Rusiya, Norveç və
Gürcüstan musiqiçiləri Qəbələ
III Beynəlxalq Musiqi Festivalı çərçivəsində
birgə konsert proqramı ilə
çıxış etmişlər
Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən Qəbələ III Beynəlxalq Musiqi Festivalı çərçivəsində "Yeni Rusiya" Dövlət Simfonik Orkestrinin növbəti konserti olmuşdur.
AzərTAc xəbər verir ki, avqustun 4-də "Qafqaz Resorte" otelinin qarşısında keçirilən konsertdə bəstəkar İ.Sibeliusun "Finlandiya" simfonik poeması, C.Rossininin "Sevilya bərbəri" operasından uvertüra və Fiqaronun kavatinası, V.A.Motsartın "Don Juan" operasından Don Juanın ariyası, Serlina və Don Juanın dueti, "Sehirli fleyta" operasından Paminanın ariyası, C.Verdinin "Don Karlos" operasından Rodriqonun ariyası, L.Bernştaynın "Kandid" operasından Kuniqundanın ariyası, J.Bizenin "Karmen" operasından Toreadonun kupletləri, F.Leqarın "Şən dul qadın" operasından duet, E.Svendsenin romansı və İ.Haydnın cello və orkestr üçün konserti səsləndirilmişdir.
Orkestrin çıxışı norveçli Terje Mikkelsenin dirijorluğu ilə keçmişdir. Orkestr solo ifadan əlavə, "Qızıl Şelkunçik" Beynəlxalq mükafatının sahibi Lizi Ramişvilini (Gürcüstan, violonçel), vokalçılardan "Şahzadə Sonya" Beynəlxalq musiqi müsabiqəsinin qalibi Audun İverseni, "Leonie Sonnings" Beynəlxalq mükafatının sahibi Lina Consonu (hər ikisi Norveç) müşayiət etmişdir.
Çıxışlar tamaşaçılar tərəfindən böyük maraqla qarşılanmışdır.
Xatırladaq ki, avqustun 5-də Qəbələ III Beynəlxalq
Musiqi Festivalının yekun
konserti olacaqdır. Konsertdə məşhur
musiqiçilər Boris Berezovski
(piano) və Dmitri Yablonski (violonçel) Avropa bəstəkarlarının əsərlərini
səsləndirəcəklər.
Azərbaycan.- 2011.- 5 avqust.- S. 5.