Azərbaycanın
xarici ticarət dövriyyəsi sürətlə artır
Cari ilin ilk
yarısında xarici ticarətdə yenidən böyük həcmdə
müsbət saldo yaranıb
Qloballaşma prosesinin daha geniş vüsət aldığı indiki dövrdə istənilən ölkənin iqtisadi yüksəlişində xarici ticarət faktoru daha böyük rol oynamağa başlayıb. Çünki xarici ticarət sosial-iqtisadi tərəqqi tempinə təsir göstərən əsas vasitələrdən biridir. Odur ki, hər bir dövlət imkan daxilində xarici ticarət dövriyyəsinin həcminin davamlı olaraq genişləndirilməsinə xüsusi önəm verir. İnkişaf etmiş ölkələr statusunu daşıyan dövlətlərin timsalında bunu aydın görmək mümkündür.
Başqa bir müsbət cəhət xarici ticarətin yerli iqtisadiyyatın ən müxtəlif sahələrinin inkişafına təsir göstərməsi, əsas stimullaşdırıcı faktorlardan birinə çevrilməsidir. Bu zaman istehsal edilən məhsulun yüksək keyfiyyəti, rəqabətə davamlı olması da böyük əhəmiyyət kəsb edir. Hazırda sosial-iqtisadi inkişaf tempinə görə ən qabaqcıl ölkələrdən olan Azərbaycan xarici ticarət dövriyyəsini mütəmadi qaydada artırır. Ölkəmiz ixracatçı qismində çıxış edən dövlət kimi tanınır.
Son illərin təhlili də göstərir ki, ölkəmizin xarici ticarət dövriyyəsində daim müsbət saldo qeydə alınıb və bu göstərici artan xətt üzrə inkişaf edir. Bu istiqamətdə həyata keçirilən məqsədyönlü siyasət həm də Azərbaycanın beynəlxalq miqyasda iqtisadi tərəfdaşlarının sayının artmasına, onlarla münasibətlərin daha da möhkəmlənməsinə gətirib çıxarıb. Prezident İlham Əliyev bununla bağlı bildirmişdir: "Respublikanın sosial-iqtisadi vəziyyətini inkişaf etdirmək üçün biz xarici ölkələrlə və dünyanın bütün şirkətləri ilə sıx əməkdaşlıq etməyi, Azərbaycan ilə xarici ölkələr, şirkətlər arasında müştərək iş görməyi iqtisadiyyat sahəsində əsas istiqamətlərdən biri hesab edirik".
Xarici ticarətin həyata keçirilməsi zamanı baza iqtisadiyyatının bütün tələblərinin gözlənilməsi, qloballaşmanın diktə etdiyi şərtlərin milli maraqlarla uzlaşdırılması da ölkəmizin bu sahədə daha böyük uğurlara imza atmasına səbəb olur. Məhz bunun nəticəsidir ki, xarici ticarət dövriyyəsinin tənzimlənməsi prosesi də dinamik xarakter daşıyır. Araşdırmalar göstərir ki, MDB məkanında xarici ticarət dövriyyəsində səmərəlilik əmsalı kifayət qədər yüksək olan ölkələrdən biri Azərbaycandır. Cari ilin ilk yarısının yekunlarına nəzər salmaqla da bunun konkret təzahürünü görmək mümkündür. Hesablamalara görə, 2011-ci ilin yanvar-iyun aylarında ölkənin dövlət və qeyri-dövlət təşkilatları, həmçinin ayrı-ayrı fiziki şəxsləri 138 xarici dövlətlə 17,4 milyard ABŞ dolları məbləğində ticarət əməliyyatları aparıblar. Əmtəə mübadiləsinin 2,9 milyard dolları MDB üzvü dövlətləri, 14,5 milyard dolları digər ölkələrlə həyata keçirilib. 2010-cu ilin ilk altı ayı ilə müqayisədə bu ilin analoji dövründə ölkə üzrə xarici ticarət dövriyyəsinin həcmi müqayisəli qiymətlərlə 9,3 faiz, o cümlədən MDB dövlətləri üzrə 32,7 faiz, digər dövlətlər üzrə 6,1 faiz artıb.
Bütün bunlar hesabat dövrü ərzində Azərbaycanın iqtisadi inkişafının yüksək dinamizmini göstərən daha bir vacib amildir. O da təqdirəlayiq haldır ki, ötən illərlə müqayisədə özəl sektorun xarici ticarətdə çəkisi əhəmiyyətli dərəcədə artıb. Həmçinin ixrac edilən məhsullarda qeyri-neft sektorunun payına düşən məmulatların miqdarı ildən-ilə çoxalmaqdadır. Araşdırmalar göstərir ki, xaricə ixrac olunan qeyri-neft məhsullarının bir hissəsi də regionların payına düşür. Ümumiyyətlə, regionların inkişafına dair dövlət proqramları icraya yönəldiləndən sonra regionlarda həm istehsalın həcmi, həm də çeşidi əhəmiyyətli dərəcədə artıb.
Regionlarda istehsal edilən bəzi məhsulların həcmi ölkə daxilində həmin məhsula olan tələbatın tam ödənilməsinə imkan verir. Əlavə məhsul isə ixraca yönləndirilir ki, bu da regionların sosial-iqtisadi inkişafına müsbət təsir göstərir.
Ölkəmizdə yeni istehsal müəssisələrinin işə salınması, sahibkarlığın inkişafına dövlət qayğısı da müasir tələblərə cavab verən texnologiyalar əsasında məhsul istehsalının həcmini çoxaldıb. Bütün bunlar rəqabətə davamlı məhsulların istehsalını artırmaqla yanaşı, onların dünya bazarında alıcılarının sayını da artırır. Dövlətin özəl sektora dəstəyi də son illər ərzində ölkəmizdə innovativ metodlara əsaslanan istehsal sahələrinin yaranmasına böyük təkan verib. Yüksək texnologiyalara əsaslanan məhsulların bir hissəsi yenə ixrac edilir və ölkəmizə əlavə maliyyə imkanları qazandırır. Həyata keçirilən iqtisadi siyasət qarşıdakı dövr ərzində ölkədə özəl sektor tərəfindən daha böyük miqdarda məhsul istehsal olunacağını deməyə əsas verir. Elə indinin özündə Azərbaycanda ümumi daxili məhsul istehsalında artıq özəl sektorun xüsusi çəkisi aydın hiss olunur. Dövlət tərəfindən sahibkarlığın inkişafına yaradılan şərait və müxtəlif formalarda verilən dəstək, ardıcıl həyata keçirilən, bir-birini tamamlayan iqtisadi islahatlar bundan sonra da sahibkarlıq təsərrüfatlarını ölkə iqtisadiyyatının yüksəlişində mühüm rol oynayan subyektlərdən birinə çevirib. Qeyd edilənlər Azərbaycanın iqtisadi inkişaf strategiyasında sahibkarlığın rolunun və yerinin nə qədər uzaqgörənliklə və düzgün bir şəkildə müəyyən olunduğunu qabarıq şəkildə nümayiş etdirir.
Hesablamalardan o da aydın olur ki, son illərdə olduğu kimi, cari ilin ilk yarısında Azərbaycanın ticarət dövriyyəsində yenə böyük miqdarda müsbət saldo qeydə alınıb. Belə ki, bu ilin ilk 6 ayı ərzində xarici ticarət dövriyyəsinin 13,1 milyard dollarını Azərbaycandan ixrac olunmuş mallar, 4,3 milyard dollarını ölkəmizə idxal edilmiş məhsullar təşkil edib. Beləliklə, 8,7 milyard dollarlıq müsbət xarici ticarət saldosu yaranıb. Xarici ticarət əməliyyatlarının beşdə dörd hissəsindən çoxu (80,7 faizi) İtaliya, Fransa, Rusiya Federasiyası, Amerika Birləşmiş Ştatları, Ukrayna, Türkiyə, Malayziya, İndoneziya, Belarus, Almaniya, Hindistan, İsrail və Çin dövlətləri ilə aparılıb.
Bütün bunlar xarici ticarət sahəsində Azərbaycanın artıq kifayət qədər güclü mövqeyə sahib olduğunu, eyni zamanda ölkəmizin iqtisadi inkişaf tempinin daha dinamik xarakter daşıdığını göstərir.
Rasim BAYRAMOV
Azərbaycan.- 2011.- 6 avqust.- S. 1, 3.