Şirvan Milli
Parkı
Doqquz iqlim qurşağında yerləşən Azərbaycan zəngin təbiətə malikdir. Yeraltı və yerüstü sərvətləri ilə məşhur olan respublikamız Qafqaz və Kiçik Asiya, Qara dəniz və Xəzər dənizi regionunda qədim mədəniyyətə, Avropada isə ən zəngin bioloji müxtəlifliyə malik ölkələrdən biri kimi dəyərləndirilir. Ümummilli lider Heydər Əliyev dövlət müstəqilliyimizi qazandıqdan sonra bir çox sahələrlə bərabər, təbii aləmin qorunması istiqamətində müəyyən layihələrin həyata keçirilməsinə xüsusi diqqət yetirdi. Ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan istifadəni daha da yaxşılaşdırmaq niyyəti ilə ölkədə 2001-ci ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaradıldı.
Prezident İlham Əliyev bu ənənəni layiqincə davam etdirərək ekoturizmin inkişafı üçün mühüm əhəmiyyətli layihələrin həyata keçirilməsini gerçəkləşdirdi. Son on ildə Azərbaycanda təbiətin mühafizəsi ilə bağlı milli parkların və qoruqların sayı artırıldı, onların fəaliyyəti təkmilləşdirildi. Burada bioloji müxtəlifliyin qorunub saxlanmasında xüsusi mühafizə olunan ərazilərin rolu əvəzedilməzdir. Hazırda Azərbaycan ərazisində 8 milli park, 13 dövlət təbiət qoruğu, 21 dövlət təbiət yasaqlığı fəaliyyət göstərir. Milli parklar Azərbaycan ərazisinin üç faizdən çoxunu təşkil edir. 2010-cu ilin Azərbaycanda "Ekologiya ili" elan olunması çərçivəsində yeni milli parkların salınması və onların daha da təkmilləşdirilməsi istiqamətində ciddi addımlar atıldı.
2003-cü ilin iyul ayında Kür-Araz ovalığının Cənub-Şərqi Şirvan düzənliyində Şirvan Milli Parkı və Şirvan Dövlət Təbiət Qoruğu yaradıldı. Həmin ərazinin yaxınlığında Bəndovan Dövlət Təbiət Yasaqlığı da yerləşir. Milli parkın yaradılmasında əsas məqsəd yarımsəhra landşaftının başlıca komponentlərini, eləcə də "Qırmızı kitab"a düşmüş ceyranları və o ərazi üçün səciyyəvi olan fauna növlərini qoruyub saxlamaq, ekoloji monitorinqi həyata keçirmək, əhalini ekoloji maarifləndirmək, turizm və istirahət üçün şərait yaratmaqdır.
Milli parkın ərazisində relyefin bitki və torpaq örtüyünün müxtəlifliyi burada bir sıra təbii landşaft sahələrini ayırmağa imkan verir. Buranın əsas hissəsini yovşanlı təpəliklər təşkil edir. Ərazidə yayı quraq keçən mülayim isti yarımsəhra və quru bozqır tipli iqlim hakimdir.
Milli parkın təbii florasında 82 növ çiçəkli bitki var. Parkın yaşıl örtüyündə dərman bitkilərinə də təsadüf edilir. Heyvanat aləmi də zəngindir. Burada əsasən "Qırmızı kitab"a düşmüş ceyranların və digər fauna növlərinin qorunub saxlanmasına diqqət yetirilir. Respublikada yayılmış məməli heyvanların bütün dəstələrinin növlərinə Şirvan Milli Parkında rast gəlinir. Burada ceyran, çölpişiyi, safsar, porsuq, müxtəlif gəmiricilər, çaqqal, tülkü, çöldonuzu, dovşan, dağkeçisi, tısbağalar, sürünənlər (kərtənkələ, koramal, müxtəlif ilan növləri), Xəzər suitisi və s. yaşayır. Parkda gürzənin 230 növü qeydə alınıb. Parkın ərazisində suda, quruda yaşayan dörd növ heyvan da mühafizə edilir.
Milli parkın ərazisində 4 min hektar sahəsi olan "Qızıl qaz" gölü var. Bu həm heyvanların, həm də quşların su tələbatını ödəyir. Quşların miqrasiyası və qışlama dövründə göllərin və dənizin dayaz yerlərində əsasən yaşılbaş ördəklər, fitçi cürə, boz ördək, bizquyruq, cırıldayan cürə, enliburun ördək, flaminqo, fısıldayan qu, qaşqaldağ, qırmızıburun, qırmızıbaş, kəkilli və dəniz dalğıcları, güləyən ördək və digər ördək növləri, qutan, qarabattağ, qağayı, qırmızıdöş qaz, su fərəsi, qaraquş, qartal, şahin və digər quş növləri yayılmışdır. Azərbaycan və dünya miqyasında nəsli tükənməkdə olan quşlardan milli parkın ərazisində 34 növünə rast gəlmək olar. Bunların əksəriyyəti həm Azərbaycanın "Qırmızı kitab"ına, həm də Beynəlxaq Təbiəti Mühafizə Cəmiyyətinin siyahısına daxil edilmişdir.
Şirvan Milli Parkını digər parklardan fərqləndirən bir əlamət də var. Hər bir milli parkda flora və faunanın mühafizəsi təbiidir. Amma dünyanın nadir təbii hadisələrindən sayılan palçıq vulkanlarının məhz burada olması parkın qeyri-adiliyini daha da artırır. Məlumdur ki, dünyada mövcud olan palçıq vulkanlarının əksəriyyəti Azərbaycanda yerləşir. Alimlər Azərbaycan palçıq vulkanlarını bu gün də öyrənməkdə davam edirlər. Bəzən bu vulkanlara torpağın "göz yaşı" da deyirlər. Çünki palçıq vulkanı adətən kəsilməz şəkildə "ağlayır". Şirvan Milli Parkında üç növ palçıq vulkanı var ki, yüksək qabartma kraterləri ilə zəngindir. Bəzisi duzlu su, palçıq, bir neçəsi də təmiz mineral, neft buraxır. Bəndovan dağı parkda ən populyar palçıq vulkanıdır.
Parkın əməkdaşları Seymur Kərimli və Merac Baxışov bildiriblər ki, Bəndovan əslində batmış bir şəhərin ərazisidir. Aparılan tarixi arxeoloji tədqiqatlar zamanı su altında qalmış adalarda abidələr tapılıb. Onların içində əsas maraq yaradan daşdan və dördbucaq kərpicdən kaşı pilətələri ilə üz çəkilmiş tikililərdir. Müxtəlif keramik əşyaların qalıqları, dulusçuluq və digər sənətin olmasından xəbər verən tapıntılar da təsdiqləyir ki, bu, hansısa yaşayış məskəninin yadigarlarıdır. Niyə məhz burada kənd yox, şəhərin batması haqqında fikir var? Çünki bir sıra əşya qalıqlarının, boşqabların, fincanların üzərində möhürlər var. Bu, ancaq şəhər sənətkarlarına xas bir adət idi. Ticarət zamanı malın hansı şəhərə və hansı dulusçuya aid olduğu bilinsin. Tapılmış şirəli qabların qalıqlarında həm də süjetli şəkillər həkk olunub. Tədqiqatçılar bu fikrə gəliblər ki, Bəndovan şəhərində Sasanilər incəsənətinin motivi var imiş. Bu cür arxeoloji tapıntılara Azərbaycanın orta əsr şəhərlərinin (Balakən, Gəncə, Bərdə, Bakı, Qəbələ və s.) tədqiqatı zamanı rast gəlinmişdir. Bu oxşarlıq da orta əsr şəhərlərinin tarixi arxeoloji varlığından xəbər verir. Bu ərazidə yerli əhalinin inanc yeri olan üç pir də var: Bəndovan, Xıla Şəkər və Yulğun.
Şirvan Milli Parkı Azərbaycanın çox qeyri-adi, gözəl ünvanlarından biridir. Ərazidə həm təbii, həm də tarixi abidələrin, ziyarətgahların olması, yaşıllıq, göz oxşayan mənzərələr, flora və fauna bu yerlərin hüsnünə qəribə gözəllik bəxş edib. Baxdıqca həm könlün sevinir, həm də qürur duyursan. Ölkə Prezidenti İlham Əliyevin sərəncamına əsasən, bu il Azərbaycanda Turizm İlidir. Xarici ölkə vətəndaşlarına yurdumuzu yaxşı tanıtmaqdan ötrü onları müxtəlif bölgələrə, təbiət guşələrinə, tarixi abidələrimizin seyrinə aparmaq çox vacibdir. Bu mənada Şirvan Milli Parkı turistlər üçün baxımlı, görməli, öyrənməli və yaddaqalan yerlərdən biridir. Əslində, bu park elm sahəsi üçün "açıq laboratoriya" missiyasını daşıyır. Burada həm təbiəti göstərirlər, həm təbiətin necə qorunmasından söz açılır, həm də Azərbaycanın qədim və zəngin mədəniyyətə malik olması diqqət çəkir. Turist qruplarının, xarici vətəndaşların bu yerlərdə olması təkcə təbiət gəzintisi deyil. Həm də xalqımızın təbiəti ilə tanışlıqdır. Bu qoruğu yaratmaqda məqsəd təbiətimizi gələcək nəsillər üçün qoruyub saxlamaqdan ibarətdir. Amma biz özgələrinə də özümüzün hansı qabiliyyətə, istedada, mənəviyyata, yaratmaq enerjisinə, qurmaq həvəsinə malik olduğumuzu nümayiş etdirməliyik. Xəzər dənizinin sahilində yerləşən Şirvan Milli Parkı öz qeyri-adi gözəlliyi ilə fərqlənən bir təbiət sərgisidir. Gəlin bu sərgini həm qoruyaq, həm də sevək!..
"Hörmət görmək istəyən Azərbaycana gəlsin" söyləyən xalq şairi Süleyman Rüstəmin təbirincə biz də belə səsləyirik: "Gözəlliyin seyrinə çıxmaq istəyən Şirvana gəlsin!"
Flora XƏLİLZADƏ
Azərbaycan.- 2011.- 6 avqust.- S. 1.