Dəbdəbə əsarəti

 

Ondan necə xilas olmalı

 

Xeyli vaxtdır ölkə ictimaiyyətini narahat edən problemlərdən biri, bəlkə də ən ağrılısı ciddi müzakirə mövzusudur. Söhbət toy və yas mərasimlərində israfçılıqdan, dəbdəbədən gedir. Məsələ, həqiqətən, son dərəcə ciddidir. Xüsusilə yas mərasimlərinin keçirilməsi vətəndaş üçün ağır yükə çevrilmişdir. Mərhumun 1, 3, 7, 40, 52 və ilinin verilməsi ailə büdcəsinə ağır zərbədir. Halbuki dəfələrlə qeyd edildiyi kimi, dəfndən sonra təşkil edilən bu mərasimlərin dinimizə heç bir aidiyyəti yoxdur. Doğrudur, bəzi müsəlman ölkələrində yas mərasimləri keçirilir. Amma bizdəki kimi dəbdəbəli şəkildə yox! Bizdən başqa heç bir müsəlman ölkəsində yas mərasimlərinə gəlib ölü sahibinə başsağlığı verənləri yedirdib-içirdib, yola salmırlar. Süfrədə uzaqbaşı çay və xurma olur. Bizdə isə yas məclisi, sözün həqiqi mənasında, qonaqlığı xatırladır. Ölü sahibinin imkanı artdıqca təmtəraq da artır.

Bu əcaib ənənənin tarixi çox da qədim deyil. Doğrudur, dəfndən sonra həmişə ehsan verilib, hərçənd şəriətdə belə bir qayda yoxdur. Hazırda qarşılaşdığımız vəziyyət isə olduqca acınacaqlıdır. Son 10-15 ildə ölkə iqtisadiyyatının inkişafı nəticəsində varlılar təbəqəsi formalaşmışdır. Bu təbəqəni təmsil edənlərin heç də hamısı abırlı adamlar deyillər. Onların içərisində var-dövlətini nümayiş etdirib, başqalarından fərqli olduğunu nəzərə çarpdırmaq istəyənlər də az deyil. Belələri özlərini hər addımda göstərməyə çalışırlar - toyda da, yasda da. Birisinin ölüsü düşəndə ənənəvi yas süfrəsinə nəsə yeni bir ərzaq məhsulu əlavə edir. Ondan geri qalmaq istəməyən başqa biri isə daha "irəli gedərək" yas məclisi iştirakçılarını yeni "əlavə"si ilə heyrətləndirmək fikrinə düşür. Beləcə, yas süfrəsi "zənginləşib" qonaqlığa çevrilir. Beləcə, cəmiyyət dəbdəbəyə, təmtərağa "əsir düşür". Nə qədər qəribə olsa da, bu "əsirlik" başqaları üçün nümunəyə çevrilir. Özü də pis nümunəyə.

Maddi imkanından asılı olmayaraq, heç kim başqasından geri qalmağı özünə sığışdırmır; hamı camaatın qınağından ehtiyat edir. Qiymətlər məlumdur. Bahalıqdan çox yazılıb, çox deyilib. Yas mərasiminin xərci orta statistik azərbaycanlıya baha başa gəlir. Heç bir zərurət olmadan ailə büdcəsinə xeyli ziyan dəyir. Borca düşənlər uzun müddət özlərinə gələ bilmirlər. Varlılara gəldikdə isə, dəbdəbə əsiri olan bu şəxslər də itirirlər. Xəmiri haramdan yoğrulmuş belələri (zəhmətlə pul qazananın heç biri var-dövlətini əbəs yerə sərf etməz!) yas məclisinə də haram qatmaqla pis ənənənin davamçısı kimi çıxış edirlər. Bu minvalla bütövlükdə cəmiyyət itirə-itirə gedir. Nəticədə cəmiyyətdə həyat səviyyəsi aşağı düşür; axı ölüm xəbəri hər kəsin qapısını döyür! Amma qazananlar, dərddən pul çıxaranlar da var - çadır xidməti göstərənlər, yas zalları açanlar, qab-qacaq kirayə verənlər, yas məclislərini çeşidli ərzaqla təchiz edənlər...

Axı nə vaxta kimi? Doğrudanmı, cəmiyyətimizdə ehtiyacı olanlar yoxdur? Yas məclisinə 35-40 min manat xərcləməyi özlərinə rəva bilənlər heç olmazsa 20 ildir yataqxanalarda ağır vəziyyətdə yaşayan on minlərlə köçkün həmvətənlərimizi görmürlər? Bütün işləri dövlətmi görməlidir? Yoxsa iqtisadiyyatımızın sərmayəyə ehtiyacı yoxdur? Yadımdadır, ötən əsrin 90-cı illərində Hindistandan yenicə qayıtmış rusiyalı deputatlardan biri səfər təəssüratlarını televiziya tamaşaçıları ilə bölüşərək deyirdi: "Bu ölkədə bir milyard adam yaşayır. Onların 100 milyonu çox varlıdır. Amma onlar öz pullarını bahalı maşınlar, dəbdəbəli saraylar almağa sərf etmirlər, vəsaitlərini iqtisadiyyata qoyurlar ki, kasıb həmvətənlərinin vəziyyəti yaxşılaşsın". Vətənpərvərlik, milli təəssübkeşlik başqa bir şey deyil, elə budur!

Biz isə kənara yox, bir-birimizə baxırıq. Geri qalmaq istəmirik. Bəlkə, başqalarına da baxaq? Məsələn, qardaş Türkiyəyə. Az qala hər evdə peyk televiziyası var. Baxın, Türkiyədə yas mərasimləri necə keçirilir, bizdə necə. Toylar da onun kimi. Hər şey sadədir. Qəbiristanlıqlarda heç bir qəbirüstü abidəyə rast gəlməzsən. Qəbirlər bir-birindən fərqlənmir. Bizdə isə, Məmməd Araz demişkən, "gorda da arxalı yaşayır hələ". Anadolu türklərindən çoxmu müsəlmanıq? Yoxsa, Türkiyədə pullu adam yoxdur?

Nə ölüyə, nə də diriyə heç bir xeyri olmayan dəbdəbəli yas mərasimlərinin keçirilməsinə son qoymağın vaxtı çoxdan gəlib çatmışdır. İndi günahkar axtarıb tapmağın da faydası yoxdur. Onsuz da itirdiyimizi itirmişik. Belə getsə, elə hey itirəcəyik. Artıq dayanmaq lazımdır. Dinimizə, mentalitetimizə uyğun gəlməyən bu təzahürü aradan qaldırmaq, sözün həqiqi mənasında, həyati zərurətdir. Bu məqsədlə müxtəlif fikirlər irəli sürülür. Bəzilərinin fikrincə, müvafiq dövlət hakimiyyəti orqanları məsələyə müdaxilə edib toy və yas mərasimlərinin keçirilməsi qaydalarını müəyyənləşdirsə, yaxşı olardı. Lakin dövlət dindən ayrı olduğundan və nəticə etibarilə dini xidmətlər göstərmədiyindən bu fikrin reallaşacağı ağlabatan görünmür.

Şübhəsiz, maarifləndirmə işinin aparılması zəruridir və artıq proses başlamışdır. Bu sahədə din xadimlərinin, ziyalıların, ağsaqqalların üzərinə böyük vəzifə düşür. Onların iştirakı ilə yığıncaqlar keçirib vətəndaşları məsələnin mahiyyəti ilə tanış etmək lazımdır. Kütləvi informasiya vasitələri, ilk növbədə televiziya kanalları da bu işdə əhəmiyyətli rol oynaya bilər.

Eyni zamanda konkret addımlar atmağa ehtiyac var. Doğrudur, ayrı-ayrı imkanlı şəxslər müsbət nümunə göstərirlər. Ancaq bu azdır: problem artıq bütün cəmiyyətə sirayət etmişdir. Açıq danışaq. Biz bu cəmiyyətdə yaşayırıq, dəbdəbə aşiqlərini yaxşı tanıyırıq. Qudurğanlıq həddini çoxdan aşmış bu adamları öyüd-nəsihətlə düz yola gətirmək müşkül məsələdir. Necə deyərlər, Quran oxumaqla donuz darıdan çıxmaz. Heç kimə sirr deyil ki, bəzi bölgələrimizdə yas mərasimlərinin sadələşdirilməsi inzibati tədbirlər nəticəsində mümkün olmuşdur. Özü bir nəfər kimi hamı bu tədbirləri razılıqla qarşılayır! Kim deyir-desin, maarifləndirmə işi kifayət etməyəcək! İnzibati tədbirlərə əl atmadan dəbdəbə əsarətindən qurtula bilməyəcəyik! Sadəcə olaraq, problemin həllini istəmək lazımdır. Bir fars məsəlində deyildiyi kimi, istəmək bacarmaqdır!

 

 

A.MEHDİYEV

 

Azərbaycan.- 2011.- 5 avqust.- S.  6.