Cəmiyyətin azadlığı fikrinsözün azadlığı qədərdir

 

"Fikir azadlığı olduqda kritikanın faydası olacaqdır ki, nəhayət, get-gedə müxtəlif fikir və rəylərin toqquşmasından haqq yerini tutacaq və mədəniyyət aləmində tərəqqiyat zühur edəcəkdir".

 

M.F.Axundov.

 

"Con Stuart Mill azadlıq haqqında" əsərindən

 

1998-ci ilin 6 avqustu Azərbaycan mətbuatının, eləcə də ictimai fikrinin tarixində yeni bir səhifə açdı. Ümummilli lider Heydər Əliyevin həmin gün imzaladığı "Azərbaycan Respublikasında söz, fikir və mətbuat azadlığının təmin edilməsi sahəsində tədbirlər haqqında" fərmanla 1966-cı il 27 oktyabr tarixdə yaradılan və Azərbaycanın bütün informasiya vasitələri üzərində senzura fəaliyyətini həyata keçirən Nazirlər Kabineti yanında Mətbuatda və Digər Kütləvi İnformasiya Vasitələrində Dövlət Sirlərini Mühafizə edən Baş İdarə ("Qlavlit") ləğv olundu. Fərmanla həmçinin Azərbaycan Respublikası Prezidentinin hərbi senzura yaradılması haqqında 16 aprel 1992-ci il tarixli fərmanı və bütün informasiya yayımı üzərində nəzarət tətbiq edilməsi ilə bağlı 15 aprel 1993-cü il tarixli sərəncamı qüvvədən düşmüş hesab edildi.

Bu qətiyyətli addım 1875-ci ildə işıq üzü görən, nəşrini böyük mütəfəkkir M.F.Axundovun da sevinclə alqışladığı, xeyir-dua verdiyi "Əkinçi" qəzeti ilə əsası qoyulan Azərbaycan milli mətbuatının ilk dəfə senzuradan azad olması demək idi. Bu, eyni zamanda, milli mətbuatın sürətli inkişafına təkan verməklə yanaşı, cəmiyyətin, dövlətin həyatında mətbuatın artan rolunu bir daha təsdiqləmiş oldu.

Bu tarixi sərəncamdan əvvəl isə ictimai fikrin bu qeyri-adi sahəsi ilə əlaqədar mühüm addımlar atılmışdı. Belə ki, həmin dövrdə Azərbaycan Prezidentinin qanunvericilik təşəbbüsü əsasında bir necə qanun qəbul olunmuşdur. Bunların arasında 10 iyun 1997-ci il tarixli "Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında", 3 aprel 1998-ci il tarixli "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında", 19 iyun 1998-ci il tarixli "Məlumat azadlığı haqqında" qanunların qəbulu mühüm siyasi əhəmiyyətə malik olmaqla bərabər, cəmiyyətin demokratikləşməsi yolunda atılan mühüm addımlar sayılmalıdır.

Bunların ardınca qəbul edilən bir sıra qanun və qərar isə prosesin uzunmüddətli olacağından, ən başlıcası, azad fikrin və mətbuatın inkişafına hər cür şərait yaradılacağından xəbər verirdi. Bu mənada, 2000-ci il 6 mart tarixli fərman mətbuat tarixində daima yaşayacaqdır. Həmin fərmanla "2000-2001-ci illərdə kütləvi informasiya vasitələrinin maddi-texniki şəraitinin yaxşılaşdırılması üçün tədbirlər proqramı" təsdiq olundu.

Ulu öndərin 2001-ci il 20 iyun tarixli "Kütləvi informasiya vasitələrinə dövlət qayğısının artırılması haqqında" fərmanı isə mətbuata dövlət qayğısının bariz nümunəsi idi. 12 mart 2002-ci il tarixli "Ətraf mühitə dair informasiya almaq haqqında" qanunun qəbulu da mətbuatın, kütləvi informasiya vasitələrinin inkişafı baxımından mühüm addımlardan biri idi.

Ümumiyyətlə, mətbuatla bağlı problemlər bütün dövrlərdə olub. Ancaq müstəqilliyin ilk illərində respublikada yaranmış ağır ictimai-siyasi vəziyyət, Qarabağ cəbhəsindəki uğursuzluqlar, siyasi çəkişmələr mətbuata da təsirsiz ötüşmədi. Müstəqil mətbuata təzyiqlər güclənir, az qala bütün uğursuzluqlarda mətbuat günahlandırılır, jurnalistlər təqsirkar bilinirdilər. 1992-ci il aprelin 12-də hərbi senzuranın gücləndirilməsi buna yaxşı bir sübutdur. Sonrakı hadisələr mətbuata basqıları, təzyiqləri daha da gücləndirdi. Azad fikirli qələm sahiblərinin hansı fiziki təzyiqlərə məruz qaldığını hamı yaxşı xatırlayır.

Bütün bunlar 1993-cü ilin iyununa qədər davam etdi. Ümummilli liderin xalqın tələbi ilə hakimiyyətə yenidən qayıdışından sonra hər sahədə olduğu kimi, mətbuata, kütləvi informasiya vasitələrinə münasibət kökündən dəyişdi.

1995-ci ildə ümumxalq səsverməsi ilə qəbul olunan Azərbaycan Respublikasının Konstitusiyasında ölkə vətəndaşlarının təhlükəsiz yaşamaq, söz, fikir, vicdan azadlığı təsbit edildi. Bu, mətbuatın jurnalistlərin fəaliyyətinə geniş imkanlar açdı.

Azərbaycan Respublikasının bir sıra beynəlxalq sazişlərə müqavilələrə qoşulması bu prosesləri daha da sürətləndirdi. Mətbuat İnformasiya Nazirliyinin ləğvi isə kütləvi informasiya vasitələrinin təsis olunmasında yaranan bəzi süni maneələri aradan qaldırmış oldu. Üstəlik KİV-lərin dövlət nəzarətindən çıxarılması prosesi başa çatdırıldı.

Azərbaycanda iqtisadi proseslərlə siyasi islahatların bir-birini tamamlaması zərurətini daim önə çəkən Prezident İlham Əliyev son illər söz mətbuat, fikir azadlığının bərqərar olması üçün bütün zəruri addımları atır. Milli mətbuatın 135 illiyinin qeyd olunması, mətbuata birdəfəlik yardımların göstərilməsi, Mətbuat Şurasının yeni binasının istifadəyə verilməsi bu qəbildəndir.

Dövr, zaman sürətlə dəyişir. Bu isə yeni dövrdə mətbuatdan, söz adamından yeniliklər tələb edir. Bu, xalqa, Vətənə təmənnasız xidmət, vətənpərvərlik duyğularının mətbuatda, həyatımızın bütün sahələrində bərqərar olması tələbidir.

Bütün bunları nəzərdə tutaraq ulu öndər mətbuatın cəmiyyətin, dövlətin həyatındakı özünəməxsus rolundan danışarkən demişdir: "Jurnalistika böyük zəhmət, xüsusi səy, professional yanaşma, hadisələri operativ qiymətləndirmək prosesləri düzgün analiz bacarığı tələb edən sənətdir". Axı cəmiyyətin dövlətin azadlığı onu yaradan vətəndaşların fikir söz, vicdan azadlığı qədərdir.

 

 

Bəxtiyar QARACA

 

Azərbaycan.- 2011.-6 avqust.- S.  3.