Milli Park hər zaman gəl-gəl deyir

 

Bakının simvollarından biri Dənizkənarı Bulvarın görkəmi ildən-ilə dəyişir, gecələri gündüzündən romantik olur. İlin fəslindən asılı olmayaraq, insanlar burada özlərini daha gümrah, daha yaxşı hiss edirlər.

Ümummilli lider Heydər Əliyevin 1998-ci il 29 dekabr tarixli "Bakı şəhərindəki Dənizkənarı Bulvara Milli Park statusu verilməsi haqqında" fərmanından sonra burada çox iş görülüb, indi də görülür.

Dünyanın bir çox ölkəsindən gətirilərək parkda əkilən nadir ağaclar, güllər, dekorativ kollar, həmişəyaşıl bitkilər baxdıqca göz oxşayır. 2010-cu il dekabrın 23-də Avstriyadan gətirilib burada əkilən 160 yaşlı uzunboy kaktus hələ çox-çox illər bundan sonra da Dənizkənarı Bulvarda gəzintiyə çıxanların marağına səbəb olacaq. Parkda maraq doğuran yüzlərlə belə nadir bitki və dekorativ ağac növü var. Kaktuslar da gəzintiyə çıxanların diqqətini özünə çəkir.

Prezident İlham Əliyevin "Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin yaradılması haqqında" 10 yanvar 2008-ci il tarixli fərmanının icrası bulvarın idarəetmə sistemini daha da təkmilləşdirib. Burada aparılan əsaslı təmir və yenidənqurma işləri sürətləndirilib. Ölkə başçısının sərəncamına əsasən, Dəniz Ticarət Limanı artıq Ələtə köçürülür, bulvar Bayraq Meydanına qədər genişləndirilir.

Milli bayramlarda və tarixi günlərdə, el şənliklərində, ictimai-siyasi tədbirlərdə buraya gələn insanların sayı daha çox olur. Odur ki, yaşıllıqların və ictimai asayişin qorunması məqsədilə burada təhlükəsizlik tədbirlərinə də ciddi nəzarət edilir. Hazırda bulvarda fəaliyyətdə olan xüsusi mühafizə xidmətindən əlavə 5 müşahidə kamerası quraşdırılıb. Bu günlərdə istifadəyə verilməsi nəzərdə tutulan uzunluğu 300 metrədək olan yeni yeraltı keçid sakinlərin Üzeyir Hacıbəyli küçəsindən bulvara birbaşa rahat və təhlükəsiz gediş-gəlişini təmin edəcəkdir...

 

 

Rəhman SALMANLI

 

Azərbaycan.- 2011.- 4 avqust.- S.  6.