Qəbələ III Beynəlxalq musiqi festivalı başa çatdı

 

"Qafqaz Resort otel" məmləkətimizin axar-baxarlı, dilbər guşələrindən olan qədim Qəbələdə - başı buludlara dayanan dağlar qoynunda yerləşir. Bu yerlərin füsunkar gözəllikləri hər kəsi heyran edir. 23 iyuldan - "Qafqaz Resort otel"də III Beynəlxalq Qəbələ Musiqi Festivalı başlanan gündən isə bu yerlərə, bu yaşıl ormanlara, bu uca dağlara heyran qalanların sayı daha da çoxalıb.

Festivalda iştirak edən musiqiçilər, musiqişünaslar, ifaçılar, tamaşaçılar, KİV nümayəndələri, turistlər bənzərsiz musiqi gecələrindən zövq almaqla yanaşı, gündən-günə daha da müasirləşən, inkişafını milli memarlıq elementləri üslubunda daha da zənginləşdirən Qəbələ torpağına vurğunluqlarını da səmimiyyətlə dilə gətirirlər. Hələ I Beynəlxalq Musiqi Festivalında "Qran-Pri" mükafatına layiq görülmüş Rusiyanın Yekaterinburq şəhərindən olan pianoçu İlya Maksimov bu yerlərin yaddaşlardan silinməyən gözəlliyindən, insanların çox maraqlı və istiqanlı olmalarından bəhs edib, sənətə həssas münasibətlərini heyranlıqla belə bildirib: "Salonda ifa zamanı güclü musiqi atmosferi olur. Güclü musiqi ovqatı ifaçıda ruh yüksəkliyi yaradır. Səmimi alqışlar hər bir musiqiçinin potensial imkanlarını tam göstərməyə sözün həqiqi mənasında yardımçı olur".

Festivalın ilk açılışından indiyədək dünyanın iyirmiyə yaxın ölkəsindən - ABŞ-dan, Fransadan, Rusiyadan, Çindən, Xorvatiyadan və digər ölkələrdən gəlmiş musiqiçi qonaqlar bir daha şahid olmuşlar ki, Azərbaycanda belə dünyamiqyaslı tədbirlərin keçirilməsi üçün təkcə paytaxt Bakıda deyil, ölkənin regionlarında da hər cür şərait yaradılır. Hər il festivala qatılan qonaqlar Qəbələnin necə sürətlə inkişaf etdiyini öz gözləri ilə görürlər. Kanadalı musiqişünas Robert Karrassın fikirləri də maraqlıdır: "Festivalda görkəmli ifaçılar iştirak edirlər. Burada bir-birindən çox şey öyrənmək mümkündür. Xüsusilə də duyğuluzövqlü tamaşaçılar qarşısında çıxış etməyin xoşbəxtliyini yaşamaq çox xoşdur. Qəbələyə isə vurulmamaq olmur. Qəbələ Moskva, Toronto olmasa da, gözəl və müasirdir".

Festivalın bədii rəhbəri, xalq artisti Fərhad Bədəlbəyli də keçirilən tədbirin yüksək səviyyədə olmasından məmnunluğunu gizlətmədi: "Belə bir festivalın üçüncü dəfə Azərbaycanda, müasirliyi və gözəlliyi ilə göz oxşayan Qəbələdə keçirilməsi olduqca qürurvericidir. Şübhəsiz, bu həm böyük məsuliyyət, həm də perspektivli bir işdir. Xüsusi vurğulamaq istəyirəm ki, Heydər Əliyev Fondunun dəstəyi sayəsində bütün təşkilat işləri yüksək səviyyədə həll olunub. Şərait olan yerdə isə yaradıcılıq işləri də böyük zövqlə tamaşaçılara təqdim olunur. Bir sözlə, bu festival Azərbaycanımızı dünyaya bir daha tanıtdıran, sevdirən, başını uca edən, xalqımızın necə istedadlı və qonaqpərvər olduğunu əyani şəkildə göstərən möhtəşəm bir tədbir oldu".

Amerika Birləşmiş Ştatlarından gəlmiş dünya şöhrətli violonçel ustası Dmitri Yablonskinin dediyi "Burada hər şey yüksək səviyyədə, hər şey gözəldir" sözlərini eşitmək də olduqca xoşdur.

Rusiyanın "Orfey" radiosunun əməkdaşı Viktor Aleksandrov üçüncü ildir ki, bu festivalda iştirak edirxüsusi vurğulayır ki, təqdim olunan musiqilər və iştirakçılar arasında Azərbaycan musiqisinin və Azərbaycan ifaçılarının özünəməxsus yeri var.

Üçüncü festival günləri də gözəl bir xatirə kimi təkcə insanların deyil, bu sehrli gözəlliklər diyarının, bu uca dağların da yaddaşında hələ uzun müddət yaşayacaq. Şübhəsiz, nostalji duyğular həm də yeni əsərlərin, həmçinin yeni əlaqələrin yaranmasına təsir edəcəkdir.

 

 

Telman NƏZƏRLİ

 

Azərbaycan.- 2011.- 6 avqust.- S.  5.