Böyük Britaniyada nəşr olunan "Exchange" beynəlxalq biznes və diplomatiya jurnalında Azərbaycanın uğurlarından bəhs edilmişdir

 

Böyük Britaniyada nəşr olunan "Exchange" beynəlxalq biznes və diplomatiya jurnalının iyul nömrəsində Azərbaycanın bu ölkədəki səfiri Fəxrəddin Qurbanovun müsahibəsi dərc edilmişdir.

Səfirlikdən AzərTAc-a bildirmişlər ki, müsahibədə əsasən Azərbaycan iqtisadiyyatının davamlı inkişafı, ölkəmizin enerji sektorunun hazırkı vəziyyəti və inkişaf perspektivləri, neftin satışından əldə olunan gəlirlərin idarə olunması sahəsində həyata keçirilən tədbirlər, o cümlədən Dövlət Neft Fondunun fəaliyyəti, ölkəmiz ilə Böyük Britaniya arasında iqtisadi əməkdaşlıq, xüsusilə neft-qaz ehtiyatlarının işlənməsində Britaniya şirkətlərinin rolu, Azərbaycanın "Evrovision-2011" mahnı müsabiqəsində qələbəsi və turizmin inkişafı ilə bağlı məsələlər əhatə olunmuşdur.

Diplomat Azərbaycanın makroiqtisadi göstəricilərinin ildən-ilə yüksəldiyini və bunun əsasında ölkədə siyasi və iqtisadi sabitliyin mövcud olduğunu vurğulamışdır. Səfir regional əhəmiyyətli enerji layihələrinin həyata keçirilməsinin iqtisadi inkişafa təkan verdiyini, enerji gəlirlərinin səmərəli idarə olunması üçün Dövlət Neft Fondunun yaradıldığını demişdir. F.Qurbanov Britaniya şirkətlərinin ölkəmizin enerji ehtiyatlarının ixracında xüsusi rolunu vurğulamış, Azərbaycanda münbit sərmayə mühitinin yaradıldığını diqqətə çatdırmışdır.

Müsahibədə cari ilin Azərbaycanda "Turizm ili" elan edildiyi, zəngin flora və faunaya malik ölkəmizdə hazırda turizmin inkişafının prioritet istiqamətlərdən biri olduğu bildirilmişdir. Bu ilin sonunadək Bakıda bir neçə beşulduzlu mehmanxananın açılacağı, regionlarda turizmin inkişaf etdirilməsi üçün layihələrin icra olunduğu qeyd edilmişdir.

Diplomat gələn il paytaxt Bakıda keçiriləcək "Evrovision" mahnı müsabiqəsinin Azərbaycan xalqının zəngin mədəniyyətinin təbliğinə və turizmin inkişafına yaxşı zəmin yaradacağını vurğulamışdır.

 

 

Azərbaycan.- 2011.- 2 avqust.- S. 2.