Azərbaycanlı
gənclərin lobbiçilik fəaliyyətinin daha da gücləndirilməsi
məsələləri müzakirə olunmuşdur
Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclər Təşkilatının (ASAİF) fəalları, idarə heyətinin və məclisin üzvləri Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində (SAM) Prezident Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov ilə görüşmüşlər.
SAM-dan AzərTAc-a bildirmişlər ki, ASAİF-i 10-dan çox ölkədən 30 gənc təmsil etmişdir. Görüşdə hər ilin avqustunda keçirilən xaricdə təhsil alan və məzun olmuş gənclərin yay forumunun təşkili ilə bağlı məsələ müzakirə edilmişdir. Bundan əlavə, gənclərin müxtəlif ölkələrdə keçirdiyi tədbirlərə dövlət dəstəyinin artırılması, gənclərimizin lobbiçilik fəaliyyətinin daha da gücləndirilməsi barədə də faydalı dialoq aparılmışdır.
Görüşdə E.Aslanov Prezident İlham Əliyevin Azərbaycanda insan kapitalının inkişafına verdiyi dəstəyindən, "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramından və ondan irəli gələn məsələlərdən danışmışdır. Şöbə müdiri son bir ildə ASAİF-in və onun üzvlərinin keçirdiyi tədbirləri qeyd etmiş, təkliflərini bildirmişdir.
Ayrı-ayrı ölkələri təmsil edən tələbələr oxuduqları universitetlərdə Azərbaycan ilə bağlı keçirdikləri tədbirlərdən, üzləşdikləri çətinliklərdən danışmışlar. Tələbələr gələcək planları haqqında da məlumat vermiş, müxtəlif təkliflər irəli sürmüşlər.
Sonda avqustun 26-da keçirilməsi nəzərdə tutulan xaricdə təhsil alan və məzun olmuş gənclərin növbəti yay forumu ilə bağlı müzakirələr aparılmışdır. E.Aslanov gənclərin suallarını cavablandırmışdır.
Görüşdə Milli Məclisin deputatı Ceyhun Osmanlı da iştirak etmişdir.
Azərbaycan.- 2011.-4 avqust.- S. 4.