Fəttah Heydərov:
Heydər Əliyev Fondunun çox
uğurlu layihələrindən olan beynəlxalq musiqi
festivalı uzun illər keçiriləcək
və Qəbələ mədəniyyət mərkəzinə
çevriləcəkdir
Bu gün haqlı olaraq Qafqazın İsveçrəsi adlandırılan Qəbələdə mədəniyyətimizin və incəsənətimizin böyük hamisi Heydər Əliyev Fondunun təşkilatçılığı ilə daha bir beynəlxalq mədəniyyət layihəsi müvəffəqiyyətlə başa çatmışdır. Təxminən 20 gün bu cənnət diyar dünya şöhrətli musiqiçilərin, bədii kollektivlərin, solistlərin, görkəmli dirijorların iştirak etdikləri möhtəşəm musiqi bayramının məkanına çevrildi.
Ənənəvi Qəbələ Musiqi Festivalı bu il də pianoçuların Beynəlxalq müsabiqəsi ilə başlandı. Festival çərçivəsində iyulun 15-dən 22-dək davam edən pianoçuların II Beynəlxalq müsabiqəsində ABŞ, Koreya Respublikası, Rusiya, Çin, Türkiyə, Gürcüstan, Yaponiya, Meksika, Ukrayna və Azərbaycandan 35 yaşadək istedadlı pianoçular öz bacarıqlarını nümayiş etdirdilər.
İyulun 23-dən avqustun 5-dək davam edən Qəbələ III Beynəlxalq Musiqi Festivalında isə Rusiya, Böyük Britaniya, İsrail, ABŞ, Norveç, Hollandiya, İtaliya, Fransa, Almaniya və Azərbaycandan dünya şöhrətli musiqiçilər və kollektivlər - Yuri Başmet və "Yeni Rusiya" Simfonik Orkestri, Boris Berezovski, Denis Matsuyev, Sergey Krılov, Anna Samuil, Sergey Leyferkus, Oksana Yablonskaya, Dmitri Yablonski, Massimiliano Pisapia və başqalarının qəlbləri riqqətə gətirən uğurlu çıxışları uzun müddət yaddaşlardan silinməyəcəkdir.
Artıq dünyanın mədəniyyət mərkəzi adına iddialı olan Qəbələdən Milli Məclisin deputatı seçilmiş parlamentin Regional məsələlər komitəsi sədrinin müavini Fəttah Heydərov III Beynəlxalq Musiqi Festivalının yekunları ilə bağlı AzərTAc-a müsahibə vermişdir. F.Heydərov festivalın nəticələrini şərh edərək demişdir:
- Qəbələ Beynəlxalq Musiqi Festivalı son vaxtlar Azərbaycanda ənənəvi şəkildə keçirilən mühüm musiqi tədbirlərindən birinə çevrilmişdir. Bu festival Heydər Əliyev Fondunun çox uğurlu layihələrindən biridir. Artıq inamla deyə bilərik ki, ənənə halı alan Qəbələ festivalı xarici qonaqlara Azərbaycan bəstəkarlarının əsərlərini təqdim etməklə yanaşı, yerli musiqisevərlərə dünyanın klassik sənət inciləri ilə yaxından tanış olmağa imkan yaradan işlək bir mexanizmə çevrilməkdədir. Sayca üçüncü olan builki festival gənc pianoçuların müsabiqəsi ilə başlandı və yarışda dünyanın 12 ölkəsindən 15 pianoçu öz bacarığını nümayiş etdirdi.
Müsabiqədən sonra gənclər üçün tanınmış musiqiçilər tərəfindən ustad dərslərinin keçirilməsi də böyük əhəmiyyətə malikdir
Böyük musiqi tədbirinin əsas hadisəsi olan Qəbələ III Beynəlxalq Musiqi Festivalında Azərbaycan Dövlət Simfonik Orkestrinin, "Yeni Rusiya" Dövlət Simfonik Orkestrinin konsertləri, gənc muğam ifaçılarının çıxışları, tanınmış vokalçıların, müxtəlif ölkələrdən dəvət olunmuş dünya şöhrətli musiqiçilərin ifaları, Şəki və Ağdaşda keçirilən konsertlər, tədbirlərdə səsləndirilən Azərbaycan və Avropa bəstəkarlarının klassik əsərləri böyük tamaşaçı marağına səbəb oldu.
Çox şadam ki, dünyada kifayət qədər tanınan, sevilən, qəbul edilən, canlı ifalarının dinlənilməsi hər vaxt mümkün olmayan korifey sənətkarlar bu festivalın qonağı oldular, gözəl konsertləri ilə yerli və xarici tamaşaçıları feyziyab etdilər. Bu diyarın ecazkar təbiəti, gözəlliyi, xalqımızın yüksək qonaqpərvərliyi xarici musiqiçilərin ürəyincə oldu və onlar bütün bacardıqlarını etdilər ki, ənənəvi şəkildə keçirilən bu gözəl musiqi bayramı əvvəlkindən daha yaddaqalan olsun. Biz festivalın arzu edildiyindən də gözəl keçdiyinin şahidi olduq. Festival günlərində Qəbələdə böyük izdiham yaşanırdı, xüsusi ab-hava hökm sürürdü.
Festivalda iştirak etmək üçün Azərbaycana gəlmiş xarici qonaqlar ölkəmizin sürətli inkişafı, xalqımızın adət-ənənələri və mədəniyyəti ilə, milli musiqimizlə, muğam və bəstəkar əsərləri ilə yaxından tanış oldular. Mədəniyyət bayramı günlərində yerli və xarici musiqiçilər, tamaşaçılar bir-biriləri ilə xoş münasibət qurdular, xalqlar arasında mədəni əlaqələrə töhfə verən qarşılıqlı təcrübə və yaradıcılıq söhbətləri apardılar.
Qəbələdə istirahət edən yerli və xarici turistlər hər axşam festivalın konsertlərində iştirak edərək dünya musiqisi incilərini dinləyirdilər. Böyük Qafqaz dağlarının ətəyində yerləşən Qəbələnin gözəl havası, təbiəti, sıx meşələri, sərin bulaqları, beşulduzlu otellərdə yüksək səviyyəli xidmətlər turistləri valeh edir. Festivalın konsertlərinə tamaşa etməyə gələn klassik musiqi həvəskarları simfonik orkestrin ifasını canlı olaraq dinləyirdilər. Çox sevindirici haldır ki, bu festivala insanlar öz ürəklərinin hökmü ilə gəlirdilər. Açıq havada bir-birindən gözəl ifaları eşidən tamaşaçılar son ana qədər bu musiqinin ecazkar sehrindən ayrıla bilmirdilər.
Artıq 3 ildir ardıcıl keçirilən Qəbələ festivalı bir daha sübut etdi ki, Azərbaycan hər sahədə olduğu kimi, mədəniyyət və incəsənət sahəsində də əksər dünya ölkələrinə nümunə ola bilər. İstedadlı xalqımız bu dəfə də nəyə qadir olduğunu yüksək səviyyədə sübut etdi və ölkəmiz belə yüksək səviyyəli tədbirlərin keçirilməsində böyük təcrübəsi və ənənəsi olan dövlətlərdən heç də geridə qalmadığını göstərdi.
Azərbaycanlılar tarixən sülh, tərəqqi istəyən insanlar olmuşlar. Biz istəyirik ki, dünyada insanlar sülh, əmin-amanlıq şəraitində yaşasınlar. Bu festivalda bir çox xalqların musiqiçiləri iştirak etdilər. Amma bizimlə düşmən münasibətdə olan ermənilər belə yüksək tədbirlərdə iştirak etməkdən məhrum oldular. Onların dövləti öz xalqını aclıq, səfalət məngənəsində saxlayır, səadətini əlindən alır. Bu festival bir çoxlarına bizim xalqa müharibə, işğal deyil, sülh, əmin-amanlıq şəraitində birgə yaşamaq lazım olduğunu əyani şəkildə göstərdi. Festivalın uğuru da elə bundadır.
Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə sürətlə həyata keçirilən quruculuq işləri, əhalinin rifah halının durmadan yaxşılaşdırılması, ölkə iqtisadiyyatının inkişafı ilə bağlı həyata keçirilən tədbirlər, eləcə də mədəniyyətimizə, incəsənətimizə, bu sahədə çalışan insanlara olan dövlət qayğısı xalqımızda ruh yüksəkliyi yaradır. Şübhəsiz, belə möhtəşəm festivalları ulu öndər Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyevin mədəniyyətə, incəsənətə, sənət adamına qayğısı, diqqəti sayəsində keçirmək mümkün olmuşdur. Məhz dövlətimizin başçısının yeritdiyi siyasət belə möhtəşəm tədbirlərin keçirilməsinə imkan verir.
Mən bir ziyalı və bir deputat kimi Qəbələdə Beynəlxalq musiqi festivalının keçirilməsinin təşəbbüskarı olan Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevaya mədəniyyətimizə, milli musiqimizin inkişafına, bu sahədə ölkəmizin dünyada tanınması işinə daim qayğı göstərdiyinə görə minnətdarlığımı bildirirəm. Qəlbən inanıram ki, Heydər Əliyev Fondunun uğurlu layihələrindən olan bu beynəlxalq musiqi festivalı uzun illər keçiriləcək, Qəbələ mədəniyyət mərkəzinə çevriləcək və burada bəşəriyyətin ən gözəl klassik əsərləri korifey sənətkarların canlı ifasında dinləniləcəkdir.
AzərTAc
Azərbaycan.- 2011.- 7 avqust.- S. 5.