Xoreoqrafiya sənətinin
ulduzu
Xalq artisti, baletmeyster Rəfiqə Axundovanın adı təkcə Azərbaycan xoreoqrafiya sənətinin tarixinə yazılmayıb. Ömrünün 60 ildən çoxunu Azərbaycan baletinin inkişafına həsr edən azərbaycanlı qadın sənətkar həm də uzun illər xarici ölkələrdə pedaqoq, baletmeyster kimi də fəaliyyət göstərib. Bu sahədə qazanılan uğurlar isə həm ona şöhrət gətirib, həm də adının dünya mədəniyyətinin qabil sənətkarları ilə bir sırada dayanmaq xoşbəxtliyini bəxş edib. Bir fakta diqqət yetirək: əgər Əlcəzairdə tamaşaya qoyulan ilk baletin yaranma tarixi Rəfiqə Axundovanın adı ilə bağlanırsa, bu, həqiqətən fəxr doğuran amildir.
Rəfiqə
Axundova 7 avqust 1931-ci ildə Bakıda anadan olub. Rəqsə
olan marağı onu Bakı Xoreoqrafiya Məktəbinə gətirib.
Təhsil aldığı illərdə Rəfiqənin gələcəkdə
istedadlı xoreoqrafiyaçı olacağını müəllimləri
də uzaqgörənliklə söyləyiblər. O,
buradakı təhsili ilə kifayətlənməyərək
məktəbi bitirən kimi Moskvada Böyük Teatrda təkmilləşmə
kursu keçib. 1951-ci ildən ömrünü və
yaradıcılıq fəaliyyətini Azərbaycan Opera və
Balet Teatrına bağlayan Rəfiqə Axundova 20 il burada solist
kimi çalışmışdır. Sonra uzun müddət həmin
teatrın baletmeysteri olmuş, 1990-cı ildə isə baş
baletmeysterliyə yüksəlmişdir. Hazırda təqaüddə
olan Rəfiqə Axundova, mütəxəssislərin də
dediyi kimi, Azərbaycan xoreoqrafiyasının banilərindən
sayılır.
O,
"Qız qalası" (Ə.Bədəlbəyli),
"Yeddi gözəl", "İldırımlı
yollarla" (Q.Qarayev), "Gülşən" (S.Hacıbəyov),
"Məhəbbət əfsanəsi" (A.Məlikov),
"Baxçasaray fontanı" (B.Asafyev), "Jizel"
(A.Adan) və s. baletlərdə əsas partiyaların
ifaçısı olub. Böyük məhəbbət və
plastik cəhətlərlə təqdim etdiyi partiyalar öz
cazibədarlığı ilə seçilirdi. Məsələn,
müxtəlif baletlərdən çəkdiyimiz ləçəklərə
mütəxəssislərin sözləri ilə qiymət versək,
belə bir fikrin dəfələrlə
vurğulandığının şahidi oluruq. Dünya
şöhrətli bəstəkar Qara Qarayevin baletlərində
Rəfiqə Axundovanın özünəməxsus ustalıq
və məharətlə yaratdığı obrazlar o qədər
fərqli və təsiredici idi ki, hətta bəzən həyatda
ona Aişə, Gözəllər gözəli, Fanni deyirdilər.
O, bütün hərəkətləri, oyunları ilə son
dərəcə yumşaq rəqsləri, dinamikası ilə
səhnədə əsl gözəllik yaradırdı. Rəfiqə
Axundovanın iştirak etdiyi baletlərə baxanlar indi də
onun partiyalarını böyük rəğbətlə
xatırlayırlar.
Rəfiqə
Axundova həm də yaradıcı baletmeyster olub. O, həyat
yoldaşı Maqsud Məmmədovla birlikdə Azərbaycan
Opera və Balet Teatrında "Xəzər balladası"
(T.Bakıxanov), "Qobustan kölgələri" (F.Qarayev),
"Yallı", "Azərbaycan süitası"
(R.Hacıyev), "Babək" (A.Əlizadə), "Şelkunçik"
(P.Çaykovski), hətta 1975-1978-ci illərdə Qara Qarayevin
"İldırımlı yollarla" və "Yeddi gözəl"
baletlərinə quruluş da vermişdir.
Rəfiqə
Axundovanın bu sahədəki istedadına Azərbaycandan kənarda
da bələd idilər. Dünyanın çox məşhur
opera və balet teatrları azərbaycanlı baletmeysterin məharətinə
məftun kəsilmişdilər. Bu səbəbdən də o,
uzun müddət Əlcəzair, İsveç, Misir və
Belçikada pedaqoq-baletmeyster işləmişdir. Əlcəzairdə
"Üç inqilab" adlı ilk milli baletini
(R.Hacıyev, M.Məmmədovla birgə) və "Muğam"
musiqili xoreoqrafiya lövhəsini tamaşaya qoymaqla
adını bu ölkənin mədəniyyət tarixinə həkk
etdirdi. Ötən əsrin 70-ci illərində Rəfiqə
Axundovanın xoş sorağı dünyanın möhtəşəm
balet səhnələrindən gəlirdi. O, hətta
Novosibirskdə "İldırımlı yollarla" baletinin
quruluşunu vermiş, Qahirədə "Yeddi gözəl",
Antverpendə "Kaleydoskop" baletlərini (M.Məmmədovla
birgə) tamaşaya qoymuşdur.
1969-cu ildə
Parisdə keçirilən VII Beynəlxalq Rəqs
Festivalında Rəfiqə Axundovanın iştirakı ilə
"Xəzər balladası", "Qobustan kölgələri",
"Azərbaycan süitası" nümayiş etdirilib.
Paris Rəqs Akademiyasının diplomuna layiq görülən
Rəfiqə Axundovanın özünəməxsus sənəti
və istedadı haqqında Fransa mətbuatı maraqlı rəylər
dərc etmişdir.
Dövlət müstəqilliyimizi qazandıqdan sonra uzun illər bir-birinə həsrət qalmış Türkiyə ilə Azərbaycan sənətçiləri arasında ünsiyyət yarandı. Maraqlıdır ki, qardaş Türkiyədən dəvət alanlar sırasında Rəfiqə Axundova da ilkinlərdən olub. O, 1994-cü ildə Qara Qarayevin "Yeddi gözəl" baletini (M.Məmmədovla birgə) Ankarada tamaşaya qoymağa nail olub. Beləliklə də türkiyəli sənətsevərlərə Azərbaycan baletinin özünəməxsus məziyyətlərini çatdırmaqda Rəfiqə xanımın xidmətləri əvəzsizdir.
Azərbaycan baletinin inkişafındakı xidmətlərinə görə fəxri ada, mükafata, "Şərəf nişanı" ordeninə layiq görülən bu ustad xoreoqrafçı milli kinomuzun tarixinə də öz imzasını atıb. 1954-cü ildən başlayaraq 2001-ci ilə qədər müxtəlif filmlərdə biz bu məlahətli və gözəl xanımın rəqslərini görür, ekran əsərlərinə gətirdiyi zərif görüntülərə maraqla baxırıq. "Doğma xalqıma", "Dədə Qorqud", "Qərib cinlər diyarında", "Qayınana", "Yeddi gözəl", "Bəyin oğurlanması", "Bir qəlbin iki dastanı" və s. filmlərdə xalq artisti Rəfiqə Axundovanın özünəməxsus, şux və milli rəqsləri yaddaşımızdan silinməyib.
Ötən əsrin 50-ci illərindən Azərbaycan balet səhnəsinə cəsarətlə addım atan, onun inkişafı naminə müxtəlif əziyyətlərə tab gətirən, yorulmadan çalışan, həm baletmeyster, həm də pedaqoq kimi fədakarlığından zövq alan xalq artisti Rəfiqə Axundova indi ömrünün 80-ci zirvəsindədir. İlkinlər heç zaman unudulmurlar. Rəfiqə Axundova kimi sənət fədailərinin böyük əziyyət və zəhmətlə saldığı yolda indi neçə-neçə gənc həvəs və inamla addımlamaqdadır. Azərbaycan mədəniyyətinin töhfələri dünyanı heyrətdə qoyur. İllərdir ki, yurdumuz beynəlxalq musiqi festivallarına, yarışmalara, müsabiqələrə məharətlə ev sahibliyi edir. Azərbaycan mədəniyyətinin xoş sorağı ölkələri dolaşır. Bu sevincdən Rəfiqə Axundova kimi sənətkarlarımıza da pay çatır. Çünki böyük sənətə gedən yolun ilk uğurlarını məhz onlar salıblar.
Flora XƏLİLZADƏ
Azərbaycan.- 2011.-7 avqust.- S. 5.