Şuşanın
ölməz musiqisi İtaliyada
səsləndi
"Şuşanın
dağları" ansamblının xarici
ölkəyə səfəri uğurlu olmuşdur
Doğma ocaqlarından didərgin salınmış bir milyonadək qaçqın və məcburi köçkün soydaşımızın problemləri Azərbaycan dövlətinin gündəlik qayğısına çevrilmişdir. Ümummilli liderimiz Heydər Əliyevin ən böyük arzusu zəbt olunmuş torpaqlarımızın işğaldan azad edilməsi idi.
Ulu öndər Heydər Əliyev deyirdi: "...İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir". Doğrudan da son illər məcburi köçkünlərə göstərilən dövlət qayğısının artması nəticəsində bu kateqoriyadan olan insanların yaşayış şəraiti və məşğulluğu əsaslı şəkildə dəyişilmişdir. Prezident İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində bu qəbildən olan insanlarda tezliklə öz doğma yurdlarına qayıdacaqlarına əminlik yaranıb. Prezident İlham Əliyev son 7 ildə 17, o cümlədən 2010-cu ildə 4 dəfə məcburi köçkünlərlə şəxsən görüşüb. 6 iyul 2010-cu il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin şəxsi təşəbbüsü və dəstəyi ilə inşa olunan "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin mərkəzi qərargahının açılışında şəxsən iştirak etməsi, 2010-cu il dekabrın 7-də Şuşa şəhər 1 saylı orta məktəbin 180 illik yubileyinin dövlət səviyyəsində qeyd olunması, Azərbaycanın musiqi beşiyi sayılan Şuşanın YUNESKO-nun musiqi şəhəri nominasiyasına təqdim edilməsi, 18 sentyabr 2010-cu il tarixində Şuşa Rayon İcra Hakimiyyətinin, "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin və Azərbaycan Bəstəkarlar İttifaqının Şuşa şöbəsinin birgə təşkilatçılığı ilə Üzeyir Hacıbəyovun anadan olmasının 125 illik yubileyinə həsr olunan möhtəşəm tədbir-konsertin keçirilməsi Azərbaycan Prezidentinin məcburi köçkünlərə olan xüsusi diqqətinin real göstəricisidir.
Qeyd etmək lazımdır ki, dövlətlə yanaşı, qaçqın və məcburi köçkünlərin üzləşdiyi problemlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılması və onların həlli istiqamətində Heydər Əliyev Fondu da misilsiz xidmətlər göstərməkdədir. Xüsusən də məcburi köçkün uşaqların təhsil, idman, musiqi problemlərinin həlli istiqamətində fond tərəfindən mühüm addımlar atılır. Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Mədəniyyətinin Dostları Fondunun sədri, Milli Məclisin deputatı, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, ölkəmizin birinci xanımı Mehriban Əliyevanın musiqi mədəniyyətinin inkişafında misilsiz xidmətləri vardır. Məhz onun təşəbbüsü sayəsində sistem halında gerçəkləşən layihələr, keçirilən müsabiqələr, festivallar istedadlı gənclərin üzə çıxmasına şərait yaradır. Azərbaycan təmsilçilərinin "Eurovision-2011" mahnı müsabiqəsində qazandıqları qələbə bunun bariz sübutudur. Ölkəmizin qatıldığı bu mötəbər mahnı yarışmasında qazandığı böyük uğurda Heydər Əliyev Fondunun və şəxsən Mehriban xanım Əliyevanın böyük xidmətləri var. "Eurovision-2011" mahnı müsabiqəsi Azərbaycanın qələbəsi ilə başa çatdığı üçün ölkəmiz növbəti ildə yarışmaya ev sahibliyi etmək hüququnu qazanıb. İnanırıq ki, Mehriban xanım Əliyevanın rəhbəri olduğu Təşkilat Komitəsi müsabiqənin layiqincə keçirilməsini təmin edəcək və növbəti mahnı yarışması Azərbaycanın beynəlxalq aləmdə böyük nüfuzunu daha da artıracaq.
Cənab Prezidentin və onun xanımının Azərbaycan musiqisinə, mədəniyyətinə verdiyi yüksək dəyər həmişə şuşalılar tərəfindən böyük rəğbətlə qarşılanır. Qafqazın konservatoriyası təbirini və təyinini haqlı olaraq qazanan Şuşa Konservatoriyasının parlaq nümayəndələri dünyanın hər yerində Azərbaycan musiqisini ləyaqətlə təmsil edərək həmişə ona şöhrət gətirmişlər. Bu gün erməni təcavüzkarlarının işğalı altında olmasına baxmayaraq, Şuşanın zəbtindən sonra dünyaya göz açan şuşalı uşaqlar, yeniyetmə və gənclər də bu ənənəni layiqincə davam etdirirlər. Məcburi köçkün həyatı yaşayan Şuşa Uşaq Musiqi məktəbinin şagirdlərindən yaradılmış "Şuşanın dağları" ansamblının İtaliyada səfərdə olması, Milan və Roma şəhərlərində konsert vermələri bunu bir daha bütün dünya qarşısında sübut etdi. İtaliyadakı konsert 1 iyun - Beynəlxalq Uşaq Hüquqlarının Müdafiəsi Gününə həsr edilmişdir. Səfər "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin, Dövlət Neft Fondunun və ölkəmizin İtaliyadakı səfirliyinin dəstəyi ilə baş tutmuşdu. Bu, həm Azərbaycan həqiqətlərini dünyada yaymaq, həm də "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin fəaliyyətini daha da genişləndirmək, təbliğ etmək baxımından önəmli idi. Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıqov qonaqları salamlayaraq "Şuşanın dağları" ansamblının üzvlərini təqdim edib və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ağır nəticələrindən danışaraq bundan ən çox qaçqın və köçkün uşaqlarının əziyyət çəkdiyini vurğulayıb. Konsert zamanı gənc musiqiçilər qonaqlar qarşısında Azərbaycan xalq musiqisi nümunələrini ifa ediblər. Uşaqlar öz ifaları ilə tamaşaçıların dərin rəğbətini qazanmışlar. Konsertdə Cüzeppe Verdi adına Konservatoriyanın tələbələrindən ibarət xor qrupu və pianoçular da çıxış edirdilər. Yerli mətbuatda konsert proqramından bəhs edən məqalə də dərc olunmuşdu. Məqalədə konsertdə çıxış edən uşaqların öz yurd-yuvalarından didərgin düşməsinə səbəb olmuş ermənilərin Azərbaycana təcavüzündən, torpaqlarımızın Ermənistan tərəfindən işğalından bəhs olunur. Yazıda uşaqların ifasını əks etdirən şəkillər də yer almışdı. İyunun 7-də həmin ansamblın konserti Milan şəhərində də təşkil edilib. Konsertdən əvvəl "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin Əlaqələndirmə Şurasının sədri, Azərbaycan Dövlət Pedaqoji Universitetinin xarici əlaqələr üzrə prorektoru Mehdi Abdullayev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və münaqişə zamanı uşaqların pozulmuş hüquqları haqqında çıxış edib. Daha sonra İtaliyanın "Dünya Gəncləri Assosiasiyası" təşkilatının katibi Marina Sessa uşaq hüquqlarının müdafiəsi problemləri və bu sahədə mövcud olan beynəlxalq hüquq normalarının tətbiqi haqqında söhbət açıb.
Konsertdən sonra münaqişənin qurbanları olmuş qaçqın və köçkünlərin həyatına həsr edilmiş foto-sərgi təşkil edilib, iştirakçılara ölkəmizin Dağlıq Qarabağ bölgəsi haqqında müxtəlif materiallar təqdim olunub.
"Şuşanın dağları" ansamblının bədii rəhbəri İntiqam Abbasov səfər haqqında xoş təəssüratlarını belə bölüşür:
- Bu səfərə görə biz Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə səmimi təşəkkürümüzü bildiririk. Bu xeyirxah missiya gənc şuşalı musiqiçilərin qəlbində əziz bir xatirə kimi qalacaqdır. Biz əvvəlcə Milanda "Heyratı" muğamı ilə konsertimizi açdıq. Uşaqlarımız öz ifaları ilə vaxtilə dahi Bülbülün təhsil aldığı bu şəhərin musiqisevərlərinin rəğbətini qazandılar. Səfər müddətində İtaliyadakı səfirliyimizin böyük iş apardığının şahidi olduq. Tamaşaçılarla ünsiyyət zamanı görürdük ki, onlar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Azərbaycan tarixi, mədəniyyəti, xüsusən də musiqisi haqqında kifayət qədər məlumata malikdirlər. Burada fəaliyyət göstərən Azərbaycan diasporu da yetərincə fəaldır.
Ermənilər Azərbaycan xalq musiqisini mənimsəmək arzusunda olsalar da, onların niyyəti və atdığı addımlar artıq dünya ictimaiyyətinə məlumdur. Onu demək kifayətdir ki, Azərbaycan musiqisinin korifeyi, böyük bəstərkar Ü.Hacıbəylinin "Koroğlu" operasından səslənən həzin musiqi sədaları çoxdan bütün dünyaya səs salmışdır. Şuşalı uşaqların ifasında Azərbaycan xalq musiqisinin Romanın "Çelimantano" sarayında səslənməsi böyük əks-səda doğurdu. "Sarı gəlin" Azərbaycan xalq mahnısı ifa olunanda salonda sanki böyük canlanma yarandı. Onu da deyim ki, konsertin aparıcısı ifa olunan muğam və mahnılar barədə italyan dilində məlumat verirdi. "Sarı gəlin" ifa olunanda bildirdi ki, bu, qədim Azərbaycan musiqisidir, ancaq ermənilər ona sahib çıxmaq istəyirlər.
Bu həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq, ermənilərin naqis hərəkətlərinə tutarlı cavab vermək məqsədi daşıyan səfərdə fikir və qayə də məhz bundan ibarət idi.
Vahid SƏFİXANOV,
"Azərbaycan Respublikası
Dağlıq Qarabağ Bölgəsinin
Azərbaycanlı
İcması"
İctimai Birliyi İdarə
Heyətinin üzvü,
Azərbaycanın əməkdar
mədəniyyət işçisi
Zahid ABBASOV,
Şuşa Rayon Mədəniyyət
və
Turizm Şöbəsinin müdiri
Azərbaycan.- 2011.- 7 avqust.- S. 5.