"Kaspi" qəzetinin 130 illik
yubileyi ilə əlaqədar növbəti
tədbir keçirilmişdir
"Kaspi" qəzetinin 130 illik yubileyi çərçivəsində keçirilən müsabiqələrə təqdim olunmuş materiallar əsasında tərtib edilmiş "Kaspi" qəzetinin yaranması və fəaliyyəti" və "Mübariz yol" kitabları çapdan çıxmışdır.
Avqustun 2-də Beynəlxalq Mətbuat Mərkəzində "Kaspi" qəzetinin nəşrə başlamasının 130 illik yubiley tədbirləri çərçivəsində yeni kitabların təqdimat mərasimi olmuşdur.
KİV rəhbərlərinin, milli mətbuat tariximizin araşdırılması ilə məşğul olan alim və mütəxəssislərin, ictimaiyyət nümayəndələrinin iştirak etdikləri tədbirdə "Kaspi" qəzetinin baş redaktoru Natiq Məmmədli 1881-ci ilin yanvar ayından Bakıda nəşrə başlayan "Kaspi" qəzetinin mətbuat tariximizdəki xüsusi rolundan danışmışdır.
"Kaspi" Şirkətlər Qrupunun rəhbəri, "Kaspi" qəzetinin təsisçisi Sona Vəliyeva 130 illik tarixi olan qəzetin fəaliyyəti barədə məlumat vermiş, yubiley ərəfəsində həyata keçirilən tədbirlərdən danışmış, yeni nəşrlərin əhəmiyyəti barədə fikirlərini söyləmişdir. Bildirmişdir ki, Azərbaycan mətbuatı tarixində dərin iz buraxmış "Kaspi" qəzetinin fəaliyyətinə həsr edilmiş kitabda qəzetdə çalışmış tanınmış Azərbaycan ziyalılarının yazıları təhlil edilmiş və araşdırılmışdır. XIX əsrin sonu, XX əsrin əvvəllərində Bakıda rus dilində çoxlu sayda qəzet nəşr edilsə də, "Kaspi" onların sırasında ən çox təsir imkanına malik olan mətbuat orqanı sayılırdı. "Kaspi" təkcə o zamankı Azərbaycanın deyil, bütün Qafqaz və hətta keçmiş çar Rusiyasının ərazisində yaşayan müsəlmanların mədəni ocağı olmuşdu.
"Kaspi" qəzeti Azərbaycan, rus və bütövlükdə Zaqafqaziya ədəbiyyatının Avropada və Şərqdə yayılmasında, təbliğində əsas tribunalardan biri hesab edilirdi. Bu mətbu orqan yalnız Rusiyanın mərkəzi şəhərlərində deyil, eyni zamanda, Türkiyədə, İranda, hətta Parisdə, Londonda və Berlində böyük maraqla oxunurdu.
Yubiley tədbirləri çərçivəsində Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsinə həsr edilmiş müsabiqənin keçirildiyini diqqətə çatdıran Sona Vəliyeva müsabiqəyə vətənpərvərlik mövzusunda ən yaxşı publisist yazıların, şeir və nəsr nümunələrinin təqdim olunduğunu xüsusi vurğulamışdır. Bildirmişdir ki, məqsədimiz vətənpərvərlik mövzusunu yaradıcı ictimaiyyətin diqqətində saxlamaq, gənclərin Vətənə məhəbbət ruhunda tərbiyəsinə bədii obrazların nümunəsində töhfələr vermək idi. Bu gün təqdimatı keçirilən "Mübariz yol" kitabında Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş bədii əsərlər yer almışdır.
S.Vəliyeva qeyd etmişdir ki, bu müsabiqə torpaqlarımızın azadlığı uğrunda daim mübarizəyə hazır olan millətin yaradıcı təbəqəsinin bir qisminin qələm nümunələrini cəmləyə bilmişdir. Müsabiqənin keçirilməsinin digər əhəmiyyəti onun vətənpərvərlik mövzusunu tam əhatə etməsi ilə bağlıdır. Bu gün biz bir millət, xalq olaraq taleyimizin elə sınaq mərhələsini yaşayırıq ki, vətənpərvərlik mövzusu həyatımızın bütün fəaliyyət sahələrindən əsas ideya kimi keçməlidir. Bu müsabiqə sübut etdi ki, bəzən müəyyən fəaliyyət sahəsinin inkişafına stimul vermək üçün sadəcə təşəbbüs göstərilməli və addımlar atılmalıdır. Vətənpərvərlik isə elə həssas mövzudur ki, duyğudan, axtarışından yan keçə bilməz. Təqdirəlayiq haldır ki, "Mübariz yol" kitabının son bölümündə 2010-cu ildə dövri mətbuatımızda Mübariz İbrahimov haqqında dərc olunmuş müsahibələrə, reportajlara, məqalələrə də yer ayrılmışdır.
Tədbirdə Mətbuat Şurasının sədri Əflatun Amaşov, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, "Kaspi" qəzetinin yaranması və fəaliyyəti" kitabının müəllifi Nəsiman Yaqublu, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, yazıçı-publisist Yusif Kərimov, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu və başqaları çıxış edərək milli mətbuatımızın təşəkkülündə və inkişafında 130 il bundan əvvəl nəşrə başlayan "Kaspi" qəzetinin rolunu yüksək qiymətləndirmişlər.
Həmçinin, "Kaspi" qəzetinin davamçısı olan indiki "Kaspi" qəzetinin fəaliyyəti barədə məlumat verilmişdir. Bildirilmişdir ki, 130 il əvvəl mövcud olan "Kaspi" bu gün də yaşayır və oxucularını məlumatlandırır, Azərbaycanda informasiya cəmiyyətinin formalaşmasına xidmət edir.
AzərTAc
Azərbaycan.- 2011.- 3 avqust.- S. 3.