Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığı yüksələn xətt üzrə inkişaf edir

 

Azərbaycanın balanslı diplomatiya ilə ayrı-ayrı dövlətlərlə münasibətlərdə bərabərhüquqlu tərəfdaşa çevrilməsinə, beynəlxalq təşkilatlarla qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri qurmasına, milli mənafeyini lazımi səviyyədə müdafiə etməsinə nail olmuşdur. Avropa strukturlarında təmsilçilik, ölkənin gələcəyinin sivil bir Avropa ölkəsi kimi qurulması müstəqilliyin ilk illərindən Azərbaycan Respublikasının qarşıya qoyduğu əsas məqsədlərdən biridir. Azərbaycanın strateji mövqeyi Avropa İttifaqına üzv dövlətlərin ölkəmizlə siyasi və iqtisadi münasibətləri inkişaf etdirmək marağını artırır.

Avropa İttifaqı tərəfindən irəli sürülmüş Vahid Avropa Birliyi formulu Azərbaycan üçün çox maraqlıdır. Bu model regionda vətəndaş cəmiyyəti və insan hüquqlarının müdafiəsinə xidmət edən davamlı strategiya üzərində qurulmuşdur.

Müstəqillik qazandıqdan sonra Azərbaycanın əməkdaşlığa ciddi maraq göstərdiyi nüfuzlu Avropa təşkilatlarından biri də məhz Avropa İttifaqı olmuşdur. 1993-cü ildə respublikamızın təşkilatla əsası qoyulmuş diplomatik münasibətləri son illərdə qarşılıqlı maraqlar əsasında yüksələn xətlə inkişaf etmişdir. Azərbaycan və Avropa İttifaqı arasında "Tərəfdaşlıq və əməkdaşlıq haqqında" saziş imzalanmış, bu sənəd ikitərəfli münasibətlərin hüquqi bazasının formalaşdırılması baxımından vacib əhəmiyyət daşımışdır. Avropa İttifaqının TACİS-TRASEKA proqramı çərçivəsində Böyük İpək yolunun bərpası üzrə keçirilən tədbirlər Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizində yerləşən bütün ölkələrin inkişafı, onların iqtisadi potensialından daha səmərəli istifadə edilməsi, çoxtərəfli iqtisadi əməkdaşlığın genişlənməsi üçün əlverişli şərait yaradır. Şərqlə Qərb arasında körpü rolunu oynayan Azərbaycanın Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin inkişaf etdirilməsində aparıcı yer tutması respublikanın dünya ölkələri ilə inteqrasiyasının daha da sürətləndirilməsinə xidmət edir. Bu isə nəinki iqtisadi, həm də siyasi sabitlik və təhlükəsizlik baxımından böyük əhəmiyyətə malikdir.

Avropa İttifaqı Azərbaycanla əlaqələrini təkcə TRASEKA və "Tərəfdaşlıq və əməkdaşlıq sazişi" çərçivəsində deyil, həm də Cənubi Qafqazda həyata keçirilən ümumi regional əməkdaşlıq layihəsi, Avrasiya bölgəsində sülhün, sabitliyin və iqtisadi tərəqqinin təmin olunmasına yönəlmiş digər proqramlar çərçivəsində reallaşdırır. Azərbaycan bu qurumla əməkdaşlıq sayəsində iqtisadi, siyasi, hüquqi və inzibati islahatları sürətləndirmək imkanı qazanır, təşkilatın texniki-maliyyə dəstəyini alır. Ölkəmiz "Yeni qonşuluq siyasəti" proqramı çərçivəsində təşkilatdan onun daxili bazarlarına çıxış kvotası, işçi, əmtəə, xidmət, investisiya-kapital resurslarının sərbəst dövriyyə imkanını əldə edir. Bundan əlavə, yeni proqram çərçivəsində əməkdaşlıq Azərbaycana Avropa ölkələri ilə qarşılıqlı iqtisadi əlaqələrin qurulması, güzəştli ticarət və kredit rejiminin yaradılması, əmək, bazar münasibətləri və miqrasiya sahəsində uğurlar qazanılması, narkobiznes və mütəşəkkil cinayətkarlıqla mübarizə, investisiyaların təşviqi, yeni maliyyə mənbələrinin cəlb edilməsi imkanları açır.

Prezident İlham Əliyevin "Azərbaycan Respublikasının Avropaya inteqrasiyası üzrə dövlət komissiyasının yaradılması haqqında" sərəncamı respublikamızın sözügedən təşkilatla əlaqələrinin daha da gücləndirilməsi, Avropa İttifaqının Azərbaycan üzrə fəaliyyət planının işlənib hazırlanması və həyata keçirilməsi üzrə səmərəli işin təmin edilməsi məqsədini reallaşdırmağı qarşıya qoyur. Sərəncamda təşkilatla siyasi, iqtisadi, nəqliyyat və enerji, hüquqi, təhlükəsizlik, insan hüquqları və demokratikləşmə, humanitar, elm-təhsil və digər əməkdaşlıq sahələri üzrə işçi qruplarının yaradılması nəzərdə tutulur.

2006-cı il 14 noyabr tarixdə təsdiq edilmiş Avropanın "Yeni qonşuluq siyasəti üzrə fəaliyyət planı"nda ərazi bütövlüyü ilə bağlı prinsiplər dəstəklənmişdir. Bununla Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bir daha bəyan edir. Avropa İttifaqı 2007-2013-cü illəri əhatə edəcək yeni qonşuluq siyasəti üzrə fəaliyyət planı üçün büdcəsindən 11 milyard 181 milyon avro dəyərində vəsait ayırır. Bu vəsait Avropa İttifaqının qonşu dövlətlərlə qarşılıqlı əməkdaşlığı möhkəmlətmək üçün milli və beynəlxalq proqramların həyata keçirilməsinə xərclənəcək. Sənəddə Avropa qonşuluq siyasətinin əsas istiqamətləri - iqtisadi inteqrasiya, mütəmadi siyasi və mədəni əlaqələr, eləcə də sərhəd əməkdaşlığı nəzərdə tutulur.

Fəaliyyət planında hər bir tərəfin mövqeyinə uyğun genişmiqyaslı islahatlar da öz əksini tapıb. Belə ki, Azərbaycan Respubilkası Avropaya inteqrasiya yolunda iqtisadi və siyasi sahədə qanunvericiliyi təkmilləşdirməlidir. Sənədin Qafqazdakı münaqişələrin, həmçinin Dağlıq Qarabağ probleminin həllində əhəmiyyətli rol oynayacağı istisna olunmur. Bu sənəd Avropa İttifaqını öz qonşuları ilə yaxınlaşdırmağa, təhlükəsizlik, strateji sabitlik, rifah halının yüksəldilməsinə xidmət edir. Sənəd Avropa İttifaqının qonşu olduğu dövlətlərlə hansı şərtlər əsasında əməkdaşlıq etmək məramlarını ortaya qoyur. Avropa İttifaqı qonşularına imtiyazlı əlaqələr təklif edir, əvəzində isə demokratiya, suverenlik, insan hüquqlarının qorunması, bazar iqtisadiyyatı prinsiplərinə riayət etməyi tövsiyə edir. Avropa qonşuluq siyasəti mövcud əlaqələrin statusundan daha yüksək statusa malik siyasi əməkdaşlığı və ölkələrin Avropaya iqtisadi inteqrasiyasını təmin edən proqramdır.

Prezident İlham Əliyev Polşa Prezidentinin ölkəmizə rəsmi səfəri zamanı bildirmişdi: "Polşanın Avropa İttifaqına sədrliyi dövründə Avropa İttifaqı-Azərbaycan əlaqələri daha da sürətlə inkişaf edəcəkdir. Bunu deməyə kifayət qədər əsaslar vardır. Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələr sürətlə inkişaf edir və müxtəlif sahələri əhatə edir. Əlbəttə ki, ilk növbədə bu əlaqələr enerji sahəsində başlanmışdır. Ancaq bu gün biz görürük ki, bu əlaqələr bütün başqa sahələrdə də müsbət təsir göstərir.

Eyni zamanda Azərbaycan Avropa qitəsinin enerji təhlükəsizliyinin təmin edilməsində öz rolunu oynamağa hazırdır. Bu barədə kifayət qədər danışıqlar aparılmış, bəyannamələr və digər sənədlər imzalanmışdır. Ümid edirəm ki, bu ilin sonuna qədər bütün lazım olan sənədlər, o cümlədən tranzit anlaşması imzalanacaq və beləliklə, Azərbaycanın qaz resursları üçün Avropa bazarı da öz imkanlarını təqdim edəcəkdir. Bu, qarşılıqlı surətdə faydalı təşəbbüsdür və onun reallaşmasında hər iki tərəf ancaq fayda götürəcəkdir".

Ermənistanın dünya miqyasında təcavüzkar dövlət kimi tanınmasına nail olmaq və Azərbaycanın ərazi bütövlüyünü təmin etmək, dünya siyasətini istiqamətləndirən böyük dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlığı genişləndirmək, beynəlxalq ictimaiyyətdə respublikamızda həyata keçirilən mütərəqqi ruhlu iqtisadi və demokratik islahatlar barədə dolğun təsəvvür yaratmaq dövlət başçısı İlham Əliyevin xarici siyasətinin prioritet məqsədləri sırasındadır. Rəsmi Bakı daim Cənubi Qafqaz regionunun müxtəlif güc mərkəzləri arasında "bölüşdürülməsi" cəhdlərini yolverilməz saymış, bölgə dövlətlərinin ərazisində xarici qoşun və hərbi bazaların yerləşdirilməsinin, Qafqazın militaristləşdirilməsinin əleyhinə çıxış etmişdir. Dövlətlərin suveren bərabərliyi prinsipinə əsaslanan respublikamız beynəlxalq əlaqələr sisteminə cəlb olunan bütün ölkələrə münasibətdə onların ərazi böyüklüyündən, hərbi gücündən və iqtisadi potensialından asılı olmayaraq müstəqil xarici siyasət həyata keçirir. Rəsmi Bakı həmişə beynəlxalq hüquq prinsiplərindən çıxış edərək praqmatizmə, qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan açıq xarici siyasət yeridir, qlobal geosiyasi məkanda cərəyan edən proseslərə çevik, adekvat reaksiya verir, ikitərəfli və çoxtərəfli əməkdaşlığa üstünlük verir.

Prezident İlham Əliyevin xarici siyasət konsepsiyasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli xüsusilə mühüm yer tutur. Aparılan uğurlu diplomatiya nəticəsində artıq beynəlxalq təşkilatlar haqqın və ədalətin Azərbaycanın tərəfində olduğunu etiraf edir, Ermənistanın təcavüzkar dövlət olduğunu anlayırlar. Ötən il Avropa Parlamenti tərəfindən qəbul edilmiş "Avropa İttifaqının Cənubi Qafqaz üçün strategiya ehtiyacı" adlı qətnamədə Dağlıq Qarabağın, eləcə də onun ətrafındakı ərazilərin işğal altında olması faktı təsdiq edilmişdir. Qətnamədə həmçinin, Ermənistan silahlı qüvvələrinin işğal etdikləri bütün Azərbaycan ərazilərindən çıxarılması, doğma torpaqlarından didərgin düşmüş qaçqın və məcburi köçkünlərin tezliklə öz daimi yaşayış yerlərinə qayıtması hüququnun təmin edilməsi tələb olunmuşdur.

Azərbaycan müstəqil dövlət olaraq xarici siyasət strategiyasını özünün milli məqsədləri üzərində qurur. Milli təhlükəsizliyin qorunması, beynəlxalq aləmə çoxşaxəli inteqrasiyanın təmin olunması, iqtisadi və geostrateji maraqların ödənməsi həyata keçirilən xarici siyasətin prioritet məqsədləridir. Prezident İlham Əliyevin son 8 ildə milli maraqların prioritetliyinə əsaslanan xarici siyasət kursu nəticəsində Azərbaycanın Avropa məkanında strateji, önəmli tərəfdaş olduğu etiraf edilir.

 

 

E.HACIALIYEV

 

Azərbaycan.- 2011.-9 avqust.- S.  1, 3.