Düşünülmüş, sürətli və davamlı inkişaf

 

Özəlləşdirmə siyasəti yeni mərhələdə

 

Dövlət əmlakının özəlləşdirilməsi siyasəti sonrakı dövrdə ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən davam etdirilərək Azərbaycan iqtisadiyyatına yeni töhfələr qazandırdı, Dövlət başçısı bu istiqamətdə xeyli sayda fərman və sərəncamlar verdi. Onlardan biri "Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı"na əlavə və dəyişikliklərin edilməsi barədə oldu. Proqrama edilən əlavələrə əsasən, özəlləşdirmə paylarının (çeklərinin) tədiyə vasitəsi kimi istifadə müddəti başa çatdıqdan sonra, dövlət müəssisələrinin çevrilməsi nəticəsində yaranmış səhmdar cəmiyyətlərinin güzəştli satışa çıxarılmış səhmlərinin sayı bunda iştirak etmək hüququ olan şəxslərin sayına bölünməklə, bir nəfərin əldə edə biləcəyi maksimum səhmlərin sayı müəyyən edilir.

Güzəştli satışda iştirak edən hər bir şəxs almaq istədiyi sayda səhmlərin nominal dəyərinin 30 faiz güzəşt edilmiş məbləği həcmində ödəniş etməlidir. Həmin məbləğin ödənilməsi Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təsdiq olunmuş qaydalara uyğun həyata keçiriləcəkdi. Başqa bir əlavəyə görə, çeklərin tədiyə vasitəsi kimi istifadə müddəti başa çatdıqdan sonra kiçik müəssisə kimi özəlləşdirilən müəssisə və obyektin ilkin (start) qiymətinin güzəştli satışa yönəldilən hissəsinin 70 faiz güzəşt edilmiş məbləği güzəştli satışda iştirak etmək hüququ olan şəxslərin sayına bölünməklə hər bir işçinin bərabər həcmdə tam ödəyəcəyi məbləğ və ona müvafiq əldə edəcəyi əmlak payı müəyyən edilir. Məbləğin ödənilməsi Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təsdiq olunmuş qaydalara uyğun həyata keçirilir. Anoloji əlavələr "ATSC-yə çevrilən dövlət müəssisələrinin səhmlərinin əmək kollektivinə güzəştli satışı haqqında Əsasnamə"yə də edilib.

Əsası Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilən genişmiqyaslı iqtisadi islahatlar çərçivəsində dövlət mülkiyyətinin özəlləşdirilməsi prosesində sosial ədalət prinsipinin və vətəndaşların bütün təbəqələrinin bərabərhüquqlu iştirakının təmin edilməsi məqsədilə dövriyyəyə buraxılan dövlət özəlləşdirmə payları (çekləri) mühüm rol oynayıb. Çeklərin dövriyyəyə buraxılması 1996-cı il yanvar ayının 1-dən başlayıb və iki mərhələdə həyata keçirilib. Ümumilikdə vətəndaşlara 31,9 milyon dəyərində özəlləşdirmə çeki paylanılıb. Qanunvericiliyə uyğun olaraq 1997-ci il yanvar ayının 1-dək anadan olmuş Azərbaycan Respublikasının hər bir vətəndaşına əvəzsiz olaraq 4 çekdən ibarət özəlləşdirmə payları verilib. Qanunvericilik əsasında dövlət özəlləşdirmə çeklərindən ixtisaslaşdırılmış çek hərraclarında, investisiya müsabiqələrində, özəlləşdirilən müəssisələrin əmək kollektivi üzvləri arasında keçirilən güzəştli satışda istifadəsi müəyyənləşdirilib. Ötən dövr ərzində vətəndaşların, eləcə də hüquqi və fiziki şəxslərin özəlləşdirmə prosesində bərabərhüquqlu iştirakını, özəlləşdirmə çeklərindən daha səmərəli istifadəni təmin etmək məqsədilə qanunvericiliklə nəzərdə tutulan zəruri tədbirlər həyata keçirilib. Ümumilikdə özəlləşdirmə prosesi çərçivəsində 25,5 milyona yaxın dövlət özəlləşdirmə çeki silinib ki, bu da dövriyyəyə buraxılmış ümumi çeklərin təxminən 80 faizini təşkil edir. Dövlət özəlləşdirmə çeklərindən daha geniş istifadənin təmin olunması məqsədilə onların tədavül müddəti bir neçə dəfə uzadılıb. Belə ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanları ilə 2002-ci il yanvarın 1-nə, 2004-cü il iyulun 1-nə, 2008-ci il yanvarın 1-nə kimi çeklərdən istifadə müddəti artırılıb. Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında dövriyyəyə buraxılmış dövlət özəlləşdirmə paylarından (çeklərindən) özəlləşdirmə prosesində istifadənin təmin olunması sahəsində əlavə tədbirlər haqqında" 23 dekabr 2009-cu il tarixli Fərmanı ilə sonuncu dəfə çeklərin tədavül müddəti uzadılıb. Qeyd edilən fərmana əsasən dövriyyəyə buraxılmış dövlət özəlləşdirmə çeklərinin tədavül müddəti 2010-cu il dekabrın 31-də başa çatıb. Azərbaycanda özəlləşdirmə çeklərinin istifadə müddəti başa çatmasından sonrakı dövr üçün yeni özəlləşdirmə mexanizmləri müəyyənləşdirilib. Dövlət başçısının "Azərbaycanda dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarına əlavələr və dəyişikliklər edilməsi barədə" 22 iyun 2010-cu il tarixli Fərmanına əsasən yaradılan yeni mexanizmlər özəlləşdirmə paylarının (çeklərin) müddəti başa çatandan sonra əhalinin özəlləşdirmədə iştirakını təmin edir. Bu dəyişikliklər həm səhmdar cəmiyyətlərinin səhmlərinin güzəştli satışı, pul və ixtisaslaşdırılmış çek hərracları, həm də kiçik müəssisələrin özəlləşdirilməsi prosesini əhatə edir.

İqtisadi islahatların dərinləşməsində böyük əhəmiyyət kəsb edən özəlləşdirmə prosesi getdikcə daha məhsuldar olub. Bunu özəlləşdirilmiş kiçik dövlət müəssisə və obyektlərinin illər üzrə statistikası da təsdiq edir. Hesablamalar gösətrir ki, 2003-cü ildə özəlləşdirilən belə obyektlərin sayı 1609, 2004-cü ildə 1934, 2005-ci ildə 2468, 2006-cı ildə 3121, 2007-ci ildə 2148, 2008-ci ildə 1781, 2009-cu ildə 668 olub. 2007-ci ildən etibarən özəlləşdirməyə səhiyyə müəssisələri, uşaq bağçaları, kinoteatrlar da çıxarılıb. 1996-2009-cu illərdə özəlləşdirilən kiçik dövlət müəssisə və obyektləri qismində məişət xidməti, ticarət və iaşə obyektləri, YDM, çörək mağazaları, çörək bişirmə obyektləri (avadanlıqlar), sənaye müəssisələri və avadanlıqlar, tikinti müəssisələri, tikintisi başa çatdırılmamış obyektlər, icarəyə verilmiş və istifadəsiz qeyri-yaşayış sahələri, digər sahələr, aptek, nəqliyyat vasitələri, səhiyyə müəssisələri, uşaq bağçaları, kinoteatrlar çıxış edib. Bu zaman özəlləşdirilən dövlət müəssisə və obyektlərin sayı 42144-ə çatıb.

Dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı çərçivəsində 2010-cu ildə dövlət büdcəsinə 57 milyon manata yaxın vəsait köçürülüb. Bu, müəyyən edilən proqnozdan 3,1 faiz çox olub. Beləliklə, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan özəlləşdirmə siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurlu davamı Azərbaycan iqtisadiyyatının dinamik templərlə inkişafında özünəməxsus vacib rol oynayıb və oynamaqdadır.

 

Uğurlu aqrar siyasət kənd təsərrüfatının inkişafının əsas rəhnidir

 

Dünya təcrübəsi sübut edir ki, azad bazar münasibətləri şəraitində sosial-iqtisadi inkişafı sürətləndirən və tərəqqi prosesində əsas rol oynayan amillərdən biri də aqrar sferada yaradılan münasibətlərdir. Çünki aqrar sahənin davamlı inkişafını təmin etmək üçün zamanla həyata keçirilən islahatlar təkcə torpaq münasibətlərini əhatə etməyərək, istehlak bazarına, investisiya siyasətinin formalaşmasına, sosial inkişafa, kənd təsərrüfatı resurslarının reallaşmasına da təsirsiz ötüşmür. Bu mənada elmi əsaslara söykənən aqrar siyasətin hazırlanması və onun uğurlu tətbiqi hər bir dövlətin qarşısında duran əsas vəzifələrdən biri kimi çıxış edir.

Kənd təsərrüfatının idarə olunmasında iqtisadi metod və stimullaşdırıcı tədbirlərin həyata keçirilməsində, bu sahədə fərdi və müəssisə təşəbbüslərinin genişlənməsində, təsərrüfat hesabının təkmilləşməsində, istehsal kollektivlərinin fəaliyyətlərində maddi maraq və məsuliyyətin yüksəlməsində düzgün qurulmuş aqrar siyasət müstəsna rola malikdir. Təkmil aqrar siyasət isə öz növbəsində zamanla ayaqlaşan, inkişaf prosesini daha da sürətləndirən islahatlar tələb edir. Belə islahatların əsas məqsədi kənd təsərrüfatı məhsullarının istehsalında davamlı artımı təmin etmək, bu zaman iqtisadi səmərəlilik əmsalını yüksəltmək, əhalinin keyfiyyətli ərzaq məhsulları ilə təmininə, kənd yerlərində sosial şəraitin yaxşılaşmasına nail olmaqdır. Bu məqsədlərə çatmaq üçün kənd təsərrüfatında çalışanların sosial fəallığının yüksəldilməsi, onların təsərrüfat müstəqilliyi əsasında təşəbbüs və işgüzarlıqlarının inkişaf etdirilməsi, istehsal vasitələri və digər maddi formada yardımlar edilməsi vacib şərtlər kimi çıxış edir.

Qeyd edilənlər ətraflı düşünülmüş aqrar siyasətin hazırlanması, onun uğurlu nəticələrə gətirib çıxaracaq formada həyata keçirilməsini olduqca vacib, lakin bir o qədər də mürəkkəb proses olduğunu bariz şəkildə nümayiş etdirir. Bu, xüsusən də inkişaf etməkdə olan dövlətlərin sırasında yer alan ölkələrə, o cümlədən 1991-ci ildə Sovetlər İttifaqının dağılmasından sonra müstəqillik əldə edən respublikalara şamil olunur. Azərbaycanda ötən əsrdə ikinci dəfə olaraq dövlət müstəqilliyini qazandıqdan sonra qarşıda duran həlli vacib problemlərdən biri də yeni torpaq siyasətinin həyata keçirilməsi, aqrar sferada bazar iqtisadiyyatının tələblərinə cavab verən islahatların aparılması idi. Çünki bu, iqtisadiyyatın qısa müddət ərzində yeni əsaslarla yeni şəraitdə inkişafına yol açan ən əsas və həlledici əhəmiyyətə malik məqamlardan sayılırdı. Müstəqil Azərbaycanın yeni tərəqqi yoluna qədəm qoyması üçün vacib olan bütün digər məsələlər kimi, torpaq islahatlarının aparılması da ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.

Ulu öndərin fəaliyyətində aqrar-iqtisadi siyasət hər zaman özünəməxsus yer tutduğundan Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi illərdə sözügedən sahə mütəmadi inkişaf yolunda olub. Hələ Azərbaycana rəhbərlik etdiyi birinci dövrdə Heydər Əliyevin şəxsi təşəbbüsü və bilavasitə köməyi sayəsində aqrar sahənin inkişafına dair mühüm tarixi qərarlar qəbul edilib, genişmiqyaslı işlər görülüb. Məsələn, 1970-ci ildə "Azərbaycanda kənd təsərrüfatının inkişaf etdirilməsi haqqında", 1975-ci ildə "Azərbaycanda kənd təsərrüfatı istehsalının daha da intensivləşdirilməsi haqqında", 1976-cı ildə "1976-1980-ci illərdə torpaqların meliorasiyası və meliorasiya olunmuş torpaqların istifadəsinin yaxşılaşdırılması tədbirləri haqqında" qərarların qəbulu bu qəbildəndir. Bununla yanaşı, 1969-1982-ci illərdə məhz respublika üçün mühüm əhəmiyyət kəsb edən Sərsəng, Madagiz, Araz, Arpaçay, Baş Mil, Yuxarı Mil, Yeni Xan qızı, Caqar-Cibir magistral kanalları, Naxçıvan MR-də üç pilləli Qaraçuq və ikipilləli Arpaçay nasos stansiyaları, Naxçıvan suvarma sistemi, Abşeron suvarma sistemi, Zaqolovoçay su anbarı, Lənkərançay su anbarı kompleksi, Mərkəzi-Muğan və Cənub-Şərqi Şirvan qış otlaqlarının su təminatı sistemləri və digər bu kimi yüzlərlə obyektlər tikilib istifadəyə verildi. Həmin müddətdə meliorasiya və su təsərrüfatı kompleksinə sovet hakimiyyəti dövrünün əvvəlki illəri ərzində qoyulan vəsaitdən 2 dəfə artıq vəsait yönəldildi. Bu illərdə aparılmış geniş quruculuq işləri sayəsində suvarılan torpaqların ümumi sahəsi 1,5 dəfədən çox artdı.

Aqrar sahəyə xüsusi diqqət və qayğı sayəsində kənd təsərrüfatında əldə olunan nailiyyətlərin miqyası durmadan genişləndi. Təkcə bir faktı qeyd etmək kifayətdir ki, 1983-cü ildə Azərbaycanda istehsal olunmuş kənd təsərrüfatı məhsullarının ümumi dəyəri 1970-ci ildəkinə nisbətən 2,2 dəfə, bitkiçilik üzrə 2,6 dəfə, heyvandarlıq sahəsində isə 1,7 dəfə artdı. Kənd təsərrüfatının ayrı-ayrı sahələrində yaşanan davamlı tərəqqi məcmu istehsalın illər üzrə yüksələn xətt üzrə inkişafına gətirib çıxardı. Nəticədə kənd təsərrüfatının artım sürəti orta İttifaq səviyyəsini xeyli qabaqladı. Bu dövrdə Heydər Əliyevin tez-tez kənd təsərrüfatı rayonlarına getməsi, görüşlər keçirməsi, insanların qayğıları ilə yerində maraqlanması, eyni zamanda onların əməyinin yüksək şəkildə qiymətləndirilməsi də inkişaf prosesinə özünəməxsus töhfələr verirdi.

 

Aqrar münasibətlərin yeni keyfiyyət mərhələsi

 

Lakin aqrar sektorda yaşanan inkişaf Heydər Əliyevin Azərbaycan və SSRİ rəhbərliyindən getməsindən sonra dayanaraq özünün tənəzzül mərhələsinə daxil oldu. Dövlət müstəqilliyinin əldə olunmasından sonra ilk illərdə hakimiyyətdə yer alan qüvvələrin həyata keçirdiyi siyasət digər sahələrdə olduğu kimi, aqrar sektorda da tənəzzül prosesini dərinləşdirdi. Nəticədə kənd təsərrüfatında başlanan böhran üzündən bu sahədə məhsul istehsalının həcmi xeyli dərəcədə aşağı düşdü. Buna adekvat olaraq istehsalçıların maddi rifah halı pisləşməyə, istehsal şəraiti acınacaqlı vəziyyətə düşməyə başladı. Azərbaycan əkinçisinin torpaq mülkiyyətçisi olmaq arzusunun reallaşması istiqamətində də heç bir əməli tədbir görülmədi.

Halbuki hələ Naxçıvan Muxtar Respublikasına rəhbərlik etdiyi dönəmdə Heydər Əliyev bazar iqtisadiyyatının tələblərinə cavab verən aqrar islahatlara start vermişdi. Ulu öndər Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Sədri işləyərkən 1992-ci ilin aprel ayında muxtar respublikanın qanunverici orqanının sessiyasında aqrar islahatlara dair xüsusi qərarlar qəbul olunmuşdu. O dövrdə Culfa rayonunun Şurut və Gal kəndlərində Heydər Əliyev tərəfindən həyata keçirilən torpaq islahatları ümummilli liderin respublika Prezidenti seçilməsindən sonra bütün ölkəyə tətbiq edildi. Bu proses dünyada analoqu olmayan bir şəkildə, yəni torpaqların pulsuz olaraq əvəzsiz pay kimi vətəndaşlara verilməsi ilə həyata keçirildi.

Təcrübəli rəhbər kimi Heydər Əliyev bildirirdi ki, müstəqil inkişaf yoluna qədəm qoymuş respublikada artıq köhnə sosialist sistemindən imtina edilməli, yeni mütərəqqi sistem yaradılmalı, iqtisadi siyasət gücləndirilməli, yəni bazar iqtisadiyyatına keçilməli, iqtisadiyyatın bütün sahələrində, o cümlədən kənd təsərrüfatında islahatlar aparılmalıdır. Ulu öndər qeyd edirdi ki, təsərrüfat sahəsində iqtisadi islahatlar Azərbaycanın yeganə yoludur və respublikada dövlət mülkiyyətinin özəlləşdirilməsində, mülkiyyət formalarının dəyişdirilməsində, sahibkarlıq üçün şərait yaradılmasında və ümumiyyətlə, Azərbaycan iqtisadiyyatının bütün sahələrində bazar iqtisadiyyatı prinsiplərinin həyata keçirilməsində aqrar bölmənin ehtiyat mənbələri böyük əhəmiyyət kəsb edir. Bütün bunların məntiqi nəticəsi olaraq Heydər Əliyev ölkə əhalisinin ərzaqla, sənayenin bir çox sahələrinin xammalla təmin edilməsində kənd təsərrüfatının imkanlarından maksimum istifadə edilməsi ilə yanaşı, bu sahədə islahatların keçirilməsinin sürətləndirilməsini ön plana çəkirdi. Bununla bağlı Heydər Əliyevin rəhbərliyi və təşəbbüsü ilə 1993-cü ildən başlayaraq hər il azı iki və ya üç dəfə kənd təsərrüfatının, aqrar bölmənin problemlərinə dair müşavirələr keçirilməsinə başlandı. 1993-2000-ci illərdə belə müşavirələrin tez-tez keçirilməsi həm də ölkədə özəlləşdirmə və torpaq islahatları aparmaq üçün daha əlverişli qərarların qəbul edilməsinə, qanunverici bazanın təkmilləşdirilməsinə, icra strukturları arasında düzgün koordinasiyaya nail olmağa xidmət edirdi.

1994-cü il dekabrın 23-də kənd təsərrüfatında iqtisadi islahatlara həsr olunmuş respublika müşavirəsində aqrar islahatların vacibliyinə diqqət çəkən ulu öndər qeyd edirdi: "Aqrar bölmədə iqtisadi islahatlar aparmaq, mülkiyyət formasını dəyişmək, torpaq islahatı keçirmək, sərbəst iqtisadiyyata geniş yol açmaq respublikamızın həyatında çox mühüm, eyni zamanda, son dərəcə əhəmiyyətli, məsuliyyətli və taleyüklü məsələdir". Bundan sonra aqrar islahatları həyata keçirmək üçün mükəmməl hüquqi baza yaradıldı, onlarla fərman, sərəncam və digər hüquqi aktlar hazırlanıb qəbul edildi.

 

Təkmil aqrar islahatlara xidmət edən hüquqi baza

 

1995-ci il fevralın 18-də "Aqrar islahatın əsasları haqqında" qüvvəyə minən qanun bu sahədə əsas hüquqi bazalardan biri kimi çıxış etdi. Sözügedən qanun ölkənin aqrar-sənaye kompleksinin islahatının əsas istiqamətlərini və onların hüquqi təminatını müəyyən edirdi və onun müddəaları aqrar islahat sahəsində digər normativ aktlar üçün əsas idi.

Qanuna əsasən, aqrar sahədə aparılan islahatın məqsədi aqrar bölməni böhrandan çıxarmaq, iqtisadiyyatı sabitləşdirmək, əhalinin sosial-iqtisadi vəziyyətini yaxşılaşdırmaqdan ibarət idi. İslahatın vəzifələri kimi torpaq və əmlak üzərində yeni mülkiyyət münasibətlərinin formalaşdırılmasından, bazar iqtisadiyyatına uyğun istehsal və infrastruktur sahələrində müxtəlif növlü təsərrüfatların yaradılması və inkişafı ilə istehsal münasibətlərinin dəyişdirilməsi və təkmilləşdirilməsi çıxış edirdi.

Aqrar islahatın əsas istiqamətləri olaraq aşağıdakılar göstərilirdi: aqrar bölmədə yeni mülkiyyət münasibətlərinin formalaşdırılması; torpaq, meliorasiya və su təsərrüfatının islahatı; müxtəlif növlü təsərrüfatların yaradılması; aqrar bölmənin dövlət təminatı. Bu zaman dövlətin iqtisadi siyasəti ilə aqrar islahatın uzlaşması, islahatın aparılmasında sosial ədalətin və könüllülüyün təmin edilməsi, əmtəə istehsalçılarına təsərrüfat fəaliyyətinin təşkilində və öz məhsullarına sərəncam verməkdə tam sərbəstliyin təmin edilməsi, respublikanın kənd təsərrüfatı xüsusiyyətlərinin nəzərə alınması, ətraf mühiti mühafizə tələblərinə əməl edilməsi, kəndin sosial inkişafı və əhalinin sosial müdafiəsi aqrar islahatın əsas prinsipləri kimi götürülürdü.

Qanunda aqrar bölmədə yeni mülkiyyət münasibətlərinin formalaşdırılması da öz əksini tapmışdı. Qeyd olunurdu ki, dövlət mülkiyyətində, bir qayda olaraq, elmi tədqiqat və tədris müəssisələri, onların təcrübə bazaları, baytarlıq və bitki mühafizəsi obyektləri, cins toxumçuluq və damazlıq təsərrüfatları, balıqartırma müəssisələri, təbiəti mühafizə obyektləri, qoruqları, mühüm heyvandarlıq və quşçuluq kompleksləri, emal müəssisələri, meliorasiya və su təsərrüfatı obyektləri, kənd təsərrüfatı maşınları istehsalı və təmiri müəssisələri, maşın-sınaq stansiyaları və dövlət əhəmiyyətli digər obyektlər saxlanılır. Ancaq o da bildirilirdi ki, aqrar bölmənin dövlət mülkiyyətində olan yerli əhəmiyyətli obyektləri bələdiyyə mülkiyyətinə verilə bilər. Həmçinin bələdiyyə mülkiyyətinə mülkiyyətçilərin qərarı ilə digər əmlak da verilə bilərdi.

Aparılan islahat torpaqların dövlət və bələdiyyə mülkiyyətinə ayrılmasını, müəyyən edilmiş normalar əsasında torpaqların xüsusi mülkiyyətə əvəzsiz verilməsini, mülkiyyət formasından asılı olmayaraq, torpaq istifadəçilərinə təsərrüfat fəaliyyəti üçün bərabər şərait yaradılmasını nəzərdə tuturdu. O da vurğulanırdı ki, torpaq mülkiyyətçisinin Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq torpağı satmaq, bağışlamaq, dəyişmək, girov qoymaq, icarəyə və vərəsəliyə vermək, əlavə torpaq sahəsi satın almaq hüquqları vardır.

İslahat zamanı ərazinin təbii-coğrafi şəraiti, əhalinin sıxlığı və kənd təsərrüfatı istehsalında iştirakı, torpaqların keyfiyyəti, torpaqdan istifadənin yerli xüsusiyyətləri nəzərə alınır, torpaqlardan təyinatına görə istifadə olunması və ətraf mühiti mühafizə tələbləri gözlənilirdi. Aparılan islahat meliorasiya və su təsərrüfatı obyektləri üzərində mülkiyyət münasibətlərini dəyişdirmək və sudan istifadənin səmərəliliyini yüksəltməyi də özündə ehtiva edirdi. Bildirilirdi ki, iri su mənbələri, meliorasiya və suvarma sistemləri, onların istismarı müəssisələri və digər obyektlər dövlət mülkiyyətində saxlanılır.

Qanunda emal sənayesinin və istehsal infrastrukturu obyektlərinin dövlətsizləşdirilməsi və özəlləşdirilməsi, sosial infrastrukturda yeni mülkiyyət münasibətləri, istehlak kooperasiyasının islahatı, mülkiyyət münasibətlərindən və təsərrüfatçılıq formalarından asılı olaraq müxtəlif növlü təsərrüfatların növləri, onların yaradılması, sovxoz və kolxozların islahatı, aqrar bölməyə dövlət himayəsinin istiqamətləri, aqrar bazarın dövlət tənzimlənməsi və digər mühüm məsələlər də ehtiva olunurdu.

"Sovxoz və kolxozların islahatı haqqında" qanun da yeni iqtisadi şəraitdə aqrar münasibətlərin tənzimlənməsi baxımından mühüm əhəmiyyət kəsb edirdi. Burada islahatın məqsədi kimi bazar iqtisadiyyatına uyğun müxtəlif növlü təsərrüfat formalarını yaratmaq və aqrar bölmədə sahibkarlığı inkişaf etdirmək göstərilirdi. İslahatın vəzifələri isə sovxoz və kolxozların kəndli (fermer) təsərrüfatlarına bölünməsindən, birgə sahibkarlığa əsaslanan xüsusi mülkiyyətli kənd təsərrüfatı müəssisələrinə çevrilməsindən, sovxozların bazasında dövlət kənd təsərrüfatı müəssisələrinin yaradılmasından, şəxsi yardımçı təsərrüfatların inkişafından, yaradılmış təsərrüfatların kooperasiyası və xidmət sahələrinin təşkilindən ibarət idi.

Aqrar sferada islahatlara xidmət edən və təkmil xarakterə malik hüquqi baza qismində vacib qanunvericilik aktından biri kimi 1996-cı il iyulun 16-da təsdiq olunan "Torpaq islahatı haqqında" qanun çıxış edirdi. Qanun ölkədə torpaq islahatının aparılmasının hüquqi əsaslarını və qaydalarını müəyyən edirdi.

Onun məqsədi iqtisadi azadlıq və sosial ədalət prinsipləri əsasında torpaq üzərində yeni mülkiyyət münasibətlərini yaratmaq, bazar iqtisadiyyatını və sahibkarlıq təşəbbüsünü inkişaf etdirmək, ölkənin iqtisadi müstəqilliyinə, o cümlədən ərzaq təminatına nail olmaq və nəticə etibarı ilə Azərbaycan xalqının maddi rifahını yüksəltməkdən ibarət idi. Torpaq islahatının vəzifələri Azərbaycan Respublikası ərazisində dövlət torpaqlarının müəyyən edilməsini, torpaqların bələdiyyə və xüsusi mülkiyyətə verilməsini, mülkiyyətçilərin torpağa sahiblik, istifadə və sərəncam hüquqlarını təmin etmək idi. Torpaq islahatının obyekti Azərbaycan Respublikasının vahid torpaq fondu idi ki, islahat zamanı bu fondda dövlət mülkiyyətində saxlanılan torpaqlar (dövlət torpaqları); bələdiyyə mülkiyyətinə verilən torpaqlar (bələdiyyə torpaqları); xüsusi mülkiyyətə verilən torpaqlar müəyyən edilirdi.Qanuna əsasən, torpaq xüsusi mülkiyyətə Azərbaycan Respublikasının vətəndaşlarına və hüquqi şəxslərinə verilirdi. Qeyd olunur ki, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, beynəlxalq birliklər və təşkilatlar, habelə xarici dövlətlər Azərbaycan Respublikasında torpaq sahələrini yalnız icarə hüququ əsasında əldə edə bilərlər.

Torpaq islahatı aparılarkən aşağıdakı şərtlərə əməl edilməli idi: ərazinin təbii-coğrafi şəraitinin, əhalinin sıxlığının, torpaqdan istifadənin yerli xüsusiyyətlərinin, torpaqların keyfiyyətinin nəzərə alınması; torpaqlardan təyinatı üzrə istifadə edilməsi; ətraf mühitin mühafizəsinin təyin edilməsi; torpaq islahatının yerquruluşu layihələri əsasında aparılması.

Burada göstərilirdi ki, dövlət mülkiyyətində aşağıdakı torpaqlar saxlanılır: 1) dövlət hakimiyyət orqanlarının yerləşdiyi torpaqlar; 2) dövlət obyektlərinin - dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar; 3) yay və qış otlaqlarının, mal-qara düşərgələrinin və köç yollarının torpaqları; 4) meşə fondu torpaqları (dövlət kənd təsərrüfatı müəssisələrinin meşələri də daxil olmaqla); 5) Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin su fondu torpaqları; 6) Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaqlar; 7) təbiəti mühafizə, təbii-qoruq, sağlamlaşdırma, istirahət, tarixi-mədəniyyət təyinatlı torpaqlar, habelə üzərində təsərrüfat fəaliyyəti qadağan edilmiş qanunla qorunan ərazilərin torpaqları; 8) dövlət elmi-tədqiqat və tədris müəssisələrinin, onların təcrübə bazalarının, maşın-sınaq stansiyalarının, dövlət sort-sınaq xidmətinin, toxumçuluq və damazlıq təsərrüfatlarının torpaqları; 9) dövlət müəssisə, idarə və təşkilatların daimi istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş torpaqlar; 10) dövlət ehtiyat fondu torpaqları. Göstərilən torpaqlar dövlətin müstəsna mülkiyyətindədir, onlar qanunvericilikdə müəyyən olunmuş qaydada istifadəyə və icarəyə verilə bilər.

Həmin torpaqların bələdiyyə və xüsusi mülkiyyətə verilməsi qanunla müəyyən edilir. Dövlət torpaqlarının istifadəsi və mühafizəsi sahəsində dövlət idarəetməsini öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları həyata keçirir.Qanuna görə, müvafiq ərazi vahidi daxilində dövlət mülkiyyətində saxlanılan və xüsusi mülkiyyətə verilən torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə mülkiyyətinə verilir. Bələdiyyə mülkiyyətinə verilən torpaqlara bunlar daxil olunur: ümumi istifadədə olan torpaqlar; fiziki və hüquqi şəxslərin istifadəsində olan torpaqlar; ehtiyat fondu torpaqları.

Xüsusi mülkiyyətdə olan torpaqlara dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, torpaqların alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin bağlanması, habelə torpaqların hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında üzərində fiziki və hüquqi şəxslərin xüsusi mülkiyyət hüququ yaranmış torpaq sahələri aid olunur. Qanunda o da bildirilirdi ki, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Bundan başqa, vətəndaşların qanuni istifadəsindəki torpaqların özəlləşdirilməsi qaydası, sovxoz və kolxozların özəlləşdirilən torpaqları, sovxoz və kolxozların torpaqlarından pay almaq hüququ olan subyektlər, sovxoz və kolxozların torpaqlarının özəlləşdirilməsi qaydası, özəlləşdirilən torpaqlarda təsərrüfat formalarının yaradılması, torpaq mülkiyyətçilərinin hüquqlarının tənzimlənməsi kimi mühüm məsələlər də qanunda öz əksini tapdı.

Torpaq islahatlarının aparılması istiqamətində "Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında" Azərbaycan Respublikasının 22 dekabr 1998-ci il tarixli Qanunu, "Torpaq icarəsi haqqında" Azərbaycan Respublikasının 12 mart 1999-cu il tarixli Qanunu, Azərbaycan Respublikasının 25 iyun 1999-cu il tarixli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Torpaq Məcəlləsi", "Torpaq bazarı haqqında" Azərbaycan Respublikasının 7 may 1999-cu il tarixli Qanunu aqrar sektorda islahatların aparılması baxımından mühüm rol oynadı. Ümumiyyətlə, 1995-2004-cü illərdə aqrar sahə ilə əlaqədar olan 100-dən yuxarı normativ-hüquqi akt qəbul olundu.

"Aqrar islahatların həyata keçirilməsini təmin edən bəzi normativ-hüquqi aktların təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli 534 saylı Fərmanından sonra islahatların sürətlə həyata keçirilməsi prosesi başladı. "Aqrar sahədə islahatların sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 22 mart tarixli Fərmanından sonra torpaq-istehsal münasibətlərinin formalaşmasında və daha da dərinləşməsində köklü irəliləyişlərə nail olundu. Bu fərmanla kənd təsərrüfatı məhsulu istehsalçıları, o cümlədən mülkiyyətə əvəzsiz pay torpağı almış Azərbaycan Respublikasının vətəndaşları Vergi Məcəlləsi ilə tənzimlənən bir sıra vergilərdən azad olundu və kolxoz və sovxozların milyardlarla ölçülən qarşılıqlı borcları silindi. Eyni zamanda, kənd təsərrüfatı məhsulu istehsalçılarına kənd təsərrüfatı texnikası üçün yanacaq və sürtkü materialları güzəştli qiymətlərlə satılmağa başlandı.

 

 

(ardı var)

 

 

Azərbaycan.- 2011.- 7 avqust.- S.  2.