Azərbaycan investorlar
üçün cəlbedici ölkədir
Bunun nəticəsidir ki, ölkəmiz
xarici sərmayələrin həcminə görə MDB məkanında
birinci sıralardadır
Ölkədə
əlverişli biznes mühitinin yaradılması, daxili və
xarici investorların fəaliyyətinə geniş
imkanların açılması, sərmayədarların
hüquqlarının etibarlı şəkildə
qorunması, bunun hesabına qeyri-neft sektorunun inkişafı
dövlətimizin həyata keçirdiyi iqtisadi siyasətin
prioritet istiqamətini təşkil edir. Ümumiyyətlə,
müasir dövrdə ölkələrin reytinqini və
etibarlılığını göstərən əsas amillərdən
biri də iqtisadiyyata qoyulan xarici investisiyalardır.
Qlobal
iqtisadi böhran şəraitində belə Azərbaycan əksər
xarici dövlətlərdən fərqli olaraq investisiya
yatırılması baxımından dünyanın ən cəlbedici
ölkələrindən birinə çevrildi. Bunun nəticəsidir
ki, Azərbaycan adambaşına düşən birbaşa
xarici sərmayələrin həcminə görə MDB məkanında
birinci yerdədir.
Dövlət
başçısı İlham Əliyevin həyata
keçirdiyi iqtisadi siyasətin məntiqi nəticəsidir ki,
son 8 il ərzində Azərbaycan böyük uğurlara imza
atmışdır. Bu illərdə makroiqtisadi sabitlik qorunub
saxlanılmış, qeyri-neft sektoru sürətlə
inkişaf etmişdir. Xarici investorlar iqtisadiyyatımıza
böyük həcmdə sərmayələr qoymuşlar. Təsadüfi
deyil ki, Avropa Yenidənqurma və İnkişaf Bankı təkcə
ötən il ölkə iqtisadiyyatına 200 milyon dollardan
artıq sərmayə yatırmışdır.
İqtisadiyyata böyük həcmdə qoyulan
investisiyaların həcminin ilbəil artması Azərbaycanın
hərtərəfli inkişafı üçün yeni-yeni
imkanlar açır.
Xarici
investorların ölkəyə cəlb edilməsinə
xüsusi önəm verən Prezident İlham Əliyev
demişdir: "Biz bu gün də xarici sərmayələrin
cəlb edilməsinə çalışırıq. Azərbaycan
birbaşa xarici sərmayələrin həcminə görə
MDB məkanında ənənəvi olaraq birinci
sıralardadır. Təkcə keçən il ölkə
iqtisadiyyatına 16 milyard dollardan çox vəsait
qoyulmuşdur. Onun əksəriyyəti daxili sərmayələrdir,
ancaq xarici sərmayələr də mühüm yer tutur.
Xarici sərmayələr Azərbaycanda lazımi səviyyədə
qorunur, o cümlədən qanunvericilik bunu təmin edir. Bu
gün biz xarici sərmayələri eyni zamanda qeyri-neft
sektorunda da görürük. Azərbaycanda kənd təsərrüfatının
inkişafında xarici sərmayələr rol oynayır,
turizmin inkişafında onların rolu kifayət qədər
böyükdür".
Ölkədə
yerli və xarici investorların fəaliyyət göstərmələri
üçün geniş imkanlar yaradılıb. Mövcud
qanunvericilik çərçivəsində investorların sərmayələri
lazımi səviyyədə qorunur. Vergi və gömrük
qanunvericiliyi sahəsində etibarlı hüquqi bazanın
yaradılması da xarici investorların ölkəmizə cəlb
olunması baxımından əhəmiyyətli rol oynayır.
Ölkənin enerji sektoru ilə yanaşı, digər sahələr
də xarici investorlar üçün cəlbedici olaraq
qalır.
Potensial
investorlar isə Azərbaycanda maliyyə, inşaat (xüsusilə
də iri biznes komplekslərinin yaradılması), kənd təsərrüfatı,
alternativ enerji, turizm, informasiya texnologiyaları, qida və s.
sektorlara böyük maraq göstərirlər.
Dünyanın
aparıcı investisiya şirkətləri, maliyyə
qurumları ölkəmizə irihəcmli sərmayə
yatırır, kreditlər ayırırlar. Xarici ölkələr
və beynəlxalq təşkilatlar tərəfindən əsas
kapitala yönəldilmiş xarici investisiyanın çox hissəsi
Böyük Britaniya, ABŞ, Yaponiya, Fransa, Norveç,
Çexiya, Türkiyə və Koreyaya məxsusdur. Azərbaycanda
reallaşan strateji əhəmiyyətli infrastruktur layihələrin
icrasında türk şirkətləri daha fəal iştirak
edirlər. Ölkəmizə qoyulan əsaslı investisiyalar,
yerli şirkətlərin fəaliyyətinin genişlənməsi,
sahibkarlığın inkişafına ayrılan vəsait,
kredit, subsidiyaların artırılması xarici
investorların fəaliyyətinə əlverişli şərait
yaratmaqla güclü infrastruktur layihələrinin tətbiqini
də genişləndirir.
Özəl
investisiyalar sahəsində həyata keçirilən siyasətin
əsas istiqamətlərini müəssisələrin yenidənqurulması
məqsədilə müasir texnoloji avadanlıqların Azərbaycana
gətirilməsi və bunun üçün xarici ticarət
rejiminin təkmilləşdirilməsi, daxili investisiyalarla
yanaşı, birbaşa xarici investisiyaların
ixracyönümlü və əlavə dəyərin
xüsusi çəkisi yüksək olan sahələrə
yönəldilməsi kimi məsələlər təşkil
edir.
Ölkədə sahibkarlığın inkişafının sürətləndirilməsi, biznes mühitinin əlverişliliyinin daha da artırılması və biznesə başlama prosedurlarının sadələşdirilməsi üçün zəruri tədbirlərin görülməsi də əhəmiyyətlidir. Bu məqsədlə Prezident İlham Əliyevin "Sahibkarlıq fəaliyyəti subyektlərinin fəaliyyətinin "bir pəncərə" prinsipi üzrə təşkilinin təmin edilməsi tədbirləri haqqında" imzaladığı sərəncam ölkəyə investorların cəlb edilməsi baxımından xüsusi önəm daşıyır. Ölkəyə sərmayə yatıran xarici investorlar özəlləşdirmədə də iştirak edə bilərlər.
İqtisadiyyatın bir çox sahələrində olduğu kimi, xaricə investisiya qoyuluşu sahəsində də ölkəmiz uğurlar qazanır. Azərbaycan şirkətlərinin xarici bazarlara çıxması dövlət siyasətinin əsasını təşkil edir. İqtisadi potensialımızın güclənməsi xarici dövlətlərə investisiya qoyuluşuna əlverişli şərait yaradır. Türkiyə, Gürcüstan, Ukrayna, Belarus, Moldova, Polşa kimi ölkələr Azərbaycan investisiyalarının potensial hədəfləri sırasında yer alır. Təsadüfi deyil ki, bugünədək Azərbaycan şirkətləri Türkiyə iqtisadiyyatına 4 milyard dollardan artıq vəsait qoymuşdur. Növbəti illərdə isə təkcə neft kimyası sənayesinə əlavə olaraq 6 milyard dollar sərmayə qoyulması nəzərdə tutulur.
2011-2014-cü illər ərzində ölkədə dövlət investisiya siyasətinin əsas istiqamətini investisiya axınının qeyri-neft sektorunun və regionların inkişafına yönəldilməsinin stimullaşdırılması, regionlar arasında investisiyaların bölüşdürülməsinin optimallaşdırılması, ölkədə investisiya fəaliyyətinin sosial istiqamətinin gücləndirilməsi, insan kapitalına, infrastruktura qoyulan investisiyaların prioritetliyi təşkil edəcəkdir.
Respublikamızın güclü maliyyə resurslarına malik olması, bölgədə ən iri kommunikasiya - infrastruktur layihələrinin reallaşmasının təşəbbüskarı kimi iştirak etməsi xarici investorları ölkə iqtisadiyyatına daha böyük maraqla cəlb edir. Ölkəyə qoyulan investisiyaların həcminin ildən-ilə artması dövlətimizin bu sahəyə göstərdiyi diqqət və qayğının bariz nümunəsidir. Bütün bu amillər onu deməyə əsas verir ki, dünyada etibarlı tərəfdaş kimi qəbul edilən Azərbaycanda əlverişli biznes mühiti formalaşıb. Əldə olunan nəticələr iqtisadiyyatın daha da güclənəcəyinə əlverişli zəmin yaradır.
Tural ƏHMƏDOV
Azərbaycan.- 2011.- 5 avqust.- S. 1, 3.