AMEA-nın Rəyasət
Heyətində MDB ölkələrinin gənc
arxeoloqlarının yay məktəbi layihəsi
iştirakçıları ilə görüş
keçirilmişdir
Azərbaycan
Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Mahmud Kərimov
Azərbaycanda keçirilən MDB ölkələrinin gənc
arxeoloqlarının yay məktəbi layihəsinin
iştirakçıları ilə görüş
keçirmişdir.
AMEA-dan AzərTAc-a bildirmişlər ki, tədbiri MDB Ölkələri Humanitar Əməkdaşlıq Fondu, Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun "Gənc Alimlərin İntellektual İnkişaf Mərkəzi" və Tovuz rayonunda fəaliyyət göstərən arxeoloji ekspedisiyanın nəzdindəki "Gənc arxeoloqların yay məktəbi" təşkil etmişlər. Məktəb "Cənubi Qafqazın qədim mədəniyyətləri" mövzusunda beynəlxalq layihə çərçivəsində təşkil olunmuşdur.
Tədbirdə akademik M.Kərimov birgə əməkdaşlıq tədbirlərinin keçirilməsinin gənc alimlərin gələcək fəaliyyətlərində mühüm rol oynayacağını söyləmişdir. O, arxeoloji sahədə aparılan elmi-tədqiqat işlərindən danışaraq ölkə başçısının bu sahəyə dəstək verərək vəsait ayırdığını qeyd etmişdir. Arxeoloji qazıntıların tariximiz haqqında yeni məlumatlar verdiyini söyləyən M.Kərimov AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunda bu sahədə aparılan arxeoloji tədqiqatlar, müxtəlif ölkələrlə, beynəlxalq təşkilatlarla həyata keçirilən birgə layihələr, yaradılmış muzeylər haqqında da danışmışdır.
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı,
arxeoloji ekspedisiya qrupunun rəhbəri Fərhad Quliyev
bildirmişdir ki, qurum tərəfindən bu il geniş miqyasda
təşkil olunan layihə ilk dəfə Azərbaycanda həyata
keçirilir. MDB ölkələrində, Gürcüstanda və
Azərbaycanda fəaliyyət göstərən gənc
arxeoloqların layihədə iştirak etdiyini vurğulayan
F.Quliyev bunun MDB-nin 8 ölkəsində də təşkil
olunacağını diqqətə
çatdırmışdır.
Azərbaycan.- 2011.- 3 avqust.- S. 3.