Maestro Niyazinin 100 illik yubileyinə hazırlıqla bağlı
"dəyirmi masa" keçirilmişdir
Avqustun 3-də Klassik Musiqisevənlər Klubu Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin təşkilatçılığı ilə SSRİ-nin və Azərbaycanın xalq artisti, SSRİ və Azərbaycan Dövlət mükafatları laureatı, Cəvahirləl Nehru adına Beynəlxalq mükafat laureatı, Sosialist Əməyi Qəhrəmanı, görkəmli bəstəkar və dirijor Niyazinin 100 illik yubileyinə hazırlıqla bağlı "dəyirmi masa" keçirmişdir.
AzərTAc xəbər verir ki, bəstəkarların, sənətşünasların, elm, mədəniyyət və incəsənət xadimlərinin iştirak etdikləri tədbiri Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq namizədi, əməkdar mədəniyyət işçisi Alla Bayramova açaraq, Prezident İlham Əliyevin "Niyazinin 100 illik yubileyinin keçirilməsi haqqında" 2010-cu il 20 may tarixli sərəncamını diqqətə çatdırmışdır. Bildirmişdir ki, hazırda sərəncamdan irəli gələn vəzifələrlə əlaqədar Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi özünün tədbirlər planını hazırlayır.
Görkəmli bəstəkar Arif Məlikov böyük sənətkarla bağlı xatirələrini tədbir iştirakçıları ilə bölüşmüşdür. Bəstəkar Sərdar Fərəcov, S.Mümtaz adına Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin direktoru Maarif Teymurov, dirijor Fəxrəddin Kərimov və başqaları Niyazinin Azərbaycan musiqi sənətinə verdiyi töhfələrdən danışmışlar.
Rejissor Nəsimi Məmmədoğlunun Niyazinin həyat və yaradıcılığından bəhs edən filmi nümayiş etdirilmişdir.
Tədbirdə böyük
sənətkar Niyazinin xatirəsinə həsr
edilmiş musiqi əsərləri
ifa olunmuşdur.
Azərbaycan.- 2011.-4 avqust.- S. 4.