"Deutsche Welle": Azərbaycan səmərəli
model yaratmışdır
Avqustun
2-də Almaniyanın məşhur "Deutsche Welle" nəşrində
Azərbaycan haqqında geniş məqalə dərc
olunmuşdur. Məqalə əsasən "Vestnik Kavkaza"
analitik informasiya agentliyinin baş redaktoru Aleksey Vlasovun təhlili
və dedikləri üzərində qurulmuşdur.
2012-ci ildə
Azərbaycan Avropaya yaxşı şou göstərməyi vəd
etmişdir: söhbət "Evrovision" musiqi
yarışmasından gedir. 2011-ci ildə Avropanın musiqi
müsabiqəsində qalib gəlmiş Azərbaycan
Respublikası özünü yeni tərəfdən
nümayiş etdirmişdir. A.Vlasov belə hesab edir ki,
ümumiyyətlə, bu ölkə çox şeyə
qadirdir. Ekspert deyir: "Azərbaycan demoqrafik baxımdan gənc
ölkədir. Onun böyük potensialı var və bu
potensial neftdən gələn vəsaitin insan kapitalına
yönəldilməsi sayəsində işə
düşür".
Yeni,
müstəqil həyatın başlanması çətinliklə
mümkün olmuşdur: Sovet qoşunlarının etiraz edən
nümayişçilərə atəş
açdığı qanlı Qara Yanvar hadisələri; Ermənistanla
hərbi münaqişə və 1990-cı illərin əvvəlindəki
iqtisadi kollaps. Məqalədə deyilir: Vlasovun fikrincə,
Dağlıq Qarabağ ətrafında vəziyyətin bu
gün də nizama salınmaması ölkənin ən
ağrılı problemlərindən biridir.
Azərbaycana gələn hər bir kəs xüsusən Bakının hər yerində irimiqyaslı tikinti ilə qarşılaşır. Paytaxt sakinlərinin özləri bəzən şəhərin simasının necə sürətlə dəyişdiyinə təəccüblənirlər. Azərbaycanın iqtisadi sabitliyini təmin edən neft gəlirlərinin bir hissəsi, həqiqətən də infrastrukturun inkişafına və şəhərsalmaya sərf edilir. Nəşr Aleksey Vlasovun sözlərinə əsaslanaraq yazır: "Lakin bəzi ölkələrdə olduğu kimi, burada dövlət vəsaiti dağıdılmır".
"Deutsche Welle"nin fikrincə, iri xarici konsernlərlə "Əsrin müqaviləsi"nin imzalanması müasir Azərbaycanın tarixində dönüş məqamı olmuşdur. O vaxt müstəqillik sahəsində dövlətin üçillik stajı olsa da, məhz 1994-cü ildə Azərbaycan üçün nəinki iqtisadi, həm də siyasi baxımdan yeni dövr başlanmışdır.
Bu müqavilə, ilk növbədə siyasi məqsədlər daşıyırdı - beynəlxalq bazarda neft və qazın nəqli üzrə alternativ dəhlizlərin yaradılması sayəsində Azərbaycan keçmiş sovet məkanında nisbətən müstəqil enerji siyasəti yeridə bildi. Bu, ölkənin öz xarici siyasətini daha sərbəst və inamla həyata keçirməsinə imkan verdi.
Neft və qaz ixracından əldə edilən gəlirlər 1990-cı illərin axırlarından xəzinəyə daxil olmağa başladı ki, bu da iki mininci illərdə respublikanın iqtisadi inkişaf baxımından keçmiş sovet respublikaları arasında liderlər sırasında olmasına, habelə ümumdünya maliyyə böhranını ağrısız keçirməsinə imkan verdi. Məqalədə qeyd edilir ki, 2010-cu ildə Azərbaycan təxminən 13 milyard avro dəyərində 32 milyon ton xam neft ixrac etmişdir.
"Vestnik Kavkaza" agentliyinin baş redaktoru Aleksey Vlasov belə hesab edir ki, "hazırda Azərbaycanın qurduğu model səmərəlidir. Azərbaycanın başlıca məqsədi öz potensialını fəallaşdırmaqdır. Axı SSRİ-nin süqutu sayəsində ölkənin qazandığı imkanlardan istifadə etmək lazımdır".
AzərTAc
Azərbaycan.- 2011.- 5 avqust.- S. 3.