Düşünülmüş,
sürətli və davamlı inkişaf
"Ölkə 1991-93-cü
illərdə demək olar ki, total böhran
yaşayırdı. İqtisadi, siyasi, hərbi böhran Azərbaycanı
çox ağır vəziyyətə salmışdı və
daxili çəkişmələr, özbaşınalıq,
anarxiya və xaos demək olar ki, Azərbaycanın gələcəyini
də şübhə altına qoyurdu. 1993-cü ildə
xalqın tələbi ilə Heydər Əliyevin siyasi hakimiyyətə
qayıtmasından sonra vəziyyət sabitləşməyə
başladı, bütün xoşagəlməz halların
qarşısı alındı və Azərbaycan uğurlu
inkişaf yoluna qədəm qoydu".
İlham
ƏLİYEV
Sosial-iqtisadi
böhrandan sürətli inkişafa doğru
Ötən əsrin son 15 ilində
dünyanın ən nəhəng imperiyalarından sayılan
SSRİ-də gedən proseslər Sovetlər İttifaqına
üzv dövlət olan Azərbaycandan da yan keçməyərək
ölkənin siyasi, iqtisadi həyatına dərindən təsir
göstərirdi. 1980-ci illərin sonlarından
başlayaraq SSRİ-də gedən dağıdıcı
proseslər nəticəsində bütün əsas sahələrdə
yaşanan böhran getdikcə dərinləşməkdə,
mövcud tənəzzülün miqyası davamlı olaraq
genişlənməkdə idi. Tarixi inkişaf və
zərurətdən irəli gələn hal kimi sovet
imperiyasının dağılmasından sonra yenidən
dövlət müstəqilliyini əldə edən Azərbaycanda
baş verən ictimai-siyasi hadisələr, ölkə
iqtisadiyyatında idarəetmə və istehsal
intizamının pozulması, respublikanın məcburi şəkildə
cəlb olunduğu müharibə nəticəsində
20 faiz ərazimizin Ermənistan tərəfindən
işğal olunması, sayı yüz minlərlə olan
qaçqın və məcburi köçkünün öz
doğma yurd-yuvalarından didərgin salınması ölkəmizdə
ağır bir vəziyyət
formalaşdırmışdı.
Müstəqillik
illərinin iqtisadi tənəzzül mərhələsi
Ayrı-ayrı silahlı
qruplaşmaların hakimiyyət uğrunda mübarizəsi,
ölkədə hökm sürən anarxiya, siyasi və
iqtisadi böhran, dövlət çevrilişi
üçün edilən cəhdlər, nəqliyyat
blokadası xalqın həyat şəraitini olduqca
ağırlaşdırmışdı. Baş verənlər
müstəqilliyin ilk illərində
ölkə iqtisadiyyatını da xeyli zəiflətmiş,
istehsal səviyyəsi əhəmiyyətli dərəcədə
azalmış, əhalinin istehlak qabiliyyəti də təbii
olaraq adekvat şəkildə aşağı
düşmüşdü. Artıq tarixin arxivinə
qovuşmuş Sovetlər İttifaqına daxil olan ölkələr
arasında 70 il ərzində formalaşmış iqtisadi əlaqələrin bir anda pozulması, istehsalın iflic vəziyyətinə
düşməsi, intensiv şəkildə dəyişən
qiymət indeksi nəticəsində inflyasiya prosesinin dərinləşməsi
yaşanan iqtisadi böhranın daha dağıdıcı təsirə
malik olmasına gətirib çıxarırdı.
Dağlıq Qarabağ münaqişəsi nəticəsində
Ermənistan tərəfindən zəbt
olunmuş ərazilərin iqtisadi inkişafdan kənarda
qalması, iş yerlərinin itirilməsi nəticəsində
əmək qabiliyyətli əhalinin istehsalda iştirak etmədən,
sadəcə, istehlakçıya çevrilməsi, müharibə
üzündən dövlət büdcəsindən hərbi məqsədlər
üçün ayrılan xərclərin miqdarının
artırılması, hakimiyyətdə yer alan səriştəsiz
qüvvələrin problemlərin həllindən daha çox
şəxsi mənafelərini güdməsi ağır
sosial-iqtisadi vəziyyəti daha acınacaqlı hala gətirirdi.
Bununla yanaşı, müstəqilliyin
ilk illərində Azərbaycanın geosiyasi və geoiqtisadi rəqabət
obyektinə çevrilməsi, ölkənin daxili işlərinə
xaricdən edilən müdaxilələr, iqtidardakı səriştəsiz
və idarəçilikdə təcrübəsi olmayan
qüvvələrin bütün bunları
neytrallaşdırmaq qabiliyyətində
olmamaları ölkədə xaotik durumun
formalaşmasında özünəməxsus rol
oynayırdı. Hakimiyyətdəki qüvvələrin proseslərin
gedişində reallığa əsaslanmayan mövqedən
yanaşmaları Rusiya və İran kimi böyük qonşu
dövlətlərlə siyasi-iqtisadi münasibətlərdə
müəyyən soyuqluğun yaranmasına rəvac
verdi. Bu da öz növbəsində Azərbaycanı
o dövr üçün sərfəli sayılan əmtəə
bazarından təcrid vəziyyətinə saldı, strateji cəhətdən
bəzi faydalı məhsulların, məsələn,
neftmaşınqayırma, radiotexnika, elektronika, kimya və
neft-kimya məhsulları üzrə istehsalın dayanmasına
səbəb oldu. Qeyd edilənlər, təbii
olaraq, əhalinin məşğulluq və həyat səviyyəsinə
mənfi prizmadan böyük təsir etməklə
ictimai-siyasi sabitliyə də ciddi təhdidlər yaradırdı.
1991-1993-cü illərdə yanlış iqtisadi və
hiperinflyasiyaya səbəb olan büdcə-pul-kredit siyasətinin
aparılması fəaliyyətdə olan müəssisələrin
maliyyə durumunun xeyli pisləşməsinə, dövlət
xəzinəsinin boşalmasına, bank sisteminin çökməsinə,
iqtisadiyyatın tamamilə dağılmasına rəvac
vermişdi.
Belə şəraitdə
planlı təsərrüfat sistemindən yeni iqtisadi
münasibətlərə keçid və bunun
üçün müvafiq işlərin görülməsi
olduqca çətin xarakter daşıyır, reallıqda bu
istiqamətdə hər hansı əhəmiyyətli addım
atılmır, tədbirlər görülmürdü. Halbuki
1991-ci ildə dövlət suverenliyinin
bərpasından sonra ölkədə demokratik dövlət
quruculuğu və sərbəst bazar münasibətlərinə
əsaslanan müstəqil milli iqtisadiyyatın
formalaşdırılması məqsədilə ictimai-siyasi və
sosial-iqtisadi sistemin transformasiyası obyektiv zərurət kimi
çıxış edirdi. Lakin o
dövrkü hakimiyyət mənsubları dövlət
müstəqilliyinin möhkəmləndirilməsi, demokratik,
hüquqi-dünyəvi dövlət qurulması, bazar
iqtisadiyyatı sisteminə keçid, ölkənin ərazi
bütövlüyünün təmin edilməsi, əhalinin təhlükəsizliyinin
və sosial-iqtisadi rifahının yaxşılaşdırılması
və digər bu kimi bir çox ciddi və taleyüklü vəzifələrin
yerinə yetirilməsində, sözün əsl mənasında,
aciz idilər. Müstəqilliyin ilk illərində digər
sahələrdə olduğu kimi, iqtisadi sferada da ölkə
üçün olduqca acınacaqlı bir mənzərə
hakim idi.
Ümumiyyətlə, yeni şəraitdə Azərbaycanda
bazar iqtisadiyyatına keçid dövrü iki əsas mərhələyə
ayrılır: 1991-1994-cü illəri əhatə edən tənəzzül
və 1995-ci ildən başlayaraq bərpa və dinamik
inkişaf dövrləri. Mürəkkəb
siyasi və sosial-iqtisadi vəziyyətin səciyyəvi
olduğu birinci dövr istər A.Mütəllibov iqtidarı,
istərsə də AXC-Müsavat cütlüyünün
hakimiyyəti illərində yeridilən yanlış siyasətin
nəticəsi olaraq iqtisadi tənəzzül prosesinin dərinləşməsi,
inflyasiyanın səviyyəsinin görünməmiş
həddə çatması, xalqın yaşayış səviyyəsinin
son dərəcə pisləşməsi, ictimai-siyasi
böhran, vətəndaş müharibəsi, ölkənin
parçalanma təhlükəsiylə üz-üzə
qalması ilə xarakterizə olunur.
İqtisadiyyatda islahatlar
aparılmasında ardıcıl, sistemli siyasət və
konkret məqsədlərə hesablanmış fəaliyyət
proqramlarının yoxluğu yeni şəraitdə iqtisadi
inkişafı mümkünsüz edirdi. Əmək qabiliyyətli
insanların iş yerlərini itirməsi, istehsal-kooperasiya əlaqələrinin
qırılması, müəssisələrin əksəriyyətinin öz fəaliyyətlərini məhdudlaşdırması
və ya da dayandırması, işçilərin kütləvi
surətdə işdən azad edilməsi, əhalinin gəlirlərinin
əsas hissəsini təşkil edən əməkhaqqının
səviyyəsinin real ifadədə aşağı
düşməsi, inflyasiya prosesinin sürətlənməsi vəziyyəti daha da
ağırlaşdırırdı. Azad sahibkarlığın
hələ möhkəm əsaslar üzərində təşəkkül
tapmadığı bu dövrlərdə bazar konyukturasına
cavab verməyən məhsul istehsalına rəvac verilməsi
iqtisadi proseslərin daha gərgin məcrada inkişafına təkan
verirdi. Çünki istehsalın şəraitə
uyğunsuzluğu nəticəsində konkret alıcı
auditoriyası tapmayan məhsullar tədavül dairəsində
əmtəəlik məhsul ehtiyatı kimi
yığılıb qalmaqda və iqtisadiyyatın
inkişafında əlavə yükə çevrilməkdə
idi. Belə vəziyyət, yəni istehsal ilə istehlak
arasında yaranan uyğunsuzluq iqtisadi böhranın daha da dərinləşməsi
ilə xarakterizə olunmaqda, problemlərin miqyasını bir
qədər də genişləndirməkdə idi. Bundan
başqa, ölkədaxili istehsalın əsası
yaradılmadan qiymətlərin və xarici-iqtisadi əlaqələrin
liberallaşdırılması yerli istehsalın tənəzzülə
uğramasında əsas rollardan birini oynayırdı.
İqtisadi
böhran rəqəmlərin dili ilə
Həmin dövrdə sosial gərginliyi
azaltmaq üçün ölkə iqtisadiyyatının real
imkanları nəzərə alınmadan əməkhaqqının
və sosial ödənişlərin yüksəldilməsi cəhdləri
və çoxsaylı güzəştlərin tətbiqi isə
inflyasiya prosesinin daha da sürətlənməsinə və
hiperinflyasiyaya çevrilməsinə gətirib
çıxardı. Qiymətlərin və xarici iqtisadi fəaliyyətin
liberallaşdırılması ölkədə bahalaşma ilə
müşayiət olunurdu. Nəticədə
1991-ci ildə istehlak mallarının qiyməti 1990-cı ilə
nisbətən 2,07 dəfə artdığı halda, növbəti
illərdə bu artım bir neçə dəfə sürətlənmişdi.
1992-ci ildə istehlak qiymətləri 1991-ci ilə nisbətən
10,12 dəfə, 1993-cü ildə 1992-ci ilə nisbətən
12,3 dəfə, 1994-cü ildə 1993-cü ilə nisbətən
17,63 dəfə artmışdı.
Bu mərhələnin iqtisadi mənzərəsi
həmin illərin makroiqtisadi göstəricilərində daha
aydın nəzərə çarpır. 1991-1994-cü illər
ərzində ölkə iqtisadiyyatında ümumi daxili məhsul
(ÜDM) hər il orta hesabla 16,5 faiz azalmışdı. Tənəzzül
meyli sənayedə xüsusilə kəskin xarakter almış, 1985-ci ilə nisbətən sənaye
istehsalının həcmi 1991-ci ildə 10 faiz, 1992-ci ildə
37 faiz, 1993-cü ildə isə 50 faizə qədər
azalmışdı. Ölkə istehsal potensialının demək
olar ki, üçdəikisini itirmişdi. İstehsal sahələrinin
sıradan çıxması nəticəsində işsizlik
səviyyəsi artmışdı.
Büdcə kəsirinin
ümumi daxili məhsula nisbəti 1991-ci ildəki 0,1 faizdən
1994-cü ildə 13 faizə qədər
çoxalmışdı və büdcə kəsiri bütövlükdə
Mərkəzi Bank tərəfindən maliyyələşdirilirdi.
1992-1994-cü illərdə xarici ticarət dövriyyəsinin
həcmi 42 faiz azalmış, 1994-cü
ilədək ölkə iqtisadiyyatına bir
manat da olsun belə xarici sərmayə qoyulmamışdı.
1994-cü ildə Milli Bankın uçot dərəcəsi 250
faizə çatmışdı və bütün bunlar ondan
xəbər verirdi ki, əslində, ölkə
iqtisadiyyatı idarəolunmaz vəziyyətə
düşmüşdü. Qeyd olunan proseslər əhalinin
güzəranının
ağırlaşmasına səbəb olmuşdu. 1991-1995-ci
illərdə əhalinin pul gəlirləri real ifadədə
3,3 dəfə, adambaşına pul gəlirləri orta hesabla
3,6 dəfə aşağı düşmüşdü.
1991-ci ildən başlayaraq 4 il ərzində əhalinin əməkhaqqı
isə 5,7 dəfə azalmışdı. 1993-cü ilə
qədər ölkədə sahibkarlıq sektoru istiqamətində
ciddi islahatların həyata keçirilməməsi və
sistemsiz epizodik tədbirlər bazar iqtisadiyyatının
aparıcı elementlərindən sayılanı sahibkarlıq
institutunun inkişafını ləngidirdi. Eyni
zamanda, bazar iqtisadiyyatının digər mühüm
sektorlarının, məsələn, ticarət, xidmət, nəqliyyat,
vasitəçi-təchizat və bank fəaliyyətinin meydana
çıxması prosesi kortəbii və formal xarakter
daşıyırdı. Həmçinin ölkənin yeni
iqtisadi sistemə keçid dövrünü yaşamağa başladığı ilk illərdə ixrac potensialı
da kəskin azalmış, xarici ticarət əlaqələri
demək olar ki, tamamilə kəsilmiş və ya xeyli məhdudlaşmışdı.
Bu da milli iqtisadiyyatın müxtəlif sahələrinin
böhran mərhələsinə düşməsinə
öz təsirini mütləq göstərməli idi. Xarici ticari fəaliyyət, həmçinin zəruri
təşkilati-hüquqi baza yaradılması sahəsində
təcrübəsizlik ona gətirib çıxardı ki,
müəssisələr, xüsusilə yeni yaranmış
bazar strukturları, bir qayda olaraq, qazanc məqsədilə
yüz milyonlarla dollarlıq neft məhsullarını,
alüminiumu, pambığı və digər strateji məhsulları
dünya qiymətlərindən xeyli aşağı qiymətə
ixrac edirdilər.
Bütün bunlar istehsal vasitələri
bazarını formalaşdıran mühüm faktorlardan biri
kimi çıxış edən ixrac potensialından səmərəli
istifadə əmsalının çox aşağı
olduğunu, bir sözlə, arxa plana keçirildiyini göstərirdi.
Bazar münasibətlərinin təşəkkülü və
bu münasibətlərə əsaslanan istehsal vasitələri
bazarının inkişafı üçün zəruri hesab
edilən ilkin şərtlərin yaradılması sahəsində
böyük problemlər özünü göstərirdi. Elə
bunun nəticəsi idi ki, iqtisadiyyatın bazar modelinə
uyğun hüquqi mexanizminin yaradılması istiqamətində
heç bir ciddi addım atılmamışdı.
Milli iqtisadiyyatın digər
sahələri kimi, neft sənayesində də tənəzzül
prosesi güclənmiş, hasilat getdikcə aşağı
düşmüş, neftçilərin sosial-iqtisadi vəziyyəti
son dərəcə ağırlaşmışdı. Əgər
1990-cı ildə respublikada 12 milyon 513 min ton neft hasil
olunmuşdusa, 1992-1993-cü illərdə bu göstərici 9 milyon 563 min tona
düşmüş, "qara qızıl" hasilatı
21,2, mavi qaz hasilatı isə 36 faiz azalmışdı. Neft məhsulları
və avadanlıqlarının istehsalı sahəsində
böhranlı vəziyyət yaranmış, bu sahə üzrə
ixtisaslaşmış zavodlar hakimiyyətdə yüksək vəzifələr
tutmuş şəxslərin dəyəri milyon dollarla
ölçülən korrupsiya və mənimsəmə
obyektinə çevrilmişdi. Bundan başqa,
maliyyə vəsaitinin məhdudluğu xarici şirkətlərin
və investorların cəlb olunmasını strateji zərurətə
çevirsə də, Ermənistanın Azərbaycana
qarşı təcavüzü ilə yanaşı, ölkəni
bürümüş daxili ziddiyyətlər, səbatsızlıq,
özbaşınalıq Qərbin neft şirkətlərini Azərbaycandan
çəkindirirdi. Eyni zamanda, aparılan
danışıqlarda Azərbaycanın iqtisadi maraqları tam
təmin olunmurdu. Azərbaycan neftinə maraq göstərən
xarici neft şirkətləri ilə ilkin mərhələdə
aparılan danışıqlar artıq 1993-cü ilin
yazında başa çatmaq üzrə idi. Həmin
dövrdə Azərbaycan elə bir müqavilənin
imzalanmasına yaxınlaşmışdı ki, o, nəinki
xalqın mənafelərini nəzərə almır, həmçinin
ölkənin qiymətli təbii sərvətini talan edərək
iqtisadiyyata böyük ziyan vururdu.
Birmənalı şəkildə
qeyd etmək olar ki, birinci mərhələdə
aparılmış zəif islahatlar və kosmetik iqtisadi tədbirlər
nəticəsində bütün iqtisadi indikatorlarda neqativ
meyillər müşahidə olunmuşdur. Ümumiyyətlə,
iqtisadi tənəzzül dövrü adlandırılan ilk
dövrdə aparılmış sistemsiz iqtisadi islahatlar aşağıdakı
neqativ hallara səbəb oldu: maliyyə-bank sistemi iflic vəziyyətə
düşdü; büdcə kəsirinin ÜDM-ə nisbəti
artdı; bütünlüklə büdcə kəsiri Mərkəzi
Bank tərəfindən maliyyələşdirildi ki, bu da pul
kütləsinin həddindən çox artmasına səbəb
oldu; 1992-1994-cü illərdə pul emissiyası əhalinin pul
gəlirinin 40-45 faizini təşkil etdi; 1992-1994-cü illərdə
kredit həcminin ümumi daxili məhsula nisbəti 55-60 faiz təşkil
etdi; 1994-cü ildə Mərkəzi Bankın faiz dərəcələri
250 faizə çatdı; 1992-ci ildə tədavülə
buraxılmış milli valyuta - manat tezliklə qiymətdən
düşməyə başladı və 1995-ci ilədək
onun məzənnəsi Rusiya rubluna nisbətdə 9 dəfə,
ABŞ dollarına nisbətdə isə 245 dəfə
aşağı düşdü; ölkədə inflyasiya
özünün pik səviyyəsinə çatdı;
1992-1994-cü illərdə xarici ticarət dövriyyəsinin
həcmi 42 faiz azaldı; 1994-cü ilədək ölkə
iqtisadiyyatına bir manat da olsun belə xarici sərmayə
qoyulmadı; bu dövrdə əhalinin real pul gəlirləri
kəskin şəkildə azaldı və sair bu kimi neqativ
hallar özünü büruzə verdi. Beləliklə,
ölkə iqtisadiyyatında baş verən
dağıdıcı meyillər, əhalinin maddi vəziyyətinin
ağırlaşması, sosial gərginliyin artması yeni
iqtisadi siyasətin həyata keçirilməsini tələb
edirdi və o dövrkü hakimiyyət buna qabil deyildi.
Xaosdan
sürətli tərəqqiyə keçid
Yalnız böyük həyat
təcrübəsinə malik olan, dünya miqyasında
tanınmış siyasətçi, həyatını
xalqına xidmətə həsr etmiş ümummilli lider Heydər
Əliyevin yenidən hakimiyyətə qayıtmasından sonra
ölkədə hadisələrin inkişaf axarı dəyişdi. Azərbaycan
həqiqi dövlət müstəqilliyinə qovuşmaqla
öz tərəqqisinin sürətli yüksəliş mərhələsinə
qədəm qoydu. Proseslərin inkişaf istiqamətini
əvvəlcədən görən, ona pozitiv təsir
göstərən və novatorluqla yanaşan, yüksək
nüfuz və təşkilatçılıq
bacarığına malik olan, daim qətiyyətlilik,
prinsipiallıq nümayiş etdirən, praqmatik, rasional
addımlar atan Heydər Əliyevin apardığı məqsədyönlü, ardıcıl siyasət yaşanan
iqtisadi tənəzzülün qarşısını
aldı. Bunun nəticəsində ölkədə maliyyə
vəziyyəti sabitləşdi, iqtisadiyyata cəlb olunan
investisiyaların həcmi ildən-ilə artdı, xalqın həyat
səviyyəsi yaxşılaşmağa başladı.
Müstəqil dövlət quruculuğu prosesinə
başlanması fonunda iqtisadi tərəqqinin yeni istiqaməti
yarandı, bu məqsədlə müvafiq inkişaf
konsepsiyaları, sənəd və proqramlar qəbul olundu.
Daxili siyasi sabitliyin bərqərar
olması, Dağlıq Qarabağ münaqişəsinin həlli
istiqamətində yeni və çevik siyasətə
başlanması, bu fonda atəşkəs əldə edilməsi
irimiqyaslı iqtisadi islahatlara başlanılması
üçün də əlverişli şərait
yaradırdı. Artıq ölkənin iqtisadi
inkişafında və əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasında nəzərəçarpacaq
irəliləyişlər əldə olunmağa
başlandı. İqtisadiyyatın problemlərini qlobal çərçivədə
həll edən ulu öndər iqtisadi inteqrasiya və Azərbaycanın
digər ölkələrlə bu kontekstdə əməkdaşlığına
xüsusi önəm verirdi. Bu mənada,
Heydər Əliyevin belə bir fikri inkarolunmazdır ki, ölkələrin
iqtisadi sahədə bir-birləri ilə düzgün
qurulmuş ikitərəfli əməkdaşlığı,
bir tərəfdən, bu əlaqələrdə iştirak edən
hər bir dövlət üçün mənfəətdirsə,
digər tərəfdən, iqtisadi inteqrasiya
bütövlükdə dünya iqtisadiyyatının
inkişafının yeganə yoludur. Beləliklə, ölkəmizin
inkişaf strategiyası geosiyasi şərait, dünya
iqtisadiyyatının inkişaf meyilləri və milli mənafelər,
respublikamızın potensial imkanları nəzərə
alınaraq müəyyənləşdirildi.
Sərt büdcə, pul-kredit,
vergi, gömrük siyasəti və real sosial siyasət
aparılması, qiymətlərin, xarici iqtisadi fəaliyyətin,
valyuta bazarının liberallaşdırılması, müəssisələrin
təsərrüfat fəaliyyətində dövlətin
rolunun xeyli məhdudlaşdırılması (dövlət
sifarişinin, kvota,
lisenziyalaşdırma və sair sisteminin ləğvi) nəticəsində
ümumi daxili məhsulun real həcminin aşağı
düşməsi prosesini dayandırmaq, büdcə kəsirini
və inflyasiyanı yol verilən səviyyədə saxlamaq,
pul dövriyyəsini normal hala salmaq, manatın məzənnəsini
sabitləşdirmək, əhalinin yaşayış səviyyəsinin
aşağı düşməsi kimi mənfi tendensiyanın
qarşısını almaq, iqtisadiyyatın
inkişafını əsaslı şəkildə bazar tənzimləyicilərinin
təsiri altına keçirmək mümkün oldu. Bazar iqtisadiyyatı şəraitində mahiyyətini
itirən vergi növlərinin ləğv olunması, vergi
sistemində aparılan islahatlar nəticəsində dövlət
büdcəsinin gəlirlərinin artmağa başlaması
büdcə kəsirlərinin qarşıdan gələn illər
ərzində azalmasında mühüm rol oynadı. Ulu
öndərin gərgin səyləri, həyata
keçirdiyi müdrik daxili və xarici siyasət nəticəsində
1993-1995-ci illərdə respublikada ictimai-siyasi sabitliyi tam təmin
etmək, daxildəki hərbi müxalifəti zərərsizləşdirmək,
iqtisadi sistemdəki anarxiyanı aradan qaldırmaq, yeni iqtisadi
münasibətlərin elmi əsaslarını
formalaşdırmaq mümkün oldu. Bu mühüm amil
ölkənin siyasi və iqtisadi təhlükəsizliyinə
real təhdidi aradan qaldırmağa və genişmiqyaslı
islahatların başlanmasına imkan verdi.
İnkişafın
milli modelinə gedən yol
1994-cü il sentyabrın 20-də
dünyanın 8 ölkəsini təmsil edən 11 transmilli
neft şirkəti ilə yeni tariximizə "Əsrin
müqaviləsi" adı ilə daxil olan möhtəşəm
kontraktlar imzalandı və bununla da Azərbaycanın dünya
iqtisadi sisteminə inteqrasiyasının və ölkənin hərtərəfli
inkişafının möhkəm təməli
qoyuldu. Digər tərəfdən, Azərbaycan
MDB məkanında Qərbin iri neft şirkətləri ilə
böyük miqyasda saziş imzalayan ilk dövlət olmaqla, Xəzər
dənizində beynəlxalq əməkdaşlığın əsasını
da yaratdı. Əldə edilən mənfəət neftinin
satışından daxil olan vəsaitlərin səmərəli
idarə edilməsi, həmin vəsaitlərin prioritet sahələrin
inkişafına və sosial-iqtisadi baxımdan mühüm əhəmiyyət
kəsb edən layihələrin həyata keçirilməsinə
yönəldilməsi təmin olundu.
Neft sektoru ilə yanaşı,
ulu öndərin rəhbərliyi altında, eyni zamanda,
planlı iqtisadi sistemdən liberal bazar iqtisadiyyatına keçid
üçün digər sahələrdə də
genişmiqyaslı islahatlara başlanıldı. Belə ki,
bazar iqtisadiyyatına uyğun qanunvericiliyin, büdcə, vergi,
bank sistemlərinin formalaşdırılması, aqrar
islahatlarının həyata
keçirilməsi, dövlət əmlakının özəlləşdirilməsi,
sahibkarlığın inkişafı üçün əlverişli
biznes mühitinin yaradılması nəticəsində bazar
iqtisadiyyatına keçidin əsası qoyuldu və
sahibkarlıq sinfi formalaşdı. Özəl sektorun ölkənin
sosial-iqtisadi inkişafında və ümumi daxili məhsulun
istehsalında xüsusi çəkisi sürətlə
yüksəldi. Sərbəst bazar münasibətlərinə
əsaslanan sosial istiqamətli iqtisadi sistemin
formalaşdırılması nəticəsində xalqın
maddi rifahı yüksələn xətt üzrə
yaxşılaşmağa başladı. Dayanıqlı və
davamlı xarakterə malik iqtisadi yüksəliş ölkədə
mövcud olan təbii-iqtisadi, texniki-istehsal və elmi-texniki
potensialın fəal surətdə təsərrüfat
dövriyyəsinə cəlb olunması ilə də
müşahidə olundu. Bütün bunlar ictimai tərəqqi
prosesini sürətləndirməklə bərabər, siyasi,
sosial-iqtisadi sabitliyi daha da möhkəmləndirdi, dünya
iqtisadiyyatına inteqrasiya edən Azərbaycanın yeni-yeni
uğurlara imza atmasını şərtləndirdi.
Ən böyük nailiyyətlərdən biri
isə ondan ibarətdir ki, bu dövrdə ölkəmizdə
aparılan müstəqil dövlət quruculuğu prosesində
iqtisadi islahatların və inkişafın mahiyyət etibarilə
yeni bir modelinin - Azərbaycan modelinin əsası qoyuldu. Sonrakı illərdə davamlı və dinamik
inkişaf məntiqinə əsaslanan bu modelin strateji istiqamətlərinin
sərbəst bazar münasibətlərinə əsaslanan və
özünüinkişaf qabiliyyətinə malik olan
sosialyönümlü bütöv iqtisadi sistemin - müstəqil
milli iqtisadiyyatın formalaşdırılması, ölkədə
mövcud olan təbii-iqtisadi, texniki-istehsal və
elmi-texniki potensialın fəal surətdə təsərrüfat
dövriyyəsinə cəlb olunması, milli iqtisadiyyatın
dünya təsərrüfat sisteminə səmərəli
şəkildə inteqrasiyasının təmin olunması
özünü qabarıq büruzə verdi. Sözügedən
model üzrə iqtisadi siyasətin həyata keçirilmə
taktikasının fərqləndirici xüsusiyyətlərini
- göstərilən istiqamətlərin hər biri üzrə
fəaliyyətin paralel şəkildə həyata keçirilən
əlaqələndirilmiş proqramlar üzrə
aparılması, lakin iqtisadi inkişafın obyektiv
qanunauyğunluqlarını nəzərə
alan, gələcəyə hesablanan və cəsarətli qərarların
qəbul olunması, sosialyönümlülüyün gözlənilməsi,
milli mentalitetin nəzərə alınması və mütərəqqi
dünya təcrübəsinə arxalanması təşkil
edir.
Azərbaycan iqtisadi islahatlar və inkişaf
modelinin həyat qabiliyyətli və səmərəli
olmasının ən yaxşı sübutu son illərdə
ölkəmizdə sosial-iqtisadi inkişaf sahəsində əldə
olunmuş nailiyyətlərdir. Belə ki, bu
model üzrə həyata keçirilən siyasət tez bir
zamanda ölkə iqtisadiyyatında əsaslı keyfiyyət dəyişikliklərinin
baş verməsinə səbəb oldu: inflyasiya cilovlandı,
Mərkəzi Bank tərəfindən büdcə kəsirinin
maliyyələşdirilməsi praktikasına son qoyuldu,
büdcə kəsiri kifayət qədər
aşağı hədd sayılan səviyyəyə endirildi.
Bu dövrdə diqqətçəkən
mühüm proseslərdən biri də ciddi struktur
islahatlarının əsasının qoyulması idi. Həmin
dövrdə və sonrakı müddətdə bir sıra
nazirlik, dövlət konserni və birliyi ləğv olundu,
çoxlu sayda səhmdar cəmiyyətləri yarandı,
kvotalaşdırma sistemi, ixrac və sair üçün
vergilər sadələşdirildi. Belə vəziyyət
özəl sektorun daha sürətli inkişaf mərhələsinə
qədəm qoymasını, məhsul istehsalnda sahibkarlıq
institutunun xüsusi çəkisinin artan xətt üzrə
inkişaf etməsində mühüm rol oynadı. Bununla
faktiki olaraq həm də ölkədə istehsal vasitələri
bazarının çoxşaxəli bir
sistem üzrə fəaliyyətinin əsası qoyuldu. Ölkədə
azad rəqabət mühiti yaxşılaşdıqca və
bazar infrastrukturu genişləndikcə istehsal vasitələri
bazarının formalaşması təbii olaraq sürətlənmə
mərhələsinə qədəm qoydu.
İqtisadi
tərəqqinin yeni istiqamətləri
Azad, səmərəli sahibkarlıq
mühitinin qurulmasına istiqamətlənmiş
strategiyanın uğurla reallaşması yeni dövrün tələblərinə
cavab verən istehsal vasitələri bazarının
formallaşmasına geniş şərait yaratmaqda idi. Təbii ehtiyatların istehsal dövriyyəsinə cəlb
edilməsi, istehsal sahələrinin yaradılması, sənaye
potensialından səmərəli istifadə olunması sabit
maliyyə şəraitinin formalaşmasında ilkin baza
rollarından birini oynmaqla yanaşı, sənayenin
inkişafına səbəb olmaqda idi. Ölkədə
istehsal vasitələrinin, o cümlədən
maşın, mexanizm, elektrotexniki avadanlıqların istehsal həcminin
artırılması üçün maddi-texniki baza, təbii
ehtiyatlar, iqtisadi resurslar və intellektual potensialdan səmərəli
istifadə dövrü də məhz Heydər Əliyevin
ikinci dəfə hakimiyyətə qayıdışından
sonra başlandı. 1993-1995-ci illərdə islahatların zəruriliyi,
onların əsas istiqamətləri, aparıcı sahələrin
dünya inteqrasiyası və dünya qloballaşması
sistemində inkişafının ilkin hüquqi bazası və
təşkili problemləri həll olundu. Ulu öndər kənd
təsərrüfatında islahatlar aparılmasına da
xüsusi diqqət yetirərək aqrar sektorun qida sənayesinin
inkişafında çəkisinin artmasına böyük diqqət
və qayğı göstərirdi.
Beləliklə, ötən əsrin
90-cı illərinin ilk yarısında cərəyan edən
proseslərin təhlili göstərir ki, ölkəmizdə
1993-1995-ci illərdə ulu öndər Heydər Əliyevin rəhbərliyi
ilə həyata keçirilən qətiyyətli, məqsədyönlü
tədbirlər ölkədə əvvəllər baş alıb gedən özbaşınalıqlara və
xaosa son qoyaraq ictimai-siyasi sabitliyi təmin etdi, Azərbaycanın
hərtərəfli sosial-iqtisadi inkişafı və beynəlxalq
iqtisadi sistemə inteqrasiyası ücün əlverişli
şərait yaratdı. 1995-ci ildən başlayaraq ardıcıl
aparılan islahatlar nəticəsində iqtisadiyyatın
inkişafında ciddi irəliləyiş əldə
edildi, bir çox sahələrdə, xüsusilə
makroiqtisadi ğöstəricilərin artımında yüksək
nəticələrə nail olundu, iqtisadi potensialın
formalaşmasında həlledici rol oynayan sahibkarlığın
təməli qoyuldu və onun inkişafında əhəmiyyətli
uğurlar qazanıldı. Eyni zamanda, əhalinin rifah halının
yaxşılaşdırılması, sosial müdafiəyə
ehtiyacı olan insanlara dövlət qayğısının
artırılması istiqamətində mühüm
addımlar atıldı.
Heydər Əliyevin uzaqgörən siyasəti
və gərgin fəaliyyəti nəticəsində 1995-ci ildən
etibarən ölkəmizin sosial-iqtisadi inkişafı və
dünya təsərrüfat sisteminə inteqrasiyası sahəsində
çox böyük nailiyyətlər əldə olundu. Uğurla həyata keçirilən müstəqil
dövlət quruculuğu prosesində iqtisadi islahatların və
inkişafın mahiyyət etibarilə yeni bir istiqaməti
yarandı. Ümummilli liderin bilavasitə rəhbərliyi ilə
ölkənin sosial-iqtisadi inkişaf xəttini müəyyən
edən bir çox irimiqyaslı konsepsiya, strategiya və
proqramlar qəbul edildi, maşınqayırma
sənayesinin, aqrar bölmənin, turizmin inkişafını,
habelə yoxsulluğun azaldılması və iqtisadi
inkişaf üzrə əhəmiyyətli addımlar
atıldı. Bunlar ölkə iqtisadiyyatının davamlı
və dinamik inkişafını təmin etmək
üçün zəmin yaratdı, sərbəst bazar münasibətlərinə
əsaslanan sosial istiqamətli iqtisadi sistemin
formalaşdırılmasına əsaslı təsir göstərdi.
Bununla yanaşı, ölkədə mövcud
olan təbii-iqtisadi, texniki-istehsal və elmi-texniki
potensialın fəal surətdə təsərrüfat
dövriyyəsinə cəlb olunmasına, milli
iqtisadiyyatın dünya təsərrüfat sisteminə səmərəli
şəkildə inteqrasiyasının təmin edilməsinə
gətirib çıxardı.
Baş verən dəyişikliklər
nəticəsində artıq 1995-ci illərin sonlarından
başlayaraq iqtisadi böhrana son qoyuldu, ölkədə
makroiqtisadi sabitliyə nail olundu, dinamik iqtisadi inkişafı təmin
etmək üçün əlverişli şərait
yarandı. Həmin dövrdə ölkədə aparılan
ardıcıl və sistemli iqtisadi islahatların ən mühüm istiqamətlərindən birini də
dövlət mülkiyyətinin özəlləşdirilməsi
və azad sahibkarlığın inkişafı
üçün əlverişli şərait
yaradılması təşkil edirdi. Özəlləşdirmə
və torpaq islahatı, habelə özəl sektorun
inkişafı üçün əlverişli şərait
yaradılması nəticəsində ümumi daxili məhsulda
qeyri-dövlət sektorunun payı daha sürətlə
artmağa başladı. Bütün bunlar iqtisadi inkişafda
yeni bir mərhələnin başlandığını
göstərirdi. Yeni mərhələnin əsas
hədəfi isə milli iqtisadiyyatın rəqabət qabiliyyətliliyinin
yüksəldilməsinə və dünya təsərrüfat
sisteminə səmərəli inteqrasiyasına nail olmaqla,
uzunmüddətli perspektivdə ölkədə dinamik
sosial-iqtisadi inkişafın davamlılığını təmin
etməkdən ibarət idi.
Ölkənin malik olduğu
iqtisadi potensialın gücləndirilməsi və bu
potensialın kompleks şəkildə səmərəli
reallaşdırılması, o cümlədən qeyri-neft
sektorunun inkişaf etdirilməsi, hər bir regionun malik
olduğu potensialdan tam və səmərəli istifadə
olunması və onların inkişafının tarazlaşdırılması, çoxlu sayda yeni
iş yerlərinin açılmasına şərait
yaradılması, sahibkarlığın inkişaf etdirilməsi,
sosial xidmətlərin həcminin, keyfiyyətinin və
ünvanlılığının əhəmiyyətli dərəcədə
artırılması, yoxsulluğun azaldılması yeni mərhələdə
qarşıda duran əsas prioritetlər sırasında
yer alırdı. Bu zaman əsas iqtisadi sahələr üzrə
fəaliyyətin paralel şəkildə həyata
keçirilməsi və əlaqələndirilmiş proqramlar
üzrə aparılmasına da xüsusi önəm verilirdi. Digər tərəfdən, iqtisadi inkişafın
obyektiv qanunauyğunluqlarını nəzərə alan, gələcəyə
hesablanan və cəsarətli qərarların qəbul
olunması, bu zaman sosialyönümlülüyün gözlənilməsi
və mütərəqqi dünya təcrübəsindən
faydalanması yeni mərhələdə
iqtisadi inkişafın xarakterik xüsusiyyətləri
sırasında yer alırdı. Bununla yanaşı, o da
xüsusi olaraq qeyd edilməlidir ki, qısa bir vaxt ərzində
bütün sahələrin dinamik inkişafında, siyasi,
sosial-iqtisadi və digər sahələrdə davamlı
yüksəlişin yaşanmasında, sarsılmaz
özüllər üzərində qurulmuş sabitliyin
yaradılmasında və ictimai tərəqqinin təmin edilməsində
Heydər Əliyev dühası böyük rol oynadı.
Bütün bunlar inkişafın Azərbaycan
modelinin yaranmasına böyük töhfələr verməklə,
sözügedən modelin real həyatda tətbiqinə və
ölkəmizə möhtəşəm uğurlar
qazandırmasına geniş imkanlar yaratdı.
(Ardı var)
Azərbaycan.- 2011.- 5 avqust.- S. 2.