Mərakeşin milli bayramı şərəfinə

 

Avqustun 1-də Mərakeş Krallığının Azərbaycandakı səfirliyi ölkəsinin milli bayramı - Taxt-tac günü münasibətilə rəsmi qəbul təşkil etmişdir.

Mərakeşin Azərbaycandakı səfiri Həsən Hami çıxış edərək ölkəsinin inkişaf yolundan danışmış, siyasiiqtisadi sahələrdə böyük tərəqqiyə nail olunduğunu vurğulamışdır.

Diplomat Mərakeş ilə Azərbaycan arasında ənənəvi dostluq münasibətlərinin hazırkı səviyyəsindən məmnunluğunu bildirərək ölkələrimizin siyasi, iqtisadi, mədəni və digər sahələrdə qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi yolu ilə inamla irəlilədiklərini vurğulamışdır.

Səfir əminliklə demişdir ki, həm ikitərəfli qaydada, həm də beynəlxalq qurumlar çərçivəsində əməkdaşlığımızın genişləndirilməsi üçün bundan sonra da birgə səylər göstəriləcəkdir.

Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov əlamətdar gün münasibətilə Mərakeş xalqını Azərbaycan Prezidenti İlham Əliyevin adından təbrik etmiş, dövlətimizin başçısının salamlarını və xoş arzularını çatdırmışdır.

Nazir bildirmişdir ki, Azərbaycan ilə Mərakeş arasında ənənəvi dostluq və əməkdaşlığa söykənən münasibətlər bundan sonra da ikitərəfli əlaqələrin inkişafına və möhkəmlənməsinə təkan verəcək, xalqlarımızın mənafelərinə, onların tərəqqisinə xidmət edəcəkdir.

Qəbulda Azərbaycanın dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, xarici ölkələrin Bakıdakı səfirləri, ictimaiyyətin nümayəndələri iştirak etmişlər.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.- 2 avqust.- S. 4.