İstifadə
edilməyən Günəş və külək enerjisi Azərbaycanın itirilən qiymətli
sərvətidir
Yer
kürəsində ümumi yanacaq ehtiyatı təxminən
400 milyard tondur. Bunun 280 milyard tonunu daş kömür, 50 milyard tonunu qaz, 37 milyard tonunu neft, 26 milyard tonunu torf təşkil
edir. Hər il 17 milyard
ton yanacaq işlədilir
və işlədilən
yanacağın miqdarı
hər 20 ildə iki dəfə artır.
Dünyada elektrik enerjisinin 94 faizi ənənəvi enerji hesabına alınır. Amma ənənəvi enerji sonsuz deyil.
Hazırda dünyada əsas
enerji mənbəyi yanacaqdır, yəni neft, qaz və
kömürdür. Neftə ildən-ildə
artan tələbatı
nəzərə alsaq,
planetimizin neft ehtiyatı XXI əsrin sonunda bəşəriyyətin
bu yanacaq növünə olan tələbatını təmin
edə bilməyəcək.
Yer kürəsinin ənənəvi
enerjidaşıyıcılarından sayılan neft ehtiyatının 0,6 faizi Azərbaycandadır. Şübhəsiz ki, Azərbaycanda
da neft ehtiyatı
tükənməz deyil.
Mütəxəssislərin hesablamalarına görə,
ölkəmizin 7 milyard
barel neft ehtiyatı var və indiki emal tempi davam etsə, bu, yalnız 61 ilə bəs edəcək.
Odur ki, gələcəkdə
yarana biləcək çatışmazlığı aradan qaldırmaq üçün alimlər
yeni enerji növünü tapmaq haqqında düşünürlər.
Ona görə də qeyri-ənənəvi enerji
ehtiyatlarından (Günəş
və küləkdən)
istifadə edilməsi
aktuallaşır. Təsadüfi deyil ki, XXI əsri
"Günəş və
gülək enerjisi əsri" adlandırırlar.
Azərbaycanda qeyri-ənənəvi enerji
növlərinin tətbiqi
və inkişaf etdirilməsi çox sərfəli və perspektivlidir. Çünki ölkəmizdə Günəş və külək enerjisinin potensial imkanları olduqca böyükdür.
Hesablamalara görə,
Abşeronda orta hesabla ilin 270 günü saniyədə
6-7 metr sürətlə
külək əsir, ölkə üzrə illik günəşli günlərin sayı isə 2500 saata bərabərdir. Lakin təəssüf ki, bu enerji
növlərindən istifadə
edilmir. Beləliklə, külli miqdarda
alternativ enerji mənbəyi istifadəsiz
qalır.
Azərbaycanda
külək və Günəş enerjisi resursları
AMEA-nın Radiasiya Problemləri İnstitutunun əməkdaşları
tərəfindən öyrənilir. İnstitutda Günəş
və külək enerjisinin cəmindən avtonom, stabil, istənilən
miqdarda tükənməyən elektrik stansiyasının
işlək modeli hazırlanıb. Bu qurğuda Günəş
və külək enerjisinin cəmindən
sıxılmış hava alınır və yerin alt
qatlarına, dərinliyinə (200-600 m) doldurulur. Həmin
sıxılmış hava sonra turbinə verilir. Turbinlə
elektrik generatoru əlaqəli olduğu üçün
generatordan Günəş və küləyin enerjisindən
asılı olmayaraq tükənməz, fasiləsiz və
avtonom elektrik enerjisi alınır.
Günəş
və Külək Elektrik Stansiyasının (GKES) müsbət
cəhətlərindən bunları göstərmək olar:
bu stansiyadan stabil, avtonom və tükənməyən elektrik
enerjisinin alınması ekoloji və iqtisadi cəhətdən
çox sərfəlidir; Günəş və küləkdən
alınan enerjini yerin dərinliyində istənilən müddətə
və miqdarda toplamaq olar; müasir dövrdə Yer kürəsindəki
kömür, neft və qazla işləyən elektrik
stansiyalarını bu qurğu ilə əvəz etmək
mümkündür ki, bu da kömür, neft və qazın
qorunması deməkdir; hava anbarı və elektrik stansiyası
yerin altında olduğu üçün yer səthindən
istifadə olunmur, təhlükəsizdir və onu hərbi
yolla dağıtmaq mümkün deyil; stansiya ənənəvi
yanacaq növlərindən istifadə etmir; stansiyaya heç
bir yanacaq daşınmır, onun üçün heç bir
yanacaq istehsal olunmur; Günəş və küləyin
enerjisinin dəyişkən olmasına baxmayaraq, verdiyi elektrik
enerjisi stabil və tükənməzdir, bu enerjini bir yerə
istənilən müddətə toplamaq mümkündür.
Onu da qeyd
edək ki, AMEA-nın Radiasiya Problemləri və Geologiya
institutları bu işin pilot layihəsini hazırlayaraq
müvafiq orqanlara veriblər. Amma indiyəcən həmin
orqanlar tərəfindən konkret addım atılmayıb.
Baxmayaraq ki, bu gün alternativ enerji mənbələrindən
istifadə və bu istiqamətdə işlərin sürətləndirilməsi
ən vacib məsələlərdən biridir. Çünki
istifadə edilməyən Günəş və külək
enerjisi Azərbaycanın itirilmiş qiymətli sərvətidir.
Şamil ŞAHBAZOV,
AMEA-nın Radiasiya Problemləri
İnstitutunun aparıcı elmi
işçisi,
texniki elmlər namizədi
Azərbaycan.- 2011.- 4 avqust.- S. 5.