Yaddaşımızın
ekran salnaməsi
Azərbaycan kinosunun tarixi keçmişinə aydınlıq gətirməmişdən öncə qeyd etməliyik ki, bu sahənin də inkişafında xalqımızın ümummilli lideri Heydər Əliyevin xidmətləri çox böyük olub. Xalqımızın taleyində, dövlətçiliyimizin tarixində, milli kinomuzun inkişafında silinməz izləri qalan ulu öndər Heydər Əliyevin 18 dekabr 2000-ci il tarixli sərəncamı da həmin xidmətlərin bariz nümunəsidir. Həmin sərəncamla hər il avqust ayının 2-si respublikamızda Azərbaycan Kinosu Günü kimi qeyd edilir.
Azərbaycan
kinosunun artıq xeyli yaşı var. Milli-mənəvi sərvətlərimizi
özündə əsrdən-əsrə, nəsildən-nəsilə
çatdıran digər maddi mədəniyyət nümunələrimizin
yaranması həm də tarixin daha dərin qatlarına qədər
gedib çıxır. Ona görə də onları qoruyub gələcək
nəsillərə çatdırmaq, ən azı, vətəndaşlıq
və mənəvi borcumuzdur.
113
yaşlı Azərbaycan kinosunun ötən dövrlər ərzində
bir çox uğurlara nail olması danılmaz faktdır.
1900-cü ildə Parisdə keçirilən Ümumdünya
Kino Sərgisində nümayiş etdirilən filmlər arasında
1898-ci ildə Bakıda lentə alınan "Bibiheybətdə
neft fontanı" xronikaları da olub. Azərbaycanda kino sənətinin
əsasını qoyan həmin filmdən sonra
ekranlaşdırılmış "Neft və milyonlar səltənətində",
"Mavi dənizin sahillərində", "Kəndlilər",
"Arşın mal alan", "O olmasın, bu olsun",
"Uzaq sahillərdə", "Şərikli çörək",
"Uşaqlığın son gecəsi", "Gün
keçdi", "Bir cənub şəhərində",
"İstintaq", "Babək", "Dənizi fəth
edənlər", "Xəzər neftçiləri
haqqında dastan" adlı filmlər nəinki
xalqımızın yaddaşında özünə yer
tapmış, dünya kinosevərlərinin
unutmadığı ekran əsərləri sırasında da
yer tutublar. Həmin kinofilmlər keçmiş SSRİ məkanında,
həmçinin Avropada, Yaxın və Uzaq Şərqdə
maraqla qarşılanmış, müxtəlif beynəlxalq
kinofestivalların laureatı olmuş, kinematoqrafiyanın
inkişafında mühüm əhəmiyyət
daşımışlar.
Azərbaycan
Şərqlə Qərb mədəniyyətlərinin
qovuşduğu məkan kimi daim diqqət mərkəzində
olub. Onun Böyük İpək yolu üzərində yerləşməsi,
burada "qara qızıl"ın üzə
çıxması digər ərazilərdən ölkəmizə
insan axınına səbəb olub. Həmin dövrlərdə
Azərbaycana artan maraq təbii idi. Ən diqqətçəkən
məqam budur ki, Fransada ixtira edilmiş sinematoqrafiyanın
çox keçmədən Bakıda peyda olmasıdı. Neft
Bakısında yerli həyat tərzindən bəhs edən
müxtəlif mövzulu ilk kinosüjetlərin çəkilməsi
bir daha Azərbaycanın mədəniyyət mərkəzinə
çevrilməsinə işarə idi. 1898-ci il yanvar
ayının 8-də Bakıda ilk dəfə olaraq xarici filmlər
göstərilib. Həmin il iyun ayının 21-də isə
paytaxtda Vasilivyatskinin teatr-sirkində Bakı həyatından bəhs
edən "Şəhər bağında xalq gəzintisi",
"Qatarın dəmiryol stansiyasına daxil olması",
"Qafqaz və Merkuri" cəmiyyətinə məxsus gəminin
yola salınması" və "Bazar küçəsi
sübh çağı" kinosüjetləri nümayiş
etdirilib.
Azərbaycanda
kino sənətinin yaradılmasında Bakı elmi fotodərnəyinin
katibi, naşir və fotoqraf Aleksandr Mişonun əməyi
çox olub. O dövrlərdə Azərbaycanda kino sənəti
yenicə ayaq açdığından, həmin süjetləri
məhz 25 il Bakıda yaşayıb yaratmış A.Mişon
lentə alıb.
İnkişaf
mərhələsi ötən əsrin ortalarına təsadüf
edən Azərbaycan kinosu qısa müddətdə
böyük yol qət edib ki, bunun da səbəblərindən
biri xalqımızın mədəniyyət və incəsənətə
daim böyük dəyər verməsidir. Həmin illərdə
nəinki sənədli, eyni zamanda bədii filmlərin də
istehsalı xeyli artıb. Sənətkarlıq
baxımından bir-birindən fərqlənən "Qara
daşlar", "Bəxtiyar", "Görüş",
"Qızmar günəş altında", "Onun
böyük ürəyi", "O olmasın, bu olsun",
"Ögey ana" və s. filmlər bu gün də
tamaşaçıların zövqünü oxşayır.
Azərbaycan kinolarının mühüm cəhətlərindən
biri onların tərbiyəvi əhəmiyyət
daşımasıdır. Hər bir filmimizin ana xətti vətənə,
torpağa məhəbbət, dosta, yoldaşa sədaqət,
xeyirxahlıq, xeyrin şər üzərində qələbəsi
üzərində qurulub.
Teatr
tamaşalarından fərqli olaraq kinofilmlər daha
uzunömürlü olur. Kinonun incəsənət inciləri
sırasına çıxarılmasında rejissorun dünyaya
və hadisəyə fəlsəfi baxışı, duyumu və
dünyagörüşü mühüm rol oynayır. O da
danılmazdır ki, hər hansı əsərin obrazları,
onları ifadə edən aktyorlar istər yazıçı və
dramaturqdan, istərsə də rejissordan daha çox yadda
qalır və sevilirlər.
Dövlət
mükafatı laureatı, Azərbaycanın xalq artisti, Azərbaycan
Dövlət Mədəniyyət və İncəsənət
Universitetinin professoru Eldar Quliyev kinomuzun inkişafına nəzər
salaraq deyir: "Girov" filmi Polşa, Misir, Hindistan, İran,
Almaniya, ümumiyyətlə, dünyanın bir çox
ölkəsində yayılıb. Erməni vandalizminin
çirkin siyasətini ifşa edən bu ekran əsəri bir
sıra beynəlxalq festivallarda layiqli yer tutub. Fransa və
İngiltərə kimi dünyanın inkişaf etmiş
dövlətlərində bu filmin nümayişi ilə erməni
vandalizminin iç üzü açılıb ki, bu da
xalqımızın Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsindən çəkdiyi əzab və
məşəqqətlərin daha geniş
tamaşaçı auditoriyasına çıxarılması
deməkdir".
Azərbaycan
kinosunun inkişafı ilə bağlı Prezident İlham Əliyevin
üç il öncə sərəncam
imzaladığını xatırladan professor onu da qeyd etdi ki,
müstəqillik illərinin əvvəllərində
bütün digər sahələrdə olduğu kimi, kinomuz
da durğunluq mərhələsini keçməli oldu. Məhz
həmin illər kino-teatr salonları tamaşaçı nəfəsinə
həsrət qaldı. Az qala, sovet hakimiyyətindən
qalmadır deyə, mədəniyyət ocaqlarının, o
cümlədən kino-teatrların binaları, kinoqurğular,
bir sözlə, bütün infrastruktur darmadağın edilərək
yararsız hala salınmışdı. Unudulmuşdur ki, sovetlər
dönəmində də Azərbaycan kinosu şərəfli
yol keçib. Belə olmasaydı, bir ildə kinoteatrlarda
rejissoru T.Tağızadə olan "Dədə Qorqud"
filminə 1,9 milyon nəfər, "Babək"ə isə
1,7 milyon nəfər tamaşaçı baxmazdı. Bir
çox bədii və sənədli filmin həm ssenari müəllifi,
həm aktyoru, həm də rejissoru kimi tanınan professor Eldar
Quliyev xalqımızın ümummilli lideri Heydər Əliyevin
Kremldə çalışdığı, SSRİ Nazirlər
Soveti sədrinin birinci müavini olduğu illərdə onunla
görüşərkən kino sənətinin inkişafı
istiqamətində verdiyi tövsiyələri əziz xatirə
kimi yada salır: "Bütün hallarda sənədli əsərlərdən
fərqli olaraq, bədii nümunələrin yaranmasına
zaman lazımdır. 1941-1945-ci illər müharibəsində,
xüsusən faşizm üzərində qələbə
üçün Azərbaycanın göstərdiyi kömək
təkcə Xəzər nefti ilə bağlı deyildi. Mən
Moskvada ulu öndər Heydər Əliyevlə
görüşlərimdə onun xalqımızın tarixi
keçmişinə və gələcəyinə göstərdiyi
diqqət və qayğısına heyran qaldım. Ümummilli
lider mənə əsaslı bir iş görməyi,
Bakının əsl qəhrəman şəhər
olmasını təsdiqləyəcək film çəkməyi
tapşıranda o böyük şəxsiyyətin qəlbindəki
vətənpərvərlik məni çox
qürurlandırdı. Onda qərara gəldik ki, müharibə
dövründə arxa cəbhədəki vəziyyəti əks
etdirən əsərlər yaradılsın. "Vətən
keşiyində" filmi məhz Heydər Əliyevin
ideyası əsasında ekranlaşdırıldı. Məhz
bu xidmətlərinə görə idi ki, sonradan ulu öndərin
həyatını və ictimai-siyasi fəaliyyətini əks
etdirən ekran əsəri də yaradıldı.
"Portret" filmində Azərbaycan Ordusunun
yaradılması və möhkəmləndirilməsi istiqamətində
ümummilli lider Heydər Əliyevin xidmətlərindən
söhbət açılır.
Kinematoqrafçıların
dəstəyi, rejissorlarla aktyorların sənət
yanğısı ilə çəkilmiş "Nakəs",
"Qətl günü" "Pəncərə",
"Təhminə", "Dağıdılmış
körpü", "Yuxu", "Vahimə", "Nə
gözəldir bu dünya", "Yük" və s. filmlərimiz
tamaşaçı qəlbinə yol tapan ekran əsərləri
sırasına daxil edilib.
Filmlərimizin
beynəlxalq kinofestivallarda qazandığı uğurlar
onların dünyanın ən aparıcı
kino-teatrlarının salonlarında nümayişinə şərait
yaradıb. Ötən əsrin 60-70-ci illərində çəkilmiş
kinolarda hiss olunan yalançı, tənqid, pafos, müdaxilə
sonralar ekranlaşdırılmış "Özgə
ömrü", "Bağlı qapı arxasında",
"Təxribat", "Lətifə", "Sahilsiz gecə"
filmlərində müşahidə edilmədi. Bu da artıq
sovetlər dövrü mühitinin yaratdığı
illüziyaların tədricən dağılmasından irəli
gəlirdi.
2006-2010-cu
illərdə Azərbaycan filmləri 40-a yaxın ölkədə
90-dan artıq beynəlxalq festivalda iştirak edib. Mədəniyyət
və Turizm Nazirliyinin Kinematoqrafiya şöbəsinin
müdiri Cahangir Məmmədovun dediyinə görə, ötən
son beş ildə 19 qısametrajlı film çəkilib ki,
"Çalış, nəfəs alma", "Lal
çinar", "Qanadlarıma sığal çək",
"Yalançılar" və s. bu sıradandır.
Kino sənətinin
inkişafına dövlət dəstəyi adıçəkilən
sahəyə ayrılmış maliyyə vəsaitində də
özünü göstərməkdədir. 2006-cı ildə
dövlət sifarişi ilə film çəkilişinə
2,1 milyon manat vəsait ayrılırdısa da, bu rəqəm
ötən il 6 milyon manata çatdırılıb. Son
beş ildə dövlət sifarişi ilə çəkilmiş
23 tammetrajlı ("Yalan", "Əlvida, cənub şəhəri",
"Cavid ömrü", "Hökmdarın taleyi",
"Kabusun gözüylə", "Tərsinə
çevrilmiş dünya", "Məhkumlar", "Biz
qayıdacağıq", "Bəşəriyyətin
xilası", "Vəkil hekayətləri" və s.)
filmlərimizin geniş tamaşaçı auditoriyasında rəğbətlə
qarşılanması da məhz müstəqillik illərində
bu sahədə əldə edilən uğurlardandır.
2008-2018-ci illər üzrə kinonun inkişafına dair Dövlət Proqramı çərçivəsində Bakı şəhərindəki "Nizami" kino-teatrı təmir edilib müasir texnoloji avadanlıqlarla təmin edilib. Heydər Əliyev Fondu ilə birgə layihə çərçivəsində çəkilən cizgi filmləri bərpa edilərək, "Bir nağıl söylə mənə"nin (iki DVD toplusunda) təqdimatı keçirilib ki, onların elektron versiyaları uşaq evlərinə, qeyri-hökumət təşkilatlarına, həmçinin telekanallara hədiyyə edilib.
Azərbaycan kinosunun uzunömürlülüyündə korifeyləşmiş sənətkarlarımız da az olmayıb. Onların xatirə gecələrinin, yubileylərinin dövlət tədbiri səviyyəsində keçirilməsinə ötən illər ərzində mühüm diqqət yetirilib. Son illər Mikayıl Mikayılovun, Muxtar Dadaşovun, Həsən Məmmədovun, Şahmar Ələkbərovun, Qəmər Salamzadənin, Arif Babayevin, Həsən ağa Turabovun, Lütfəli Abdullayevin, Ceyhun Mirzəyevin, Leyla Bədirbəylinin, Ələsgər Ələkbərovun, Adil İsgəndərovun, Sabit Rəhmanın, Rasim Ocaqovun, Həsən Seyidbəylinin və digər kino xadimlərinin xatirə gecələrinin keçirilməsi də bir daha dövlətimizin və onun başçısının adıçəkilən sahənin inkişafına xüsusi diqqət və qayğısının bariz nümunəsidir.
Məhəmməd
NƏRİMANOĞLU
Azərbaycan.- 2011.- 2 avqust.- S. 5.