Düşünülmüş,
sürətli və davamlı inkişaf
Ən böyük milli sərvət kimi dəyərləndirilən müstəqillik bəşər tarixində adıkeçən bütün xalqlar üçün hər zaman özünüifadənin yüksək forması olaraq səciyyələndirilib. Bu mənada təsadüfi deyil ki, müstəqil yaşayan, öz hüquqlarını suveren şəkildə reallaşdıran xalqların əldə etdiyi nailiyyətlər, qazandığı uğurlar daha böyük və möhtəşəm olub. Onların bəşəri inkişafa verdiyi töhfələr də insanlıq tarixinin ən şanlı, parlaq səhifələrində əksini tapıb.
Xalq, dövlət olaraq Azərbaycanın tərəqqisində, bu gün dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevrilməsində müstəqillik amili əsas hərəkətverici qüvvə olub. Ötən əsrin son onilliyində yenidən dövlət müstəqilliyinə qovuşmasından sonra taleyinin sahibinə çevrilən Azərbaycan xalqı, onun yaratdığı dövlət qazanılan nailiyyətlər baxımından indi dünya üçün nümunəyə çevrilib. Müstəqilliyinin bərpasının 20-ci ildönümünü qeyd etməyə hazırlaşdığımız yeni tariximizdə xalqımızın imza atdığı müvəffəqiyyətlər dünyaya inkişafın Azərbaycan modelini də bəxş edib. Bu 20 il ərzində ən böyük nailiyyətlərdən biri, şübhəsiz, güclü, qüdrətli, xalqın iradəsi ilə formalaşan, onun milli maraqlarını qətiyyətlə müdafiə edən Azərbaycan dövlətinin yaranmasıdır. Bütün dünya azərbaycanlılarının tarixi Vətəni hər bir soydaşımızın qürur mənbəyi olan ölkəyə çevrilib. Müstəqillik illərində yaradılan möhkəm bazis qarşıdakı dövr ərzində də ölkəmizə yeni möhtəşəm uğurlar vəd edir.
Həmin uğurların təməlinin yaradıldığı son 20 il ərzində yaşanan siyasi, sosial-iqtisadi, hüquqi, demokratik inkişaf yoluna "Azərbaycan" qəzetinin yeni böyük layihəsində geniş nəzər salınır. Bir hissəsi kitab kimi gerçəkləşdirilən layihədə müxtəlif sahələr üzrə son 20 ildə keçilən tərəqqi yoluna faktlar əsasında nəzər salınır. Möhtərəm oxucular, bu gündən etibarən kitabdan bəzi parçaları müəyyən ixtisarlarla diqqətinizə təqdim edirik. Ölkəmizin dövlət müstəqilliyinin bərpasının 20 illiyi ərəfəsində ictimaiyyət redaksiyamızda hazırlanmış yubiley nəşri ilə də tanış ola biləcəkdir.
"Bizim bugünkü inkişafımız, bugünkü nailiyyətlərimiz, Azərbaycanın həqiqətən müstəqil ölkə kimi dünya birliyinə qədəm qoyması böyük dərəcədə "Əsrin müqaviləsi"nin imzalanması ilə bağlıdır. Bu, çox cəsarətli və müdrik addım idi. Ulu öndər Heydər Əliyev tərəfindən atılan bu addım Azərbaycan xalqının rifah halının yaxşılaşmasına, Azərbaycanın hərtərəfli inkişafına xidmət edir".
İlham ƏLİYEV
Yeni neft strategiyası -
inkişafın dayaq nöqtəsi
Qloballaşma prosesinin daha sürətli xarakter aldığı yeni əsrdə dünya dövlətləri qarşısında həlli getdikcə daha böyük aktuallıq kəsb edən məsələlərdən biri də etibarlı enerji təhlükəsizliyinin təmin olunmasıdır. Məhz bu səbəbdəndir ki, enerji siyasəti konsepsiyasının hazırlanması və onun həyata keçirilmə strategiyasına verilən xüsusi diqqət son illərdə daim yüksələn xətt üzrə inkişaf etməkdədir. Bu məsələ enerji ehtiyatları ilə kifayət qədər zəngin olan ölkələr üçün də olduqca aktual xarakter daşıyır və böyük əhəmiyyətə malikdir. Çünki dünyanın real mənzərəsi göstərir ki, enerji ehtiyatları ilə zəngin ölkələrin heç də hamısı bu resurslarını uğurla, inkişafa xidmət edən formada realizasiya edə bilmirlər. Halbuki enerji ehtiyatlarından, iqtisadiyyatın enerji sektorundan səmərəli şəkildə faydalanılacağı təqdirdə, ölkəni davamlı və sabit inkişaf yoluna çıxarmaq, onu qüdrətli bir dövlət halına gətirmək mümkündür. Bu kontekstdə istər regional, istərsə də qlobal miqyasda dövrün ən real nümunələrindən biri qismində müasir Azərbaycan çıxış edir.
Yanacaq-enerji kompleksi ölkə iqtisadiyyatında həmişə vacib rol oynayıb. Azərbaycan müstəqillik əldə etdikdən sonra bu kompleksin rolu daha da artıb və buna əsas səbəb ölkəmizin həm enerji resursları ilə zəngin olması, həm də müvafiq hasilat, istehsal vasitələrinin hələ SSRİ dönəmində respublikada təşəkkül tapması idi. Ancaq ikinci dəfə dövlət müstəqilliyi əldə edildikdən sonra hakimiyyətdə olan qüvvələr təəssülər olsun ki, ölkənin enerji ehtiyatlarındən səmərəli istifadə edərək Azərbaycanı hər hansı inkişaf yoluna çıxara bilmədilər. Əksinə, digər sahələrdə olduğu kimi, enerji sektoru da özünün tənəzzül dövrünə qədəm qoydu. Enerji sektorunun böhranı iqtisadiyyatın digər sahələrinə də təsirsiz ötüşmürdü. Çünki istehsal gücünün əsasında enerji resursları və energetika dayanırdı ki, onlar da həyata keçirilən yarıtmaz siyasət üzündən sürətli tənəzzül dövrünü yaşamaqda idi. Həm A.Mütəllibov, həm də AXC-Müsavat iqtidarı hakimiyyətdə olduqları müddətdə yeni reallıqların tələblərinə cavab verən enerji siyasətinin işlənib hazırlanmasında aciz olduqlarını praktiki fəaliyyətləri ilə sübuta yetirdilər.
Hətta AXC hakimiyyəti dövründə milli iqtisadiyyatda yaşanan böhran neft hasilatında ciddi azalmaların yaşanmasına gətirib çıxardı. Neft sənayesində özünü göstərən tənəzzül prosesi nəticəsində bu sahədə çalışanlaın sosial-iqtisadi vəziyyəti xeyli ağırlaşmış, hasilatın azalması fonunda isə ümumi iqtisadiyyatda böhran daha da dərinləşmişdi. Araşdırmalar göstərir ki, 1990-cı ildə respublikada 12 milyon 513 min ton neft hasil olunmuşdursa, 1992-1993-cü illərdə bu göstərici 9 milyon 563 min tona düşmüş, "qara qızıl" hasilatı 21,2, mavi qaz hasilatı isə 36 faiz azalmışdı. Müvafiq olaraq neft məhsulları və avadanlıqlarının istehsalı sahəsində də tənəzzül dərinləşmiş, uzun illər ərzində formalaşdırılmış hasilat və emal sənayesi qısa müddətdə yararsız hala salınmış, onların əmlakları dağıdılaraq talan edilmişdi. Bundan başqa, AXC-Müsavat iqtidarının neft hasilatı ilə bağlı xarici şirkətlərlə apardığı uğursuz danışıqların nəticəsi kimi hazırlanmış layihə dövlətin və xalqın mənafelərinin, sözün əsl mənasında, qurban verilməsi demək idi.
Məsələn, bu layihədə ümumi payın düz 60 faizini yalnız bir şirkətə - Böyük Britaniyanın bp şirkətinə verilməsi nəzərdə tutulurdu və bu, xalqın yer altındakı sərvətinin idarəçiliyinin xaricilərin ixtiyarına verilməsi demək idi. Bunun nəticəsi idi ki, hazırlanmış müqavilədə Azərbaycanın payı xaricilərlə müqayisdə olduqca az göstərilirdi. Təbii ki, bu şəkildə hazırlanmış müqavilə Azərbaycan xalqının mənafelərinə qətiyyən cavab vermirdi. Lakin o dövrdə hakimiyyətdə olan qüvvələri maraqlandıran məsələ xalqın mənafeyi yox, öz durumlarını istənilən vasitə hesabına yaxşılaşdırmaq, bunun üçün lazım gələrsə, Azərbaycanın milli maraqlarını da düşünmədən xaricilərə satmağa hazır olmaq idi. Yaranmış vəziyyət ölkədə mövcud durumu daha da ağırlaşdırır, iqtisadi böhranın miqyasının davamlı olaraq genişlənməsinə səbəb olurdu.
Belə bir çətin və həlledici dövrdə xalqın istək və tələbiylə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev müəllifi olduğu yeni neft strategiyasını ərsəyə gətirməklə Azərbaycanı nəinki hərtərəfli sürətli inkişaf yoluna çıxardı, eyni zamanda, onu regionun liderinə və beynəlxalq hüquq müstəvisində müstəqil mövqeyə malik nüfuzlu subyektə çevirdi. Siyasət və iqtisadiyyatın bir-birini tamamladığını bəyan edən ulu öndər "Neft Azərbaycan xalqının milli sərvətidir" prinsipini əldə rəhbər tutaraq ölkənin yeni enerji konsepsiyasını da məhz bu əsasda formalaşdırdı. "Qara qızıl"ın hasilatı, emalı və nəqli milli iqtisadiyyatın qurulmasında da fundamental rol oynamağa başladı. Ötən əsrin 90-cı illərinin əvvəllərində ölkənin üzləşdiyi sosial-iqtisadi və ictimai-siyasi böhranın aradan qaldırılmasında neft-qaz hasilatının, emalının, dünya bazarlarına çıxarılmasının, ümumiyyətlə, enerji sektorunun oynaya biləcəyi rol da ümummilli lider tərəfindən kifayət qədər uzaqgörənliklə və düzgün formada qiymətləndirildi. Sabit şəraitdə iqtisadi artıma və ölkə əhalisinin həyat səviyyəsinin yüksəlməsinə nail olunması məqsədilə Azərbaycanın enerji potensialından səmərəli formada istifadə edilməsi istiqamətində mühüm addımlar atan Heydər Əliyev bununla ölkəni yeni tərəqqi mərhələsinə çıxardı.
Sovetlər dönəmində qurulan
neft sənayesinin memarı
1993-cü ildə yenidən hakimiyyətə
qayıtdıqdan sonra ulu öndər dağılmış
iqtisadiyyatın bərpası, ölkənin inkişaf yoluna
çıxarılması üçün əsas təkanverici
mexanizm rolunu oynayacaq yeganə sahənin neft təsərrüfatı
və neft ehtiyatları olduğunu aydın görürdü. SSRİ
dövründə iri layihələrə rəhbərlik edən
və təsərrüfat işçisi kimi də kifayət
qədər böyük təcrübəyə malik olan Heydər
Əliyev hələ 1969-cu ildə Azərbaycana birinci dəfə
rəhbərlik etdiyi dövrdə ölkənin neft sektorunun
inkişafına böyük töhfələr vermişdi.
Faktiki olaraq bu sahənin tərəqqisində
yeni dövrün başlanmasının müəllifi
olmuşdu. Beləliklə də 1969-cu ildən
başlayaraq Azərbaycanın xalq təsərrüfatının
bütün sahələri kimi neft və qaz sənayesidə
yüksək dinamik inkişaf mərhələsinə qədəm
qoyması ilə səciyyələnir. Belə
ki, məhz Heydər Əliyevin təşəbbüsü və
böyük səyi nəticəsində neft sənayesinin inkişafına
təkan verən yeni infrastruktur formalaşdırıldı.
Bu məqsədlə 1970-1980-ci illərdə
ölkəyə 75 növdə 400-dən çox ağır
yükqaldıran kran gəmisi, boruçəkən gəmilər,
seysmik, sərnişin və digər gəmi növləri gətirildi.
Xəzərdə ilk dəfə olaraq 2500 ton gücündə
"Azərbaycan" kranı, "Xəzər" tipli
özüqalxan qurğular quraşdırıldı, sonralar isə
dənizin 200 metr dərinliyindəki sahələrdə
işləməyə imkan verən "Şelf" tipli
yarımdalma üzən qazma qurğularının
alınması nəticəsində dənizin daha dərin sahələrində
zəngin neft və qaz yataqlarının kəşf
olunmasına imkan yarandı. Nəticədə
60-cı illərin sonu ilə müqayisədə yeni 8 neft və
qaz yataqları kəşf edildi, neft ehtiyatları iki, qaz
ehtiyatları isə üç dəfə
artırıldı. 1975-ci ildə neft və qazın
ümumi hasilatı şərti yanacaq kimi 27,1
milyon tona çatdırıldı. Ötən əsrin 80-ci
illərində üzən qazma qurğularının sayı
11-ə çatdı və onlardan istifadə nəticəsində,
indi Azərbaycan neftinin əsas hissəsini təşkil edən
dənizin 80-350 metr dərinlikdə yatan zəngin neft
ehtiyatlarına malik olan yataqlar, o cümlədən "Azəri-Çıraq-Günəşli"
və başqaları kəşf olundu. Lakin o
dövrdə Heydər Əliyevin neft sənayesində xidmətləri
təkcə bununla məhdudlaşmırdı. Yenə də onun təşəbbüsü və rəhbərliyi
ilə ilk dəfə olaraq Azərbaycanda neft emalı
üçün xüsusi proqram hazırlanaraq həyata
keçirilməyə başlandı. Həmin
proqrama əsasən, yeni texnika və texnologiyaya malik zavodlar
yaradıldı, təzə qurğular inşa olundu,
neftayırma zavodlarının yenidən qurulması prosesinə
start verildi.
Ulu öndərin rəhbərliyi altında "Azərbaycanda
neftayırma sənayesinin yenidən qurulması" planı nəzərdə
tutulan mərhələlərlə icra olunduqca, bu sahədə
başlanan keyfiyyət dəyişiklikləri daha geniş
miqyas almağa başlayırdı. Heydər Əliyevin təşəbbüsü
ilə yenidən qurulan neft sənayesi Azərbaycanı
müstəqillik dövründə enerji sektorunun inkişaf
etdirilməsində əsas baza rollarından birini oynadı.
Məsələn, 1976-cı ildə "ELOU-AVT-6", 1980-ci
ildə "Katalitik Riforminq", 1986-cı ildə "Neftin
kokslaşdırılması", 1993-cü ildə
"Katalitik Krekinq" qurğularının inşası, hələ
sovet hakimiyyəti illərində onun rəhbərliyi ilə
respublikamızda görülən digər işlər,
yaradılan möhkəm təməl bu gün müstəqil
Azərbaycanda dünya standartlarına uyğun neft sənayesinin
formalaşmasına imkan yaratdı. Sovet hakimiyyəti
illərində Heydər Əliyevin neft sənayesinin
inkişafına verdiyi ən böyük töhfələrdən
biri Dərin Dəniz Özülləri Zavodunun məhz Azərbaycanda
inşası oldu. Moskvada tərtib olunan
plana əsasən, bu zavodun Həştərxanda tikilməsi nəzərdə
tutulmuşdu. Lakin Azərbaycanda neft hasilatının
artması, daha dərin qatlarda "qara qızıl"ın
çıxarılmasına imkan verən yeni texnogiyaların
hazırlanması, yeni iş yerlərinin yaradılması və
digər bu kimi mühüm parametrlər baxımından Heydər
Əliyev sözügedən zavodun məhz ölkəmizdə
inşasının vacibliyini görür, bunu labüd
sayırdı.
İttifaq səviyyəsində olan nüfuzundan, yüksək
səviyyəli əlaqələrindən istifadə edən
Heydər Əliyev o dövrdə dünyada analoqu olmayan Dərin
Dəniz Özülləri Zavodunun Azərbaycanda tikilməsi
üçün Moskvadan müvafiq icazənin alınmasına
nail oldu. Bu, həm də Heydər Əliyevin möhkəm
iradəsinin və cəsarətinin təntənəsi idi.
Zavodun inşasına o zaman 450 milyon ABŞ dolları
ayrıldı və tikinti 1978-ci ildə başlandı, 11 il sonra Dərin Dəniz Özülləri
Zavodu istismara verildi. Görülən
bütün bu nəhəng işlər Azərbaycan müstəqillik
qazandıqdan sonra onun istiqadi inkişafında əvəzsiz
rol oynadı.
Yeni enerji siyasəti
Azərbaycan
ikinci dəfə dövlət müstəqilliyini əldə
etdikdən sonra ilk illərdə hakimiyyətdə yer alan qüvvələrin səriştəsizliyi,
idarəçilikdə yol verilən böyük nöqsanlar
neft, enerji amilindən ölkənin inkişafı naminə
istifadə olunmasına imkan vermədi. SSRİ-nin
keçmiş respublikaları ilə Azərbaycan arasında
iqtisadi əlaqələrin qırılması, respublika ərazisində
qeyri-sabitliyin mövcud olması, maliyyə və texniki təchizatın
sıfra enməsi neft və qaz sənayesini ağır
böhran vəziyyətinə salmışdı. Bütün bu çətinliklər maliyyə,
texniki və digər problemlər aşkar edilmiş "Azəri-Çıraq-Günəşli"
kimi yataqların işlənməsinə imkan vermirdi.
Yalnız Heydər Əliyevin sayəsində bir
sosial-iqtisadi formasiyadan digərinə keçid prosesində
ölkənin inkişafa xidmət edən yeni enerji siyasəti
işlənib hazırlandı. Bu siyasət Azərbaycanın
ümumi tərəqqisində, o cümlədən iqtisadi
inkişafında lokomotiv rolunu oynamaqla yanaşı, ölkənin
milli maraqlarının müdafiəsini də özündə
ehtiva edirdi. Yeni enerji siyasətinin
reallaşması, dağılmış iqtisadiyyatı yenidən
dirçəltmək və onu inkişaf relsinə salmaq
üçün isə ilk növbədə, neft sənayesini
böhrandan çıxarmaq lazım idi. Həmin
dövrdə Azərbaycan üçün yalnız iki variant
mövcud idi: ya bir neçə il bu sahədə
heç bir iş görməyərək ölkənin maliyyə-iqtisadi
vəziyyətinin əlverişli olmasını gözləmək,
ya da xarici neft şirkətləri ilə işbirliyi qurmaq. Birinci yol böyük zaman tələb edirdi və
xalqın üzləşdiyi məhrumiyyətlərin
uzunmüddətli olmasını şərtləndirirdi.
Digər tərəfdən, bu yol neft sənayesinin
inkişafdan qalması demək idi. Vəziyyəti real
qiymətləndirən ulu öndər həm Azərbaycanı
sürətli inkişaf yoluna çıxarmaq, ölkəyə
investisiya axınını təmin etmək, enerji
ehtiyatlarından vaxtında səmərəli istifadəyə
nail olmaq üçün xarici şirkətlərlə milli
maraqların təmin edilməsi ilə yeni əməkdaşlığın
başlanmasına qərar verdi. "Yeni neft strategiyasının həyata
keçirilməsi fonunda Heydər Əliyevin sərəncamı
ilə "Azəri-Çıraq-Günəşli" (dərin
sulu hissəsi) yataqlarının işlənməsi üzrə
xarici şirkətlərlə danışıqlara
başlandı.
Danışıqlar prosesində xarici şirkətlərlə imzalanacaq neft müqavilələrində Azərbaycanın mənafelərinin əsas götürülməsi mühüm şərt kimi çıxış edirdi. Çünki ümummilli lider hakimiyyətə gəlməzdən əvvəl iqtidarda olan AXC-Müsavat cütlüyü tərəfindən hazırlanan və xarici şirkətlərlə imzalanması nəzərdə tutulan layihə nə dövlətin, nə də xalqın maraqlarnı nəzərə alırdı. "Əsrin müqaviləsi"nin imzalanmasının 5-ci ildönümü münasibətilə bağlı çıxışında cənab İlham Əliyev həmin layihəyə belə qiymət vermişdi: "1993-cü ilin yazında Azərbaycanın əvvəlki rəhbərliyi tərəfindən elə bir müqavıilə variantı hazırlanmışdır ki, əgər o, imzalansaydı, ölkə iqtisadiyyatına böyük zərər gətirmiş olardı. Xalq Cəbhəsi rejimi öz acınacaqlı vəziyyətini heç olmasa bir qədər yaxşılaşdırmaq üçün müqaviləni hər cür şərtlərlə, ən yararsız, hətta milli mənafeyə zidd olan şərtlərlə imzalamağa hazır idi. Onlar anlamırdılar, heç anlamaq belə istəmirdilər ki, müqavilənin şərtləri Azərbaycanın iqtisadi inkişafı üçün nə deməkdir". Lakin Azərbaycanın yeni tarixində ən böyük neft sazişi kimi dəyərləndirilən "Əsrin müqaviləsi"nin imzalanması zamanı ölkənin milli mənafeləri, maraqları təmin edildi və bu da Heydər Əliyevin ölkə qarşısında daha bir misilsiz xidməti idi.
"Əsrin müqaviləsi"ndən danışarkən Heydər Əliyevin 1994-cü il fevralın 4-də "Azərbaycanda dəniz neft və qaz yataqlarının işlənməsinin sürətlənməsi haqqında" verdiyi sərəncam xüsusilə qeyd olunmalıdır. Çünki məhz həmin sənəd dünyanın aparıcı neft-qaz şirkətləri ilə həyata keçirilən danışıqların əsasını təşkil edirdi. Bu danışıqlar isə həmin dövr üçün xarakterik olan daxili və geosiyasi faktorlar üzündən elə də asan getmirdi. Hətta "Əsrin müqaviləsi"nin imzalanması üçün rəsmi Bakının o zaman bəzi Qərb dövlətləri ilə apardığı danışıqların uğurla nəticələnəcəyinə şübhə ilə yanaşanlar da az deyildi. Cəbhə bölgəsində atəşkəs rejiminin kövrək olduğu, dövlət idarəetmə mexanizmlərinin hələ tam oturuşmadığı, bəzi qonşu dövlətlərlə münasibətlərdə ciddi psixoloji-siyasi gərginliyin hökm sürdüyü, Xəzərin hüquqi statusu ilə bağlı mübahisələrin kəskinləşdiyi bir vaxtda "Əsrin müqaviləsi"nin imzalanması bir çoxlarına inandırıcı görünmürdü. Qərb şirkətlərinin Xəzərlə bağlı hansısa layihənin gerçəkləşməsində iştirakı təkcə iqtisadi deyil, həm də strateji-siyasi məsələ kimi nəzərdən keçirilirdi. Azərbaycana kənar təzyiqlərin getdikcə artması fonunda bu danışıqları davam etdirmək ölkə iqtidarından ciddi siyasi iradə, əzmkarlıq tələb edirdi. Lakin prinsipial xarakterə malik ümummilli lider kənar maneələri mətinliklə dəf etdi və Qərbin aparıcı şirkətlərini bu müqavilənin perspektivinə inandıra bildi.
Məhz Heydər Əliyevin bu əzmkarlığı və ciddi səyləri nəticəsində artıq xarici şirkətlərin "Əsrin müqaviləsi"nə maraqları artan xətt üzrə inkişaf etməkdə idi. Azərbaycan üçün isə bu müqavilənin imzalanması, ilk növbədə, iqtisadi inkişafın əsasını qoymaq, iqtisadi müstəqilliyi bərpa etmək baxımından böyük əhəmiyyət kəsb edirdi. Digər tərəfdən, müqavilənin reallaşdırılması ilə Azərbaycan ölkəyə xarici investisiya axınını təmin etmiş, Xəzəri isə birinci olaraq beynəlxalq əməkdaşlıq mərkəzinə çevirmiş olacaqdı. Lakin sözügedən müqavilənin Azərbaycana qazandıracağı dividendlər təkcə qeyd olunanlarla yekunlaşmırdı. "Əsrin müqaviləsi" Azərbaycana həm də yeni texnologiyaların gəlməsi demək idi və bu, olduqca vacib xarakter daşıyırdı. Çünki 1993-cü ildə neft təsərrüfatı tamamilə dağılmış, avadanlıqlar köhnəlmiş, platformalar və estakadaların bir çoxunu dəniz yuyub aparmış, qalanların əksəriyyəti paslanmışdı. Hər şeyi yeniləmək lazım idi, o vaxtlar isə Azərbaycanın buna maddi imkanı çatmırdı. Digər tərəfdən, o da danılmaz reallıq idi ki, həmin dövrdə Azərbaycan xarici neft şirkətlərinin istifadə etdiyi texnologiyalara malik deyildi. Bununla yanaşı, Azərbaycan onu da nəzərə alırdı ki, yeni neft quyularının qazılması zamanı Xəzərin ətraf mühitini qorumalı, dənizdə hər hansı ciddi ekoloji problemlərin yaranmasına yol verməməlidir. Bütün bunlar üçün həmin dövrdə Azərbaycana xarici şirkətlərin əlində olan kapital və texnologiyalar lazım idi. Həmin kapital və texnologiyaları isə Azərbaycana "Əsrin müqaviləsi" gətirəcəkdi.
Qeyd edilənləri əvvəlcədən görən Heydər Əliyev "Əsrin müqaviləsi"nin imzalanmasının nə dərəcədə müstəsna əhəmiyyət kəsb etdiyini yaxşı bilirdi. Həmçinin, xarici neft nəhəngləri ilə müqavilələrə belə ciddi ehtiyac duyulduğu vaxtda Heydər Əliyev neftlə bağlı transmilli müqavilələrin imzalanması zamanı Azərbaycan xalqının maraqlarının yüksək tutulmasının əsas şərt olduğunu da hələ ilk dövrlərdə ölkəmizə sərmayə yatırmaqda tərəddüd edən şirkətlərə açıq şəkildə bəyan edirdi. Ulu öndər 1993-cü il iyun ayının 18-də ABŞ-ın aparıcı mətbu orqanlarından biri olan "Çikaqo Tribun" qəzetinə verdiyi müsahibədə bununla bağlı bildirirdi: "Başa düşürəm ki, Azərbaycana cəlb olunmuş neft şirkətlərinin öz maraqları var. Bu, tamamilə təbii məsələdir. Ancaq eyni zamanda, biz də ölkəmizin maraqlarını neft şirkətlərinin mənafelərindən yüksək tutmalıyıq".
Belə durumda ümummilli liderin səyi nəticəsində ölkə daxilində möhkəm təməllərə əsaslanan siyasi sabitliyin bərqərar olması, qanunçuluğun gücləndirilməsi, xarici sərmayələrə dövlət təminatının verilməsi, Azərbaycanın yeni neft strategiyasının işlənib hazırlanması və həyata keçirilməsi üçün də möhkəm zəmin yarandı. Xarici neft-qaz şirkətlərinin Azərbaycana baxışı dəyişməyə başladı ki, bu da onların ölkəmizdə profilləri üzrə sahələrə investisiya yatırımlarını əhəmiyyətli dərəcədə stimullaşdırır və "Əsrin müqaviləsi"nə gedən yeni bir yol açılırdı.
(Ardı var)
Azərbaycan.- 2011.-2 avqust.- S. 3.