Erməni saxtakarlığına
növbəti zərbə
AzərTAc xəbər
verir ki, bu günlərdə "Yazıçı" nəşriyyatında
tanınmış publisist-alim Hikmət Babaoğlunun
"Akdamardan Sarı Gəlinədək erməni
yalanı" kitabı nəşr olunmuşdur.
Əməkdar jurnalist
Hikmət Babaoğlunun bu kitabında ermənilərin Azərbaycan
xalqının tarixinə, maddi və mənəvi abidələrinə
qarşı törətdikləri sistemli saxtakarlıqdan bəhs
olunur, erməni yalanları əsaslı elmi dəlillərlə
alt-üst edilir, tariximizin nisbətən az öyrənilmiş
dövrlərinə yeni rakursdan aydınlıq gətirilir.
Kitab üç müstəqil məqalədən ibarət olsa da, bu məqalələr, əslində, ideya və məzmun etibarilə bir-birinin davamıdır.
Kitabda həm qədim alban dövrünə aid olan maddi abidələrimiz, həm Azərbaycanda xristianlıqdan islama keçid dövründə baş vermiş dini-ideoloji kataklizmlər, həm də mənəvi sərvətimiz olan musiqi nümunələrimiz təhlil edilir, onların tarixi və yaranması məsələləri elmi tədqiqata cəlb olunur.
Kitabın elmi əhəmiyyətini yüksək qiymətləndirən Milli Məclisin deputatı, professor Nizami Cəfərov "Yalan ayaq tutar yeriməz" adlı ön sözündə bildirir ki, Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin "Gorus-2010: absurd teatrı mövsümü" əsəri cəmiyyətdə böyük əks-səda doğurmuş, mövzu ilə bağlı yeni-yeni araşdırmalara təkan vermişdir. Hikmət Babaoğlunun bu kitabı da məhz həmin əsərin metodoloji təsiri ilə qələmə alınmış məqalələrin toplusu kimi çox əhəmiyyətlidir.
Məsləhətçisi Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri, professor Əli Həsənov olan kitab mövzu ilə bağlı son dövrlər H.Babaoğlu tərəfindən qələmə alınmış üç məqalənin Azərbaycan, türk, ingilis və rus dillərində olan variantlarının toplusudur.
Müəllif bu məqalələrində regiona gəlmə olan hayların aborigen xalqın maddi və mənəvi mədəniyyət nümunələrini mənimsəmək məqsədilə atdığı saxtakar addımları tutarlı faktlarla ifşa etmişdir. Məqalələrdə publisistik emosiya nə qədər yüksək olsa da, elm, məntiq, təhlil metodları kifayət qədər güclü, müəllifin gətirdiyi dəlillər kifayət qədər aydın və inandırıcıdır.
Geniş
oxucu kütləsi üçün nəzərdə
tutulmuş kitab, eyni zamanda, tədqiqatçılar
üçün də maraqlı mənbə rolunu
oynayacaqdır.
Azərbaycan.- 2011.-30 aprel.- S. 8.