Düşünülmüş, sürətli və davamlı inkişaf

 

"Neft Fondunun yaradılması neft strategiyamızın vacib elementlərindən biri olmuşdur. Neftin satışından gəlirlər əldə etməyə başladıqdan dərhal sonra Neft Fondu təsis edilmişdir. Fond çox müasir və şəffaf quruluşa malikdir və onun fəaliyyəti və gəlirləri haqqında məlumatlar müntəzəm olaraq dərc edilir. Bu, çox vacib bir məsələdir, belə ki, uğur qazanmaq, ölkəni inkişaf etdirmək və gəlirlərdən lazımi qaydada istifadə etmək üçün maksimum dərəcədə şəffaflığın təmin edilməsi zəruridir."

 

İlham ƏLİYEV

 

 

Neft gəlirləri xalqın rifahına xidmət edir

 

Dünya təcrübəsi göstərir ki, neft və qazla zəngin ölkələrin heç də hamısı bu ehtiyatları səmərəli istifadəyə və inkişafa yönəltmək iqtidarında deyil. Bu səbəbdən təsadüfi deyil ki, enerji ehtiyatları ilə zəngin ölkələrin bu resurslardan istifadə səmərəliliyi üzrə əmsalı fərqli göstəricilərə malikdir. Ölkəmizdə bu sahədə həyata keçirilən siyasət isə Azərbaycanı enerji resurslarının realizasiyası nəticəsində əldə olunan gəlirlərin istifadə səmərəliliyi baxımından birincilər sırasına çıxarıb. Bunun nəticəsidir ki, ölkənin sosial-iqtisadi tərəqqi göstəriciləri daim dinamik xarakter alıb, Azərbaycan modern inkişaf yoluna çıxıb, müasir tələblərə cavab verən iqtisadiyyat qurub, infrastruktur formalaşdırıb, iqtisadi sahədə keçid dövrünü başa vurub, strateji valyuta ehtiyatlarının həcmini ildən-ilə artırıb və bu qəbildən olan digər möhtəşəm nailiyyətlərə imza atıb.

Bütün bunlar ölkəni neft və qaz satışından əldə olunan milyardlarla dollar vəsaitin düzgün və effektiv şəkildə toplanmasının istifadəsinin real göstəricisi kimi çıxış edir. Təbii ki, neft yataqlarının xarici şirkətlərlə birgə işlənməsindən əldə edilən mənfəət, neftin satışından daxil olan vəsaitlərin səmərəli idarə olunması, həmin vəsaitlərin prioritet sahələrin inkişafına və sosial-iqtisadi baxımdan mühüm əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsinə yönəldilməsinin təmin edilməsi baxımından ümummilli lider Heydər Əliyevin müvafiq fərmanı ilə yaradılan Dövlət Neft Fonduna xüsusi toxunmaq lazım gəlir.

Azərbaycanın ən böyük sərvəti olan neftin xalqa, özü də təkcə indiki nəslə deyil, həm də gələcək nəsillərə mənsubluğunu bildirən ümummilli lider tarixi qərar qəbul edərək 29 dekabr 1999-cu ildə "Azərbaycan Respublikası Dövlət Neft Fondunun yaradılması haqqında" fərman verdi. Fondun yaranmasından əvvəl bir qrup məsul şəxs xarici ölkələrə ezam edilərək dünyada fəaliyyət göstərən buna bənzər neft fondlarının işi ilə tanış oldu. Əsas məqsəd Neft Fondunun yaradılması zamanı ən qabaqcıl və mütərəqqi hesab olunan dünya təcrübəsinin Azərbaycanda tətbiqinə nail olmaq idi. Bu sahədə görülən işlər ona gətirib çıxardı ki, artıq Dövlət Neft Fondunun təcrübəsi dünya miqyasında öyrənilir və bu sahədə əldə edilmiş nailiyyətlər başqa ölkələr üçün örnək kimi göstərilir. Sözügedən Fondun yaradılması fəlsəfəsinin əsasını isə neft sərvətlərinin nəsillər arasında ədalətli bölüşdürülməsinin təmin edilməsi təşkil edirdi ki, artıq Azərbaycan bu istiqamətdə olduqca böyük uğurlar əldə edib. Belə ki, Neft Fondu bu gün neft sazişlərinin həyata keçirilməsi ilə əlaqədar əldə edilən gəlirlərin toplanması və səmərəli idarə edilməsinin ən effektiv mexanizminə çevrilib.

Ulu öndərin neft strategiyasının ayrılmaz hissəsi olan Dövlət Neft Fondu yaradılarkən onun aktivlərinin həcmi cəmi 271 milyon ABŞ dollarına bərabər idi. Lakin sonradan həyata keçirilən düzgün siyasət nəticəsində Fondun aktivlərinin həcmi ildən-ilə artaraq, 2008-ci ildə ilk dəfə olaraq 10 milyard ABŞ dollarına, 2010-cu ilin yekunlarına görə 22 milyard 766,8 milyon ABŞ dollarına çatdı. 2007-2010-cu illər ərzində Neft Fondunun aktivləri təxminən 10 dəfə artıb. Proqnozlara görə növbəti 5 il ərzində Neft Fondunun aktivlərinin 50 milyard ABŞ dollarına qədər artması istisna olunmur.

Dövlət Neft Fondunun qarşısında qoyulan əsas məqsədlərdən biri neft gəlirlərinin səmərəli idarə edilməsindən əlavə gəlirlərin əldə olunmasıdır. 2010-cu ilin oktyabr ayının 1-nə Fondun yaradılmasından həmin günə kimi Neft Fondunun idarəetmədən toplam gəlirləri ilk dəfə olaraq 1 milyard ABŞ dollarını keçib. Bu, qazanılmış ilk 1 milyard, təbii resurslardan əldə edilmiş və toplanılmış vəsaitlərin artıq kifayət qədər əhəmiyyətli, müstəqil və ən vacibi daimi gəlir mənbəyinə çevriləcəyinə əminlik yaradır.

Ümumiyyətlə, bu qurumun yaradılması dövlətin neft-qaz ehtiyatlarının işlənməsindən əldə edilən gəlirlərin istifadəsində israfçılığa, əyintilərə səbəb ola biləcək halların qarşısının alınması, eləcə də şəffaflığın tam təmin edilməsi istəyi ilə əlaqədardır. Fondun fəaliyyətinin başlıca məramını neft və qaz hasilatından əldə olunan maliyyə vəsaitlərinin indiki və gələcək nəsillərin mənafeyi naminə səmərəli idarə edilməsi təşkil edir.

 

Neft və qaz gəlirlərinin mükəmməl idarəçiliyinə xidmət edən strategiya

 

Neft Fondunun fəaliyyəti neft və qazın kəşfiyyatı və işlənməsi sahəsində bağlanmış sazişlərin həyata keçirilməsindən, Fondun öz fəaliyyətindən əldə olunan vəsaitin toplanması, səmərəli idarə edilməsi vasitəsi ilə ölkə qarşısındakı aşağıdakı mühüm vəzifələrin həllinə yönəlib:

- birincisi, böyük həcmdə daxil olan xarici valyuta gəlirləri şəraitində ölkədə makroiqtisadi sabitliyin qorunması və maliyyə-vergi intizamının təmin edilməsi, eyni zamanda, neft gəlirlərindən asılılığın azaldılması və qeyri-neft sektorunun inkişafının təmin edilməsi;

- ikincisi, neft və qazın bərpa edilməyən təbii ehtiyat olduğunu nəzərə alaraq, onlardan əldə edilən gəlirin nəsillər arasında bərabər bölüşdürülməsi və gələcək nəsillər üçün ehtiyat vəsaitinin toplanması;

- üçüncüsü, ölkəmizin sosial-iqtisadi tərəqqisi ilə əlaqədar mühüm ümummilli layihələrin maliyyələşdirilməsi.

Bütün bunlara nail olmaq üçün isə ölkəmizdə neft və qaz gəlirlərinin idarə olunması üzrə uzunmüddətli strategiya qəbul edilib. Prezident İlham Əliyevin 27 sentyabr 2004-cü il tarixli fərmanı ilə təsdiq edilən həmin strategiya 2005-2025-ci illəri əhatə edir və bu müddət ərzində həmin gəlirlərdən istifadənin əsas prinsiplərini və ortamüddətli xərclər siyasətini müəyyənləşdirir. Bununla yanaşı, strategiya neftin və qazın satışından Dövlət Neft Fondunda, eləcə də dövlət büdcəsində toplanan gəlirlərin idarə edilməsini nəzərdə tutur. Dörd əsas hissədən ibarət olan strategiyanın birinci olaraq neft və qaz gəlirlərinin uzunmüddətli dövr üçün proqnozlaşdırılmasını özündə ehtiva edir. Uzunmüddətli dövr üçün Azərbaycanın neft və qaz gəlirlərinin həcmi ölkənin təsdiq olunmuş neft və qaz ehtiyatlarının ehtimal olunan qiymətləri əsasında müəyyən edilir. Neft və qaz ehtiyatlarının həcmi "Azəri-Çıraq-Günəşli", "Şahdəniz" yataqlarından, hasilatın pay bölgüsü sazişlərində nəzərdə tutulmuş digər yataqlardan, eləcə də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin və onun təsisçiliyi ilə yaradılmış müştərək müəssisələrin istismarında olan yataqlardan gözlənilən neft və qaz ehtiyatlarının qiymətləndirilməsi əsasında təyin olunur. Strategiyaya uyğun olaraq yeni yataqlar kəşf edildikcə, Azərbaycanın neft və qaz ehtiyatlarının həcmi ilə bağlı proqnozlar dəqiqləşdirilir.

Burada digər bir mühüm cəhət isə ondan ibarətdir ki, neftin və qazın qiyməti pessimist variantda, yəni baza variantında nəzərdə tutulduğundan aşağı qiymətlə proqnozlaşdırılır. Baza variantı neftin və qazın müvafiq dövr üçün proqnozlaşdırılan qiymətidir. Azərbaycan isə neftin və qazın baza variantında nəzərdə tutulduğundan aşağı qiymətlə proqnozlaşdırmaqla faktiki olaraq nəzərdə tutulan gəlirin əldə olunması ehtimalını reallığa əhəmiyyətli dərəcədə yaxınlaşdırır.

Strategiyada neft və qaz gəlirlərinin mənbələri aşağıdakı kimi xarakterizə olunur:

1. Hasilatın pay bölgüsü sazişlərinə uyğun olaraq Azərbaycanın payına düşən mənfəət nefti və Azərbaycan Respublikası Dövlət Neft Fondunun qanunvericiliklə müəyyən edilmiş digər gəlir mənbələri;

2. Hasilatın pay bölgüsü sazişlərinə əsasən sərmayəçilər tərəfindən dövlət büdcəsinə ödənilən mənfəət vergisi;

3. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin neftin və qazın hasilatı ilə bağlı vergi ödənişləri və dövlət büdcəsinə digər ödənişlər;

4. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin təsisçisi olduğu neft və qaz hasilatı ilə məşğul olan müştərək müəssisələrin dövlət büdcəsinə vergi ödənişləri.

Strategiyada digər önəmli bir məsələ neft və qaz gəlirlərindən uzunmüddətli istifadə prinsiplərinin dəqiq ifadə olunmasıdır. Buna əsasən, ilk olaraq uzunmüddətli dövr üçün neft və qaz gəlirləri hesabına xərclərin proqnozlaşdırılması zamanı dəyişməz real xərclər prinsipi əsas götürülür və bu strategiyanın əhatə etdiyi dövr ərzində nəzərdə tutulan xərclər üçün illik limit müəyyən edilir. Bununla yanaşı, neft və qaz gəlirlərinin uzunmüddətli istifadə prinsipləri aşağıdakı məqamları əhatə edir:

- neft və qaz gəlirlərindən daxilolmalar zirvə səviyyəsinə çatdıqda onların 25 faizdən az olmayan hissəsi yığıma yönəldilir;

- neft və qaz gəlirlərinin qəbul edilmiş xərcləmə qaydaları neft və qaz gəlirlərinin idarə olunması üzrə uzunmüddətli strategiyanın əhatə etdiyi dövr ərzində dəyişməz qalır və bu zaman dəyişməz real xərclər prinsipi əsasında proqnozlaşdırılan xərclər limitinə riayət olunur;

- ortamüddətli dövr ərzində xərclərin həcmi uzunmüddətli dövr üçün müəyyən edilmiş limitlər nəzərə alınmaqla, qeyri-neft kəsiri (neft sektoru nəzərə alınmadan ölkənin icmal büdcəsinin gəlirləri və xərcləri arasında fərq) əsasında müəyyən edilir. Növbəti ilin xərcləri ilə əvvəlki ilin xərcləri arasında kəskin artıb-azalmalar arzuolunmaz hesab edilir və qeyri-neft kəsirinin kəskin dəyişməsinə yol verilmir;

- investisiya yönümlü xərclər hər il üçün tərtib olunan ortamüddətli Dövlət İnvestisiya Proqramı çərçivəsində həyata keçirilir.

Neft və qaz gəlirlərinin idarə olunması və xərclənməsi üzrə ortamüddətli siyasətə gəlincə, strategiyada bununla bağlı qeyd olunur ki, ortamüddətli dövr ərzində real xərclərin həcmi uzunmüddətli dövr üçün nəzərdə tutulmuş limitdən kənarlaşa bilər. Bu, qeyri-neft sektorunun inkişafını sürətləndirməklə bərabər, ayrı-ayrı dövrlərdə inflyasiyanın artımına səbəb olsa da, illik real xərclər müəyyən edilmiş qeyri-neft kəsirinin limitini nəzərə almalıdır. Real xərclərin və qeyri-neft kəsirinin illik həcmi uzunmüddətli dövr üçün nəzərdə tutulmuş limitə uyğun olaraq müəyyən edilir. Qeyri-neft kəsirinin həcmi dəyişdikdə bu dəyişikliyi zəruri edən konkret səbəblər göstərilir.

Sözügedən strategiyada neft və qaz gəlirlərindən istifadənin əsas istiqamətləri də müəyyən olunub. Neft və qaz gəlirlərinin istifadə strategiyası makroiqtisadi sabitliyin qorunub saxlanılması əsasında aşağıdakı əsas istiqamətləri əhatə edir:

- iqtisadiyyatın qeyri-neft sektorunun, regionların, kiçik və orta sahibkarlığın inkişafı;

- infrastruktur sahələrin genişmiqyaslı inkişafı;

- yoxsulluğun azaldılması üzrə tədbirlərin həyata keçirilməsi və digər sosial problemlərin həlli;

- iqtisadiyyatın intellektual və texnologiya bazasının səviyyəsinin yüksəldilməsinin stimullaşdırılması;

- "insan kapitalı"nın inkişafı (yüksək ixtisaslı kadrların hazırlanması (o cümlədən xarici ölkələrdə), kadrların professionallıq səviyyəsinin artırılması);

- ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi;

- azad edilmiş ərazilərin yenidən qurulması və məcburi köçkünlərin doğma yurdlarına qaytarılması ilə bağlı tədbirlərin həyata keçirilməsi.

Bütün bunlardan aydın görünür ki, ölkəmizdə neft-qaz gəlirlərinin idarə olunması kifayət qədər dəqiq mexanizm və istiqamət üzrə həyata keçirilməkdədir. Bu da son nəticədə neft-qaz gəlirlərindən istifadədə səmərəlilik göstəricisini xeyli dərəcədə artırır və bu gəlirlərin bilavasitə ölkənin inkişafına yönəldilməsində müstəsna rol oynayır.

 

Şəffaflıq üzrə lider ölkə

 

Dövlət Neft Fondunun beynəlxalq əlaqələr sahəsində fəaliyyət istiqaməti də ildən-ilə genişlənir. Bu gün Fond dünyanın bir çox maliyyə qurumları, bankları və beynəlxalq təşkilatları ilə sıx əməkdaşlıq edir. Ümumiyyətlə isə, Neft Fondunun beynəlxalq münasibətlərinin inkişaf istiqamətləri aşağıdakı kimidir:

- beynəlxalq maliyyə təşkilatları ilə münasibətlərin genişləndirilməsi istiqamətində əməkdaşlıq;

- təcrübənin tətbiqi, təhsil və mübadilə sahəsində beynəlxalq təşkilatlarla əməkdaşlıq;

- işgüzar münasibətlərin və əlaqələrin qurulması, mövcud əməkdaşlığın genişləndirilməsi.

Dövlət Neft Fondunun valyuta aktivlərinin həcminin durmadan artması şəraitində Fondun maliyyə fəaliyyəti, o cümlədən strateji əhəmiyyətli layihələrin maliyyələşdirilməsində rolu artdıqca beynəlxalq maliyyə təşkilatlarının Neft Fonduna diqqəti və marağı daha da artır. Beynəlxalq maliyyə təşkilatlarının, o cümlədən Beynəlxalq Valyuta Fondunun və Dünya Bankının ekspertləri Neft Fonduna mütəmadi səfərlər edir, Neft Fondunun valyuta ehtiyatlarının artımı dinamikası, ölkənin maliyyə sisteminin inkişaf etdirilməsi və makroiqtisadi tənzimləmə siyasətində Dövlət Neft Fondunun yeri və mövqeyi, habelə müasir iqtisadi tənzimləmə və maliyyə mexanizmlərinin tətbiqi imkanları, Fondun investisiya siyasəti barədə fikir mübadilələri aparılır.

Dövlət Neft Fondunun fəaliyyətini tənzimləyən mükəmməl qanunvericilik bazası mövcuddur. 2000-ci ildə Fondun Əsasnaməsi təsdiq olunduqdan sonra növbəti ildə Azərbaycan Prezidentinin müvafiq fərmanı ilə "Azərbaycan Respublikası Dövlət Neft Fondunun valyuta vəsaitlərinin saxlanılması, yerləşdirilməsi və idarə edilməsi haqqında Qaydalar" və dövlət başçısının digər fərmanı ilə "Azərbaycan Respublikası Dövlət Neft Fondunun illik gəlir və xərcləri proqramının (büdcəsinin) tərtibi və icrası Qaydaları" təsdiq edilib. Prezident İlham Əliyevin 27 sentyabr 2004-cü il tarixli fərmanı ilə təsdiq edilən neft və qaz gəlirlərinin idarə olunması üzrə uzunmüddətli strategiya 2005-2025-ci illər ərzində Fonda cəmləşən vəsaitlərin idarə qaydalarını özündə ehtiva edir. Neft Fondu öz fəaliyyətini məhz qeyd edilən hüquqi sənədlər əsasında həyata keçirir.

Qabaqcıl təcrübənin tətbiqi, təhsil və mübadilə üzrə əməkdaşlıq Neft Fondunun beynəlxalq münasibətlərinin inkişafında xüsusi yer tutur. Neft Fondu yaradılandan bəri Fondun normativ-qanunvericilik bazasının təkmilləşdirilməsi, neft gəlirlərinin makroiqtisadi dinamikaya təsirinin qiymətləndirilməsi metodikasının tətbiqi üzrə beynəlxalq təcrübə daim öyrənilir və bu sahədə qabaqcıl, müasir iqtisadi mexanizmlərin tətbiqi mühüm önəm daşıyır.

Dövlət Neft Fondunun fəaliyyəti, xüsusilə Azərbaycanda həyata keçirilən Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünün nəticələri beynəlxalq miqyasda tanınmış qeyri-hökumət təşkilatlarının daim maraq dairəsində olduğu üçün bu təşkilatlarla əməkdaşlığın qurulması istiqamətində də iş görülüb, bir çox beynəlxalq miqyasda tanınmış qeyri-hökumət təşkilatları ilə mütəmadi görüşlər keçirilir, onları maraqlandıran məsələlər ətrafında fikir mübadilələri aparılır.

Neft Fondu Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünün (MHŞT) Azərbaycanda tətbiqi prosesində fəal iştirak edir. Böyük Britaniyanın sabiq Baş naziri Toni Bleyerin bu təşəbbüsünə Azərbaycan 2003-cü ildən qoşulub. Neft Fondunun icraçı direktoru Azərbaycan hökumətinin 2003-cü ilin noyabr ayında yaratdığı MHŞT üzrə Hökumət Komissiyasının sədridir. MHŞT-nin Azərbaycanda tətbiqi mexanizmi MHŞT tərəfləri - MHŞT üzrə Hökumət Komissiyası, Azərbaycanda hasilat sənayesində fəaliyyət göstərən yerli və xarici şirkətlər, Mədən Sənayesində Şəffaflığın Artırılması üzrə QHT Koalisiyası tərəfindən hazırlanıb və bu mexanizmə uyğun olaraq Azərbaycan hökuməti müntəzəm olaraq Təşəbbüs üzrə hesabatlarını açıqlayır. Azərbaycan 2005-ci il martın 15-də MHŞT üzrə dünyada ilk hesabatı açıqlayan ölkədir.

2006-cı il oktyabrın 14-16-da Norveçin paytaxtı Oslo şəhərində keçirilmiş MHŞT üzrə 3-cü beynəlxalq konfransda Şəffaflıq Təşəbbüsünə beynəlxalq dəstəyin təmin olunması və Təşəbbüsün fəaliyyətinin koordinasiya edilməsi məqsədilə İdarə Heyətinin yaradılması qərara alınıb. Azərbaycan Təşəbbüsün həyata keçirilməsində lider ölkə kimi İdarə Heyətinə üzv qəbul olunub. 2007-ci ilin mayında Neft Fondu MHŞT-nin tətbiqinə görə "BMT-nin Dövlət Qulluğu Mükafatı" ilə təltif edilib. Dövlət idarəçiliyi sahəsində ən nüfuzlu mükafat hesab olunan "BMT-nin Dövlət Qulluğu Mükafatı" dünyanın müxtəlif ölkələrində dövlət qurumlarının həmin ölkələrin inkişafına verdiyi töhfənin və əldə etdikləri uğurların qiymətləndirilməsi məqsədilə BMT tərəfindən 2003-cü ildə təsis olunub. Neft Fondu Şərqi Avropa və MDB ölkələrinin dövlət təşkilatları arasında "BMT-nin Dövlət Qulluğu Mükafatı"na layiq görülən birinci dövlət qurumudur. 2007-ci il üçün "BMT-nin Dövlət Qulluğu Mükafatı" uğrunda mübarizəyə 200-ə yaxın ölkə qoşulub, lakin bir neçə mərhələdən sonra yalnız 14 ölkə bu mükafatı qazanmağa müvəffəq olub. 2008-ci il sentyabrın 11-də Azərbaycan hökuməti tərəfindən təqdim edilmiş MHŞT-ni dəstəkləyən qətnamə layihəsi BMT-nin Baş Assambleyasında konsensusla qəbul edilib.

2009-cu ilin fevralında Qətərin paytaxtı Doha şəhərində keçirilmiş MHŞT üzrə 4-cü beynəlxalq konfransda Azərbaycanda mədən hasilatı ilə məşğul olan şirkətlərin hökumətə ödənişləri və hökumətin şirkətlərdən daxilolmaları barədə məlumatların müntəzəm olaraq auditdən keçərək ictimaiyyətə açıqlandığı və dərc edildiyi, Azərbaycanın MHŞT-yə qoşulan ölkələr tərəfindən MHŞT prinsip və meyarlarının tam tətbiq edildiyini təsdiqləyən qiymətləndirmə prosesindən keçən ilk ölkə olduğu nəzərə alınaraq MHŞT üzrə Beynəlxalq İdarə Heyəti tərəfindən Azərbaycanın MHŞT-nin tamhüquqlu üzvü statusu təsdiq edilib. Bununla da Azərbaycan MHŞT-ni tətbiq edən və namizəd statusu almış ölkələr arasında tamhüquqlu üzv statusunu almış ilk ölkə olub. Konfransda Azərbaycana MHŞT prinsip və meyarlarına tam cavab verən ölkə olması və MHŞT-nin tətbiqi sahəsində əldə etdiyi nailiyyətlərə görə "2009-cu il MHŞT mükafatı" təqdim edilib. Azərbaycan mədən sənayesində şəffaflıq nümunəsinin əsasını qoyan ölkələrdən biri kimi qəbul olunduğundan onun təcrübəsinin geniş yayılmasının vacibliyi də qeyd olunur. 2010-cu ilin yekunlarına əsasən, Azərbaycan Şəffaflıq Təşəbbüsündə lider ölkə olaraq qalır və bu təşəbbüsün beynəlxalq səviyyədə idarə edilməsində fəal iştirak edir. Təşəbbüsdə iştirak edən 30-dan çox ölkədən 2010-cu ilin sonuna yalnız 6-sı tamhüquqlu üzv statusuna malik olub və bunlardan birincisi məhz Azərbaycandır.

2009-cu ilin sonlarında şəffaflıq göstəricisinə görə Dövlət Neft Fondu "Linaburq-Meduel Şəffaflıq İndeksi" cədvəlində də yüksək yer tutub. Reytinq cədvəli "Linaburq-Meduel Şəffaflıq İndeksi" Suveren Fondlar İnstitutunun təsisçiləri Karl Linaburq və Maykl Meduel tərəfindən hazırlanıb. Bu indeks Suveren Fondların şəffaflığın təmin edilməsi sahəsində fəaliyyətinin qiymətləndirilməsi metodu olub 10 meyardan ibarətdir və hər meyar 1 ballıq şkala ilə qiymətləndirilib. Dövlət Neft Fondu 10 balla 45 suveren fond arasında səkkiz ölkənin suveren fondları ilə birgə birinci yerdə qərarlaşıb. Reytinq cədvəlinin ilk pilləsində Dövlət Neft Fondu ilə yanaşı, İrlandiya (NPRF), ABŞ (Alyaska), Norveç (GPF) və Yeni Zelandiya kimi ölkələrin suveren fondları qərarlaşıb. ABŞ-ın Peterson adına Beynəlxalq İqtisad İnstitutunun 2009-cu ildə tərtib etdiyi reytinq cədvəlində ilk onluqda yer alanlardan biri məhz Dövlət Neft Fondu oldu.

2010-cu ilin sentyabrında açıqlanmış "Revenue Watch" İnstitutunun "Transparency İnternational" təşkilatı ilə birgə dərc etdiyi təbii resursların idarə edilməsində şəffaflıq indeksinə dair hesabatında 41 ölkə sırasında Azərbaycanın 9-cu yerdə qərarlaşması isə onu deməyə əsas verir ki, Azərbaycanda neft gəlirlərinin idarə edilməsi ilə bağlı həyata keçirilən siyasət hətta qeyri-obyektiv yanaşmaları olan beynəlxalq qurumları da çıxılmaz vəziyyətdə qoyur və ölkəmizin bu sahədə nailiyyətlərini qəbul etməyə məcbur edir. Göstərilən hesabatda Azərbaycan təbii resurslar fondları bölümünə və Mədən Hasilatı Sənayesində Şəffaflıq Təşəbbüsünün həyata keçirilməsi bölümünə görə maksimal, yəni 100 bal əldə edib. Artıq Neft Fondu institusional cəhətdən formalaşmaqla bərabər, ölkə daxilində və eləcə də beynəlxalq səviyyədə tanınmış və vəsaitlərin idarə edilməsi və şəffaflığın təmin edilməsi baxımından digər dövlətlərlə öz təcrübəsini bölüşməyə qadir olan bir quruma çevrilib.

 

Tərəqqiyə xidmət edən layihələrin etibarlı maliyyəçisi

 

Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2000-ci il tarixli fərmanı ilə təsdiq edilən Fondun Əsasnaməsinə uyğun olaraq Fondun digər məqsədi Azərbaycanda mühüm infrastruktur və sosialyönümlü layihələrin maliyyələşdirilməsinin təmin edilməsidir. Ölkə iqtisadiyyatına daxili mənbələr hesabına investisiyaların həyata keçirilməsində Neft Fondu mühüm rola malikdir. 2001-2010-cu illər ərzində Fonddan ümumilikdə 2,3 milyard manat vəsait ölkənin sosial-iqtisadi tərəqqisi naminə ən mühüm ümummilli problemlərin həllinə və strateji əhəmiyyətli infrastruktur obyektlərin inşa və rekonstruksiya edilməsi üzrə layihələrin maliyyələşdirilməsinə yönəldilib. Eyni zamanda, hesabat dövründə Fondun 14 milyard manat vəsaiti dövlət büdcəsinə transfer edilib ki, bu vəsait hesabına dövlət investisiya proqramları həyata keçirilib.

Ulu öndərin sərəncamı ilə Dövlət Neft Fondundan ilk ayrılmış vəsait ən ağır sosial vəziyyətdə olan soydaşlarımıza, qaçqın və məcburi köçkünlərin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına yönəldilib. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq cəmi 3 il ərzində Azərbaycanda mövcud olmuş bütün çadır düşərgələri ləğv edilib. Neft Fondundan maliyyələşən digər layihə - "Dəmir İpək Yolu" adlanan Bakı-Tbilisi-Qars dəmir yolunun inşası Azərbaycanın tranzit potensialının genişlənməsini təmin edən əsas amillər sırasında yer alır. Bakının su təchizatı ilə bağlı problemlərinin əsaslı şəkildə həllini təmin edən Oğuz-Qəbələ zonasından Bakı şəhərinə su kəmərinin çəkilməsi və Samur-Abşeron suvarma sisteminin yenidən qurulması da Dövlət Neft Fondundan maliyyələşən layihələr sırasında yer alıb.

Azərbaycanlı gənclərin respublikamızdan kənarda təhsil almağa göndərilməsi artıq bir ənənəyə çevrilib. Ümummilli lider tərəfindən əsası qoyulan bu ənənə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və bu zaman Neft Fondunun vəsaitlərindən istifadə edilir. Sözügedən sahədə həyata keçirilən proqramın ilk növbədə Dövlət Neft Fondunun vəsaiti hesabına maliyyələşdirilməsi "qara qızıl"ın insan kapitalına çevrilməsi" ideyasının reallaşmasına doğru atılmış strateji bir addımdır.

Bu gün ulu öndərin milli neft strategiyasının uğurla reallaşması sayəsində xalqımız Neft Fondunun aktivlərinin artımının şahididir. Neft Fondunun vəsaitinin artması Azərbaycanın maliyyə potensialının və bütünlüklə ölkənin iqtisadi qüdrətinin artması deməkdir. Bu vəsaitlərin həm bugünkü nəsillər üçün istifadə olunması, həm də gələcək nəsillər üçün qorunub saxlanması Prezident İlham Əliyevin iqtisadi siyasətinin əsas prinsipidir.

2010-cu il ərzində Neft Fondunun büdcə gəlirləri 13 milyard 88,5 milyon manat, büdcə xərcləri isə 6 milyard 386,5 milyon manat təşkil edib. Fondun 2010-cu il büdcəsinin gəlir hissəsi 144,9 faiz, xərc hissəsi isə 99,4 faiz yerinə yetirilib.

2010-cu ildə Dövlət Neft Fondunun neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 12 milyard 932,6 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından 12 milyard 761,1 milyon manat, Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Boru Kəməri layihəsi üzrə dividendlərdən 158,7 milyon manat, tranzit gəlirləri 8,3 milyon manat, akrhesabı ödənişlər 1,2 milyon manat, xarici sərmayəçilər tərəfindən təhvil verilmiş aktivlərdən 1,7 milyon manat, bonus ödənişləri 1,6 milyon manat təşkil edib.

Hesabat dövründə Neft Fondunun vəsaitlərinin idarə olunmasından əldə olunan gəlir 155, 9 milyon manata bərabər olub. Neft Fondunun 2010-cu il büdcəsinin icrası çərçivəsində 5 milyard 915 milyon manat vəsait dövlət büdcəsinə transfer edilib. Qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 104,9 milyon manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulması və Oğuz-Qəbələ zonasından Bakı şəhərinə su kəmərinin çəkilişi layihələrinin maliyyələşdirilməsi məqsədilə isə müvafiq olaraq 131 milyon manat və 199,6 milyon manat vəsait ayrılıb. "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın maliyyələşdirilməsinə Neft Fondundan 9,6 milyon manat vəsait ayrılıb. 12,4 milyon manat "Bakı-Tbilisi-Qars yeni dəmir yolu" layihəsinin maliyyələşdirilməsinə yönəldilib. 2010-cu il ərzində Neft Fondunun idarə edilməsi ilə bağlı xərcləri 14 milyon manat olub. Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı Fondun büdcədənkənar xərcləri 502,7 milyon manat təşkil edib. 2011-ci il yanvarın 1-nə Fondun aktivləri 2010-cu ilin əvvəlinə (14 milyard 900,4 milyon ABŞ dolları) nisbətən 52,8 faiz artaraq 22 milyard 766,8 milyon ABŞ dollarına bərabər olub. Bütün bunlar bir daha Azərbaycanın neft-qaz gəlirləri və onların idarə edilməsində nə dərəcədə düzgün və açıq siyasət yeritdiyini əyani şəkildə nümayiş etdirir.

2009-cu ilin sonunda Prezident İlham Əliyevin iştirakı ilə təməli qoyulmuş Dövlət Neft Fondunun yeni inzibati binasının tikintisi isə Fondun daha sürətlə inkişaf etməsinə xidmət edən əsas faktorlardan sayılır. Təməlqoyma mərasimində çıxışı zamanı Neft Fondunun fəaliyyətində Prezident İlham Əliyevin şəffaflıq məsələsini yenidən xüsusi vurğulaması və bu sahədə nailiyyətlərə verdiyi yüksək qiymət - "Azərbaycanda böyük həcmdə vəsaitin idarə edilməsində şəffaflıq təmin edildi" sözləri dövlət başçısının bu məsələyə qəti mövqeyini bir daha nümayiş etdirdi. Məhz bu mövqeyin nəticəsidir ki, Azərbaycanın təbii sərvətlərinin idarə edilməsində şəffaflığın artırılması istiqamətindəki təşəbbüslər bu gün ölkə ictimaiyyəti və beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilir.

 

 

(Ardı var)

 

 

Azərbaycan.- 2011.-4 avqust.- S.  2.