Azərbaycan beynəlxalq
donor ölkəsinə çevrilir
İqtisadi
qüdrətini davamlı şəkildə yüksəldən
ölkəmiz dünya miqyasında kreditor mövqelərini
gücləndirir
Dinamik templərə malik inkişafını yeni uğurlara imza atmaqla davam etdirən Azərbaycan artıq iqisadi baxımdan dünyanın qüdrətli ölkələrindən birinə çevrilməkdədir. Sosial-iqtisadi sahədə inkişafın kifayət qədər uğurlu modelinin əsasını qoymağı da bacaran ölkəmizin keçdiyi tərəqqi yolu bu gün nüfuzlu beynəlxalq araşdırma mərkəzlərinin geniş tədqiqat predmetinə çevrilib. İlk növbədə ona görə ki, inkişafın Azərbaycan modeli tarix üçün elə də böyük olmayan zaman kəsiyində sürətli və hərtərəfli tərəqqini, böyük müvəffəqiyyətlər əldə olunmasını təmin edir. Müstəqillik dövründə ölkəmizin geridə qoyduğu inkişaf yolu bunun ən bariz sübutu, konkret nümunəsidir.
Mövcud sosial-iqtisadi tərəqqinin möhkəm özüllər üzərində qurulması, kifayət qədər güclü bazisə söykənməsi qarşıdakı dövr ərzində Azərbaycanın qət edəcəyi inkişaf yolunun yenə möhtəşəm uğurlarla müşayiət olunacağını deməyə əsas verir. Eyni zamanda qazanılan nailiyyətlər indi Azərbaycan iqtisadiyyatını daha modern hala gəlməsini təmin etməklə bərabər, onun ölkə sərhədlərindən kənarda da özünü ifadə etməsinə geniş imkanlar açır. Söhbət Azərbaycanın xaricə yatırdığı çoxmilyardlı investisiyalardan, verilən kreditlərdən, edilən humanitar yardımlardan gedir. Tədricən kreditor və mühüm investor ölkəyə çevrilməkdə olan Azərbaycan eyni zamanda donor dövlət missiyasını da genişləndirir.
Ümumiyyətlə, Azərbaycanın hər hansı xarici yardıma ehtiyac duymaması, əksinə, özünün donor ölkəyə çevrilməsi keçilən inkişaf yolunda qarşıya qoyulan əsas məqsədlərdən biridir. Bu, eyni zamanda, Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən düzgün, rasional, praqmatik siyasətin məntiqi nəticəsidir. Azərbaycan dünyanın o ölkələri sırasında yer alır ki, hər hansı xarici yardıma ehtiyac duymur. Əksinə, tələbat və ehtiyaclar yerli resurslar, ehtiyaclar hesabına qarşılanır. Nazirlər Kabinetinin 2011-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında Prezident İlham Əliyev bununla bağlı bildirmişdir: "Ölkədə bütün proseslər müsbət istiqamətdə inkişaf edir və bu, bir daha onu göstərir ki, həm bizim seçdiyimiz yol düzgün yoldur, həm də apardığımız siyasət uğurlu inkişafı təmin edir. Xüsusilə indi dünyanın müxtəlif yerlərində yaşanan gərginlik, qarşıdurmalar, müharibələr, maliyyə və iqtisadi böhranlar göstərir ki, düzgün siyasət aparılan zaman bütün sosial və iqtisadi məsələlər uğurla öz həllini tapa bilər. Azərbaycan o ölkələrdəndir ki, öz hesabına yaşayır, heç bir yerdən yardım almır. İndi buna ehtiyac da yoxdur".
Ölkəmizin iqtisadi qüdrətini davamlı olaraq artırması onun kreditor mövqelərinin güclənməsinə də geniş imkanlar açır. Bu gün isə Azərbaycanın ən çox kredit ayırdığı ölkə qismində qonşu Gürcüstan çıxış edir. Yeni böyük regional layihə kimi dəyərləndirilən Bakı-Tbilisi-Qars dəmir yolu nəqliyyat dəhlizinin Gürcüstandan keçən hissəsi məhz ölkəmizin bu qonşu dövlətə ayırdığı kredit hesabına həyata keçirilir. Xatırlatmaq yerinə düşərdi ki, bu günlərdə əldə edilən razılığa görə, Azərbaycan Gürcüstana Bakı-Tbilisi-Qars dəmir yolu nəqliyyat dəhlizinin Gürcüstan hissəsində inşasına və yenidən qurulmasına illik 5 faiz dərəcə ilə 575 milyon dəyərində əlavə kredit təqdim edəcək. Ayrılan vəsait dəmiryolun Tetritskaro-Axalkalaki hissəsinin tikintisinə və bərpasına, Axalkalakidə dəmir yolu vağzalının tikintisinə, eləcə də digər dəmiryol infrastrukturunun tikintisinə yönələcək. Əlavə maliyyələşdirməyə əvvəllər Azərbaycanın Gürcüstana 200 milyon dollar məbləğində ayırdığı kredit daxil deyil. Bundan öncə Dövlət Neft Fondunun hesabına Azərbaycan hökuməti Gürcüstana 200 milyon dollar həcmində krediti 25 il müddətinə illik 1 faizlə verib. Bakı-Tbilisi-Qars dəmir yolu Gürcüstan-Azərbaycan-Türkiyə dövlətlərarası sazişi əsasında tikilir. Tikinti işlərinin gələn il başa çatdırılması planlaşdırılıb və dəhlizin buraxılış qabiliyyəti ildə 17 milyon ton yük təşkil edəcək.
Nazirlər Kabinetinin iclasında bu məsələyə toxunan cənab İlham Əliyev Bakı-Tbilisi-Qars dəmir yolunun inşasını kifayət qədər yüksək qiymətləndirib. Dövlət başçısı ilk öncə diqqətə çatdırıb ki, məhz Azərbaycanın maliyyə imkanları sözügedən dəmir yolu xəttinin tikintisinə imkan verib. Çünki erməni lobbisi və onların himayəsində olan bəzi xarici siyasi dairələr birmənalı şəkildə bu layihənin əleyhinə çıxış edirdi. Lakin Azərbaycanın maliyyə resurslarının bu işə cəlb edilməsi erməni lobbisinin cəhdlərinin iflasa uğramasını və Bakı-Tbilisi-Qars dəmir yolunun ərsəyə gəlməsini şərtləndirdi. Azərbaycan Prezidentinin qeyd etdiyi kimi, dəmir yolu layihəsindən qat-qat üstün sayılan Bakı-Tbilisi-Qars həm də mühüm geosiyasi addımdır. Çünki o, Azərbaycanı nəqliyyat baxımından bölgə mərkəzinə çevirən bir layihədir və ölkəmiz onilliklər ərzində bu yolun istismarından həm siyasi, həm də iqtisadi dividendlər alacaq.
Cari ilin ilk yarısının yekunlarına əsasən, artıq miqdarı 38 milyard dollara çatan strateji valyuta ehtiyatları ölkəmizin həm də dünyanın mühüm investorlarından biri kimi çıxış etməsinə daha geniş imkanlar açır. Bu, ondan xəbər verir ki, maliyyə qüdrəti davamıl şəkildə yükslən Azərbaycan təkcə ölkə daxilində yox, xaricdə də çoxmilyonlu, çoxmilyardlı sərmayələr yatırmaqda davam edəcək. Elə indinin özündə də artıq xaricə yatırılan Azərbaycan sərmayələrinin həcmi milyardlarla dollar həcmindədir. Bu gün Türkiyə, Gürcüstan və digər bir sıra ölkələrdə böyük miqdarda sərmayələrə yatırılıb. Ölkəmizin yatıracağı investisiyaların yeni məkanı qismində çıxış etmək istəyən dövlətlərin də sayı az deyil və onlar bunu açıq etiraf edirlər. Məsələn, ötən ilin sonlarında ölkəmizdə səfərdə olan Polşa Baş nazirinin müavini, iqtisadiyyat naziri Valdemar Pavlak Azərbaycan-Polşa hökumətlərarası komissiyasının Bakıda keçirilən iclasında bununla bağlı konkret təkliflər səsləndirib. Onun sözlərinə görə, Polşa tikinti, kənd təsərrüfatı və aqrar sənaye kompleksi məhsullarının emalı da daxil olmaqla, Azərbaycanla müxtəlif sahələrdə əməkdaşlıqda maraqlıdır. Bundan başqa, Polşada böyük özəlləşdirmə proqramı reallaşır və bununla bağlı da sözügedən ölkə Azərbaycana konkret təkliflər ünvanlayıb.
Bir müddət əvvəl isə Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi Azərbaycanda investisya təqdimatı keçirib. Burada Gürcüstan tərəfi Azərbaycan sahibkarlarını bu ölkəyə investiya yatırmağa dəvət edib. Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirinin müavini Arçil Kekeliyanın sözlərinə görə, Azərbaycan şirkətlərinin Gürcüstana investisiya qoyması üçün hər bir şərait var. Bir sıra digər ölkələr də Azərbaycan sərmayəsinin gəlişində maraqlı olduqlarını açıq bəyan edirlər. Ölkəmizdən investisiya cəlbində maraqlı ölkələrdən biri kimi Belarus çıxış edir. Belarusun nəqliyyat və kommunikasiyalar naziri İvan Şerbo hətta bunun üçün konkret sahələr də açıqlayıb: "Biz Azərbaycan kapitalının nəqliyyat-logistika mərkəzlərinin inkişafına cəlb edilməsində maraqlıyıq. Artıq azərbaycanlı sərmayədarların belə layihələrdə iştirak etmək niyyətləri var".
Azərbaycanın tədricən beynəlxalq donor ölkəsinə çevrilməsi onun iqtisadi qüdrətinin mühüm göstəricisi, eyni zamanda humanizm prinsiplərinə yüksək sadiqliyinin konkret ifadəsidir. Ölkəmizin sürətli sosial-iqtisadi inkişafını dəyərləndirən ekspertlər, tanınmış araşdırma mərkəz və institutları da Azərbaycanın donorluq potensialını kifayət qədər yüksək qiymətləndirir. Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin rəhbəri Roland Kobianın bu xüsusda verdiyi açıqlamalar isə ayrıca diqqət cəlb edir. Avropa İttifaqının digər Cənubi Qafqaz ölkələri ilə müqayisədə Azərbaycana daha az maliyyə yardımı ayırması ilə bağlı məsələni şərh edərkən o bildirib: "Sizin ölkəniz kifayət qədər uğurla inkişaf edir və xaricdən hər hansı maliyyə yardımına ehtiyac duymur. Ölkənin təbii resursları, neft və qazı var. Azərbaycan digər dövlətlərin maliyyələşdirilməsi üçün özü donora çevrilir və bu da ölkənin əhəmiyyətini göstərir. Lakin bu, o demək deyil ki, biz Azərbaycanı dəstəkləməyəcəyik. Hazırda biz Azərbaycanla çox fəal şəkildə işləyirik".
Bütün bunlar bir daha təsdiq edir ki, Azərbaycanın iqtisadi potensialı beynəlxalq sferada yüksək qiymətləndirilir və bu sahədə ölkəmizin inkişaf yolu təqdir edilir. Dünyanın mühüm iqtisadi güc mərkəzlərindən olan Avropa İttifaqının sözügedən kontekstdə Azərbaycanla əməkdaşlığını daha da dərinləşdirmək istiqamətində konkret addımlar atması bu mənada tamamilə təbiidir. Adıçəkilən qurum eyni zamanda ölkəmizi özünün ən mühüm tərəfdaşlarından biri olaraq qəbul edir. Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri, çexiyalı deputat Milan Kabrnox bildirir ki, Azərbaycan Avropa İttifaqının vacib və önəmli tərəfdaşıdır: "Biz Azərbaycanın bütün sahələrdə əldə etdiyi sürətli inkişafı yüksək qiymətləndiririk. Bu sürətli inkişaf özünü təkcə iqtisadi deyil, bütün sahələrdə büruzə verir. Avropa Parlamenti və Avropa Komissiyası Azərbaycanı özünün əsas tərəfdaşı hesab edir. Avropa İttifaqı təsisatları rəhbərlərinin Azərbaycana səfərləri bunun bariz nümunəsidir".
Bütün bunlar Azərbaycanın iqtisadi qüdrətini göstərməklə yanaşı, onun beynəlxalq mövqelərinin güclənməsinə də ciddi təsir edir. Belə vəziyyət qarşıdakı dövr ərzində Azərbaycanın inkişafının yenə sürətli və dinamik xarakter daşıyacağını onun daha böyük nailiyyətlərə imza atmasını da şərtləndirməkdədir.
Rasim BAYRAMOV
Azərbaycan.- 2011.- 5 avqust.- S. 1.