Ermənistanın
Türkiyədən ərazi tələbi və Qars müqaviləsini
tanımaq istəməməsi iki ölkə arasında
diplomatik münasibətlərə əngəldir
Türkiyə Beynəlxalq Strateji Araşdırmalar Mərkəzinin (USAK) sədr müavini, professor Kamer Kasım "Sarkisyanın söylədikləri..." sərlövhəli analitik məqaləsində Ermənistanın Türkiyədən ərazi tələbi və Qars müqaviləsini tanımaq istəməməsini iki ölkə arasında diplomatik münasibətlərə əngəl olduğunu vurğulamışdır.
Məqalədə qeyd olunmuşdur ki, Ermənistan prezidenti Serj Sarkisyanın bir tələbənin Ağrı dağının da yerləşdiyi qondarma "Qərbi Ermənistan"ın Ermənistana birləşdiriləcəyi sualına cavabında hər şeyin gələcək nəsillərə bağlı olduğunu, habelə Dağlıq Qarabağa işarə edərək, indiki nəslin torpaqların bir parçasını aldığını bəyan etməsi Türkiyənin ərazi bütövlüyünü tanımayan və ərazi iddiaları irəli sürən bədnam "Ermənistan diplomatiyası"nın yeni mövqeyi deyildir. Ermənistanın müstəqillik bəyannaməsində də Şərqi Anadolu torpaqları "Qərbi Ermənistan" adlandırılır. Rəsmi Yerevan sərhədlərin toxunulmazlığı və mehriban qonşuluq əlaqələrini ehtiva edən bir bəyannamə imzalamaqdan da imtina edir. Dağlıq Qarabağ probleminin həllində qeyri-konstruktiv mövqe və uydurma "soyqırımı" iddialarının Ermənistan rəhbərliyi tərəfindən gündəlikdə saxlanılması da qarşı tərəfin münasibətlərin normallaşdırılmasında səmimi olmadığını göstərir.
Professor Kamer Kasım vurğulamışdır ki, Ermənistanın təcavüzkar siyasəti bütün Cənubi Qafqaza təsir edən Dağlıq Qarabağ probleminin həllini əngəlləyir və bu ölkəni suverenliyini təhlükə altına alacaq dərəcədə Rusiyadan asılı vəziyyətə salır. Azərbaycan ərazisinin 20 faizini işğal etmiş Ermənistan Azərbaycanın müharibə yolu ilə torpaqlarını azad edəcəyindən qorxaraq, təhlükəsizlik problemi də yaşayır. S.Sarkisyan Dağlıq Qarabağın Ermənistanın bir parçası olduğunu desə də, bu torpaqların Azərbaycana məxsusluğu və işğala son qoyulmasının vacibliyi BMT-nin Təhlükəsizlik Şurasının qətnamələri ilə də təsdiq edilmişdir. Ermənistan prezidentinin bəyanatı onu göstərir ki, işğalçı dövlətin niyyəti münasib şərait yarandıqda Dağlıq Qarabağ kimi, Türkiyə torpaqlarını da ələ keçirməyə cəhd etməkdir. Bu ölkənin rəhbərliyinin mövqeyi Ermənistanda gənc nəsillərin kin və nifrət ruhunda tərbiyə edildiyini göstərir.
Müəllif bildirmişdir ki, Türkiyə ilə Ermənistan arasında əlaqələrin normallaşması istiqamətində atılan addımları Türkiyə ilə Azərbaycanın münasibətlərini pozmaq üçün istifadə edən rəsmi Yerevan məlum protokolların ratifikasiya olunmamasının məsuliyyətini yenə də Ankaranın üzərinə atmış, beynəlxalq aləmdə Türkiyəni çətin vəziyyətdə qoymaq istəmişdir. Halbuki, protokolların imzalanmasından əvvəl Türkiyə ən yüksək səviyyədə bəyan etmişdir ki, Azərbaycan torpaqları işğaldan azad olunmayanadək Ermənistan ilə sərhədlər açılmayacaqdır. Bu sərhədlər "soyqırımı" iddiaları üzündən deyil, məhz Dağlıq Qarabağın işğalı səbəbindən bağlanmışdır. Ona görə də işğala son qoyulmadan sərhədlərin açılması bir ziddiyyət olardı. Digər tərəfdən, S.Sarkisyanın açıqlamalarından görünür ki, Ermənistan bu problemin həlli istiqamətində hər hansı bir addım atmaq niyyətində deyildir. Dağlıq Qarabağ ermənisi olan S.Sarkiyanın nəzarətindəki Ermənistanın problemin həlli istiqamətində addım atması yalnız çox güclü beynəlxalq təzyiqlər nəticəsində mümkündür. Lakin bu cür təzyiqlər də göstərilmir.
Məqalənin sonunda vurğulanmışdır ki, nifrətlə yetişən nəsillərin olduğu bir coğrafiyada dondurulmuş münaqişələr hər zaman alovlana bilər. 2008-ci ildə Rusiya ilə Gürcüstan arasında silahlı münaqişə buna bir sübutdur.
Oqtay BAYRAMOV,
AzərTAc-ın
xüsusi müxbiri
Ankara
Azərbaycan.- 2011.- 3 avqust.- S. 3.