Mingəçevir şəhərinə infotur təşkil edilmişdir

 

Azərbaycan Prezidentinin 2011-ci ilin "Turizm ili" elan etməsi ilə bağlı Tədbirlər Planına uyğun olaraq regionlarda turizmin müxtəlif növlərini inkişaf etdirmək, turizm xidməti obyektlərinə yerli turizm şirkətlərinin səfərlərinin mütəmadi təşkili, daxili turizm bazarının fəallığını artırmaq məqsədilə layihələr həyata keçirilir.

AzərTAc xəbər verir ki, iyulun 30-da Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, "Millennium" turizm şirkətinin və "Kür" mehmanxanasının təşkilatçılığı ilə Mingəçevir şəhərinə infotur təşkil olunmuşdur.

Layihənin məqsədi infotur iştirakçılarına Mingəçevir şəhərinin turizm potensialını, mövcud infrastrukturunu, əsas turizm xidmətlərini nümayiş etdirmək, turizm şirkətləri ilə otellər və olimpiya-idman təlim mərkəzi arasında əməkdaşlığı stimullaşdırmaqdır.

İnfoturda nazirliyin, turizm şirkətlərinin və kütləvi informasiya vasitələrinin 40 nümayəndəsi iştirak etmişdir.

İştirakçılar Mingəçevir su anbarı və Su Elektrik Stansiyasında (SES) olmuşlar. Məlumat verilmişdir ki, tikintisinə 1945-ci ildə başlanılmış SES 9 il sonra işə salınmışdır. 1957-ci ildə Varvara SES işə düşdükdən sonra bu iki qurğu birlikdə "Mingəçevir SES silsiləsi" adlanır. Kür çayının Bozdağdan keçdiyi yerdə yaradılmış Mingəçevir Su Anbarının normal dolma səviyyəsində ümumi su tutumu 15730 milyon kubmetrdir. Anbarın çay boyu uzunluğu 70 kilometr, eni 3 kilometrdən 18 kilometrədək dəyişir. Maksimal dərinliyi 75 metr, orta dərinliyi 26 metr, sahil xəttinin uzunluğu 247 kilometrdir.

Mingəçevir Su Anbarı həm də iki kanal - Yuxarı Qarabağ və Yuxarı Şirvan kanallarını su ilə təchiz edir. Bu kanallar Mil, Muğan, Şirvan düzlərindəki min hektara yaxın ərazinin suvarılmasında istifadə edilir. Su anbarından, həmçinin balıqçılıq, su təchizatı və rekreasiya məqsədi üçün də istifadə olunur.

Sonra "Kür" Olimpiya Tədris-İdman Mərkəzində turizm şirkətlərinin və KİV nümayəndələrinin iştirakı ilə tədbir keçirilmişdir. Mərkəzin baş direktoru Toni Dimeksi bildirmişdir ki, Mingəçevirin füsunkar təbiətinin qoynunda yerləşən "Kür Hotel" mehmanxanası turistlərə və iş adamlarına yüksək səviyyəli xidmət təklif edir. İstirahət zamanı son texnologiya əsasında qurulmuş üzgüçülük hovuzundan, trenajor zalı, tennis kortları, avarçəkmə klubu və qayıq evindən istifadə etmək mümkündür. Mingəçevirdə yerli turistlərlə yanaşı, xarici turistlər də istirahət edirlər. Baş direktor Mingəçevirin turizm imkanlarının öyrənilməsində və təbliğində, turizm şirkətləri ilə dostluq şəraitində işgüzar mühitin yaradılmasında, yerli və xarici turistlərin cəlb edilməsində belə infoturların əhəmiyyətini yüksək qiymətləndirmiş və bu cür tədbirlərin mütəmadi keçiriləcəyini vurğulamışdır.

Tədbirdə jurnalistlərin sualları cavablandırılmış, müzakirələr aparılmışdır.

Sonda Mingəçevir şəhərinə ekskursiya təşkil edilmişdir.

 

 

Azərbaycan.- 2011.- 2 avqust.- S.  5.