M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialına daxil olmuş tələbələrlə görüş keçirilmişdir

 

Avqustun 2-də M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakı filialının rektoru, professor Nərgiz Paşayeva bu nüfuzlu ali məktəbə daxil olmuş tələbələr və onların valideynləri ilə görüşmüşdür.

AzərTAc xəbər verir ki, bu il MDU-nun Bakı filialının tətbiqi riyaziyyat, kimya, filologiyapsixologiya fakültələrinə 290-dan çox abituriyent imtahan vermiş, tələbə adına isə 100 nəfər layiq görülmüşdür.

Görüşdə qəbul komissiyasının üzvləri, MDU-nun tanınmış alimləri və professorları da iştirak etmişlər.

Tədbirdə çıxış edən rektor Nərgiz Paşayeva tələbələri təbrik edərək vurğulamışdır ki, bu gün onların həyatında çox əlamətdar günlərdən biridir. Tələbə adına layiq görülmüş gənclərin elmin çətin və şərəfli yoluna qədəm qoyduğunu söyləyən N.Paşayeva qəbul imtahanlarının yüksək səviyyədə keçirilməsinə görə qəbul komissiyasının üzvlərinə təşəkkür etmişdir. Rektor demişdir: "Qəbul komissiyasının bütün üzvləri imtahanların obyektivvicdanla keçirilməsi, məhz ən yaxşı abituriyentlərin seçilməsi üçün səy göstərmişlər. Həqiqətən ən yaxşı abituriyentlər seçilmişlər".

MDU-nun Bakı filialının tələbəsi adının şərəfli və eyni zamanda, məsuliyyətli ad olmasını vurğulayan N.Paşayeva təhsil dövrünü bu tədris müəssisəsinə qəbul edilmiş gənclərin həyatında ən mühüm mərhələ adlandırmışdır. Rektor demişdir: "Biz sizə sadəcə universiteti bitirmək haqqında sənəd vermirik, biz sizə bilik veririksiz bu bilikləri qəbul etməlisiniz".

"Universitet böyük sosial təsisatdır, burada təkcə mütəxəssislər deyil, həm də şəxsiyyətlər formalaşır" - deyən Nərgiz Paşayeva vurğulamışdır: "Bizim başlıca vəzifəmiz sizi müdrikliyə, biliklərə yaxınlaşdırmaqdır. Bizim məqsədimiz mükəmməl insan yetişdirməkdir. Bu, uzun və çətin prosesdir, lakin biz buna çalışacağıq".

N.Paşayeva görüş iştirakçılarının nəzərinə çatdırmışdır ki, tələbələrə M.V.Lomonosov adına MDU-nun yüksək ixtisaslı pedaqoqları dərs deyəcəklər.

Mərasimdə MDU-nun rus dili kafedrasının böyük müəllimi, pedaqoji fəaliyyətinə görə Lomonosov mükafatı laureatı Valeriya Baqryantseva, fizika-riyaziyyat elmləri doktoru, professor Yuri Sadovniçi, psixologiya elmləri namizədi Andrey Kiselnikov, qəbul komissiyasının məsul katibi, kimya elmləri doktoru Sergey Karlov çıxış etmişlər. Onlar qeyd etmişlər ki, bu ali məktəbə daxil olmuş bütün abituriyentlər yüksək bilik, qabiliyyət və əzmkarlıq nümayiş etdirmişlər. Vurğulanmışdır ki, M.V. Lomonosov adına Moskva Dövlət Universitetində və MDU-nun Bakı filialında tələbələr eyni tədris proqramları üzrə təhsil alırlar.

Müəllimlər tələbələri MDU-nun Bakı filialında yaradılmış geniş imkanlardan maksimum səmərə ilə istifadə etməyə çağırmışlar. Ali məktəbdə tədris prosesinin yüksək səviyyədə təşkil olunmasında, onun maddi-texniki bazasının möhkəmlənməsində rektor Nərgiz Paşayevanın xidmətləri yüksək qiymətləndirilmişdir. Qeyd edilmişdir ki, filiala daim diqqət göstərilməsi Azərbaycanda humanitar sahənin inkişafı üçün yaxşı zəmin yaradır.

Çıxış edənlər Azərbaycanda rus dilinə marağın yüksək olmasından razı qaldıqlarını da bildirmişlər. Bu il MDU-nun Bakı filialında ən böyük müsabiqə filologiya fakültəsində olmuşdur. Filialın ən gənc fakültəsi olan psixologiya fakültəsinə də diqqət ilbəil artır.

 

 

Azərbaycan.- 2011.-3 avqust.- S.  3.