Düşünülmüş, sürətli və davamlı inkişaf

 

Əsrə möhürünü vuran "Əsrin müqaviləsi"

 

Bu dövrdə xarici neft şirkətlərinin Azərbaycana gəlişini təmin etmək üçün həllini gözləyən daha bir vacib məsələ beynəlxalq səviyyədə danışıqlar aparmaq bacarığında olan, neft sahəsində ölkəmizlə əməkdaşlığın perspektivinə xarici şirkətləri inandıra bilən, eyni zamanda ölkənin mənafelərini daim ön planda tutmağı bacaran professional şəxslərin bu işə cəlb edilməsi ilə bağlı idi. Yenə də bu məsələnin həlli istiqamətində ümummilli lider müdrik və həlledici qərarlar qəbul etdi. Həmin mühüm qərarlardan biri də cənab İlham Əliyevin Azərbaycan Dövlət Neft Şirkətinin vitse-prezidenti təyin edilməsi oldu.

Hadisələrin sonrakı gedişi isə bu təyinatın nə dərəcədə doğru və vaxtında atılmış addım olduğunu göstərdi. Məhz cənab İlham Əliyev danışıqlar prosesində fəal iştirak etməklə yanaşı, yeni neft strategiyasının hazırlanmasının, uğurla həyata keçirilməsinin ən aparıcı iştirakçılarından oldu və beləliklə də xarici şirkətlərlə uzun sürən danışıqların müvəffəqiyyətlə yekunlaşmasında misilsiz xidmətlər göstərdi. O da xüsusi olaraq qeyd edilməlidir ki, bəzi transmilli neft şirkətləri Azərbaycanın düşdüyü çətin durumdan istifadə edərək neft müqavilələrini özlərinin xeyrinə olan qaydada imzalamağa çalışır, ölkə üçün qəbuledilməz şərtlər irəli sürürdülər. Cənab İlham Əliyevin üzərinə bütün bu çətinliklərin öhdəsindən gəlmək, neft müqavilələrində Azərbaycanın milli mənafelərinin maksimum səviyyədə qorunmasına nail olmaq kimi tarixi missiya düşmüşdü.

Təyinatından az sonra neft müqaviləsi layihəsinin hazırlanması üçün cənab İlham Əliyev Türkiyəyə, daha sonra isə yeni danışıqlara başlamaq üçün ABŞ-ın Hyuston şəhərinə yollandı. Elə bu səfərlərdə cənab İlham Əliyev öz diplomatik bacarığını yüksək səviyyədə nümayiş etdirdi, özünə, ümumilikdə Azərbaycana qarşı böyük inametimad formalaşdırmağa nail oldu. Həmçinin danışıqlar prosesinin bir o qədər də asan olmadığı üzə çıxdı. Aparılan danışıqların nə dərəcədə çətin olduğunu həmin vaxt ARDNŞ-in vitse-prezidenti təyin olunan cənab İlham Əliyev belə xatırlayır: "Təyinatımdan bir gün sonra bizim nümayəndə heyəti danışıqlar üçün İstanbula yollandı. İstanbulda biz iki dəfə olduq, birinci dəfə iyirmi gün, ikinci dəfə bir aya yaxın. Danışıqlar aparıldıqdan sonra belə hesab edirdik ki, bütün məsələlər artıq həll olunub. 1994-cü ilin iyulunda danışıqların sonuncu mərhələsi üçün Hyustonda olarkən fikirləşirdik ki, burada bir həftə olacağıq, müqavilədə hər hansı üslub xətalarını, kiçik mübahisəli məsələləri yoluna qoyaraq Bakıya qayıdacağıq. Lakin gözləntilərimizin əksinə olaraq danışıqlar zamanı çoxsaylı mübahisəli məsələlər meydana çıxdı və biz Hyustonda 45 gün keçirməli olduq".

Bu dövrdə çoxsaylı mübahisəli məsələlərin meydana çıxmasının səbəblərindən biri də bəzi kənar qüvvələrin hadisələrin gedişinə müdaxiləsi nəticəsində Xəzərin hüquqi statusunun öz həllini tapmadığı dövrə qədər Azərbaycanın xarici şirkətlərlə heç bir müqavilə imzalamasının mümkünsüzlüyünə dair məsələnin gündəmə gətirilməsi idi. Bu isə Hyustonda "Əsrin müqaviləsi"nin imzalanmasına dair aparılan yekun danışıqların yarımçıq kəsilməsi ilə müşayiət olundu. Azərbaycanla neft müqaviləsi imzalamağa hazırlaşan xarici şirkətlər birmənalı şəkildə bəyan etdilər ki, Xəzərin hüquqi statusu öz həllini tapmayanadək onlar danışıqlarda iştirak etməyəcəklər. Bu da "Əsrin müqaviləsi"nin reallaşmasının fiasko ilə sonuclana biləcəyindən xəbər verirdi.

Bəzən böhran anları və müəyyən şərtlərin qəbuledilməzliyi ucbatından danışıqların dayandırılma məqamı qaçılmaz olurdu. Həmin anları cənab İlham Əliyev belə xatırlayır: "Biz xarici şirkətlərə deyirdik: siz ayrı-ayrı şirkətlərin maraqlarını müdafiə edirsiniz. Biz isə ölkənin və Azərbaycan xalqının maraqlarını müdafiə edirik. Əgər siz səhvə yol versəniz, bu, sizin şirkətin yalnız bir layihəsində öz əksini tapacaq, əgər biz səhv etsək, bu səhv bütün Azərbaycan xalqının mənafeyinə xələl gətirəcəkdir. Başqa sözlə, biz heç cür heç bir səhvə yol verə bilmərik".

Digər tərəfdən, xarici şirkətlər onların mənafeyinə tam cavab verən AXC-Müsavat hakimiyyətinin qəbul etdiyi şərtləri yeni iqtidarın da tanımasını təkid edirdilər. Belə mürəkkəb vəziyyətdə xarici şirkətləri əməkdaşlığa inandıra bilmək əsl diplomatik məharət tələb edirdi. Məhz bu cür çətin durumda cənab İlham Əliyev təşəbbüsü ələ aldı və təcili Vaşinqtona getdi. Bu dövrlə bağlı yaşanan hadisələri cənab İlham Əliyev belə xatırlayır: "Xəzər dənizinin statusunun həlli problemi kəskin qoyulmuşdu və Azərbaycana təzyiqlər çox güclü idi. Bütün bunlar diplomatik notalar və bəyanatlarla da müşayiət olunurdu. İmzalanacaq müqavilələrin Xəzərin hüquqi statusu həll edildikdən sonra qüvvəyə minməli olduğu bildirilirdi. Bu isə faktiki olaraq o demək idi ki, müqavilə imzalanacaq, ancaq qüvvəyə minməyəcək və müvafiq olaraq həyata keçirilməyəcək. Əlbəttə ki, biz bununla razılaşa bilməzdik. Onda Azərbaycan Respublikasının Prezidenti mənim yekun danışıqların keçirildiyi Hyustondan Vaşinqtona ezam olunmağım barədə qərar qəbul etdi".

Həmin dövrdə cənab İlham Əliyevin Vaşinqtonda keçirdiyi görüşlərdən sonra ABŞ hökumətinin müdaxiləsi ilə Xəzərin statusu barədə bəndin müqavilədən çıxarılması ilə xarici şirkətlər razılaşdılar. Beləliklə, cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti Qərbin aparıcı neft şirkətlərinin yüksək vəzifəli təmsilçiləri, həmçinin ABŞ administrasiyasının üzvləri, o cümlədən ABŞ Energetika Nazirliyinin məsul təmsilçiləri ilə keçirilən görüşlərdə onları Xəzərin Azərbaycan sektoruna sərmayə qoymağa və əsassız şərtlərdən imtina etməyə inandıra bildi. Azərbaycanın üzərinə götürdüyü bütün öhdəliklərə əməl edəcəyinə də transmilli neft şirkətlərini inandıra bilən cənab İlham Əliyev müqavilənin reallaşması zamanı yarana biləcək hər hansı narazılığın həllinin məsuliyyətini ölkəmizin öz üzərinə götürdüyünü də bildirərək, bununla da həmin dövr üçün kifayət qədər riskli, ancaq cəsarətli sayılan, zərurətdən doğan bir addım atdı. Zaman isə bu riskin nə dərəcədə doğru olduğunu və ölkəmizin sonrakı inkişafında əvəzsiz əhəmiyyətə malik olduğunu əyani şəkildə sübuta yetirdi. Elə də asan keçməyən o vaxtkı danışıqlar prosesi barədə cənab İlham Əliyev qeyd edirdi: "Danışıqların gedişi zamanı bəzən böhran anları olurdu və Azərbaycan tərəfi danışıqları dayandırmağa yaxın idi. Çünki biz bəzi şərtləri ölkənin mili maraqları üçün qəbuledilməz hesab edərək onlarla razılaşa bilmirdik. Biz xarici şirkətlərə deyirdik: siz ayrı-ayrı şirkətlərin maraqlarını müdafiə edirsiniz, biz isə ölkənin və Azərbaycan xalqının maraqlarını müdafiə edirik. Əgər siz səhvə yol versəniz, bu, sizin şirkətin yalnız bir layihəsində öz əksini tapacaq, əgər biz səhv etsək, bu səhv bütün Azərbaycan xalqının mənafeyinə xələl gətirəcəkdir. Başqa sözlə, biz heç cür heç bir səhvə yol verə bilmərik".

Bütün bunlar cənab İlham Əliyevin həm də "Əsrin müqaviləsi"nin imzalanması ilə bağlı apardığı danışıqlarda nə qədər prinsipiallıq, qətiyyət və əsl iradə nümayiş etdirdiyini əyani şəkildə göstərirdi. Həm də aydın oldu ki, cənab İlham Əliyev ən ekstremal situasiyalarda belə ölkənin milli mənafelərini layiqincə müdafiə etmək əzmindədir. Bununla bağlı cənab İlham Əliyev bildirirdi: "Bizim məqsədimiz təkcə neft hasil etmək, onu nəql etmək, bundan vəsait əldə etməkdən ibarət deyildir. Bizim məqsədimiz neftdən gələn bütün mənfəətləri - həm siyasi, həm iqtisadi, həm də başqa mənfəətləri Azərbaycan xalqının gələcək mənafeyinə, rifahına yönəltməkdən ibarətdir".

"Əsrin müqaviləsi"nin reallaşması istiqamətində növbəti mühüm addım 1994-cü il sentyabrın 14-də Heydər Əliyev tərəfindən verilən fərman oldu. Müqavilənin imzalanmasının hüquqi əsaslarını müəyyənləşdirən fərmanda xarici şirkətlərlə imzalanacaq saziş layihəsi müsbət qiymətləndirilir, Azərbaycanın belə bir layihəyə imza atmasının əhəmiyyəti önə çəkilirdi. Həmin saziş layihəsində isə yataqların işlənilməsi üçün tələb olunan investisiyaların 80 faizinin ARDNŞ və müqaviləni imzalayacaq konsorsium şirkətləri tərəfindən qoyulacağı göstərilmişdi. Layihə sazişin qüvvəyə minməsindən sonra ilk neftin 18 ay ərzində çıxarılmasını nəzərdə tuturdu. İmzalanacaq müqavilədə əsas yataqlarda neft hasilatına 48 aydan gec olmamaq şərtilə başlanması da ümdə prinsiplərdən biri kimi əksini tapmışdı. Sənəddə, həmçinin, Azərbaycan neftinin dünya bazarına səmərəli yolla çıxarılmasını təmin edən neft kəmərinin tikintisinə 54 ay ərzində start verilməsi nəzərdə tutulmuşdu. Bundan başqa, neftlə birgə çıxan və ehtiyatları 55 milyard kubmetr həcmində dəyərləndirilən səmt qazının da Azərbaycana verilməsi müqavilədə dəqiq şəkildə göstərilmişdi. Sazişin əhatə etdiyi 90 milyard kubmetr həcmində ehtiyatlara malik qaz yataqlarının istismarı hüququ da məhz Azərbaycana verilmişdi.

Aparılan gərgin işlər sayəsində nəhayət 1994-cü il sentyabrın 20-də Bakıda "Gülüstan" sarayında Xəzərin Azərbaycan sektorundakı "Azəri-Çıraq-Günəşli" yataqlarının dərin su qatlarındakı neftin birgə işlənməsi haqqında "məhsulun pay bölgüsü" tipli müqavilə imzalandı. Müqavilə öz tarixi, siyasi və beynəlxalq əhəmiyyətinə görə "Əsrin müqaviləsi" adlandı, təxminən 400 səhifə həcmində və 4 dildə öz əksini tapdı. "Əsrin müqaviləsi"ndə dünyanın 8 ölkəsinin (Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç, Yaponiya və Səudiyyə Ərəbistanı) 13 ən məşhur neft şirkəti ("Amoko", bp, "MakDermott", "Yunokal", ARDNŞ, "LUKoyl", "Statoyl", "Ekson", "Türkiyə Petrolları", "Penzoyl", "İtoçu", "Remko", "Delta") iştirak etdi. Bununla da "Yeni neft strategiyası" və doktrinası uğurla həyata keçirilməyə başlandı. "Əsrin müqaviləsi" Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edildi və 12 dekabr 1994-cü ildə qüvvəyə mindi.

"Əsrin müqaviləsi"nin ilk günlərindən başlayaraq Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti yaradıldı və təsdiq olunmuş vahid proqram üzrə ARDNŞ ilə birgə işlərə başlandı. Bu saziş sonradan dünyanın 19 ölkəsinin 41 neft şirkəti ilə 30-dək sazişin imzalanması üçün yol açdı. "Əsrin müqaviləsi" həm karbohidrogen ehtiyatlarının miqdarına, həm də qoyulan sərmayələrin həcminə görə dünyada bağlanan ən iri sazişlər siyahısına daxil oldu. İmzalanmış neft sazişləri üzrə Azərbaycanın neft sənayesinin inkişafı üçün milyardlarla dollar həcmində sərmayə ölkəyə gəldi və gəlməkdədir.

Azərbaycanın suveren dövlət olaraq "Əsrin müqaviləsi" kimi möhtəşəm bir layihəyə imza atmasını həzm edə bilməyən və ölkəmizin müstəqil mövqe sərgiləməsinə qarşı çıxan qüvvələr ilk əvvəllər bunun əleyhinə ciddi fəaliyyətə keçdilər. Məsələn, o dövrdə tarixə qovuşmuş SSRİ-nin bərpası xülyasında olan Rusiyanın bəzi imperialist dairələri "Əsrin müqaviləsi"ndən ölkəmizin geri çəkilməsinə nail olmaq üçün hətta rəsmi səviyyədə açıq fəaliyyətə keçdilər. 1994-cü il sentyabrın 12-də Rusiya Xarici İşlər Nazirliyinin Bakıya ünvanladığı etiraz notasında açıq qeyd edilirdi ki, Xəzərə dair birtərəfli hərəkətlər qeyri-qanunidirRusiya Federasiyası tərəfindən tanınmayacaq. Lakin bütün həlledici məqamlarda əsl liderlik keyfiyyəti və soyuqqanlığı nümayiş etdirən Heydər Əliyev bu kimi hədələrə məhəl qoymayaraq müəllifi olduğu yeni neft strategiyasını həyata keçirməkdə davam etdi. Müqavilə imzalandıqdan sonra da ölkəmizə qarşı təxribatlara son qoyulmadı. Belə ki, Heydər Əliyevin 1994-cü il sentyabrın 25-dən 30-dək BMT-nin Baş Məclisinin sessiyasında iştirak etmək məqsədilə ABŞ-da olmasından istifadə edən antiazərbaycançı qüvvələr tərəfindən sentyabrın 29-da Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini Afiyəddin Cəlilov, Prezident yanında Xüsusi İdarənin rəisi Şəmsi Rəhimov amansızlıqla qətlə yetirildilər. Bundan sonra dövlət əleyhinə fəaliyyətdə və vətənə xəyanətdə günahlandırılan 4 nəfər şəxs Milli Təhlükəsizlik Nazirliyinin təcridxanasından qaçırıldı. Hər iki cinayət hadisəsinin arxasında duran əsas motiv Azərbaycanda sabitliyin pozulmasına, ölkədə xaotik durumun yaranmasına, beləliklə, Qərb şirkətləri ilə başlanan işbirliyinə son qoymaq idi. 1994-cü ilin oktyabrında, 1995-ci il martında ölkədə yenə də xarici qüvvələrin təhriki ilə baş verən məlum hadisələr də eyni məqsədə xidmət edirdi. Lakin bütün hallarda Heydər Əliyev xarizması, qətiyyəti, ümummilli liderlə xalq arasında olan sarsılmaz birlik antiazərbaycançı qüvvələrə qalib gəldi. Ulu öndər Azərbaycanın dövlət müstəqilliyinin 10-cu ildönümü ilə bağlı keçirilən mərasimdə müqavilə barədə qeyd edirdi: "Əsrin müqaviləsi" Azərbaycanın düşmənlərinin köksünə bir süngü kimi sancıldı. Ona görə buna dözə bilmədilər. Azərbaycanda baş verən və dövlətçiliyin əleyhinə olan bir çox hadisələr məhz bundan sonra başladı. Çünki daxildə olan adamlar da və xaricdə olanlar da bilirdilər ki, əgər Azərbaycan artıq bu cür addım atıbsa, deməli, Azərbaycan bundan sonra daha da uğurlu addımlar atacaqdır!" Bu kontekstdə "Əsrin müqaviləsi"nin xalqın milli mənafelərinə uyğun tərzdə icrası uğurla reallaşdı, sözügedən saziş Azərbaycanın çiçəklənməsində əvəzsiz rol oynadı və oynamaqdadır.

Halbuki Azərbaycanın yeni neft strategiyasının uğurla həyata keçirilməsi üçün böyük əzmkarlıqla və səylə çalışıldığı bir dönəmdə ölkəmizi istəməyən bədxah daxilixarici qüvvələr bəyan edirdi ki, neftdən gələn bütün gəlirlər xarici şirkətlərə qismət olacaq. Lakin cənab İlham Əliyevin belə bədxah qüvvələrə cavabı çox qısa və sərt oldu: "Əsrin müqaviləsi"ndən əldə edilən gəlirin 80 faizini 30 il ərzində Azərbaycan, 20 faizini isə iştirakçı xarici şirkətlər alacaq". Zaman kimin haqlı olduğunu ötən dövr ərzində bir daha əyani şəkildə üzə çıxardı və imzalanan PSA (hasilatın pay bölgüsü) müqavilələrinin şərtlərinə uyğun olaraq artıq Azərbaycan neft gəlirlərinin 80 faizini əldə edir. Burada daha bir incə məqama da xüsusi diqqət yetirilməlidir. Belə ki, "Əsrin müqaviləsi"nin ən müsbət məqamlarından biri o olub ki, Azərbaycan müqavilə çərçivəsində yataqların işlənməsinə bir qəpik də pul qoymayıb. Artıq 17 il keçib və Azərbaycan bu müqavilənin həyata keçirilməsi üçün heç bir maliyyə xərci çəkmir, əksinə, qeyd olunduğu kimi, indi neft satışından böyük həcmdə gəlirlər əldə edir.

O da faktdır ki, cənab İlham Əliyevin Azərbaycanın neft strategiyasının reallaşmasında rolu təkcə "Əsrin müqaviləsi" ilə məhdudlaşmır. Belə ki, cənab İlham Əliyev ARDNŞ-in birinci vitse-prezidenti kimi digər müqavilələrin də imzalanmasında rol oynayıb. 1994-cü ildən 2003-cü ilə kimi imzalanan 26 müqavilənin hər birində cənab İlham Əliyevin xüsusi rolu olub. O, bütün danışıqlara rəhbərlik edib, xarici neft şirkətləri ilə gələcək fəaliyyət konsepsiyasını, coğrafisiyasi tərəfdaşlıq konsepsiyası hazırlayıb. Bu, həm də proseslərə yeni yanaşma tərzi ilə müşayiət olunurdu. Yəni əgər əvvəllər Azərbaycan xarici şirkətləri sadəcə ölkəyə dəvət edirdisə, sonradan daha tələbkar mövqedən çıxış etməyə başladı, tərəfdaşlığın iqtisadiyyatla yanaşı, siyasi coğrafiyasını da genişləndirdi. Bütün bunların həyata keçirilməsinə isə cənab İlham Əliyev olduqca böyük töhfə verdi. Onun sayəsində dünyanın 15-dən çox ən iri ölkəsi və 33 məşhur neft-qaz hasilatı şirkəti yataqların işlənməsinə cəlb olundu.

 

Yeni neft strategiyasının gətirdiyi möhtəşəm uğurlar

 

"Əsrin müqaviləsi"nin imzalanması ilə Azərbaycan MDB məkanında Qərbin iri neft şirkətləri ilə böyük miqyasda saziş imzalayan ilk dövlət olmaqla, Xəzər dənizində beynəlxalq əməkdaşlığın əsasını yaratdı. Bu əməkdaşlığın nümunəvi xarakter daşıdığı dünya səviyyəsində ən yüksək dairələrdən etiraf olundu. Bakıda keçirilən XVI Beynəlxalq Xəzər neft-qaz sərgisi və konfransı ilə bağlı Prezident İlham Əliyevə göndərdiyi məktubda ABŞ dövlət başçısı Barak Obama yazır: "Azərbaycan beynəlxalq şirkətlərin iştirakı ilə enerji ehtiyatlarının işlənilməsinin sürətli tərəqqi və ən qabaqcıl texnologiya ilə nəticələnməsinin nümunəsidir. 90-cı illərin ortalarında neftqaz yataqlarının işlənilməsi üçün beynəlxalq sərmayəçilərin Azərbaycana dəvət edilməsi, Şərq-Qərb Enerji Dəhlizinin, o cümlədən Bakı-Tbilisi-Ceyhan neft boru və Cənubi Qafqaz qaz boru kəmərlərinin reallaşması Sizin xüsusi nailiyyətinizdir. Üç ölkənin ərazisindən keçən, yüzlərlə kilometr məsafəni qət edən və bir çox beynəlxalq enerji şirkətini bir araya gətirən həmin layihələr yorulmaz fəaliyyət və əməkdaşlıq sayəsində nəyə nail oluna biləcəyini əks etdirir. ABŞ bu mühüm layihələri həyata keçirən Azərbaycan və digər iştirakçılarla tərəfdaş olmaqdan iftixar hissi keçirir".

Bundan başqa, "Yeni neft strategiyası" Azərbaycanın neft-qaz layihələrinə beynəlxalq neft korporasiyalarının, bütövlükdə xarici işgüzar dairələrin, iri investisiyaların cəlb edilməsi hesabına dünyanın enerji daşıyıcıları bazarına sürətlə çıxışını təmin etdi. Bu sazişlərin nəticəsi olaraq Azərbaycanın neft-qaz sənayesinə milyardlarla ABŞ dolları həcmində sərmayə qoyuldu, ölkə neftinin dünya bazarına sərbəst və sürətli çıxışını təmin etmək üçün ixrac boru kəmərləri sistemi yaradıldı. Sözügedən müqavilə respublikamızın dövlət müstəqilliyinin mühüm təminatına çevrilməklə, azad iqtisadi mexanizmlərin tətbiqini və dünya iqtisadiyyatına dinamik inteqrasiyasını təmin etdi.

Azərbaycanın milli sərvəti olan neftdən gələn gəlirlərin gələcək nəsillər üçün toplanaraq artırılması, bu gəlirlərdən ölkəmizin cari sosial ehtiyaclarını, iqtisadi tərəqqi və inkişaf tələblərini nəzərə almaqla bugünkü nəsillər üçün istifadə edilməsi prosesi uğurla reallaşdı və reallaşmaqdadır. Ümummilli liderin müəllifi olduğu yeni neft strategiyasının həyata keçirilməsinin nailiyyətlərindən biri kimi Qərbin qabaqcıl texnika-texnologiyasının Azərbaycana gətirilməsi təmin olundu. Xüsusilə tikintidə və yataqların işlənilməsində, qazmadaistismarda tətbiq olunan yeni texnika, texnologiya və avadanlıqlar neft sənayesinə pozitiv təsir göstərdi.

Heydər Əliyev o dövrün böhranlı sosial-iqtisadi şəraitində növbəti dəfə böyük siyasi iradə, dəqiq iqtisadi hesablamamüdriklik nümayiş etdirərək müstəqil Azərbaycanın yeni neft strategiyasını irəli sürməklə ölkənin digər sahələrində sürətli inkişafın yaşanmasını təmin etdi. Ulu öndər böyük uzaqgörənliklə əvəzsiz təbii sərvətimiz olan neftin ölkənin iqtisadi inkişafındakı rolunu düzgün müəyyənləşdirdi: "Azərbaycan dövləti 1994-cü ildən özünun yeni neft strategiyasını həyata keçirməyə başlayır. Bu strategiyanın əsas mənası, mahiyyəti və prinsipləri ölkənin təbii sərvətlərindən, o cümlədən neftqaz yataqlarından Azərbaycan xalqının rifahı naminə daha səmərəli istifadə etməkdən ibarətdir".

"Əsrin müqaviləsi" həm də Heydər Əliyevin daha bir xidmətinin parlaq şəkildə üzə çıxmasına səbəb oldu. Belə ki, vaxtilə - 1970-ci illərdə Heydər Əliyev tərəfindən göstərilən təşəbbüslər nəticəsində yaradılmış infrastruktur kontraktın sürətlə icra olunmasına xidmət göstərdi. Əgər vaxtilə Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi birinci dövrdə dərin özüllər zavodu tikilməsəydi, müqavilənin icrası çox yubana bilərdi. Lakin Heydər Əliyevin xidmətləri sayəsində tarixdə ilk dəfə olaraq belə böyük, nəhəng investisiya qoyuluşunu tələb edən müqavilənin imzalanmasından ilkin neftin hasilatına qədər 3 ildən də az vaxt keçdi.

"Əsrin müqaviləsi" isə ilk olaraq Bakının dünyanın neft mərkəzi olmaq şöhrətini bərpa etdi. Azərbaycan 2006-cı ildə 32 milyon ton neft çıxarmışdısa, 2009-cu ildə 50 milyon tondan artıq, 2010-cu ildə isə 51 milyon ton neft hasil etdi. Sözügedən müqavilə Azərbaycanın bugününü yaratdı, gələcəyimizi müəyyən etdi. Paytaxt Bakının, ölkənin regionlarının, bütünlükdə Azərbaycanın gözəlləşməsini, iri sosial layihələrin reallaşmasını təmin etdi, həm müasirlərimiz, həm də gələcək nəsillərimiz üçün Neft Fondu formalaşdı.

Əgər 1994-cü ildə Azərbaycanın valyuta ehtiyatları yox idisə, 2010-cu ilin yekunlarına əsasən həmin ehtiyatların miqdarı 30 milyard dolları keçir. Cari ilin ilk yarısı üçün bu məbləğ 38 milyard dollara çatıb. Ən pessimist hesablamalar göstərir ki, təkcə bu müqavilə çərçivəsində Neft Fonduna 200 milyard dollar daxil olacaq. Ancaq bu məbləğin daha böyük rəqəmlərlə ifadə olunacağı və hətta 400 milyard dollara çatacağı da istisna olunmur. Həmçinin Azərbaycan xarici şirkətlərin investisiyası və yerli kapital hesabına yeni-yeni boru kəmərləri, platformalar, yeraltı anbarlar, qazma qurğuları, "Səngəçal" kimi nəhəng neft terminalı qazanıb. Eləcə də məhz "Əsrin müqaviləsi" Azərbaycanda yeni-yeni yolların, xəstəxanaların, stadionların, mehmanxanaların, digər sosial obyektlərin inşasına, insanların maddi rifah halının yüksəlməsinə təkan verib.

Azərbaycanın artıq Xəzərdə və digər bölgələrdə neft kəşfiyyatı aparması, yeni texnologiyalar tətbiq etməsi üçün daha xarici şirkətlərə ehtiyacı yoxdur. Bütün bunları etmək üçün Azərbaycanın lazımi imknları və kapitalı, kadrları var. Ən əsası isə, ölkəmiz hələ bundan sonra da dünya miqyasında neft ehtiyatlarına malik əsas dövlətlərdən biri kimi qalmaqda davam edəcək. Təxmini hesablamalar göstərir ki, ən pis halda Azərbaycanın neft ehtiyatları bundan sonra 100 ilə bəs edəcək. Lakin yeni kəşfiyyat hesabına bu ehtiyatın sonrakı istifadə müddətinin 200 ilə çatacağı da istisna olunmur. Beləliklə, Heydər Əliyevin müəllifi olduğu neft strategiyası bu gün müstəqil dövlət kimi Azərbaycanın öz milli sərvətinin sahibi olmasının, iqtisadiyyatımızın dünya iqtisadiyyatına inteqrasiyasının, ölkəmizin 90-cı illərin əvvəlində başlanmış siyasi, iqtisadisosial böhranlardan çıxaraq dirçəlməsinin və ən əsası, XXI əsrdə yüksək inkişaf etmiş, möhkəm, demokratik Azərbaycan dövlətinin yaranmasının rəmzinə çevrildi.

 

 

(Ardı var)

 

Azərbaycan.- 2011.-3 avqust.- S.  2.