviyyəli gələcəyə sahib olmaq istəyiriksə, uşaq ədəbiyyatının inkişafına diqqəti artırmalıyıq. Bu sahənin inkişafı kölgədə qalarsa, gələcəyimiz bundan əziyyət çəkəcək. Vaxt və imkan var ikən uşaq ədəbiyyatının inkişafına, tərcümə ədəbiyyatının keyfiyyətli nəşrlərinə nail olmalıyıq.
Yuxarıda da qeyd etdik ki, bu sahə tamamilə unudulmayıb, uğurlu addımlar atılır. Dövlət tərəfindən uşaqlara diqqət və qayğı göstərilir. Prezident İlham Əliyevin fərmanı ilə 2009-cu il Azərbaycanda "Uşaq ili" elan olunmuşdu. Məqsəd uşaqları və onlarla bağlı məsələləri cəmiyyətin diqqətində saxlamaq, uşaqların intellektual inkişafına şərait yaradan məqamları öyrənib ona nail olmaq idi. "Uşaq ili" çərçivəsində uşaq ədəbiyyatının mövcud durumu ilə bağlı bir neçə məsələ öyrənildi və yerinə yetirildi. Lakin iş bir illə bitmir, uşaqlar hər zaman cəmiyyətin və dövlətin diqqətində olmalıdır. Uşaq nəşrləri ilə məşğul olan naşirlər və mütəxəssislər bildirirlər ki, indi nəşriyyatların 99 faizi sifarişlə işləyir. Belə vəziyyətdə uşaq ədəbiyyatı nəşr etmək çətindir, çox bahadır. Yaxşı olardı ki, bu cür kitablardan vergi az tutulsun və ya azad olunsun, uşaqların inkişafına xidmət edən kitabların nəşri üçün fond yaradılsın. Nəşriyyat bahalı kitab nəşr edir, valideyn isə onu almaq imkanında deyil. Bu zaman nəşriyyat itirir. O bir də uşaq nəşrləri ilə məşğul olmaz. Ona görə də bu məsələlər tənzimlənməlidir, dövlət bu kitabları və başqa nəşrləri nəşriyyatdan almalıdır və ona sifariş verməlidir, uşaqların hərtərəfli inkişafı üçün qrantlar ayrılmalı, layihələr həyata keçirilməlidir.
Doğrudan da
uşaqlara aid kitabların nəşri olduqca çətin
prosesdir. Yazı dili aydın olmalı, rəssamlar
nağıl qəhrəmanlarının şəkillərini
yüksək tərtibatda işləməli, tərcüməçilər
və texniki redaktorlar da işlərinin öhdəsindən
bacarıqla gəlməlidirlər. Üz
qabığından və kağızından tutmuş
bütün detallarınadək uşaq kitabı keyfiyyətli
tərtib olunmalıdır. Mütləq
uşaq psixoloqlarının, pedaqoqlarının tövsiyə
və fikirlərindən istifadə olunmalıdır. Məsələn, psixoloqlar uşaqların kitaba
marağını artırmaq üçün rəng tərtibatına
xüsusi fikir verməyi tövsiyə edirlər. Bu tələblər həm də güclü maliyyə
vəsaiti tələb edir.
Şəhərdə
bir neçə kitab mağazalarına da baş çəkdik. Mağazalarda yüksək tərtibatda
nəşr olunan "Uolt Disney", Şarl Perrornun
"Çəkməli pişik", "Karlson",
"Zoluşka", Kitabi Dədə-Qorqud dastanından
"Uruzun nağılı", "Azərbaycan xalq
nağılları", "Padşahla pinəçinin
nağılı", Cəlil Məmmədquluzadənin
"Buz", "Tülkü və hacıleylək",
"Sehrli sünbül" kitablarına rast gəldik. Təəssüflə demək olar ki, əcnəbi
dildə olan kitabların bədii-texniki tərtibatı o qədər
yüksək səviyyədədir ki, böyüklərin də
diqqətini cəlb edir. Azərbaycan dilində olan
kitablar haqqında bunları demək bir az
tezdir. Ancaq qismən keyfiyyətli kitablar da az
deyil.
Uşaq
verilişlərinə gəlincə, bir nüansa diqqəti
çəkək. Nədənsə televiziyalarda təqdim
olunan uşaq verilişlərində aparıcılar körpələrdən
daha çox ata-analarının nə işlə məşğul
olduqlarını, gündə neçə dəfə
dalaşıb-barışdıqlarını, evdə hansı
yeməyi bişirdiklərini soruşurlar. Bunların
heç bir əhəmiyyəti yoxdur, vaxt itkisidir. Həm tamaşaçı uşaqların, həm də
verilişdəki uşaqların əqli inkişafına nail
olmaq, intellektual bacarıqlarını üzə
çıxarmaq üçün onlara tərbiyəvi əhəmiyyətli
suallar verilməlidir. Məsələn,
kitabxana nədir? Sən heç ata-ananla
şəhərə çıxanda kitab almısanmı və
ya hansı nağıl qəhrəmanını
tanıyırsan - deyə, bu tipli suallar verilməlidir.
Uşaqlar millətinin tarixini, mədəniyyətini, dövlətçilik ənənələrini öyrənməli, ona məhəbbət ruhunda, sevgiylə böyüməlidir. Bir də ağıllı və savadlı.
Rəsmiyyə RZALI
Azərbaycan.- 2011.-30 aprel.- S. 7.