Praqada
"Buta" Azərbaycan mətbəxi restoranı
açılmışdır
Bu günlərdə Praqada "Buta" Azərbaycan milli mətbəxi restoranının təntənəli açılışı olmuşdur.
Açılış mərasimində Azərbaycanın Çexiyadakı səfiri Tahir Tağızadə, bu ölkədə akkreditə olunmuş xarici diplomatlar, o cümlədən Gürcüstanın səfiri Nino Nakaşidze, habelə Çexiya mədəniyyət nazirinin birinci müavini Frantişek Mikeş, Çexiya Parlamentinin Deputatlar Palatası sədrinin müavini Voytex Filip, Senatın Xarici Əlaqələr Komitəsi sədrinin müavini Yan Xamaçek, senatorlar, ölkənin sabiq baş naziri Mirek Topalanek iştirak etmişlər.
Praqa "Buta"sı Liditskaya və Yanaçkovaya küçələrinin tinində yerləşir. Onun pəncərələrindən Praqanın əsas görməli yerlərindən biri olan "Rəqs edən ev"dən tutmuş orta əsrlərə aid Solovan monastırınadək böyük ərazini əhatə edən Vltava çayının sağ sahilinin panoramı açılır.
Səfir T.Tağızadə mərasim iştirakçılarına müraciət edərək bildirmişdir ki, restoranın açılması Çexiya sakinlərinin Azərbaycanı yaxından tanımalarına, ölkəmiz barədə onlarda təkcə gözəl xalçaları, zəngin neft mədənləri ilə deyil, həmçinin misilsiz mətbəxi ilə məşhur olan bir diyar təəssüratı yaratmağa imkan verəcəkdir. Sonra qonaqlara minnətdarlığını bildirən restoranın sahibəsi Fərqanə Şükürlü onları Azərbaycan mətbəxi yeməklərindən və məxsusi olaraq Bakıdan gətirilmiş milli içkilərdən dadmağa dəvət etmişdir.
Gecə ərzində qonaqlar yarpaq dolmasının və tikə kababın ləziz dadını dəfələrlə vurğulamışlar. Milli yeməklərimiz azərbaycanlı və çexiyalı şef-aşpazlar Ceyhun Şükürlü və Yeva Salmanovanın səyləri ilə ən yüksək səviyyədə hazırlanmışdır.
Nigar HÜSEYNOVA,
AzərTAc-ın
xüsusi müxbiri
Azərbaycan.- 2011.- 4 avqust.- S. 4.