Düşünülmüş,
sürətli və davamlı inkişaf
"Ölkəmizin inkişafı üçün özəl sektorun möhkəmlənməsi xüsusi əhəmiyyət daşıyır. Bu, sadəcə olaraq, sözlər, şüarlar deyildir. Biz gündəlik fəaliyyətdə özəl sektorun, sahibkarlığın inkişafı üçün əlimizdən gələni edirik. Mən sahibkarlarla həm Bakıda, həm bölgələrdə mütəmadi qaydada görüşürəm. Dövlət tərəfindən sahibkarlığın inkişafına çox güclü dəstək vardır"
İlham ƏLİYEV
Özəlləşdirmə
prosesi və aqrar islahatlar siyasətinin uğurlu bəhrələri
Tarixi şərait və zərurətdən irəli gələrək Azərbaycan ikinci dəfə dövlət müstəqilliyini əldə etdikdən sonra qarşıda duran əsas məsələlərdən biri yeni şəraitdə iqtisadi inkişafın təmin edilməsi oldu. Bu isə elə də asan proses olmayıb, 70 il ərzində mövcud olan administartiv-komanda, planlı təsərrüfat sistemindən tam imtinanı, yeni iqtisadi-ictimai formasiyaya keçid prosesini özündə ehtiva edirdi. Bazar iqtisadiyyatı adlanan yeni formasiya prinsipial olaraq iqtisadi inkişafın tamam başqa mexanizmləri əsasında fəaliyyət göstərdiyindən təbii olaraq onun reallaşdırılması kifayət qədər dəqiq düşünülmüş siyasi konsepsiya, uzaqgörənlik tələb edirdi. Çünki planlı sosialist iqtisadiyyatından kapitalist bazar münasibətlərinə keçid siyasi, sosiomədəni və cəmiyyət həyatının digər vacib aspektlərilə bağlı proseslərlə də sıx əlaqəli idi.
Ümummilli lider Azərbaycanda özəl
sektorun banisidir
Keçid
prosesi təkcə sosial-iqtisadi yox, eyni zamanda ona birbaşa təsir
edən və sıx formada qarşılıqlı əlaqədə
olan ictimai-siyasi münasibətlərin yeni formasının
yaranması kimi məsələləri, institusional dəyişiklikləri
də gündəmə gətirirdi. Lakin o da fakt idi ki,
zamanın tələblərinə cavab verən sosial-iqtisadi
inkişafın yolu məhz bazar iqtisadiyyatından keçir.
Bazar iqtisadiyyatının əsas cəhətlərindən biri
isə mülkiyyətin yeni formalarının, ilk növbədə
özəl mülkiyyətin yaranmasını özündə
əks etdirdiyindən bu proses Azərbaycanın
qarşısında da taleyüklü məsələ kimi
durmuşdu. Dünya təcrübəsi isə onu da təsdiq
etmişdi ki, özəl mülkiyyət fərdi
azadlığın əsasını təşkil edir və
bu da öz növbəsində ayrıca
götürülmüş fərdin özünütəsdiq,
ifadənin zəruri şərti kimi çıxış
edir. Müxtəlif ölkələrdə gedən özəlləşdirmə
prosesləri məzmunu, funksiyaları, istifadə edilən
formalar və nəticələrinə görə biri-birindən
əhəmiyyətli dərəcədə fərqlənir. Bu
səbəbdən özəlləşdirmə proseslərinə
başlamazdan öncə dəqiq
düşünülmüş, rasional xarakterli
addımların atılması, uğurlu nəticələrə
yol açan dünya təcrübəsinin tətbiq
olunması zəruri şərt kimi çıxış
edirdi.
Lakin ulu
öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə
qayıdışına qədər iqtidarda olan qüvvələrin
yarıtmaz siyasəti xüsusi mülkiyyətə əsaslanan
bazar iqtisadi sisteminə keçidi, bu kontekstdə dövlət
mülkiyyətinin özəlləşdirilməsini
mümkünsüz edirdi. Düzdür, dövlət
mülkiyyətinin özəlləşdirilməsi məqsədilə
1992-ci ildə Azərbaycan hökumətinin qərarı ilə
Dövlət Əmlak Komitəsi yaradılaraq fəaliyyətə
başlamış, 1993-cü ilin yanvarında isə "Azərbaycan
Respublikasında dövlət mülkiyyətinin özəlləşdirilməsi
haqqında" qanun qəbul edilmişdi. Ancaq özəlləşdirmənin
nəzəri-qanunverici bazasının hazırlanmasında
ciddi nöqsanlara yol verilmişdi və onun bu şəkildə
tətbiqi Azərbaycanın üzləşdiyi iqtisadi
böhranı daha da dərinləşdirə bilərdi. Belə
şəraitdə, təbii ki, bazar iqtisadiyyatı prinsipləri
əsasında milli iqtisadiyyatın inkişafını təmin
etmək, dövlət mülkiyyətinin özəlləşdirilməsinin
düzgün, ədalətli və pozitiv dünya təcrübəsinin
hərtərəfli öyrənilərək tətbiqini
reallaşdırmaq mümkün deyildi.
Yalnız
Heydər Əliyev ölkə rəhbərliyinə
qayıtdıqdan sonra özəlləşdirmə proseslərinin
sürətləndirilməsinə, bu zaman Azərbaycan
reallıqları nəzərə alınmaqla qabaqcıl
dünya təcrübəsinin tətbiq edilməsinə,
sürətli inkişafa xidmət edən iqtisadi siyasət həyata
keçirildi. Bu fonda dövlət mülkiyyətinin özəlləşdirilməsinin
qanunvericilik bazası yaradıldı və müvafiq dövlət
proqramları təsdiq olundu. Eləcə də özəlləşdirmənin
başlıca məqsədləri sırasında müvafiq
dövlət proqramlarında təsbit olunduğu kimi, təsərrüfat
subyektləri üçün xüsusi mülkiyyət və
sərbəst rəqabət prinsipləri əsasında
öz-özünü tənzimləyən bazar
iqtisadiyyatı mühitinin yaradılması, iqtisadiyyatın
strukturunun bazar iqtisadiyyatının tələblərinə
uyğun olaraq yenidən qurulması, iqtisadiyyata
investisiyaların, o cümlədən xarici investisiyaların cəlb
edilməsi, əhalinin həyat səviyyəsinin və sosial vəziyyətinin
yaxşılaşdırılması kimi məsələlər
yer aldı.
Sözügedən
prosesdə qarşıda duran əsas məsələlərdən
biri əvvəl hakimiyyətdə olan müxtəlif qüvvələrin
yol verdiyi səhvlərin aradan qaldırılmasına nail olmaq
idi. Bu məqsədlə özəlləşdirmənin nəzəri-qanunverici
bazasının hazırlanmasında ciddi nöqsanların
olduğunu nəzərə alan dahi rəhbər 1995-ci ilin
yanvarında özəlləşdirmənin aparılması
üçün yaradılan dövlət qurumunun rəhbərliyində
dəyişikliklər etdi və 3 mart 1995-ci ildə dövlət
mülkiyyətinin özəlləşdirilməsi haqqında
proqramın hazırlanması üçün xüsusi
komissiya yaradılmasına göstəriş verdi. Həmin
komissiya 1995-1998-ci illərdə özəlləşdirmənin
aparılması üçün müvafiq sənəd
hazırlamalı idi. Bütün bu məsələlər
Heydər Əliyevin təşəbbüsü və rəhbərliyilə
1995-ci ilin martında Bakıda keçirilən hökumətin
açıq müşavirəsinə
çıxarıldı. Əsas məqsəd isə proseslərin
mahiyyətinin ölkə ictimaiyyətinin nəzərinə
çatdırılması və şəffaflığın
təmin edilməsi idi. Digər tərəfdən özəlləşdirmə
ilə bağlı hazırlanan dövlət sənədində
ictimaiyyətin nümayəndələrinin də fikir və təkliflərinin
nəzərə alınmasına ayrıca diqqət yetirilirdi.
1995-ci
ilin iyununda hazır olan sənəd əvvəlcə Azərbaycan
Prezidentinə təqdim olundu, onu qənaətbəxş hesab
edən dövlət başçısı iyunun 30-da təsdiq
edilmək üçün Milli Məclisə göndərdi.
Sənədlə yanaşı, Heydər Əliyev həmin
tarixdə özəlləşdirmənin həyata
keçirilməsi ilə əlaqədar Milli Məclisə
fundamental əhəmiyyətə malik müraciət də
ünvanladı. Müraciətdə Azərbaycanın üzləşdiyi
iqtisadi böhrandan çıxış yolu göstərilir,
yeni şəraitdə iqtisadi inkişafda özəlləşdirmənin
rolu əsaslandırılırdı: "Azərbaycan öz
müstəqilliyinin və suverenliyinin təminatlarını
tam şəkildə ancaq iqtisadi böhran aradan
qaldırıldıqdan sonra əldə edə biləcək.
Möhkəm və inkişaf etmiş iqtisadiyyata əsaslanmayan
siyasi müstəqillik heç də real suverenliyin yeganə
göstəricisi deyil. Buna baxmayaraq, Azərbaycanın müstəqil
bir dövlət kimi bərqərar olunmasından sonra hakimiyyətə
gələn müxtəlif qüvvələr tərəfindən
iqtisadiyyatda köklü dəyişikliklər
aparılması üçün heç bir şey edilməmişdir
və nəticədə əhalinin həyat səviyyəsi
olduqca aşağı səviyyəyə
düşmüşdür. İqtisadi böhrandan əsas
çıxış yolu dövlət mülkiyyətinin
özəlləşdirilməsindədir, ona görə ki,
dövlətin iqtisadi sahədə yeganə inhisarçı
olduğu şəraitdə heç bir islahatların
aparılması mümkün deyildir. "Azərbaycan
Respublikasında dövlət mülkiyyətinin özəlləşdirilməsi
haqqında" Azərbaycan Respublikasının Qanununun
1993-cü il yanvarın 7-də qəbul edilməsinə və
bu qanunun qüvvəyə minməsi haqqında qərarla
Dövlət Əmlak Komitəsinin rəhbərliyinə
dövlət mülkiyyətinin özəlləşdirilməsi
haqqında proqramın təqdim edilməsi üçün
1993-cü il martın 1-dək vaxt verildiyinə baxmayaraq, nə
göstərilən müddətdə, nə də sonra bu
tapşırıqların öhdəsindən gələ bilmədi.
1995-ci
ilin yanvarında Dövlət Əmlak Komitəsinin rəhbərliyində
dəyişikliklər aparılmış və 1995-ci ilin
martın 3-də Azərbaycan Respublikası Prezidenti tərəfindən
dövlət mülkiyyətinin özəlləşdirilməsi
haqqında proqramın hazırlanması üçün
xüsusi komissiya yaradılmışdır. 1995-ci il iyunun 24-də
həmin komissiya öz işini
yekunlaşdırmışdır. Dövlət mülkiyyətinin
özəlləşdirilməsi haqqında proqram
hazırlanarkən əsas amil kimi əhalinin həyat səviyyəsinin
qaldırılması götürülmüşdür. 1995-1998-ci
illəri əhatə edən proqramın əsas mahiyyətini
xüsusi mülkiyyətçilər təbəqəsinin
formalaşdırılmasına və nəticədə səmərəli
fəaliyyət göstərən bazarın
yaradılmasına, xalq təsərrüfatının
inhisarlaşdırılmasına və onun strukturunun yenidən
qurulmasına, ölkənin iqtisadi dövriyyəsinə
kapitalın cəlb olunmasına və kapitallaşma mexanizminin
yaradılmasına, iqtisadi prosesə bütün növ istifadə
olunmamış resursların cəlb edilməsinə, vətəndaşların
sahibkarlıq və işgüzarlıq fəallığının
artırılmasına, işgüzarlıq fəaliyyəti
üçün münbit şəraitin yaradılmasına,
inflyasiyanın qarşısının alınmasına və
manatın alıcılıq qabiliyyətinin
artırılmasına yönəldilmiş əməli tədbirlər
təşkil edir.
Bu tədbirlərin
nəticəsində maliyyə sabitliyinə, əhalinin əmanətlərinin
artırılmasına və bu əmanətlərin
investisiyalara çevrilməsinə, istehsalatın
canlandırılmasına və iş yerlərinin
artırılmasına, nəhayət, vətəndaşların
həyat səviyyələrinin keyfiyyətcə
yaxşılaşdırılmasına nail olmaq olacaq.
Yuxarıda
göstərilənləri və Azərbaycan Respublikası
Konstitusiyasının 110-cu maddəsini rəhbər tutaraq, Azərbaycan
Respublikasında 1995-1998-ci illərdə dövlət
mülkiyyətinin özəlləşdirilməsi haqqında
Dövlət Proqramı təsdiq olunmaq üçün təqdim
edilir. Eyni zamanda, qüvvədə olan qanunvericiliyə müəyyən
dəyişikliklər edilməsi zəruriyyətini nəzərə
alaraq, "Azərbaycan Respublikasında dövlət
mülkiyyətinin özəlləşdirilməsi
haqqında" Azərbaycan Respublikasının qanununa əlavələr
və dəyişikliklər haqqında Azərbaycan
Respublikasının qanun layihəsi müzakirə
üçün təqdim edilir".
1995-1998-ci
illərdə özəlləşdirmənin
aparılmasını nəzərdə tutan proqram dövlət
mülkiyyətində olan əmlakın özəlləşdirilməsinin
təşkilati, iqtisadi və hüquqi əsaslarını əks
etdirirdi. Dövlət Proqramında mülkiyyətin özəlləşdirilməsi
sahələri, istiqamətləri, müddəti, mərhələləri
və sair öz əksini tapmışdı. Mərhələlər
üzrə özəlləşdirmə bu cür nəzərdə
tutulmuşdu: birinci mərhələ: 1996-1998-ci illər;
ikinci mərhələ: 1998-2000-ci illər;
üçüncü mərhələ: 2000-2001-ci illər;
dördüncü mərhələ: 2001-2005-ci illər.
Sözügedən sənəd 1995-ci il iyulun 21-də Milli Məclis
tərəfindən bəyənilərək qəbul edildi.
Beləliklə, konkret proqram əsasında Azərbaycanda
dövlət mülkiyyətinin özəlləşdirilməsinə
başlandı ki, bu da yeni iqtisadi inkişaf mərhələsinin
əsasının qoyulmasında olduqca böyük rol
oynadı. Sözügedən proqram Azərbaycanda sovetlər
dövrünün yadigarı olan planlı iqtisadiyyatdan bazar
iqtisadiyyatı sisteminə keçmək yolunda böyük əhəmiyyət
kəsb etdi. Məhz bunun nəticəsi idi ki, Azərbaycanda
ümumi daxili məhsul 1996-cı ildə 1,3 faiz, 1997-ci ildə
5,8 faiz, 1998-ci ildə 10 faiz artdı. 1998-ci ildə sənaye və
kənd təsərrüfatı məhsulları
istehsalında daha böyük göstəricilər qeydə
alındı. 1995-ci ilə qədər Azərbaycanın
iqtisadiyyatına, maliyyə sisteminə böyük zərbələr
vuran inflyasiyanın isə görülən tədbirlər nəticəsində
qarşısı alındı və tədricən aradan
götürüldü. Hətta 1998-ci ildə Azərbaycanın
milli valyutasının - manatın dəyəri möhkəmləndi
ki, nəticədə istehlak mallarının qiymətlərinin
azalması və deflyasiya müşahidə olundu. Bu dövrdə
Azərbaycana gələn xarici investisiyanın da həcmi
durmadan artırdı. 1998-ci ildə Azərbaycanın
iqtisadiyyatına 1,5 milyard dollar dəyərində investisiya
qoyulmuşdu. Adambaşına xarici investisiya qoyuluşunun
miqdarına görə həmin vaxt Azərbaycan Müstəqil
Dövlətlər Birliyində birinci yerdə dururdu.
Bütün
bunlar həm də 1998-ci ildə dünyanın əksər
ölkələrini bürüyən maliyyə
böhranından Azərbaycanın yenə uğurla
çıxmasına imkan verirdi. Halbuki, həmin vaxt
böhranın dünyanın aparıcı dövlətlərinə,
o cümlədən Rusiyaya böyük zərbələr
vurması MDB dövlətlərinin iqtisadiyyatına da
dağıdıcı təsir göstərirdi. Lakin Azərbaycan
burada istisnalıq təşkil edirdi. Bununla bağlı o
dövrdə Heydər Əliyev bildirirdi: "Başqa ölkələrdən
fərqli olaraq, Azərbaycanda son illər aparılan
düzgün iqtisadi siyasət, həyata keçirilən
düşünülmüş tədbirlər və
ölçülüb-biçilmiş islahatlar nəticəsində
biz Azərbaycanın maliyyə və iqtisadiyyat sahəsində
elə bir şərait yaratmışıq ki, hətta Rusiyada
baş vermiş böyük maliyyə böhranının da
ölkəmizə təsirini azaldıb, onun
qarşısını ala bildik".
Azərbaycanın
sadalanan uğurlar əldə etməsində özəlləşdirmə
prosesi vacib rol oynamışdı. Belə ki, artıq 1998-ci
ilin sonlarına doğru Azərbaycanda ümumi daxili məhsul
istehsalının 55 faizi özəl sektora məxsus idi. Sənaye
məhsulunun 26 faizi də məhz özəl sektorda istehsal
olunurdu. Kənd təsərrüfatı məhsulları
istehsalının 95 faizi, ticarətin 98 faizi və
inşaatın 70 faizi yenə də özəl sektora məxsus
idi. Eyni zamanda, bu göstəricilər Azərbaycanda iqtisadi
islahatların və onların içərisində özəlləşdirmənin
düzgün və səmərəli
aparıldığını göstərirdi. Ölkə vətəndaşlarının
özəlləşdirmə prosesində iştirak etməsi
üçün 1997-ci il yanvarın 1-dən əhaliyə
özəlləşdirmə çeklərinin verilməsi
prosesi də həyata keçirildi.
İqtisadiyyatın
liberallaşdırılmasına xidmət edən yeni mükəmməl
proqram
Bunlarla
yanaşı, dövlət idarəetmə sistemində də
aparılan islahatlar ölkənin inkişafı ilə bir həmahənglik
təşkil edir və bu inkişaf prosesini daha da sürətləndirirdi.
Belə ki, iqtisadi islahatlarla və özəlləşdirmə
proqramının həyata keçirilməsi ilə
bağlı iqtisadiyyatı idarəetmə sahəsində
ölkənin 20-dən çox nazirliyi, dövlət komitəsi,
konserni və şirkəti ləğv olunmuş, yaxud da yenidən
qurulmuşdur. Bir çox nazirliklərdə və idarəetmə
orqanlarında ayrı-ayrı qurumlar da ləğv edilmiş,
yaxud da onların fəaliyyəti bazar iqtisadiyyatı prinsiplərinə
uyğunlaşdırılmışdı. Bütün bunlar
yekun nəticədə sürətli inkişafa xidmət edir
və Azərbaycanın daha da möhkəmlənməsinə
gətirib çıxarırdı. 2000-ci ildə dövlət
mülkiyyətində olan əmlakın özəlləşdirilməsinin
təşkilati, iqtisadi və hüquqi əsaslarını
müəyyən edən "Dövlət əmlakının
özəlləşdirilməsi haqqında" yeni qanun
qüvvəyə mindi. Qanunda qeyd olunurdu ki, dövlət əmlakının
özəlləşdirilməsinin əsas məqsədi
iqtisadiyyatın liberallaşdırılması,
sahibkarlığın genişləndirilməsi, rəqabət
mühitinin formalaşdırılması, iqtisadiyyata
investisiyaların cəlb olunması yolu ilə onun səmərəliyinin
artırılmasına, struktur dəyişikliklərinə və
əhalinin həyat səviyyəsinin yüksəldilməsinə
nail olmaqdan ibarətdir. Dövlət əmlakının özəlləşdirilməsinin
əsas prinsipləri isə qanuna əsasən
aşağıdakılar idi: özəlləşdirməyə
dair tədbirlərin aşkarlıq şəraitində həyata
keçirilməsi və onun gedişi üzərində
dövlət və ictimai nəzarətin təmin edilməsi;
dövlət əmlakının özəlləşdirilməsi
prosesində əmək kollektivinin qanunvericiliklə müəyyən
olunmuş mənafelərinin qorunması; sağlam rəqabət
mühitinin formalaşdırılması; özəlləşdirmə
prosesində bütün alıcılar üçün bərabər
şəraitin yaradılması. Qanunun 5-ci maddəsində Azərbaycan
Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin
Dövlət Proqramı ehtiva olunurdu. Burada qeyd olunurdu ki,
müəyyən dövr üçün dövlət əmlakının
özəlləşdirilməsinin həyata keçirilməsində
öncüllüklər (prioritetlər), məhdudiyyətlər,
dövlət mülkiyyətinin fiziki və hüquqi şəxslər
tərəfindən alınması qaydası müvafiq icra
hakimiyyəti orqanı tərəfindən təsdiq olunan
Dövlət Proqramında müəyyən olunur.
Qanuna əsasən,
Dövlət Proqramında dövlət əmlakının
özəlləşdirilməsi üsullarının
seçilməsi, dövlət özəlləşdirmə
paylarının (çeklərin) istifadə olunması,
özəlləşdirmə prosesində yerli və xarici
investorların (alıcıların) iştirakı, özəlləşdirilən
dövlət əmlakının haqqının ödənilməsi
qaydaları, eləcə də müəssisə və obyektlərin
özəlləşdirməqabağı restrukturizasiyası
və sağlamlaşdırılması; özəlləşdirilən
dövlət müəssisəsində əmək kollektivinə
verilən güzəştlər; dövlət əmlakının
özəlləşdirilməsi ilə bağlı digər məsələlər
əksini tapırdı.
"Dövlət
əmlakının özəlləşdirilməsi
haqqında" Qanunun icrasını təmin etmək,
iqtisadiyyatda aparılan struktur islahatlarını,
sahibkarlığın inkişafını və sağlam rəqabət
mühitinin formalaşdırılmasını sürətləndirmək,
iqtisadiyyata investisiyalar cəlb etmək yolu ilə onun səmərəliliyinin
artırılmasına nail olmaq məqsədilə 2000-ci il
avqustun 10-da Heydər Əliyev tərəfindən "Azərbaycan
Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin
II Dövlət Proqramı"nın təsdiq edilməsi barədə
Fərman verildi. Fərmanın mühüm cəhətlərindən
biri "Azərbaycan Respublikasında 1995-1998-ci illərdə
dövlət mülkiyyətinin özəlləşdirilməsinin
Dövlət Proqramı"nın həyata keçirilməsi
prosesində yol verilmiş qanun pozuntularının aradan
qaldırılması və təqsirkar şəxslərin məsuliyyətə
cəlb edilməsi üçün qanunvericiliyə uyğun
olaraq müvafiq tədbirlər görülməsi, bu barədə
Azərbaycan Respublikasının Prezidentinə ətraflı məlumat
verilməsi haqda Nazirlər Kabineti qarşısında konkret
tapşırıq qoyulması idi. Bundan başqa, fərmana əsasən,
dövlət mülkiyyətinin özəlləşdirilməsi
ilə bağlı I Dövlət Proqramına uyğun olaraq
özəlləşdirilməyə açıq elan
edilmiş, lakin özəlləşdirilməsi başa
çatmamış müəssisə və obyektlərin II
Dövlət Proqramı çərçivəsində
özəlləşdirilməsi barədə təkliflər
hazırlanmalı idi.
Dövlət
əmlakının özəlləşdirilməsinin II
Dövlət Proqramı "Dövlət əmlakının
özəlləşdirilməsi haqqında" Qanuna və
digər qanunvericilik aktlarına uyğun olaraq, eləcə də
həmin vaxta qədər ölkədə həyata
keçirilmiş özəlləşdirmənin təcrübəsi
nəzərə alınaraq işlənib
hazırlanmışdı. Proqramın əsas məqsədi
bunlar idi: "Dövlət əmlakının özəlləşdirilməsi
haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə
uyğun olaraq dövlət əmlakının özəlləşdirilməsini
həyata keçirmək; iqtisadiyyatın strukturunun təkmilləşdirilməsi
və rəqabət mühitinin formalaşdırılması əsasında
milli iqtisadiyyatın səmərəliliyini yüksəltmək;
bazar münasibətlərinin iqtisadi əsası kimi özəl
mülkiyyətçilər təbəqəsini genişləndirmək;
iqtisadiyyata investisiyalar, o cümlədən xarici investisiyalar cəlb
etmək yolu ilə onun inkişafına nail olmaq; dövlət
əmlakını dövlət özəlləşdirmə
çeklərinə satmaqla özəlləşdirmə
prosesinə əhalinin maksimum geniş təbəqələrini
cəlb etmək; I Dövlət Proqramı çərçivəsində
özəlləşdirmə üçün açıq
elan edilmiş müəssisə və obyektlərin özəlləşdirilməsini
başa çatdırmaq.
II Dövlət Proqramı müəssisə və obyektlərin özəlləşdirilməsi baxımından təsnifatını, dövlət əmlakının özəlləşdirilməsi üsullarının seçilməsi qaydasını, dövlət özəlləşdirmə paylarının (çeklərinin) və dövlət özəlləşdirmə opsionlarının istifadə olunması qaydasını, özəlləşdirilən dövlət müəssisələrində əmək kollektivinə verilən güzəştləri, özəlləşdirilən müəssisə və obyektlərin, fiziki və ya qeyri-dövlət hüquqi şəxslərin vəsaiti hesabına inşa edilmiş obyektlərin yerləşdiyi torpaq sahələrinin satılmasını, özəlləşdirmə prosesində yerli və xarici investorların (alıcıların) iştirakı qaydasını, özəlləşdirmə zamanı qoyulan məhdudiyyətləri, özəlləşdirilən dövlət əmlakının haqqının ödənilməsi qaydasını, müəssisələrin özəlləşdirməqabağı restrukturizasiyasını, sağlamlaşdırılmasını və özəlləşdirilmiş müəssisələrin dəstəklənməsini, özəlləşdirmə prosesinin informasiya-metodiki təminatını, dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı digər məsələləri də müəyyən edirdi.
"Dövlət əmlakının özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq dövlət mülkiyyətində olan əmlak özəlləşdirmə baxımından aşağıdakı kimi təsnif olunmuşdu: özəlləşdirilməsi qadağan olunan əmlak; özəlləşdirilməsi barədə qərar qəbul edilən anadək dövlət mülkiyyətində saxlanılan əmlak; Azərbaycan Respublikası Prezidentinin qərarı ilə özəlləşdirilən əmlak; Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin qərarı ilə özəlləşdirilən əmlak. Özəlləşdirilən dövlət müəssisələri kiçik, orta və iri müəssisələr qrupuna aid edilməklə qruplaşdırılmışdı. Dövlət əmlakının özəlləşdirilməsi bu üsullarla həyata keçirilirdi: dövlət müəssisələrinin fərdi layihələr üzrə özəlləşdirilməsi; özəlləşdirilən dövlət müəssisələrinin əmlakının əmək kollektivi üzvlərinə və onlara bərabər tutulan şəxslərə güzəştli satışı; dövlət əmlakının ixtisaslaşdırılmış çek və pul hərraclarında satışı; dövlət əmlakının hərraclar vasitəsi ilə satışı; dövlət əmlakının investisiya müsabiqələri vasitəsilə satışı; icarəyə verilmiş dövlət əmlakının satışı; dövlət müəssisələrinin müflis elan olunması yolu ilə satışı.
Dövlət əmlakının özəlləşdirilməsinin üsulları II Dövlət Proqramına uyğun olaraq dövlət əmlakının özəlləşdirilməsi barədə qərar qəbul edən Azərbaycan Respublikasının Prezidenti və ya Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən müəyyən edilirdi. Dövlət müəssisələri özəlləşdirilərkən həmin müəssisələrdə çalışan işçilərin hüquqları və onların sosial müdafiəsi Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq təmin olunurdu. Qeyd edilirdi ki, özəlləşdirilən dövlət müəssisələrinin işçilərinin həmin müəssisənin əmlakının və ya səhmlərinin 15 faizini güzəştli şərtlə almaq hüququ var. Güzəştlərin verilməsi və müəssisə işçilərinin özəlləşdirmədə iştirakı II Dövlət Proqramında nəzərdə tutulmuş qaydalara uyğun tənzimlənirdi. Xarici investorlar hərraclarda və investisiya müsabiqələrində II Dövlət Proqramında və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında müəyyən olunmuş qaydalara riayət etməklə iştirak edə bilərdilər.
(ardı var)
Azərbaycan.- 2011.-6 avqust.- S. 2.