Qızılağac
qoruğu
Azərbaycanda ilk qoruq 1925-ci ildə yaradılıb. Bu, Göygöl Dövlət Təbiət Qoruğudur. 1929-cu ildə Qızılağac, Zaqatala, 1936-cı ildə isə Hirkan qoruqları fəaliyyət göstərmişdir. 1958-ci ilə qədər Azərbaycanda ancaq bu dörd qoruq olmuşdur. 1958-ci ildən başlayaraq 1990-cı ilədək qoruqların yaradılması prosesi davam etdirilmişdir. Ötən əsrin sonlarında ölkədə baş verən anarxiya, xaos, təbii ki, bu təbiət aləmindən də izsiz keçməmişdir. Baxımsızlıq, özbaşınalıq, qeyri-qanuni ovla məşğul olmaq, brakonyerlik qoruqlara da öz mənfi təsirini göstərmişdir. Yalnız ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra bu sahələr də diqqət mərkəzinə çəkildi. Bir sıra qoruqlar bərpa olundu və yeniləri də yaradılmağa başladı. Ölkə Prezidenti İlham Əliyevin bu sahəyə yönəltdiyi qayğı və diqqət nəticəsində Azərbaycanda dövlət təbiət qoruqlarının həm sayı artdı, həm də əraziləri genişləndirildi. Ötən əsrin sonlarında Altıağac Dövlət Təbiət Qoruğu yaradıldı. 2003-cü ildə Naxçıvan Muxtar Respublikasında Şahbuz, 2004-cü ildə Eldar şamı, 2007-ci ildə Bakı və Abşeron yarımadasının Palçıq Vulkanları Qrupu, 2008-ci ildə Korçay Dövlət Təbiət Qoruğunun əsası qoyuldu. Eyni zamanda, 2003-cü ildən başlayaraq Türyançay, Pirqulu, İlisu, Qarayazı, İsmayıllı, Zaqatala dövlət təbiət qoruqlarının əraziləri iki-üç dəfədən çox genişləndirildi.
Sahəsinə görə respublikamızın ən böyük qoruqlarından biri Qızılağac Dövlət Təbiət Qoruğudur. Xəzər dənizinin cənubi-qərb sahilində yerləşən bu qoruğun sahəsinə Ağ quşa-Lopatin daşmaları, Kalinovka limanı, Böyük Qızılağac körfəzi və Kiçik Qızılağac körfəzinin şimal hissəsi və ona birləşən quru ərazisi daxildir. Ümumiyyətlə isə, qoruq Lənkəran, Masallı və Neftçala rayon ərazilərinin bir hissəsini özündə birləşdirir.
Bu qoruğun yaradılmasında əsas məqsəd təbiətin öyrənilməsi, onun qorunması, eləcə də bioloji şəraitin məhsulu olan zəngin quşlar aləminin mühafizəsidir. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən aldığımız məlumata görə, burada 23 növ məməli, 270 növə yaxın quş, 12 növ sürünən və 47 növ balıq həyat sürür. 20-yə yaxın quş növü "Qırmızı kitab"a daxil edilmişdir. Buranın yaşıl örtüyü də zəngindir. Qızılağac florasının 310-a yaxın bitki növü vardır. 1971-ci ildən Qızılağac Dövlət Təbiət Qoruğu Beynəlxalq Konvensiyanın ilk 12 su bataqlıq regionunun biri kimi siyahıya daxil olmuş, bununla da beynəlxalq əhəmiyyətli qoruq statusunu qazanmışdır.
Qızılağac "qonaqlı-qaralı"dır. Dünyanın müxtəlif yerlərindən kütləvi şəkildə bura quşlar qanadlanır. Hər il qoruğa qu quşları, qızıl qazlar, boz qazlar və s. quşlar qışlamağa gəlir. Qoruğun yaz fəsli daha maraqlı olur. Dünyanın Şərq ölkələrindən, isti yerlərdən bura qanadlanan quşların sayı-hesabı bilinmir: qaranazlar, ərsindimdiklər, sarı və ağ vağlar, Misir vağları, qırıldaqlar və s. Qoruğa quşların payız gəlişi qismən sentyabr ayından, kütləvi surətdə isə oktyabr, noyabr aylarından başlayaraq dekabrın sonuna kimi davam edir. Qonaqları isə həmişə yerli "sakin"lər - soltan toyuğu, bəzdək, çay ördəkləri, qaşqaldağlar, qızıl qaz, qu quşları (yerlisi də var, gəlməsi də), turac, qağayılar, sərçələr, qumrular, hacıleyləklər və s. qarşılayır.
Qızılağacın heyvanlar aləmi də zəngindir. Burada canavar, çaqqal, tülkü, qamış pişiyi, porsuq, dovşan, dələ, sincab və s. məskən salmışdır. Sürünənlərdən tısbağa, kərtənkələ, gürzə və digər ilan növləri müşahidə edilir. Cücü yeyənlərdən - uzunquyruq ağ diş və Zaqafqaziya kirpisi, suda-quruda yaşayanlardan isə müxtəlif növ qurbağalar mövcuddur. Su heyvanlarından Böyük Qızılağac körfəzində Xəzər suitisi, balıqlardan siyənək, ziyad, çəki, naha, çapaq, kefal, durna kimilər və başqa növlər var.
Azərbaycan təbiətinin pasibanı sayılan akademik Həsən Əliyev həmişə Qızılağac qoruğuna xüsusi əhəmiyyət verər, onun mühafizəsi və zənginləşməsi sahəsində əvəzsiz xidmətlər göstərərdi. Vaxtilə yazdığı "Həyəcan təbili" kitabında ölkəmizdə ekoloji tarazlığın və biomüxtəlifliyin pozulması ilə əlaqədar belə qoruqların yaradılmasını, yaşadılmasını vacib məsələlərdən biri sayırdı. Unudulmaz akademik Qızılağac qoruğunu xüsusi dəyərləndirərək onu əhalinin ekoloji baxımdan maarifləndirmək üçün əsas mənbə hesab edirdi.
Əgər ümummilli lider Heydər Əliyev Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yaradılması ilə əlaqədar verdiyi sərəncamla əhali arasında ekoloji maarifləndirmənin yaxşılaşdırılmasının əsasını qoydusa, Prezident İlham Əliyev Azərbaycana rəhbərlik etdiyi ilk günlərdən ekoloji tarazlığın və biomüxtəlifliyin qorunması ilə bağlı imzaladığı sərəncamlarla ölkəmizdə milli parkların salınmasında yeni bir dövr başladı.
İstər milli parkların, istərsə də qoruqların sayının hər il artırılması Azərbaycanda təbiətin və biomüxtəlifliyin qorunub saxlanılmasında, əhalinin ekoloji maarifləndirilməsinin dövlət səviyyəsində həyata keçirilməsində tədbirlərin uğurlu nəticələrindən xəbər verir. Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın ötən illərdən başlayaraq mükəmməl şəkildə həyata keçirdiyi "Hərəmiz bir ağac əkək" devizi bu gün respublikamıza yeni yaşıl libas tikməkdədir.
Bu günlərdə fotomüxbirimizin Qızılağac Dövlət Təbiət Qoruğundan lentə köçürdüyü şəkillərə baxdıqca ürəyimiz fərəhlənir, gözlərimiz sevinir. Azərbaycan təbiətinin min bir gözəlliyi adama ruh verir. Qoruğun rəngarəngliyi, bitki, əsasən də heyvanlar aləminin zənginliyinin çox sayda yerli və xarici turistləri özünə cəlb edəcəyinə əminik. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına əsasən, Qızılağac Dövlət Təbiət Qoruğu, Qızılağac Dövlət Təbiət Yasaqlığının və ona bitişik ərazilərin sahələrinin hesabına tezliklə Azərbaycanda nəhəng Dənizkənarı Milli Parkın yaradılması nəzərdə tutulmuşdur. Qoruğun əməkdaşları - Sakit Nəbiyev, Cəlil Səfərov, Rəhim Əliyev bildirirlər ki, yüz min hektar ərazidə yaranacaq bu gözəllik ünvanı həm yurdumuza, həm də xalqımıza yeni şöhrət gətirəcək. Hələlik həm yerli, həm də gəlmə quşlar min ilin dostu kimi ağız-ağıza verərək öz nəğmələrini oxuyurlar. Bu həmrəylikdən hamımıza xoş emosiyalar gəlir.
Sirli-sehrli təbiətin möcüzəsi çoxdur. Havasını alır, suyunu içir, nemətini dadır, qoynunda rahatlıq tapır, əvvəldən sonadək ona bağlı oluruq. Ruhumuz da ondan qidalanır, gözümüz də onun gözəlliklərindən dincəlir. Özümüz də təbiətin bir parçasıyıq. Bu səbəbdən də ürəkdən deyirik: Azərbaycan təbiəti elə vətən deməkdi. Bəlkə də elə bu istəyin diktəsidir ki, ümummilli lider Heydər Əliyev üzünü soydaşlarımıza tutaraq deyirdi: "Qoy çaylarımız qurumasın! Qoy ağaclarımız kəsilməsin, qoy çırağımız sönməsin!.."
Ulu öndər Heydər Əliyev həmişə bizimlədir. Təbiətimiz yolunda apardığı mübarizə bu gün də yaşamaqdadır.
Flora XƏLİLZADƏ
Azərbaycan.- 2011.-7 avqust.- S. 1.