Kitabı özündən sonra çıxdı

 

Onun həyat yolu haradan başlamışdısa, orada da qırıldı. Naxçıvanda doğulub böyümüşdü, elə bir yaz günü Naxçıvanda da faciəli şəkildə həyatını itirdi. İndən belə başqa bir ömür yaşayacaq - kitablarda, xatirələrdə, yaxınlarla, dostlarla münasibətlərdə. Söhbət əməkdar jurnalist, fəlsəfə doktoru Məmməd Məmmədovdan gedir (4 iyun 1962 - 21 may 2011-ci il).

Doqquzuncu kitabı özündən sonra doğuldu, işıq üzü gördü. Belə adlanır: "Mənim həyat məktəbim". Kitab Məmməd Məmmədovun da vaxtilə baş redaktoru olduğu "Şərq qapısı" qəzetinin 90 illik fəaliyyət yolunu, eləcə də bir jurnalist kimi ayrı-ayrı mövzularda yazılarını, müsahibələrini, söhbətlərini, yol qeydlərini əhatə edir.

1921-ci ildən nəşrə başlayan, müəllifin inkişaf yolunu böyük səbir və əziyyətlə araşdırdığı "Şərq qapısı" qəzetinin Azərbaycan mətbuat tarixində özünəməxsus yeri var. Ümummilli lider vaxtilə bu qəzetin oynadığı rola toxunaraq demişdir: "Mən "Şərq qapısı" qəzetinin təsiri altında tərbiyələnmişəm. Hələ gənc ikən burada orta məktəbdə, pedaqoji texnikumda oxuyanda müxtəlif məsələləri öyrənmək üçün "Şərq qapısı"ndan çox istifadə etmişəm. O vaxtdan nüfuzlu qəzet kimi hafizəmdə qalıb".

Kitabı vərəqlədikcə Naxçıvanın zəngin mətbuat tarixi ilə yaxından tanış olur, bu sahədə tədqiqatçı-jurnalist kimi Məmməd Məmmədovun böyük zəhmətinin şahidinə çevrilirsən. Mətbuatın tarixi dövrün, zəmanənin tarixidirsə, mürəkkəb, şərəfli bir inkişaf yolu keçən Naxçıvanın bütöv tarixi də zəhmətkeş jurnalistin qələmi ilə göz önündə canlanır.

M.Məmmədovun jurnalist araşdırmalarında maraqlı faktlardan biri qəzetin yaradıcı heyəti, ona rəhbərlik edən şəxslərlə bağlıdır. Belə ki 30-cu illərdə "Şərq qapısı" qəzetinə Əli Vəliyev kimi görkəmli yazıçı rəhbərlik edib. Xalq yazıçısı Mirzə İbrahimovun da fəaliyyətinin müəyyən dövrü o illərdə Naxçıvanla, "Şərq qapısı" və "Sürət" qəzetlərilə bağlı olub.

M.Məmmədov qəzetçilik işinə, jurnalistikaya meylindən, bu sahəyə necə gəlməyindən, bir növ, "həyat məktəbi"ndən də maraqlı dillə söhbət açaraq vaxtilə xırda yazısı ilə əməkdaşlığa başladığı qəzetə müəyyən dövrdən sonra necə rəhbərlik etdiyini açıqlayır.

Kitab üç bölmədən ibarətdir: 1-ci bölmə "Naxçıvanın mətbuat tarixi ilə bağlı səhifələr", 2-ci bölmə "Dəyirmi stol" arxasında söhbətlər", 3-cü bolmə "Yol qeydləri, səfər təəssüratları" adlanır. Hər üç bolmədə yer alan yazılar jurnalist əməyinin, tədqiqatçı axtarışlarının, vətənpərvərlik duyğularının nəticəsi olaraq meydana çıxır. Bu meydan isə o qədər geniş, buradakı insanlar o qədər müxtəlifdir ki, baxdıqca doymur, oxuduqca yorulmursan...

Bu kitabı oxuduqca və Məmməd Məmmədovun vaxtsız ölümündən sonra müxtəlif mətbuat orqanlarında danışılanlara, yazılanlara baxdıqca düşünürsən ki, yaxınları, ətrafındakılar hələ də onun yoxluğuna inanmayıblar...

Əslində, bizə bu həyatdan qalan da elə bunlardır - desək yanılmarıq: dostların sevgisi, doğmaların, yaxınların kədəri, həsrəti...

 

 

Bəxtiyar QARACA

 

Azərbaycan.- 2011.-3 avqust.- S. 5.