İctimai TeleviziyaRadio Yayımları Şirkəti "Euronews"un qazandığı təcrübəni və beynəlxalq etibarı paylaşan ilk telekanal olacaqdır

 

"Euronews" telekanalı Azərbaycanın İctimai TeleviziyaRadio Yayımları Şirkəti ilə imzaladığı əməkdaşlıq müqaviləsi barədə press-reliz yaymışdır.

Bu barədə AzərTAc-a İctimai TeleviziyaRadio Yayımları Şirkətinin ictimaiyyətlə əlaqələr və internet şöbəsindən məlumat vermişlər.

Press-relizdə deyilir: Avropanın qabaqcıl beynəlxalq xəbər kanalı "Euronews" qazandığı təcrübəni və beynəlxalq etibarı bu şəbəkənin üzvləri ilə paylaşmaq imkanı təklif edir. Azərbaycanın İctimai TeleviziyaRadio Yayımları Şirkəti bu imkandan istifadə edəcək ilk şanslı təşkilat olacaqdır.

"Euronews" həmişə doğru informasiya yayımlamaq təcrübəsindən, proqram və xəbər mənbələrindən istifadə etmək istəyən media qrupları ilə birgə işləmək üçün yeni xüsusi əməkdaşlıq layihəsinə başlayır. "Euronews" öz şəbəkə üzvlərinə məqsədlərinə nail olmaq üçün çoxlu sayda xidmətlər təklif edəcəkdir. Şəbəkə üzvlərini cəlb edən əsas amil Avropanın qabaqcıl xəbər kanalının peşəkarlığı və nüfuzudur. "Euronews"un 23 müxtəlif millətin nümayəndələrindən ibarət son dərəcə peşəkar 400 jurnalistinin olması da onların yaydıqları informasiyanın etibarlılığına və obyektivliyinə zəmanət verir. Bu, "Euronews"a xas olan əsas keyfiyyətlərdən biridir və tərəfdaşları tərəfindən həmişə çox yüksək qiymətləndirilir.

Elə bu əsnada iyulun 11-də Parisdə "Euronews" və İctimai Teleradionun baş direktorları Maykl Piters və İsmayıl Ömərovun iştirakı ilə əməkdaşlıq haqqında müqavilə imzalanmışdır. Müqavilənin şərtlərinə görə "Euronews" şəbəkəsinin imtiyazlı üzvlərindən olan Azərbaycanın İctimai Televiziyası bu nüfuzlu telekanalın proqramlarından hər hansı birini öz arzususeçimi ilə yayımlamaq hüququ, eləcə də bir çox başqa imtiyazlar əldə etmişdir. İctimai TV əldə etdiyi bu imtiyazla həm öz kanalının izləyicilərinə, həm də İctimai Teleradionun internet istifadəçilərinə böyük fayda verəcəkdir.

"Euronews" şəbəkəsi və İctimai TV arasında bağlanmış razılaşma haqqında kanalın baş direktoru Maykl Piters demişdir: "Bu cür şəbəkənin yaradılması bizim kanalın beynəlxalq nüfuzunu bir daha nəzərə çarpdırır və digər media qurumları ilə misilsiz əməkdaşlıq modelinin yaradılmasına imkan verir. İctimai TV ilə bağlanan ilk razılaşma əməkdaşlıq üçün yeni imkanlar açır və bu əməkdaşlıq Avropanın Asiya ilə birləşdiyi Qafqaz regionunda "Euronews"un təsirini əhəmiyyətli dərəcədə artıracaqdır. "Euronews"un həm redaksiya, həm də müxtəlif multimedia formatları baxımından bütün dünyadakı nüfuzu bizi daim, xüsusilə "Euronews" şəbəkəsi vasitəsilə yeni mübadilə formaları axtarıb tapmağa sövq edir."

Xatırladaq ki, Avropanın beynəlxalq xəbər kanalı olan "Euronews" dünyanın hər yerində 24 saat ərzində baş verən hadisələri işıqlandırır. "Euronews" 20-dən çox ölkədə 11 dil komandası və 370 jurnalisti ilə xəbər təhlili və çatdırılması baxımından bənzərsiz təşkilatdır".

Əsası 1993-cü ildə Lionda qoyulmuş bu kanal televiziya, internet, smartfon və digər müasir yayım vasitələri ilə 155 ölkədə 350 milyon evdə yayımlanır.

 

 

Azərbaycan.- 2011.-2 avqust.- S. 4.