Məhkəmə
orqanlarının müstəqilliyini təmin edən mütərəqqi
islahatlar
İnkişaf etmiş demokratik dövlətlərin təcrübəsi göstərir ki, hüquqi və demokratik cəmiyyət quruculuğunun başlıca şərtlərindən biri də yeni dövrün tələblərinə cavab verən hüquq islahatlarının aparılması, ədalət mühakiməsini həyata keçirən məhkəmələrin müstəqilliyinin təmin edilməsi, qanunun aliliyinin bütün səviyyələrdə qorunmasıdır. Bu mənada müstəqil Azərbaycan son illərdə təkcə sosial-iqtisadi deyil, həm də məhkəmə-hüquq və ədliyyə sisteminin müasirləşdirilməsi sahəsində uğurlu nəticələrə imza atmış, ölkə rəhbərliyi vətəndaşların hüquq və azadlıqlarının təmini məqsədilə ədalət mühakiməsinin səmərəliliyinin artırılması tədbirlərinə xüsusi diqqət yetirmişdir.
Ötən 8 ildə ölkədə hüquqi, siyasi və iqtisadi islahatların bir-birini tamamlaması zərurətini önə çəkən Azərbaycan Prezidenti İlham Əliyev ulu öndər Heydər Əliyevin möhkəm təməl üzərində əsasını qoyduğu məhkəmə-hüquq islahatlarını yeni dövrün tələbləri səviyyəsində davam etdirir. Demokratik dəyərlərin cəmiyyət həyatında getdikcə daha möhkəm əsaslarla intişar tapdığı, həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasının makroiqtisadi nəticələr verdiyi, siyasi sistemin, vətəndaş cəmiyyəti təsisatlarının möhkəmləndiyi, beynəlxalq təşkilatlarla əməkdaşlığın yeni müstəvidə davam etdirildiyi bir şəraitdə məhkəmələrin fəaliyyətindəki bəzi çatışmazlıqlarla, qanunazidd hallarla bağlı ictimai narazılıqların tamamilə aradan qaldırılması Prezident İlham Əliyevin qarşıya qoyduğu başlıca vəzifələrdəndir.
Məhkəmə sistemində mütərəqqi islahatların davam etdirilməsinin tərəfdarı olduğunu cənab İlham Əliyevin hələ 2006-cı il 19 yanvarda imzaladığı "Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və "Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında qanunun tətbiq edilməsi barədə" fərman bir daha təsdiqləmişdir. Belə bir fərmanın imzalanması regionların sosial-iqtisadi inkişafı tədbirlərinin tərkib hissəsi kimi diqqəti çəkmiş, ötən dövrdə Bakı, Gəncə, Sumqayıt, Şirvan və Şəki (rayon) şəhərlərində regional apelyasiya məhkəmələri yaradılmış, əhaliyə göstərilən hüquqi yardımın səviyyəsi yüksəldilmişdir.
Təcrübə göstərir ki, ədalət mühakiməsinin səmərəli şəraitinin yaxşılaşdırılması baxımından hakimlərin iş şəraitinin və sosial rifah halının yüksəldilməsi son dərəcə vacib amillərdən biridir. Dövlət başçısının imzaladığı "Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında qanunun tətbiq edilməsi barədə" fərmanda məhkəmələrin maddi-texniki təchizatının yaxşılaşdırılması, onların yeni bina və zəruri inventar, habelə informasiya texnologiyaları ilə təminatı məsələləri də geniş əksini tapmışdır.
Azərbaycanın iqtisadi imkanlarının artdığı bir şəraitdə dövlət başçısı İlham Əliyev sovetlər birliyi dövründən qalmış məhkəmə infrastrukturunun müasirləşdirilməsini də vacib sayır. Hələ 2006-cı il avqustun 8-də Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə Ali Məhkəmənin yeni binasının təməlqoyma mərasiminin keçirilməsi fərmanda nəzərdə tutulmuş məsələlərin praktik olaraq gerçəkləşdirildiyini göstərmişdir. Ali Məhkəmənin yeni binasının təməlqoyma mərasimində çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev məhkəmə sisteminin müasirləşdirilməsi işinin davamlı proses olduğunu bir daha diqqətə çatdırmışdır: "Məhkəmə-hüquq sisteminin təkmilləşməsi hər bir ölkənin inkişafında çox böyük əhəmiyyət kəsb edir. Hətta inkişaf etmiş ölkələrdə də bu proses daim gedir. Yəni, bu prosesin əvvəli var, amma sonu yoxdur... Ölkəmizdə demokratik, hüquqi dövlət quruculuğu prosesi, təbii ki, məhkəmə-hüquq sisteminin islahatları ilə bərabər aparılmalıdır. Çünki bu amillər bir-birindən çox asılıdır".
Dövlət başçısı İlham Əliyevin birbaşa nəzarəti və qayğısı altında Ali Məhkəmənin yeni binası qısa zamanda orijinal memarlıq üslubunda inşa edilərək ən müasir texniki avadanlıqlarla, yüksək iş şəraiti ilə təmin olunmuşdur. 2009-cu ilin may ayında Ali Məhkəmənin yeni binasının istifadəyə verilməsi isə son illərin məhkəmə-hüquq sektorunda mühüm hadisələrdən biri olmuşdur. Prezident İlham Əliyev Ali Məhkəmənin yeni binasının təntənəli açılış mərasimində demişdir: "Mən binanın təməl daşının qoyulması ilə əlaqədar keçirilmiş mərasimdə demişdim ki, bu bina - Ali Məhkəmə ədalət sarayı olmalıdır və artıq biz bunu əyani şəkildə görürük. Çox vacibdir ki, burada qəbul edilmiş bütün qərarlar ədalətli olsun. Çünki ədalət hər bir cəmiyyətin inkişafı üçün başlıca amillərdən biridir. Hər yerdə ədalət olmalıdır, ilk növbədə, məhkəmə sistemində. Çünki burada qəbul edilmiş qərarlar insanların taleyinə təsir göstərir. Bir də demək istəyirəm ki, heç bir cinayət cəzasız qalmamalıdır, ancaq günahsız insanlar da cəzalandırılmamalıdır. Ona görə hakimlərin üzərinə çox böyük və şərəfli missiya düşür".
Azərbaycan Prezidentinin məhkəmə və ədliyyə sisteminin fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə imzaladığı ən mühüm sənədlərdən biri də 2009-cu il 6 fevral tarixli "Azərbaycan ədliyyəsinin inkişafına dair 2009-2013-cü illər üçün Dövlət Proqramı" olmuşdur. Dövlət Proqramının imzalanması ədliyyə orqanlarının və məhkəmələrin dinamik inkişafının təmin edilməsi, yeni informasiya və kommunikasiya texnologiyalarının tətbiqi, normativ-hüquqi və maddi-texniki təminatın yaxşılaşdırılması, kadr potensialının gücləndirilməsi məqsədi daşıyır.
Prezident İlham Əliyev məhkəmələrin cəmiyyətdə yüksək nüfuzunun təmin edilməsi baxımından onların çıxardıqları qərarların icrası prosesinə nəzarətin gücləndirilməsinə xidmət edən bir sıra mühüm fərmanlar, sərəncamlar imzalamışdır. Prezident İlham Əliyevin 2010-cu il 15 iyul tarixli "Məhkəmə qərarlarının icrası işinin təkmilləşdirilməsi və "Məhkəmə nəzarətçiləri və məhkəmə icraçıları haqqında", "Məhkəmə qərarlarının icrası haqqında" Azərbaycan Respublikasının qanunlarına, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə və Cəzaların İcrası Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında" fərmanı da məhkəmə orqanlarının qərarlarının icrası işini daha da təkmilləşdirmək məqsədi daşıyır.
Dövlətimizin başçısının 2010-cu il 22 iyun tarixdə imzaladığı "Məhkəmələr və hakimlər haqqında" və Məhkəmə-Hüquq Şurası haqqında" Azərbaycan Respublikası qanunlarına dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikasının Qanunu ilə mövcud bəzi məhkəmələrin adı dəyişdirilmişdir. Belə ki, qanunun mətnində ismin müvafiq hallarında verilmiş "Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmə" sözləri ismin müvafiq hallarında "ağır cinayətlər məhkəməsi" sözləri ilə əvəz edilmişdir. Həmin dəyişikliklə Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmə bundan sonra Ağır Cinayətlər Məhkəməsi, Ağır Cinayətlərə Dair İşlər üzrə Naxçıvan Muxtar Respublikasının Məhkəməsi isə Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsi adlandırılacaqdır. Qanundakı digər dəyişikliklə yerli iqtisad məhkəmələri bundan sonra inzibati-iqtisadi məhkəmə adlandırılmalıdır.
Prezident İlham Əliyev Azərbaycanda məhkəmə sistemini təkmilləşdirmək, "Məhkəmələr və hakimlər haqqında" və Məhkəmə-Hüquq Şurası haqqında" Azərbaycan Respublikası qanunlarına dəyişikliklər və əlavələr edilməsi haqqında 2010-cu il 22 iyun tarixli Azərbaycan Respublikası Qanununun tətbiqini təmin etmək məqsədilə 2010-cu il 15 iyul tarixdə daha bir fərman imzalamışdır. Həmin fərmana əsasən, Bakı, Lənkəran, Gəncə, Şəki şəhərlərində yeni ağır cinayətlər məhkəmələri yaradılmışdır. Fərmanla Naxçıvan, Bakı, Gəncə, Sumqayıt, Şəki, Şirvan yerli iqtisad məhkəmələri bundan sonra inzibati-iqtisad məhkəmələri adı altında fəaliyyət göstərəcəklər.
Fərmanla Məhkəmə-Hüquq Şurasına inzibati-iqtisadi məhkəmələrin və ağır cinayətlər məhkəmələrinin ərazi yurisdiksiyasının müəyyən edilməsinə, habelə Azərbaycan Respublikasının məhkəmə sisteminə daxil olan məhkəmələrin hakimlərinin say tərkibinin artırılmasına dair təkliflərini Azərbaycan Respublikası Prezidentinə təqdim etmək tövsiyə olunmuşdur. Eyni zamanda, Azərbaycan Respublikası Prokurorluğu yeni məhkəmələrin təşkil edilməsi ilə əlaqədar dövlət ittihamının təşkili işində müvafiq dəyişikliklər etməlidir. Fərmana əsasən, Azərbaycan Respublikasının Nazirlər Kabineti yeni təşkil edilən məhkəmələrin fəaliyyətinə zəruri şəraitin yaradılması üçün onları binalar, avadanlıq, rabitə, nəqliyyat vasitələri və digər ləvazimatlarla təmin etməlidir.
Möhtərəm Prezident İlham Əliyevin siyasi iradəsi əsasında 2011-ci ilin əvvəllərindən başlayaraq respublikada korrupsiyaya qarşı mübarizə tədbirlərinin daha da gücləndirilməsi və şəffaflığın təmini istiqamətində atılan prinsipial və qətiyyətli addımlar məhkəmə orqanlarının fəaliyyətində də ciddiliklə nəzərə alınır. Dövlət başçısının müvafiq tapşırıq və tövsiyələrini rəhbər tutan Məhkəmə-Hüquq Şurası məhkəmələrin fəaliyyətində şəffaflığın artırılması və qanunçuluğun möhkəmləndirilməsi, korrupsiyaya qarşı mübarizənin daha prinsipial şəkildə aparılması üçün qətiyyətli addımlar atır. Bütün bunlar isə bir ümdə məqsədə - cəmiyyətdə məhkəmə hakimiyyətinə olan ictimai inamı artırmağa, ədalət mühakiməsinin səmərəliliyini və keyfiyyətini yüksəltməyə xidmət edir.
Hikmət MİRZƏYEV,
Ali Məhkəmənin
inzibati-iqtisadi
kollegiyasının sədri
Azərbaycan.- 2011.- 7 avqust.- S. 3.