Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri tarixi əhəmiyyət daşıyır

 

Rəhbərlik etdiyi partiyanın parlament seçkilərində qələbədən bir ay sonra Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri qardaş və dost dövlətlərimizin arasında əlaqələrin yüksək səviyyəsinin bariz nümunəsidir. Bu səfər tarixi əhəmiyyət daşıyır.

AzərTAc xəbər verir ki, bu sözləri avqustun 2-də Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç Baş nazir Rəcəb Tayyib Ərdoğanın ölkəmizə rəsmi səfərinin yekunlarına dair keçirdiyi mətbuat konfransında demişdir.

Səfər çərçivəsində ikitərəfli və regional əməkdaşlığın, siyasət, iqtisadiyyat, enerji, ticarət və digər sahələrdə ölkələrimiz arasında əlaqələrin genişləndirilməsinin müzakirə olunduğunu bildirən diplomat vurğulamışdır ki, əsas diqqət Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə yönəldilmişdir. Türkiyə bu məsələnin həllində Azərbaycanı daim dəstəkləyir. Biz Azərbaycan torpaqlarını işğal etdiyinə görə Ermənistan ilə sərhədi bağladıq. Bölgədə ədalətsizlik hökm sürür. Bu vəziyyət aradan qaldırılmalıdır.

Səfir bildirmişdir ki, Türkiyənin Baş nazirinin Azərbaycana rəsmi səfəri çərçivəsində, həmçinin türk dünyasının inkişafı, hər iki dövlətin bu məsələyə töhfəsi məsələləri müzakirə edilmişdir.

Azərbaycan ilə Türkiyə arasında əmtəə dövriyyəsinin keçən il 2,5 milyard dollar olduğunu bildirən səfir qeyd etmişdir ki, cari ilin sonunadək bu göstəricinin 3 milyard dollara çatacağı gözlənilir.

H.Kılıç bildirmişdir ki, Türkiyənin Baş nazirinin Azərbaycana səfəri çərçivəsində terrorizmlə mübarizə ilə bağlı məsələlər ətrafında da fikir mübadiləsi aparılmışdır. Azərbaycan Prezidenti İlham Əliyevin PKK terror təşkilatı ilə bağlı mövqeyi həm Baş nazir Rəcəb Tayyib Ərdoğan, həm də türk xalqı tərəfindən məmnuniyyətlə qarşılanmışdır.

 

 

Azərbaycan.- 2011.- 3 avqust.- S.  3.