Səməni, nə vaxt cücərdim səni?

 

Yayın cırhacırında səmənidən danışsam, təəccüblənəcəksiniz ki, heç hənanın yeridirmi? Onilliklərdir ki, biz səmənini baharın rəmzi kimi yazda xatırlayırıq. Hansı qapıdan içəri girsən, Novruz süfrəsində boynuna qırmızı lent bağlanan yaşıl səməni görəcəksən. Həm də elə vərdiş etmişik ki, o, süfrəmizdə yoxdursa, sanki bayram da yoxdur. Sonra da solmuş səməniləri atırıq zibilliyə. Düzdür, qubalılar bu səməniləri zibilliyə atmırlar, cavan qızlar gəlir Qudyalçayın sahilinə, ürəklərində muradlarını tutub səməniləri çaya buraxırlar.

Cücərdilmiş buğdadan bizdən əvvəlki nəsillər bəzəkdən daha çox müalicəvi qida kimi istifadə ediblər. Biz isə bunları unutmuşuq. 40-50 il əvvəl qonşumuz Ərkinaz xala səməni cücərdərdi, halva bişirərdi, qonum-qonşuya paylayardı, deyərdi ki, yeyin, yazın acı-ağrısı canınızdan çıxsın. O, dünyasını dəyişəndən sonra məhəlləmizdə səməni bişirən də tapılmır.

Bəşər tarixində buğdanı ilk dəfə becərən misirlilər səməninin nə olduğunu elə o zamandan yaxşı bilirmişlər. Qədim Misir mətbəxində isladılmış və cücərdilmiş buğdaya xüsusi yer verilirdi. Miladdan əvvəl III minillikdə çinlilər də dənli bitki toxumlarının cücərtilərini faydalı qidalardan sayardılar. Cücərdilmiş toxumların müalicəvi əhəmiyyəti qədim hind reseptlərində, Hippokratın tövsiyələrində xüsusi qeyd olunardı.

Dənli bitkilərin cücərdilib qida kimi işlənilməsi 1949-cu ildə Hindistanın ictimai siyasi xadimi Mxatma Qandinin "Diyetdiyetin islahatları" kitabından sonra dünyada geniş vüsət aldı. İndira Qandinin atası Mxatma öz üzərində apardığı təcrübələrə əsasən dənli bitkilərin cücərtilərinin insanın əqli inkişafına təkan verdiyini sübut edə bildi. Novruz bayramının rəmzinə, süfrələrimizin bəzəyinə çevrilən yaşıl səməni bütün dünyada insan orqanizmini kompleks vitaminlərlə təmin edən müalicəvi qida növü kimi məşhurdur. Cücərdilmiş buğda əsasən inkişaf etmiş ölkələrdə geniş istifadə olunur. Hətta apteklərdə qurudulmuş həb kimi satılır.

Ən təzə xəbər çoxdan unudulmuş köhnə xəbərdir. Bu baxımdan səməni haqqında hamıya bəlli olanları oxucularımız üçün təkrarlamaq yerinə düşərdi. Nobel mükafatı laureatlarından həkim Uollok, bioenergetik Vaqmor və başqaları dənli və paxlalı bitkilərin cücərtilərinin (buğda, çovdar, yulaf, arpa, darı, qarabaşaq, vələmir, lobya, noxud, mərci, paxlas.) insan səhhəti üçün xeyirli olduğunu çoxdan təsdiq ediblər. Dənli- paxlalı bitkilərin və digər toxumların cücərtilərinin müxtəlif, hətta ağırlaşmış xəstəliklərin müalicəsində istifadəsi son 40-50 ildə onları sağlamlaşdırıcı qida kimi dəbə mindirdi.

Natural qidalarla müalicənin tərəfdarları belə hesab edirlər ki, cücərdilmiş buğdanın və müxtəlif bitki toxumlarının qida kimi qəbul edilməsi orqanizmin ümumi gümrahlığına səbəb olur, tonusu qaldırır, ürək-damar, əsəb, nəfəs və mədə-bağırsaq sisteminin fəaliyyətini gücləndirir. Belə cücərtilərdən tərtib olunmuş diyet artıq çəkidən xilas olmağa, orqanizmi gəncləşdirməyə, dişləri və damaqları möhkəmləndirməyə kömək edir.

Mütəxəssislər belə izah edirlər ki, toxumlar cücərməyə başladıqda onlarda güclü həyat enerjisi baş qaldırır. Bioloji aktiv maddə, vitamin, mikroelementlərlə zənginləşən cücərtilər ən bahalı ərzaq növlərini əvəz edə bilirlər.

Cəmi bir neçə gün cücərdildikdən sonra toxumların vitamin tərkibi dəyişir, infarktla mübarizədə aparıcı qüvvə kimi vacib olan vitaminlərlə zənginləşir. Onların tərkibində qırmızı qan kürəcikləri üçün vacib olan dəmir S vitamini ilə birlikdə xəstəni qanazlığından xilas edir. Cücərtilərdəki kalium orqanizmin turşu-qələvi balansını qoruyur, əzələlərin əpriməsinin qarşısını alır, onlara elastiklik verir, ürək əzələsini gücləndirməklə infarktdan əvvəlki və sonrakı xəstələrin səhhətinə müsbət təsir edir.

Cücərtilərin tərkibindəki xromlitium diabetin profilaktikası, əsəb yorğunluğudepressiyalarda vacibdir. Bəzi tədqiqatçılar belə qənaətə gəlirlər ki, gündə cəmi bir xörək qaşığı cücərdilmiş buğda yemək bədxassəli şişlərin və infarktın baş vermə ehtimalını ciddi surətdə azalda bilir.

Paxlalı və dənli bitkiləri cücərtmək üçün adambaşına 50-100 qram toxum kifayətdir. Cücərtmək üçün sağlam toxumlar seçilməlidir. Yuyanda suda batmayan dənlər sağlam olmadıqları üçün atılmalıdır. Dəni cücərtmək üçün saxsı, şüşə, ciniemal örtüyü olan qab seçməyiniz məsləhətdir. Lazımi miqdarda dəni qaba töküb, üstünə çıxana kimi su ilə doldurursunuz, qabın ağzını parça salfetka ilə örtüb 20-22 dərəcə isti olan yerdə 24-36 saat saxlayırsınız. 6-12 saatdan sonra su acılaşdığı üçün toxumlar təkrar yuyulmalı, təzə su əlavə edilməlidir. Toxumların növündən və havanın hərarətindən asılı olaraq onları 36-48 saat cücərtmək kifayətdir. Yaşıl zoğların alınması üçün isə 7-10 gün lazımdır.

Bilmək vacibdir ki, cücərdilmiş dənli və paxlalı bitkilər həzmə yaxşı gedir, bədəni tullantılardan təmizləyir, uzun ömürlüyə xidmət edir. Bəzi alimlər cücərdilmiş toxumların bir sıra onkoloji xəstəliklərə sipər olduğunu istisna etmirlər. Həkimlər əsasən belə qidanı orta yaş həddindən sonra istifadə etməyi tövsiyə edirlər.

Bütün bu cücərtilər, əslində, bizim səməni qədər faydalıdır. Onların qidada istifadə olunmasında heç bir məhdudiyyət yoxdur. Lakin həkiminizlə məsləhətləşməyiniz vacibdir. Cücərtilər nisbətən kobud qida sayıldığı üçün mədə xorasında məsləhət görülmür. Heç bir əks təyinat yoxdursa, onları çiy meyvə, tərəvəz, göyərti ilə, müxtəlif salatların, duruquru xörəklərin tərkibində istifadə edə bilərsiniz. Müxtəlif dənli bitkilərin cücərtilərini də qarışdırıb yemək olur.

Əgər bu yayın istisində səməni haqqında oxumaqdan bezmədinizsə, bəzi dənli bitkilər haqqında da ayrıca məlumat verək.

Yulafonun cücərtiləri bədənin immun müqavimətini qaldırır, əzələləri gücləndirir, qanı yeniləşdirir, trombların yaranmasının qarşısını alır, mədə-bağırsaq sisteminə müsbət təsir edir. Ağciyər vərəmi, mədəaltı vəzinin zəifləməsində diyetik qida kimi faydalıdır. Sidikqovucudur, öd yollarını daşlardan təmizləməkdə, böyrək və sarılıq xəstəliklərində istifadə olunur.

Çovdaronun cücərtiləri orqanizmin xəstəliklərə qarşı müqavimətini artırır, bəlğəm gətirir, şəkər xəstəliyində, orqanizmin zəhərli maddələrdən təmizlənməsində, erkən qocalmanın və aterosklerozun profilaktikasında tövsiyə olunur.

Düyüonun cücərtiləri büzüşdürücü təsir göstərir, böyrək və sidik kisəsi xəstəliklərində faydalıdır, südəmər uşaqları olan analar üçün faydalıdır. İnsanı sakitləşdirir, yuxunu, iştahanı (ağır xəstəlikdən sonra) yaxşılaşdırır. Lakin Sərq təbabətində düyü əsasən orqanizmi tullantılardan təmizləyən qida kimi tanınır. Yaponlar belə hesab edirlər ki, səhər süfrəsində qəbul edilən 1-2 xörək qaşığı düyü cücərtisi bağırsaqlardan bütün xəstəlikləri qovur.

Qabığı təmizlənmiş darı zəifləmiş orqanizmi, əzələləri möhkəmlədir və bərpa edir, darı dəni sınan və zəifləyən sümüklərin bərpasına, yaraların sağalmasına kömək edir.

Qarğıdalı və onun emalından alınan məhsullar orqanizmi cavanlaşdırır və əsasən yaşlı adamlara tövsiyə olunur. Bir çox mənbələrdə onun xərçəng xəstəliyinin hüceyrələrinin inkişafına mane olması göstərilir.

Qarabaşaqonun cücərtiləri immun sisteminin, qaraciyərin, ürək-damar, böyrək, şəkərli diabet və əsəb xəstəliklərinin müalicəsində, venaların varikoz genişlənməsində faydalıdır. Qarabaşağın köməyi ilə revmatik xəstəlikləri sağaldır, qanaxmanın və limfa sistemlərinin mürəkkəb ağırlaşmalarının qarşısını alırlar.

 

 

B.İMANQULİYEV

 

Azərbaycan.- 2011.- 7 avqust.- S.  6.