Azərbaycanda audit: təşəkküldən
beynəlxalq standartlara doğru
"Azərbaycan Respublikasının iqtisadiyyatı
inkişaf etdikcə və onun dünya təsərrüfat
sisteminə inteqrasiyası gücləndikcə iqtisadi-maliyyə
münasibətlərində şəffaflığın təmin
olunmasında, iqtisadi cinayətkarlığa və korrupsiyaya
qarşı mübarizədə auditin imkanlarından daha
geniş istifadə etmək zərurəti yaranır. Bunun
üçün müstəqil maliyyə nəzarəti sahəsində
mütərəqqi dünya təcrübəsini öyrənmək
və milli iqtisadiyyatın xüsusiyyətlərini nəzərə
almaqla ölkəmizdə tətbiqini genişləndirmək
çox vacibdir".
İlham ƏLİYEV
Ümummilli
liderimiz, müstəqil Azərbaycan dövlətinin memarı
və qurucusu Heydər Əliyev tərəfindən
imzalanmış "Auditor xidməti haqqında"
1994-cü il 16 sentyabr tarixli Azərbaycan
Respublikası Qanununa əsasən yaradılmış Azərbaycan
Respublikası Auditorlar Palatasının fəaliyyətə
başlamasından 15 il ötür.
Azərbaycan
Respublikasının müstəqil, demokratik inkişaf yoluna qədəm
qoymasından sonra ölkədə həyata keçirilən
iqtisadi islahatlar və idarəetmə sisteminin təkmilləşdirilməsi,
xəzinədarlıq sisteminin yaradılması, nazirlik, komitə
və başqa mərkəzi icra hakimiyyəti orqanlarında
mövcud olan nəzarət-təftiş qurumlarının ləğv
olunması, dövlət orqanlarına onların öz səlahiyyətlərinə
aid olmayan yoxlamalar aparılmasının qadağan edilməsi
və bu istiqamətdə ardıcıl şəkildə həyata
keçirilən digər məqsədyönlü tədbirlər
ölkədə beynəlxalq standartlara cavab verən maliyyə
nəzarəti sisteminin qurulmasını zərurətə
çevirdi və maliyyə nəzarətinin bütün
dünyada geniş yayılmış, mütərəqqi
forması olan auditin (auditor xidmətinin) Azərbaycanda da tətbiqi
həyati tələbata döndü.
"Auditor xidməti haqqında" qanunun qəbul
olunması ümummilli liderimiz Heydər Əliyevin demokratik
dünya dəyərlərinə sədaqətinin, bazar iqtisadiyyatı
sistemində auditə verdiyi dəyər və əhəmiyyətin
parlaq təzahürü idi.
Ölkədə
auditor xidmətinin dövlət tənzimlənməsini təşkil
etmək, bu sahədə olan və Azərbaycan
Respublikasında auditor xidmətinin inkişafına və təkmilləşdirilməsinə
yönəlmiş normativ aktların layihələrini, tədbirlər
sistemini hazırlamaq, dövlətin, təsərrüfat
subyektlərinin və auditorların (auditor təşkilatlarının)
mənafelərini müdafiə etmək, öz fəaliyyətində
"Auditor xidməti haqqında" qanundan, digər
qanunvericilik və normativ hüquqi aktlardan irəli gələn
tələblərə auditorlar (auditor təşkilatları)
tərəfindən riayət edilməsinə nəzarət məqsədilə
yaradılan və 1996-cı il aprelin 4-dən fəaliyyətə
başlayan Azərbaycan Respublikasının Auditorlar
Palatası ötən illər ərzində Azərbaycanda
auditor xidmətini mütərəqqi dünya təcrübəsinə
uyğun şəkildə təşkil etmək və tənzimləmək,
milli audit sisteminin inkişafını təmin etmək
üçün ən əvvəl, mükəmməl normativ
hüquqi bazanın yaradılması qayğısına
qalmış və bu məsələni daim diqqət mərkəzində
saxlamışdır. Nəticədə
1994-2010-cu illər ərzində üst-üstə 200-dən
artıq normativ hüquqi aktda, o cümlədən dövlət
başçısının imzaladığı 50-dən
artıq fərman və sərəncamda müstəqil auditin
iqtisadiyyatda tətbiqi zərurəti və tətbiq sahələri,
fəaliyyət istiqamətləri əksini
tapmışdır. Azərbaycanda sosial-iqtisadi
inkişafın təkcə son beş ilində
auditor xidməti ilə əlaqədar 39 hüquqi akt, o
cümlədən 9 qanun qəbul edilib. Onlardan
2-si - "Auditorların peşə məsuliyyətinin icbari
sığortası" və "Daxili audit haqqında"
qanunlar MDB məkanında analoqu olmayan qanunvericilik
aktlarıdır.
Təxminən
on il əvvəl Azərbaycan
Respublikasında audit sisteminin inkişafı konsepsiyası
hazırlanarkən qabaqcıl dünya təcrübəsi nəzərə
alınmaqla, daxili auditin geniş tətbiqi mühüm vəzifə
kimi qarşıya qoyulmuşdu. Bu gün isə
qanuni iftixar hissi ilə qeyd edirik ki, artıq bu problem həllini
tapmışdır. Azərbaycan Prezidenti möhtərəm
İlham Əliyevin təqdimatı əsasında 2007-ci il
mayın 22-də Milli Məclis tərəfindən qəbul
edilmiş, Nazirlər Kabinetinin qərarı ilə "Daxili
audit haqqında" qanunun məcburi auditin obyektləri üzrə
mərhələlərlə tətbiqi müddətləri
müəyyənləşdirilmişdir. Daxili auditin
özünütənzimləməsi isə qanunla daxili
auditorların ictimai birliyinə - düz 12 il əvvəl
Auditorlar Palatasının müraciətinə əsasən mənzil-qərargahı
ABŞ-da yerləşən beynəlxalq Daxili Auditorlar
İnstitutunun MDB ərazisində yaradılmış ilk
bölməsi olan "Audit-Azərbaycan" ictimai birliyinə
həvalə olunmuşdur. "Audit-Azərbaycan"
ictimai birliyi öz qarşısına ölkəmizdə
daxili auditor peşəsinin yayılması və inkişaf
etdirilməsi, daxili auditorlar arasında peşə münasibətlərinin
gücləndirilməsi, onların mənafelərinin və
müstəqilliyinin qorunması, peşənin standart və
normalarının işlənib hazırlanması, təkmilləşdirilməsi
məqsədlərini qoymuş və bu istiqamətdə fəaliyyətini
inamla davam etdirmişdir.
Ötən müddət ərzində birlik yetərincə
təşkilatlanmış, daxili auditor peşəsinin təbliği
və inkişafı üzrə nüfuzlu milli quruma
çevrilmiş, 2008-ci ilin yanvarından isə institut statusu
almışdır - indi birlik rəsmən Azərbaycan Daxili
Auditorlar İnstitutu (ADAİ) adlanır. "Daxili audit
haqqında" qanunun tətbiqinin icrası ilə əlaqədar
Auditorlar Palatası Azərbaycan Daxili Auditorlar İnstitutu ilə
birlikdə "Daxili auditin əsasları" adlı kurs təşkil
etmiş, müxtəlif idarə və müəssisələr
üçün sertifikatlı daxili auditorların
hazırlanmasına başlamışdır. İndiyə
qədər 18 kurs keçirilmiş və bu kursları bitirən
188 nəfər daxili auditor sertifikatı almışdır.
Həmçinin, Auditorlar Palatası əməkdaşlarının
və ADAİ üzvlərinin qüvvəsi ilə 20 çap
vərəqi həcmində "Daxili audit" adlı dərs
vəsaiti hazırlanaraq Təhsil Nazirliyinin qrifi ilə nəşr
etdirilmişdir. Bundan əvvəl isə Palata
Şurasının qərarı ilə "Daxili audit:
Qanunvericilik və normativ sənədlər" toplusu, habelə
beynəlxalq Daxili Auditorlar İnstitutunun rəsmi icazəsi ilə
"Daxili auditin peşə təcrübəsi üzrə
beynəlxalq standartlar"ın Azərbaycan dilində tərcüməsi
nəşr edilərək ADAİ-nin üzvlərinə
paylanmışdır. Bundan əlavə,
"Müəssisə və təşkilatlarda daxili audit xidmətinin
təşkili üzrə nümunəvi proqram" da işlənib
hazırlanmışdır. Auditorlar Palatası tərəfindən
ölkədə daxili auditin təbliğinə, daxili auditor
peşəsinin inkişafına bu qədər diqqət
yetirilməsinin isə bir əsas səbəbi var: müəssisə
və təşkilatlarda idarəetmənin səmərəli
təşkilinə yardım edən daxili audit nəticə
etibarilə kənar (müstəqil) auditor yoxlamalarının
özülü hesab olunur və bu missiyanı yerinə
yetirir.
Beləliklə, MDB ölkələri arasında birinci
olaraq Azərbaycanda daxili auditor fəaliyyətinin həyata
keçirilməsi qanunvericiliklə hüquqi təsbitini
tapmışdır. "Daxili audit haqqında" qanun Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin şəffaflığın
təmin olunması və korrupsiyaya qarşı mübarizə
strategiyasının hüquqi təməlində özünəməxsus
yer tutmaqla, ölkəmizin beynəlxalq aləmdə
nüfuzunun artmasına da əvəzedilməz bir töhfədir.
Qanunvericiliklə
nəzərdə tutulmuş funksiya və səlahiyyətlərinə
uyğun olaraq, Azərbaycan Respublikasının Auditorlar
Palatası milli audit sisteminin normativ hüquqi bazasının
formalaşması sahəsində xeyli iş
görmüşdür. O cümlədən mövcud
qanunvericilik əsas götürülməklə və
müvafiq beynəlxalq təcrübə və tövsiyələr
nəzərə alınmaqla, 1996-2010-cu illər ərzində
38 əsas və 5 köməkçi (xidmətedici) audit
standartı, 50-dək təlimat, qayda və metodik göstəriş,
iqtisadiyyatın ayrı-ayrı sahələrinin inkişaf
xüsusiyyətlərinə uyğun olaraq sahəvi auditlərin
aparılmasına dair 11 proqram, habelə "Auditorların
Peşə Etikası Məcəlləsi" işlənib
hazırlanmış və Palata Şurasında təsdiqləndikdən
sonra sərbəst auditorların və auditor təşkilatlarının
istifadəsinə verilmişdir.
Auditin inkişafını şərtləndirən əsas
amillərdən biri beynəlxalq tələblər səviyyəsində
fəaliyyət göstərmək iqtidarında olan
kadrların hazırlanması və onların ixtisas səviyyəsinin
daim artırılmasıdır. Auditorların milli və beynəlxalq
təcrübə baxımından hazırlanması mərhələsində
gözlənilən nəticələrin əldə
olunması üçün bir sıra xüsusiyyətləri
nəzərə almaq, o cümlədən auditor adı almaq
istəyən şəxslər qarşısında
ixtisasın əhəmiyyətliliyi baxımından zəruri
tələblər qoymaq; hazırlıq kurslarında beynəlxalq
təcrübəyə uyğun zəruri ixtisas səviyyəsinə
yiyələnməni təmin etmək; hazırlıq
kursları dövründə praktika (təcrübə)
keçilməsini təşkil etmək; auditor adı almaq
üçün imtahan vermiş şəxslərin bilik səviyyələrini
müvafiq beynəlxalq təcrübəyə uyğun
hazırlanacaq meyarlar üzrə qiymətləndirmək
Auditorlar Palatasının daim diqqət yetirdiyi məsələlərdir.
Ölkə qanunvericiliyinə görə, auditor fəaliyyəti
sahibkarlığın xüsusi razılıq (lisenziya) tələb
edən bir növüdür və Azərbaycan
Respublikasının ərazisində auditor fəaliyyəti
göstərmək hüququ verən lisenziyaların verilməsi
Auditorlar Palatasının səlahiyyətlərinə aid
edilmişdir.
"Auditor xidməti haqqında" Azərbaycan
Respublikası Qanununa görə, auditor adı almaq, yəni auditor
fəaliyyəti göstərmək hüququ verən
lisenziyanı əldə etmək üçün fiziki şəxslər
müəyyən olunmuş qaydada imtahan verməlidirlər.
Auditorlar Palatası auditor adı almaq
üçün imtahanların təşkili və
keçirilməsinə kadr hazırlığı sahəsində
fəaliyyətinin mühüm istiqamətlərindən biri
kimi baxır. Ötən illər ərzində auditor
adı almaq istəyən şəxslər üçün
Auditorlar Palatası tərəfindən 28 dəfə imtahan
keçirilmiş, həmin imtahanlarda Azərbaycan
Respublikasının 443 vətəndaşı iştirak
etmiş və onlardan 367 nəfəri müvəffəq nəticə
göstərərək, auditor fəaliyyəti ilə məşğul
olmaq üçün lisenziya almaq hüququ
qazanmışdır. Ümumiyyətlə isə 1996-2010-cu
illərdə Auditorlar Palatası Azərbaycan
Respublikasının ərazisində auditor fəaliyyəti ilə
məşğul olmaq üçün 298 fiziki və 101
hüquqi şəxsə, o cümlədən 12 xarici
hüquqi şəxsə lisenziya vermiş, ölkənin
bütün ərazisini auditor xidməti ilə əhatə
etməyə müvəffəq olmuşdur: hazırda Bakı,
Naxçıvan, Sumqayıt, Gəncə, Lənkəran,
Şəmkir və Beyləqan şəhərlərində
50-dən çox auditor təşkilatı (o cümlədən
5 xarici auditor təşkilatının filial və nümayəndəliyi),
sadalanan ünvanlarda, habelə Abşeron, Cəlilabad, Zaqatala,
Biləsuvar, Göygöl və Şərur rayonlarında fərdi
sahibkar kimi 40 sərbəst auditor fəaliyyət göstərir.
Palatanın
məqsədyönlü səyləri nəticəsində
ötən 15 ildə ölkədə auditor xidmətlərinin
göstərilməsinə dair yerinə yetirilmiş
müqavilələrin sayı 21 dəfə, xidmətin həcmi
isə 35 dəfəyə qədər artmışdır. O
cümlədən təkcə 2010-cu ildə 2.553.686,6 manat məbləğində 2831 müqavilə
icra olunmuşdur.
Auditorlar
Palatası, həmçinin, auditor kadrlarının peşə-ixtisas
səviyyəsinin təkmilləşdirilməsini daim diqqət
mərkəzində saxlayır və bu sahədə işin ən
müxtəlif forma və metodlarından istifadə edir. O
cümlədən ixtisasartırma kursları təşkil
olunarkən onların daimi və davamlı xarakter
daşımasına, nəzəri və praktik istiqamətləri
əhatə etməsinə xüsusi fikir verilir. İndiyədək
Palatanın özündə auditorlar üçün
xüsusi proqram əsasında 32 dəfə ixtisasartırma
kursu təşkil edilməklə bərabər, beynəlxalq və
regional təşkilatların humanitar yardım proqramları
çərçivəsində Azərbaycanda və onun
hüdudlarından kənarda, habelə beynəlxalq və
regional audit qurumlarının dünyanın müxtəlif
guşələrində keçirdiyi təlim kurslarında da
auditorların və audit mütəxəssislərinin
iştirakı təmin olunmuş, təmsilçilərimiz həm
xaricdə, həm də ölkə daxilində müxtəlif
miqyaslı və səviyyəli peşə tədbirlərində
fəal iştirak etmişlər. Məsələn, təkcə
Avropa Birliyinin TACIS proqramı çərçivəsində
həyata keçirilən "Azərbaycan Respublikası
Auditorlar Palatasının audit keçirmə qabiliyyətinin
yüksəldilməsi, müflisləşmə və iflas
üzrə mütəxəssislərin hazırlanması"
layihəsinə uyğun olaraq "Mühasibat uçotunun
beynəlxalq prinsipləri və auditin texnikası" adlı
beynəlxalq kurslarda Auditorlar Palatasının 100-ə qədər
auditor və mütəxəssisi, ümumilikdə isə 450 nəfərdən
artıq Azərbaycan vətəndaşı iştirak
etmişdir.
Yeri gəlmişkən,
Auditorlar Palatası özünün beynəlxalq əlaqələrin
qurulması üzrə fəaliyyətinə - beynəlxalq və
regional peşə qurumlarında təmsilçiliyə, ikitərəfli
əməkdaşlıq əlaqələrinin qurulmasına və
inkişaf etdirilməsinə də məhz mütərəqqi
xarici audit təcrübəsinin öyrənilməsi, milli
kadrlara çatdırılması və yerli xüsusiyyətlər
nəzərə alınmaqla ölkədə tətbiq edilməsi
baxımından yanaşır. Hazırda Palatanın
nüfuzlu peşə qurumlarında - Beynəlxalq Mühasiblər
Federasiyasında (IFAC), Mühasiblərin və Auditorların
"Avrasiya" Beynəlxalq Regional Federasiyasında, Avropa
Mühasiblər və Auditorlar Federasiyasında tamhüquqlu
üzv, Sertifikatlı Mühasiblərin və Auditorların
Avrasiya Şurasında isə assosiativ üzv sifətilə təmsilçiliyi,
habelə Rusiya Federasiyası Auditorlar Kollegiyası və Rusiya
Auditorlar Palatası, Türkiyə Sərbəst Mühasibəçi
Mali Müşavirlər və Yeminli Mali Müşavirlər
Odaları Birliyi və Türkiyə Daxili Auditorlar İnstitutu,
Ukrayna Peşəkar Mühasiblər və Auditorlar
Federasiyası və Ukrayna Auditorlar Birliyi, Qazaxıstan, Özbəkistan,
Gürcüstan, Litva, Latviya, Çin, Böyük Britaniya,
Fransa, Kanada, Rumıniya, Macarıstan, Polşa, Slovakiya və
digər ölkələrin audit qurumları ilə əməkdaşlıq
barədə saziş və niyyət protokollarının
imzalanması, intensiv işgüzar əlaqələrin
qurulması həm də Azərbaycan auditorlarının
peşə-ixtisas səviyyəsinin müntəzəm olaraq təkmilləşdirilməsi
məqsədlərinə xidmət edir.
Bundan əlavə,
Auditorlar Palatası indiyədək 10-dan artıq yerli qurumla, o
cümlədən Azərbaycan Respublikasının Mərkəzi
Bankı və Azərbaycan Bank Tədris Mərkəzi, Azərbaycan
Respublikasının Vergilər Nazirliyi, Azərbaycan Dövlət
İqtisad Universiteti, Azərbaycan Respublikasının Baş
prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə
İdarəsi, Azərbaycan Respublikasının Mərkəzi
Bankı yanında Maliyyə Monitorinqi Xidməti, Azərbaycan
Respublikasının Qiymətli Kağızlar üzrə
Dövlət Komitəsi, Azərbaycan Respublikasının
Hesablama Palatası, Azərbaycan Respublikası Sahibkarlar
(İşəgötürənlər) Təşkilatları
Milli Konfederasiyası, Azərbaycan Universiteti və s. ilə
partnyorluq və əməkdaşlıq sazişləri
bağlamış, digər məsələlərlə
yanaşı kadr hazırlığı və auditorların
ixtisasartırılması istiqamətində fəaliyyətində
bu əməkdaşlıq imkanlarından da səmərəli
şəkildə bəhrələnməyə
çalışır, həmin qurumlarla birgə konfrans,
seminar, simpozium, "dəyirmi masa" və digər tədbirlər
həyata keçirir.
Bu tədbirlər
arasında "Auditor xidməti haqqında" Azərbaycan
Respublikası Qanununun qəbul edilməsinin 10 illiyi ilə əlaqədar
təşkil etdiyimiz "Keçid iqtisadiyyatı ölkələrində
auditin inkişaf problemləri" mövzusunda beynəlxalq
elmi-praktik konfrans xüsusilə yaddaqalan olmuşdur. Belə
ki, ABŞ, Türkiyə, Rusiya, Qazaxıstan, Gürcüstan,
Yamayka və digər xarici ölkələrdən, audit və
mühasibatlıq üzrə beynəlxalq təşkilatlardan
nümayəndələrin iştirak etdiyi konfransa Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin təbrik
məktubu göndərməsi hamımızın qəlbini
qürur və iftixar hissi ilə doldurmuşdur. Dövlətimizin
başçısı ölkədə milli auditin təşəkkülü
və inkişafı üçün hüquqi baza olan
"Auditor xidməti haqqında" qanunun qəbul edilməsini
"ümummilli liderimiz Heydər Əliyevin bazar
iqtisadiyyatına keçid istiqamətində həyata
keçirdiyi siyasətin, cəmiyyətdə maliyyə şəffaflığının
təmin olunmasında və bazar infrastrukturları sistemində
auditə verdiyi qiymətin parlaq təzahürü" kimi dəyərləndirərək,
Azərbaycanda auditor xidmətinin iqtisadi siyasətin
aparılmasında mühüm rol oynadığını qeyd
etmiş, auditorlarımız qarşısında konkret vəzifələr
qoymuşdur.
Bizim
üçün son dərəcə əlamətdar olan
başqa bir tarixi hadisə - Azərbaycan Respublikası
Auditorlar Palatasının fəaliyyətə
başlamasının 10 illiyi ilə əlaqədar Auditorlar
Palatasının kollektivinə və üzvlərinə
ünvanladığı 2006-cı il 4 aprel tarixli məktubda
isə cənab İlham Əliyev qeyd etmişdir ki, Azərbaycanın
bir sıra transmilli layihələrin reallaşmasında fəal
iştirakı, xarici investisiyaların ölkəmizə
axını, birgə müəssisələrin uğurlu fəaliyyəti
auditor xidmətinin iqtisadi proseslərdə rolunu və əhəmiyyətini
daha da artırmışdır. Dövlətimizin
başçısı vurğulamışdır ki, eyni
zamanda, "Azərbaycan Respublikasının iqtisadiyyatı
inkişaf etdikcə və onun dünya təsərrüfat
sisteminə inteqrasiyası gücləndikcə iqtisadi-maliyyə
münasibətlərində şəffaflığın təmin
olunmasında, iqtisadi cinayətkarlığa və korrupsiyaya
qarşı mübarizədə auditin imkanlarından daha
geniş istifadə etmək zərurəti yaranır. Bunun üçün müstəqil maliyyə nəzarəti
sahəsində mütərəqqi dünya təcrübəsini
öyrənmək və milli iqtisadiyyatın xüsusiyyətlərini
nəzərə almaqla ölkəmizdə tətbiqini
genişləndirmək çox vacibdir".
Ümumiyyətlə, Auditorlar Palatası audit sahəsində
inkişaf etmiş qabaqcıl ölkələrin təcrübəsinin
öyrənilməsi və tətbiq edilməsi, eləcə də
beynəlxalq audit praktikası əsasında respublikada auditin
keyfiyyətinin yüksəldilməsini təmin etmək məqsədilə
müvafiq tədbirlər sisteminin işlənib
hazırlanmasına xüsusi diqqət yetirir. Xarici ölkələrin
audit təcrübəsinin öyrənilməsi Azərbaycanda
auditor xidmətinin inkişafına və keyfiyyətinin
yüksəldilməsinə, eləcə də auditor xidmətinin
qanunvericilik bazasının daha da təkmilləşdirilməsinə
ciddi kömək edir.
Auditorlar Palatasının Beynəlxalq Mühasiblər
Federasiyasına (IFAC) tamhüquqlu üzv qəbul olunması bu
istiqamətdəki fəaliyyətimizə verilən çox
böyük qiymət sayırıq. Yeri gəlmişkən, bu barədə
qərar 119 ölkədən 163 üzvü birləşdirən
Beynəlxalq Mühasiblər Federasiyası İdarə Heyətinin
2008-ci il noyabrın 13-də Roma şəhərində
keçirilən iclasında qəbul olunmuşdur. IFAC-ın məqsədi bütün dünyada
mühasib və auditorların peşə fəaliyyətinin
gücləndirilməsi və dünya iqtisadiyyatının
inkişafına kömək etməkdir. Auditorlar
Palatası 2003-cü ildən həmin qurumda ölkəmizi
assosiativ üzv qismində təmsil edirdi. IFAC-da assosiativ
üzvlükdən tamhüquqlu üzvlüyə keçirilməsinin
orta müddəti 13 il olduğu halda, Azərbaycan
üçün cəmi beş il kifayət etmişdir. Bu da ilk növbədə, möhtərəm
Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi
altında ölkəmizdə uğurla həyata keçirilən
islahatlarla, ümumi iqtisadi inkişafın artım tempinin və
dünya iqtisadi sistemində Azərbaycanın imicinin durmadan
yüksəlməsi ilə izah olunur. Palatanın IFAC-a
tamhüquqlu üzv qəbul olunması ölkədə beynəlxalq
maliyyə hesabatı, mühasibat uçotu və audit
standartlarının tətbiqi, maliyyə şəffaflığının
artırılması və korrupsiyaya qarşı mübarizə
istiqamətində qarşıda duran vəzifələrin
icrasında önəmli rol oynayacaqdır. Peşə
baxımından isə IFAC-a üzvlük
Azərbaycan auditorları üçün beynəlxalq
tribunaya çıxışın əldə olunması, Azərbaycan
auditinin beynəlxalq standartlara cavab verməsinin təsdiqi deməkdir.
Auditorlar Palatasının Beynəlxalq Mühasiblər
Federasiyasına tamhüquqlu üzvlüyü ilə əlaqədar
götürdüyü öhdəliklərə və həmin
təşkilatla imzalanmış 2008-ci il 21 aprel tarixli
memoranduma əsasən, Palata tərəfindən 2009-cu il ərzində
Beynəlxalq Audit və İnformasiyanın
Düzgünlüyünün Təsdiqlənməsi
Standartları Şurası tərəfindən işlənib
hazırlanmış və Beynəlxalq Mühasiblər
Federasiyası tərəfindən qəbul edilərək dərc
etdirilmiş 32 adda beynəlxalq audit standartının, habelə
"Peşəkar Mühasiblərin Etika Məcəlləsi"nin
Azərbaycan dilinə tərcümə edilməsi və nəşri
üzrə işlər başa
çatdırılmış, bununla da 2010-cu ilin 1 yanvar
tarixindən etibarən ölkəmizdə beynəlxalq audit
standatrlarının tətbiqinə başlanması
üçün tələb olunan normativ baza təmin
edilmişdir.
Fəaliyyət
göstərdiyi ilk illərdən etibarən Auditorlar
Palatasının çoxşaxəli fəaliyyətində
mühüm yer tutan təbliğat və nəşr işləri
də həm sahibkarlıq fəaliyyətinin bir növü
olan auditor xidmətinin təbliğinə, dövlətin maliyyə-iqtisadi
fəaliyyətinin həyata keçirilməsi, iqtisadi
demokratiyanın genişləndirilməsi və ölkədə
maliyyə şəffaflığının bərqərar
edilməsi vəzifələrinin həllində auditin yeri və
rolu barədə dolğun təsəvvürlərin
formalaşmasına, cəmiyyət tərəfindən auditin idarəetmə
prosesində nəzarət-analitik infrastruktur kimi qəbul edilməsinə
yardımçı olmaq, həm də auditor kadrlarının
hazırlanması və onların peşə-ixtisas səviyyəsinin,
auditor peşəsinin nüfuzunun yüksəldilməsinə
kömək etmək məqsədi güdür.
2000-ci
ilin iyul ayından Palatanın təsisçiliyi ilə fasiləsiz
olaraq on ildən artıq müddət ərzində nəşr
edilən aylıq "İqtisadiyyat və audit" elmi-praktik
jurnalı təkcə auditin nəzəri və praktik problemlərinin
deyil, həm də bütövlükdə bazar
iqtisadiyyatının aktual məsələlərinin tədqiqi
və işıqlandırılması sahəsində
respublikada nüfuzlu bir dövri nəşrə
çevrilmiş, Azərbaycan Respublikasının Prezidenti
yanında Ali Attestasiya Komissiyasının elmi nəşrlər
kataloquna daxil edilmişdir.
"Şəffaflığın artırılması və
korrupsiyaya qarşı mübarizə üzrə Milli
Strategiya"da korrupsiyaya qarşı mübarizə sahəsində
bir sıra önəmli tədbirlərin həyata
keçirilməsi konkret vəzifə kimi qarşıya
qoyulmuşdur.
2007-2011-ci illər ərzində həyata keçirilməli
olan həmin tədbirlər sırasında dövlət
orqanlarının fəaliyyətində şəffaflığın,
hesabatlılığın və məsuliyyətin
artırılması, dövlət əmlakının
düzgün idarə olunması, antikorrupsiya mədəniyyətinin
formalaşdırılması, korrupsiyaya qarşı
mübarizə sahəsində milli qanunvericiliyin təkmilləşdirilməsi,
hüquq-mühafizə orqanlarının və məhkəmələrin
fəaliyyətinin müasir tələblərə uyğun
qurulması, iqtisadi və sosial sahədə inkişafa mane
olan amillərin aradan qaldırılması və maarifləndirmə
tədbirlərinin həyata keçirilməsi ilə
yanaşı, korrupsiyaya qarşı mübarizədə səlahiyyətli
orqanların fəaliyyətinin əlaqələndirilməsi və
vətəndaş cəmiyyəti təsisatları ilə əməkdaşlığın
genişləndirilməsi də mühüm vəzifə kimi
qarşıya qoyulmuşdur.
Şəffaflığın artırılmasında beynəlxalq
təcrübənin öyrənilməsi, bu ümumbəşəri
problemə həsr olunmuş konfrans, seminar, simpozium və digər
tədbirlərin də əhəmiyyəti
böyükdür. Son vaxtlar ölkəmizdə bu sahədə
bir sıra beynəlxalq tədbirlər keçirilmişdir.
Bu baxımdan 2008-ci il sentyarbrın 18-də
Bakıda "Şəffaflığın
artırılması və korrupsiyaya qarşı mübarizədə
nəzarətin rolu və əhəmiyyəti"
mövzusunda keçirilmiş ikigünlük beynəlxalq
elmi-praktik konfransı xatırlatmaq yerinə düşər. Azərbaycan İqtisadçılar İttifaqı ilə
birgə təşkil etdiyimiz konfransda 10-dan artıq ölkənin
və beynəlxalq qurumların nümayəndələri iştirak
etdilər. Azərbaycanda şəffaflığın
yüksəldilməsinə dövlət tərəfindən
böyük önəm verilməsi xarici qonaqlarda dərin təəssürat
yaratdı.
Konfransda
çıxış edən Azərbaycan Respublikası
Prezidenti Administrasiyasının rəhbəri, Azərbaycan
Respublikasının Korrupsiyaya Qarşı Mübarizə
üzrə Komissiyasının sədri, akademik Ramiz Mehdiyev tədbir
iştirakçılarının nəzərinə
çatdırdı ki, dövlətimizin
başçısının "müasir idarəçilik
siyasəti sosial-iqtisadi inkişafda və dövlət təsisatlarının
fəaliyyətində şəffaflığın təmin
edilməsinə yönəlmişdir. Şəffaflıq
iqtisadi artımın, sosial rifahın yüksəldilməsi,
ictimai etimadın artırılması, modern və çevik
idarəetmənin mühüm vasitələrindən biridir.
Şəffaflıq bu məqsədlərə nail olmaqla
yanaşı, həm də bütün cəmiyyətləri
narahat edən korrupsiyaya qarşı mübarizə
üçün qaçılmaz seçimdir". Eyni zamanda, cənab Ramiz Mehdiyev bəyan etdi ki,
ölkəmizdə həyata keçirilən islahatların
uğuru, ilk növbədə, korrupsiyaya qarşı
ardıcıl və səmərəli mübarizədən
asılıdır.
Bizim
üçün çox önəmli olan isə Prezident
Administrasiyası rəhbərinin ölkə
auditorlarının işinə müsbət qiymət verməsidir:
"Dövlət orqanlarının həyata keçirdiyi nəzarətlə
yanaşı, müstəqil audit fəaliyyəti də
böyük əhəmiyyət kəsb edir. Audit
maliyyə və vergi intizamının artırılması, vəsaitlərin
xərclənməsində aşkarlığın təmin
edilməsi üçün səmərəli vasitələrdən
biridir. Ölkəmizdə audit fəaliyyətinin
dövlət tənzimlənməsi Auditorlar Palatası tərəfindən
həyata keçirilir. Fəaliyyəti dövründə
Palata audit xidmətinin inkişafına nail olmaqla yanaşı,
şəffaflığın artırılması və
korrupsiyaya qarşı mübarizəyə də öz
töhfəsini vermişdir. Beynəlxalq
standartların tətbiqinə başlanılmış, daxili
audit xidmətinin və auditorların fəaliyyətinə nəzarət
sistemləri yenidən qurulmuşdur".
2009-cu il
oktyabrın 16-da Milli Məclisin İqtisadi siyasət komitəsi,
Dövlət Neft Fondu, Maliyyə Nazirliyi, Vergilər Nazirliyi,
Hesablama Palatası və Azərbaycan İqtisadçılar
İttifaqı ilə birgə keçirdiyimiz "Böhrandan
sonrakı iqtisadiyyatda maliyyə resurslarının səmərəli
idarə olunmasında şəffaflığın rolu"
mövzusunda ikigünlük beynəlxalq elmi-praktiki konfrans da
şəffaflığın artırılması sahəsində
mövcud problemlər və onların həlli yollarına həsr
olunmuşdu. 15 ölkənin və bir sıra beynəlxalq
qurumların nümayəndələrinin iştirak etdiyi həmin
beynəlxalq konfransın əsas məqsədi dünyada
baş verən maliyyə böhranı şəraitində və
böhrandan sonrakı dövrdə büdcə
daxilolmalarının formalaşmasında və gəlirlərin
təmin olunmasında, maliyyə vəsaitlərinin
düzgün idarə olunmasında və daha məqsədyönlü
istifadəsində, vergidən yayınmaların
qarşısının alınmasında şəffaflıq
amilinin rolu və əhəmiyyəti barədə peşəkar
müzakirələr aparmaq, mövcud problemləri təhlil
etmək, beynəlxalq təcrübə nəzərə
alınmaqla müvafiq rasional mexanizmlərin tətbiqi istiqamətlərini
dəqiqləşdirmək, şəffaflığın
artırılması ilə bağlı qanunvericilik
aktlarının icra mexanizmini təkmilləşdirmək və
yeni qanunların qəbulunu sürətləndirmək,
hesabatlılıq və nəzarət sahəsində beynəlxalq
standartları tətbiq etmək, maarifləndirmə və beynəlxalq
əməkdaşlıq üzrə real nəticələr əldə
etmək üçün müvafiq tədbirlərin müəyyənləşdirilib
həyata keçirilməsinə yardımçı olmaq idi.
Şəffaflığın
artırılması və korrupsiyaya qarşı mübarizə
tədbirlərində Auditorlar Palatasının fəal
iştirakı həm audit fəaliyyətinin özünün
xüsusiyyətindən, həm də dövlət rəhbərliyinin
bununla bağlı qarşımıza qoyduğu konkret vəzifələrin
ləyaqətlə yerinə yetirilməsi zərurətindən
irəli gəlir. Belə ki, auditorlarımız
mövcud qanunvericiliyə əsasən öz
hesabatlarını dərc etdirməli olan təsərrüfat
subyektlərinin auditor yoxlaması ilə yanaşı, həm
də səlahiyyətli dövlət orqanlarının qərarına
əsasən, yaxud onların sifarişi ilə müntəzəm
olaraq müxtəlif yoxlamalarda iştirak edirlər.
1996-2010-cu illərdə Azərbaycan Respublikası Prezidentinin
Administrasiyası, Milli Məclis, Konstitusiya Məhkəməsi,
Baş Prokurorluq, Baş prokuror yanında Korrupsiyaya
Qarşı Mübarizə İdarəsi, Ali Məhkəmə,
Milli Təhlükəsizlik Nazirliyi, Daxili İşlər
Nazirliyi və digər səlahiyyətli dövlət
orqanlarının qərarına əsasən (və ya sifarişi
ilə) auditor təşkilatlarımız və sərbəst
auditorlar tərəfindən 500-dək auditor yoxlaması
aparılmış, istisnasız olaraq bütün hallarda
obyektiv, tam və hərtərəfli audit
araşdırmalarının aparılması təmin
edilmişdir.
Ümumiyyətlə,
Azərbaycan Respublikası Prezidentinin imzaladığı
müxtəlif fərman və sərəncamlarda, habelə son
illərin çox mühüm dövlət sənədləri
olan "Korrupsiyaya qarşı mübarizə üzrə
Dövlət Proqramının (2004-2006-cı illər)",
"Şəffaflığın artırılması və
korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya"
və onun icrası üzrə Fəaliyyət Planının
(2007-2011-ci illər), "Azərbaycan Respublikasında dövlət
əmlakının idarə edilməsinin təkmilləşdirilməsi
üzrə Dövlət Proqramı"nın, Azərbaycan
Respublikası Prezidentinin 2011-ci il 16 may tarixli 1504 nömrəli
sərəncamı ilə təsdiq edilmiş "2011-2020-ci
illərdə Azərbaycan Respublikasında qiymətli
kağızlar bazarının inkişafı" Dövlət
Proqramının, Azərbaycan Respublikası Prezidentinin 2008-ci
il 15 sentyabr tarixli 3043 nömrəli sərəncamı ilə
təsdiq edilmiş "2008-2015-ci illərdə Azərbaycan
Respublikasında yoxsulluğun azaldılması və
davamlı inkişaf Dövlət Proqramı"nın həyata
keçirilməsi üzrə Tədbirlər Planının
(2011-2015-ci illər) icraçıları sırasında
Auditorlar Palatasının təsbit olunması yuxarıda
sadaladığımız məsul vəzifələr də
daxil olmaqla, dövlət başçısı tərəfindən
auditə olan inam və etimadın parlaq təzahürüdür.
Bu isə, təbii olaraq, məsuliyyətimizi
qat-qat artırır.
Azərbaycanda
auditin on beş illik inkişaf təcrübəsi
audit sistemində bəzi məsələlərin də təxirəsalınmaz
həllini zəruri edir.
Bazar infrastrukturu olmaq etibarilə milli iqtisadiyyatın, ilk
növbədə də sahibkarlığın
inkişafına töhfəsini daha da artırmaq
üçün auditor xidmətinin daha geniş anlamda qəbul
edilməsi, həmin anlayışa sifarişçilərə
iqtisadi strategiyaya dair məsləhət və tövsiyələr
verməkdən tutmuş optimallaşdırma məsələlərinə
qədər əhatəli bir xidmət sahəsinin daxil edilməsi
tələb olunur. Beynəlxalq audit praktikasında geniş tətbiq olunan
fəaliyyət növlərinin və metodlarının tətbiqi
ölkəmizdə auditin təşkilinin əsas istiqamətləri
kimi mühüm əhəmiyyət kəsb edir. Məsələn, dünya audit praktikasında qəbul
olunduğu kimi, Azərbaycan Respublikasında da təsərrüfat
idarəetməsinin auditinin təşkili və həyata
keçirilməsi mühüm yer tutmalıdır.
Bazar iqtisadiyyatı və təsərrüfat subyektlərinin
sayının artması şəraitində, dünya təcrübəsinə
uyğun olaraq, ölkəmizdə də ekoloji sahibkarlıq mədəniyyətinin
formalaşdırılması və inkişafı zərurətə
çevrilir.
Bununla əlaqədar olaraq, bir çox xarici
dövlətlərdə müvəffəqiyyətlə tətbiq
olunan ekoloji auditin formalaşdırılması və
inkişafı xüsusi əhəmiyyət daşıyır.
Auditin təşkili
bu sahədə yol verilə biləcək hər hansı bir
inhisarlaşdırma və ya haqsız rəqabət
hallarına qarşı kompleks tədbirlərin işlənib
hazırlanmasını tələb edir. Auditor
xidməti bazarında haqlı rəqabətin təmin edilməsinə
mane olan səbəblərdən danışarkən qeyd etmək
lazımdır ki, auditor xidmətinin qiymətinin bazar
iqtisadiyyatına xas olan tərzdə - tələb və təklif
əsasında tənzimlənməsi mexanizmi audit sahəsində
özünü heç də həmişə doğrultmur.
Elə ona görə də, auditor xidmətinin
qiymətinin tənzimlənməsi əvəzinə, auditin
keyfiyyətinə nəzarət xüsusi əhəmiyyət kəsb
edir.
Audit sisteminin təşkilində əsas məsələlərdən
biri müxtəlif səviyyəli auditlər (dövlət
auditi, kənar audit və daxili audit) arasında əlaqələrin
tənzimlənməsidir. Dünya təcrübəsi
göstərir ki, yoxlamalar onların birgə iştirakı ilə
keçirilə bilər, yaxud da onlar ayrı-ayrı yoxlama məsələlərini
qarşılıqlı razılıq yolu ilə bir-birinə
verə bilərlər.
Kənar (müstəqil) auditlə daxili audit arasında əlaqələrin genişlənməsinə xüsusi fikir verilməlidir. O cümlədən sifarişçi təsərrüfat subyektlərinin illik mühasibat (maliyyə) hesabatlarının auditi və başqa auditlər aparılarkən daxili auditor yoxlamalarının nəticələrindən kənar auditorların istifadə etməsi məqsədəuyğun olardı.
Azərbaycan Respublikasında auditin dünya standartları səviyyəsində təşkili ona yalnız mühasibat uçotu kontekstində baxılmasını yox, idarəetmə prosesində nəzarət-analitik infrastruktur elementi kimi qəbul olunmasını tələb edir.
Əminliklə demək olar ki, müstəqil (kənar) audit Azərbaycan Respublikasının bazar yönümlü iqtisadi strukturları sistemində möhkəm yer tutmuş, özünü əsl mənada müstəqil, qərəzsiz maliyyə nəzarəti sistemi kimi təsdiqləmiş, fəaliyyət göstərdiyi illər ərzində auditor xidməti ölkədə maliyyə şəffaflığının təmin edilməsinə nail olmaq istiqamətində xeyli iş görmüşdür. Auditorlar Palatasının üzvü olan auditor təşkilatları və sərbəst auditorlar müxtəlif dövlət proqramlarında Palatanın qarşısında qoyulmuş tapşırıqların məsuliyyətini çox yaxşı başa düşür, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin irəli sürdüyü proqram xarakterli vəzifələrə uyğun olaraq daha məsuliyyətlə çalışmaqla qüvvə və səylərini ölkədə uğurla həyata keçirilən əzəmətli quruculuq işlərinə sərf edirlər.
Vahid NOVRUZOV,
Azərbaycan Respublikası
Auditorlar Palatasının sədri,
iqtisad elmləri doktoru, professor
Azərbaycan.-
2011.- 4 avqust.- S. 3.