Jurnalistika tariximizin tədqiqinə dəyərli töhfə

 

"Şərqdə ilk demokratik respublikanın - Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan AzərTAc-ın tarixi və keçdiyi inkişaf yolu ilə bağlı indiyə qədər ayrıca tədqiqat işi aparılmamışdır. Ayrı-ayrı yubiley məqalələrini, bəzi jurnalist xatirələrini nəzərə almasaq, demək olar ki, bu sahədə heç bir iş görülməmişdir. AzərTAc-ın keçdiyi tarixi inkişaf yolu, müstəqillik illərində onun fəaliyyətinin təkmilləşdirilməsi üçün dövlət səviyyəsində görülən böyük işlər, agentliyin dünya informasiya məkanına çıxmasına nail olmaq sahəsində həyata keçirilən tədbirlər geniş araşdırmalar aparılmasını bir vəzifə kimi qarşıya qoymuşdur".

Bu fikirlər Azərbaycan Dövlət Teleqraf Agentliyinin - AzərTAc-ın baş direktoru Aslan Aslanovun "Şərq-Qərb" nəşriyyatında yenicə çapdan çıxmış "Müasir dünyanın informasiya şəbəkəsində AzərTAc-ın yeri: təşəkkül tarixi və inkişaf mərhələləri" adlı monoqrafiyasında əksini tapmışdır.

Azərbaycan Milli Elmlər Akademiyası A.A.Bakıxanov adına Tarix İnstitutunun Elmi Şurasının qərarı ilə çap olunan tədqiqat işinin elmi redaktoru AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru, professor Yaqub Mahmudov, "Ön söz"ün müəllifi Azərbaycan Prezidenti Administrasiyasının şöbə müdiri, tarix elmləri doktoru, professor Əli Həsənov, rəyçiləri tarix elmləri doktoru, professor Adil Məmmədov, tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramovdur.

Ön söz, giriş, üç fəsil, on bölmə, nəticə, ingilis dilində xülasə və ədəbiyyat siyahısından ibarət olan monoqrafiyada müasir dünya informasiya sistemi, informasiya şəbəkələri və mübadilələri, onun beynəlxalq, regional və milli xüsusiyyətləri elmi əsaslarla tədqiq və təhlil edilir. Kitabda mətbuatın inkişafında, cəmiyyətin həyatında informasiya vasitələrinin, o cümlədən xəbər agentliklərinin əhəmiyyətindən, Azərbaycanda informasiya sisteminin formalaşmasından, respublikanın siyasi və ictimai həyatında onun əhəmiyyətindən geniş söhbət açılır, müstəqil Azərbaycan dövləti haqqında həqiqətlərin dünyada yayılmasında, ölkəmizin beynəlxalq aləmdə tanınmasında AzərTAc-ın rolundan bəhs olunur.

Tədqiqat işində Azərbaycan Respublikasının qanunlarına, ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin müxtəlif tədbirlərdə, o cümlədən mətbuat işçiləri ilə görüşlərindəki nitq və çıxışlarına, fərman və sərəncamlarına, habelə arxiv materiallarına, jurnalistika ilə bağlı araşdırmalara, xaricdə və ölkəmizdə nəşr olunmuş elmi-nəzəri tədqiqatlara, monoqrafiyalara, dövri mətbuat materiallarına, elektron resurslara istinad edilmişdir. Bütün bunlar əsərin elmi dəyərini artıran əsas amillərdir.

Tarix elmləri doktoru, professor Əli Həsənov monoqrafiyaya "Ön söz"də yazır: "Aslan Aslanovun AzərTAc-ın tarixinin araşdırılmasına, onun bugünkü fəaliyyətinin müasir dövrün tələbləri prizmasından nəzərdən keçirilməsinə həsr edilmiş monoqrafiyası jurnalistika tariximizin tədqiqinə dəyərli töhfə kimi qiymətləndirilməlidir. Əsər jurnalistlər, tarixçi və politoloqlar, ali məktəb tələbələri üçün nəzərdə tutulsa da, hesab edirik ki, geniş oxucu auditoriyası üçün də faydalı və maraqlı olacaqdır".

 

 

Azərbaycan.- 2011.- 5 avqust.- S.  5.