Qəbələ III Beynəlxalq Musiqi Festivalının iştirakçıları Şəkidə konsert vermişlər

 

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən Qəbələ III Beynəlxalq Musiqi Festivalı çərçivəsində avqustun 3-də Şəki şəhərində səyyar konsert təşkil olunmuşdur. Azərbaycan memarlığının nadir incilərindən olan Şəki xanlarının sarayının həyətində keçirilən konsertdə rayon ictimaiyyətinin nümayəndələri, musiqisevərlər iştirak etmişlər.

AzərTAc xəbər verir ki, konsert vokalçı Azər Rzazadənin ifasında italyan bəstəkarlarının əsərlərindən nümunələrin təqdim edilməsi ilə başlanmışdır. Sonra tamaşaçılar qarşısında vokalçılardan Səbinə Əsədova Üzeyir Hacıbəylinin "Arşın mal alan" musiqili komediyasından Asyanın mahnısı və Cavid Səmədov Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərlərindən nümunələrlə çıxış etmişlər. Vokalçıları pianoda respublika və beynəlxalq müsabiqələr laureatları Kəmalə Neymanova və Səidə Tağızadə müşayiət etmişlər.

Xanəndə Rəvanə Ərəbovanın ifasında "Sarı gəlin" xalq, Səid Rüstəmovun "Getmə-getmə" mahnıları, habelə "Mahur" və "Şur" təsnifləri tələbkar Şəki tamaşaçıları tərəfindən alqışlarla qarşılanmışdır. Xanəndəni tarda Rövşən Qurbanov, kamançada Ceyhun Muradov, nağarada Amil Mustafayev müşayiət etmişlər.

Konsertin sonunda şəhər icra hakimiyyəti başçısının müavini Zərinə Cavadova çıxış edərək Qəbələdə keçirilən III Beynəlxalq Musiqi Festivalının Azərbaycanın mədəni həyatında çox əlamətdar hadisə olduğunu diqqətə çatdırmışdır. Natiq bu möhtəşəm musiqi bayramının əhəmiyyətindən danışmış, festival çərçivəsində konsertlərdən birinin məhz Şəkidə təşkil edilməsinə görə tədbirin təşkilatçısı olan Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevaya şəkililər adından dərin minnətdarlığını bildirmişdir.

 

 

Azərbaycan.- 2011.-4 avqust.- S.  5.