Düşünülmüş, sürətli və davamlı inkişaf

 

"Dağlıq Qarabağın müstəqilliyi barədə qanunsuz iddialar beynəlxalq hüququn hamı tərəfindən bəyənilmiş normaları ilə bir araya sığmır. Biz həmin iddialarla heç zaman razılaşmayacağıq, Azərbaycan ərazisində ikinci bir erməni dövlətinin yaranmasına yol verə bilmərik. Erməni tərəfi, nəhayət, başa düşməlidir ki, onun başladığı münaqişə Azərbaycan xalqını çox böyük fəlakətlərə və iztirablara məruz qoyduğu kimi, erməni xalqını da ağır vəziyyətə salmışdır".

 

Heydər ƏLİYEV

 

Milli maraqlara söykənən qətiyyətli mövqe

 

Cənubi Qafqaz regionunda sülh və təhlükəsizliyi təhdid edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi 20 illik müstəqillik tariximizin ən ciddi problemi olaraq qalır. Ermənistan və Azərbaycan arasında 1994-cü ilin mayın 12-də atəşkəs rejiminin tətbiqini nəzərdə tutan Bişkek müqaviləsinin imzalanmasından 17 il ötsə də, ermənilərin qeyri-konstruktiv, təcavüzkar siyasəti üzündən beynəlxalq birliyin münaqişəni dinc yolla tənzimləmək cəhdləri hələ ki, fayda vermir. Ötən illərdə ATƏT-in Minsk qrupu həmsədrlərinin (ABŞ, Fransa, Rusiya) fəal vasitəçiliyi ilə aparılan gərgin danışıqlar prosesi bir neçə dəfə problemi real həll müstəvisinə yönəltsə də, Ermənistan rəhbərliyinin aşkar siyasi cığallığı və siyasi qətiyyətsizliyi üzündən sülhə gəlmək mümkün olmamışdır.

Erməni millətçilərinin azərbaycanlılara və türklərə qarşı iki yüz ildən artıq müddətdə həyata keçirdikləri mənfur siyasətin məntiqi nəticəsi olan bu münaqişənin əsas məqsədi ilk gündən azərbaycanlıları tarixi torpaqlarından qovmaq, bu ərazilərdə erməni tarixçilərinin və ideoloqlarının uydurduğu "Böyük Ermənistan" dövlətini yaratmaq olmuşdur. Müəyyən tarixi dövrlərdə bəzi aparıcı dünya dövlətlərinin planlarına uyğun gələn bu siyasəti reallaşdırmaq üçün müntəzəm surətdə ideoloji, hərbi və təşkilati xarakterli iş aparılmış, ən çirkin üsul və vasitələrdən istifadə edilmişdir. Azərbaycan xalqının tarixi kobud şəkildə saxtalaşdırılmış, maddi və mədəniyyət abidələri, toponimləri erməni tarixçiləri və "ideoloqlarının" təcavüzünə məruz qalmışdır.

Tarixən başqa dövlətlərin ərazilərinə göz dikən ermənilər millətçiliyi və şovinizmi, qonşu xalqlara nifrət ideologiyasını əsas tutaraq son iki əsrdə "milli-mədəni", siyasi və hətta terrorçu təşkilatlar yaratmış, erməni diasporunun və lobbisinin imkanlarını bu məqsədlərə səfərbər etmişlər. 1813-cü və 1828-ci illərdə Rusiya ilə İran arasında imzalanmış "Gülüstan" və "Türkmənçay" müqavilələrı Azərbaycan xalqının parçalanmasının, tarixı torpaqlarının bölünməsinin əsasını qoymuşdur. 1849-cu ildə Rusiya ərazisində İrəvan quberniyası yaradılmış, ermənilərin İrandan və Türkiyədən kütləvi surətdə Azərbaycan torpaqlarına, Dağlıq Qarabağa köçürülməsi prosesinə başlanılmışdır. Beləliklə, soyqırımı və terror Azərbaycan torpaqlarının işğalı üçün istifadə edilən əsas vasitələrdən birinə çevrilmiş, İrəvan, Naxçıvan və Qarabağ xanlıqlarının ərazilərində məskunlaşdırılan ermənilər, - orada yaşayan azərbaycanlılarla müqayisədə azlıq təşkil etmələrinə baxmayaraq, - öz havadarlarının himayəsı altında "erməni vilayəti" adlandırılan inzibati bölgünün yaradılmasına nail olmuşlar.

Belə süni ərazi bölgüsü ilə azərbaycanlıların öz tarixi torpaqlarından qovulması və məhv edilməsi siyasətinin bünövrəsi qoyulmuşdur. Azərbaycanın və ümumən Qafqazın tarixinin təhrif olunması həmin proqramların mühüm tərkib hissəsini təşkil etmişdir. "Böyük Ermənistan" yaratmaq xülyasından ruhlanan erməni qəsbkarları 1905-1907-ci illərdə azərbaycanlılara qarşı açıq şəkildə genişmiqyaslı qanlı aksiyalar həyata keçirmişlər. Ermənilərin Bakıdan başlanan vəhşilikləri Azərbaycanı və indiki Ermənistan ərazisindəki azərbaycanlı kəndlərini əhatə etmişdir. Yüzlərlə yaşayış məntəqəsi dağıdılaraq yerlə yeksan edilmiş, minlərlə azərbaycanlı vəhşicəsinə qətlə yetirilmişdir.

Birinci Dünya müharibəsindən, Rusiyada baş vermiş 1917-ci il fevral və oktyabr çevrilişlərindən məharətlə istifadə edən ermənilər öz iddialarını bolşevik bayrağı altında reallaşdırmağa nail olmuşlar. 1918-ci ilin 18 martında əzəli Azərbaycan torpaqlarında "Ararat respublikası", sonra isə Ermənistan dövləti yaradılmışdır.

2007-ci il martın 9-da Bakıda keçirilən Azərbaycan və türk diaspor təşkilatları rəhbərlərinin birinci forumunda Prezident İlham Əliyev bununla bağlı demişdir: "Bizim ata-baba torpağımız olan İrəvan xanlığı, Zəngəzur mahalı, digər torpaqlar indi Ermənistan dövləti üçün torpaq olubdur. Bunlar bizim tarixi torpaqlarımızdır, ançaq biz Ermənistana qarşı torpaq iddiası irəli sürmürük. Halbuki sürə bilərik. Çünki indiki Ermənistanın yerləşdiyi ərazı qədim türk, Azərbaycan torpaqlarıdır. Əgər onlar öz xalqının gələcəyi haqqında düşünürlərsə, öz siyasətlərində dəyişiklik etməlidirlər, Azərbaycanın işğal olunmuş torpaqlarından qeyd-şərtsiz çıxmalıdırlar və Türkiyəyə qarşı əsassız ittihamlarından əl çəkməlidirlər".

1918-ci ilin mart ayından etibarən əks-inqilabçı ünsürlərlə mübarizə şüarı altında Bakı Kommunası tərəfindən ümumən Bakı quberniyasını azərbaycanlılardan təmizləmək məqsədi güdən mənfur planın həyata keçirilməsinə başlanılmışdır. Həmin günlərdə ermənilər 30 mindən artıq dinc azərbaycanlı əhalini yalnız milli mənsubiyyətinə görə məhv etmiş, evlərə od vurmuş, insanları diri-diri yandırmışlar. Milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və digər abidələri dağıtmış, Bakının böyük bir hissəsini xarabalığa çevirmişlər.

1920-ci ildən sonra Zaqafqaziyanın sovetləşməsindən çirkin məqsədləri üçün istifadə edən ermənilər 1920-ci ildə Zəngəzuru və Azərbaycanın torpaqlarının bir hissəsini Ermənistan SSR-in ərazisi elan etmişlər. 1923-cü ildə SSRİ rəhbərliyinin qərarı ilə Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağ "muxtar vilayət" elan olunmuşdur. Sonrakı dövrdə bu ərazilərdəki azərbaycanlıların deportasiya edilməsı siyasətini daha da genişləndirmək məqsədilə yeni vasitələrə əl atmışlar. Bunun üçün ermənilər SSRİ Nazirlər Sovetinin 23 dekabr 1947-ci il "Ermənistan SSR-dən kolxozçuların və başqa azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında" xüsusi qərarına və 1948-1953-cü illərdə azərbaycanlıların öz tarixi torpaqlarından kütləvi surətdə deportasiyasına dövlət səviyyəsində nail olmuşlar.

Erməni millətçiləri ötən əsrin 50-ci illərindən etibarən Azərbaycan xalqına qarşı kəskin mənəvı təcavüz kampaniyasına başlamışlar. Ermənistanda yaşayan azərbaycanlı əhalinin hüquqları ermənilər tərəfindən kobudcasına pozulmuş, ana dilində təhsil almalarına əngəllər törədilmiş, onlara qarşı repressiyalar həyata keçirilmişdir. Azərbaycan kəndlərinin tarixi adları dəyişdirilmiş, toponimika tarixində misli görünməyən qədim toponimlərin müasir adlarla əvəzolunma prosesi baş vermişdir. Saxtalaşdırılmış erməni tarixi gənc ermənilərin şovinist ruhunda böyüməsinə zəmin yaratmaq üçün dövlət siyasəti səviyyəsinə qaldırılmışdır. Azərbaycan xalqının mənəviyyatına, milli qüruruna və mənliyinə yönəlmiş böhtanlar siyasi və hərbi təcavüz üçün ideoloji zəmin yaratmaq məqsədi daşımışdır. Ermənilərin sovet rejimindən bəhrələnərək həyata keçirdikləri antiazərbaycan təbliğatı ötən əsrin 80-ci illərinin sonunda daha da güclənmişdir.

Hələ respublikaya rəhbərliyinin birinci dövründə ermənilərin məkrli planlarının qarşısını qətiyyətlə alan ulu öndər Heydər Əliyevin SSRİ rəhbərliyindən uzaqlaşdırılmasından dərhal sonra erməni separatizmi ilk hücumuna - informasiya savaşına başlamışdır. A.Aqanbekyan 1987-ci il noyabr ayının 18-də Fransanın "Humanite" qəzetinə verdiyi müsahibəsində cəfəng iddia ilə çıxış edərək demişdir: "Mən iqtisadçı kimi əmin edirəm ki, DQMV-nin coğrafi cəhətdən daha çox bağlı olduğu Ermənistana birləşdirilməsi düzgün olardı. Bu barədə mənim xüsusi təklifim var və onu artıq təqdim etmişəm. İnanıram ki, yenidənqurma və demokratiya şəraitində bu problem öz həllini tapacaq". Bu müsahibə separatizm meyillərinin aşkar büruzə verilməsi üçün siqnal rolunu oynamışdır.

1988-ci ilin yanvar ayınadək Dağlıq Qarabağ münaqişəsinin yeni mərhələsinin startı üçün bütün hazırlıq başa çatdırılmışdır. Heydər Əliyevin ittifaq rəhbərliyindən uzaqlaşdırılması ilə mərkəzdə ermənilərin xeyrinə dəyişən balans problemin həllində Moskvanın birbaşa olaraq ermənipərəst mövqe tutacağını şərtləndirmişdir. Sonrakı mərhələdə isə Ermənistandan xalq deputatları qismində vilayətə gələn emissarların təşkilatçılığı ilə fevralın 13-də Xankəndidə ilk nümayiş keçirilmişdir. Fevralın 20-də çağırılan vilayətin Xalq Deputatları Sovetinin fövqəladə iclasında gündəliyə yalnız bir məsələ - DQMV-nin Ermənistana birləşdirilməsi ilə bağlı təklif müzakirəyə çıxarılmış və antikonstitusion qərar qəbul edilmişdir. Belə bir qeyri-konstitusion qərarın verilməsi, eləcə də SSRİ rəhbərliyinin bu vilayəti Xüsusi İdarəetmə Komitəsi vasitəsilə Azərbaycanın tabeliyindən çıxarmağa çalışması ilə Azərbaycan zorən hərbi münaqişəyə cəlb edilmişdir.

1988-ci ilin yanvarından başlayaraq Ermənistandan azərbaycanlıların kütləvi şəkildə qovulması prosesinə start verilmiş, buna etiraz olaraq Bakıda və Sumqayıtda "Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir" şüarları ilə kütləvi aksiyalar başlanmışdır. Ermənilərin təxribatçı fəaliyyəti nəticəsində münaqişə sürətlə qloballaşmış, əvvəlcə Əsgəranda iki azərbaycanlı soydaşımız ermənilər tərəfindən qətlə yetirilmiş, daha sonra Xankəndidə Dağlıq Qarabağın Azərbaycanın tərkibindən çıxması tələbi ilə mitinqlər başlanmışdır. Azərbaycanlıların proseslərə fəal reaksiya verməsi üçün erməni terrorçuları Sumqayıtda xüsusi plan əsasında öz soydaşlarına qarşı qarət və qətllər həyata keçirdilər. Erməni lobbisinin xeyir-duası ilə təşkil edilən Sumqayıt qırğınlarından Azərbaycana qarşı informasiya müharibəsində uğurla istifadə olundu. Qarət və qətllərdə iştirak edən bir neçə erməninin tutulmasına baxmayaraq, bədnam qonşularımız bu günə qədər də Sumqayıt hadisələri ilə spekulyasiya etməyə, beynəlxalq ictimaiyyəti çaşdırmağa çalışırlar.

Ümumiyyətlə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin birinci mərhələsi erməni separatçılarının Dağlıq Qarabağ və ətraf rayonlarda nəzarəti təmin etməsi və aktiv hərbi əməliyyatlarla xarakterizə olunur. Bu dövrü səciyyələndirən əsas xüsusiyyətlərdən biri də Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanda hakimiyyət uğrunda qarşıdurma fonunda inkişafıdır. 1988-ci ildən 1993-cü ilin ortalarına kimi Azərbaycanın ali hakimiyyət strukturlarına altı şəxs - Kamran Bağırov, Əbdürrəhman Vəzirov, Ayaz Mütəllibov, Yaqub Məmmədov, İsa Qəmbər və Əbülfəz Elçibəy rəhbərlik etmiş, lakin bunların heç biri münaqişənin alovlanmasının qarşısını ala bilməmişdir.

1988-1993-cü illərdə Azərbaycanda baş verən hakimiyyət dəyişiklikləri işğalın əhatə dairəsinin Dağlıq Qarabağ hüdudlarından kənara çıxmasına rəvac vermişdir. Münaqişənin birinci dövrü təkcə hakimiyyət uğrunda siyasi çəkişmələrlə xarakterik deyildir. İşğalın real nəticələri də məhz bu dövrdə formalaşmışdır. Azərbaycan torpaqlarının 20 faizi işğal olunmuş, Ermənistandan və Azərbaycanın işğal olunmuş ərazilərindən bir milyon nəfərə yaxın insan ev-eşiyindən didərgin düşmüş, işğal zonasında separatçı strukturların formalaşması prosesi başlanmışdır.

Bu mərhələdə münaqişənin həlli prosesinə beynəlxalq təşkilatların cəlb olunması da nisbi xarakter daşımışdır. SSRİ süquta uğrayan dövrə kimi münaqişənin "həlli" missiyasını Moskva həyata keçirmiş, müstəqilliyin ilk illəri isə beynəlxalq təşkilatların prosesə son dərəcə zəif müdaxiləsi ilə yadda qalmışdır. Münaqişənin həlli prosesinə kənar qüvvələrin cəlb olunması formal baxımdan ilk dəfə 1991-ci il sentyabrın 23-də baş vermişdir. Azərbaycan və Ermənistan rəhbərləri Rusiya və Qazaxıstandan olan həmkarlarının təşəbbüsü ilə Jeleznovodskda görüş keçirərək münaqişənin sülh yolu ilə həlli barədə ilkin razılığa gəlsələr də, Ermənistan tərəfi bu razılaşmaya əməl etmədi.

Münaqişənin ilkin mərhələsində beynəlxalq təşkilatların problemin həllinə cəlb olunması heç bir effekt verməmiş, əksinə, problemin həllinə xarici müdaxilə daha çox münaqişənin dərinləşməsinə gətirib çıxarmışdır. 1992-ci ilin sentyabrında imzalanan Jelezonovdsk sazişindən cəmi bir həftə sonra Azərbaycanın Martuni və Hadrut rayonları (Xocavənd) işğal edildi, noyabrın 20-də isə Qarakənd səması üzərində "Mİ-8" vertolyotunun vurulması nəticəsində Azərbaycanın bir sıra rəhbər şəxsləri həlak oldular. Xocalı soyqırımı məhz ATƏT məruzəçisinin münaqişə zonasına bir həftəlik səfərindən sonra baş vermiş, Ermənistan və Azərbaycan rəhbərlərinin Tehran görüşü isə Şuşa və Laçının işğalı ilə nəticələnmişdi. Atəşkəs haqqında Soçi razılaşması isə Ermənistan silahlı qüvvələrinin Zəngilan rayonunun səkkiz kəndini işğal etməsi ilə əhəmiyyətsiz bir sənədə çevrilmiş oldu. Münaqişənin beynəlxalq təşkilatların vasitəçiliyi ilə həllinə dair Cenevrə toplantısı isə Kəlbəcərin işğalı ilə fiaskoya uğradı.

Beynəlxalq birliyin münaqişənin həlli prosesinə aktiv müdaxiləsi isə 1992-ci ilin yanvarında Avropada Təhlükəsizlik və Əməkdaşlıq Şurasının toplantısında baş verdi. Məhz həmin toplantıda Azərbaycan və Ermənistan quruma tamhüquqlu üzv qəbul olundu, təşkilat rəhbərliyi münaqişə bölgəsinə məruzəçi göndərmək barədə qərar çıxardı. Avropalı məruzəçinin regiona ilk səfəri 12-18 fevral tarixlərinə təsadüf etdi. Qurumun martın 24-də Helsinkidə keçirilən növbədənkənar toplantısında Dağlıq Qarabağ münaqişəsinin həllinə dair beynəlxalq konfransın keçirilməsi barədə qərar qəbul olundu, münaqişənin həlli ATƏT-in Minsk qrupuna həvalə edilmiş, Mario Rafaelli Minsk qrupunun sədri seçildi.

Danışıqların yeni formatı çərçivəsində növbəti görüş 1993-cü ilin martına təsadüf etdi. Aprelin əvvəllərində Ermənistanın Kəlbəcər rayonunu işğal etməsinə etiraz əlaməti olaraq ABŞ təmsilçisi Cenevrə danışıqlarında iştirakdan rəsmən boyun qaçırtdı. Nəhayət, Dağlıq Qarabağ münaqişəsinin birinci mərhələsi BMT Təhlükəsizlik Şurasının 822 saylı qətnaməsi ilə yekunlaşmış oldu. 822 saylı qətnamədə beynəlxalq sərhədlərin toxunulmazlığı və ərazi əldə etmək üçün qüvvə tətbiq etməyin yolverilməzliyi bir daha təsdiq olundu. Ermənistanla Azərbaycan arasında münasibətlərin pisləşməsindən narahatlıq ifadə edən qətnamədə bölgədəki bütün dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət ifadə edildi. Bundan başqa, bütün işğalçı qüvvələrin Kəlbəcərdən və Azərbaycanın işğal edilmiş digər rayonlarından dərhal çıxarılması tələb olundu. Qətnamədə bölgədə sabitliyin və əmin-amanlığın təhlükə altında olduğu qeyd edildi, məcburi köçkünlərin sayının artması narahatlıqla önə çəkildi. Kəlbəcər rayonunda yaranmış fövqəladə vəziyyətin doğurduğu problemlərin aradan qaldırılmasının zəruriliyi bildirildi. Sonrakı dövrdə isə Ermənistan Silahlı Qüvvələrinin 822 saylı qətnamənin şərtlərinə məhəl qoymaması BMT Təhlükəsizlik Şurasının əlavə qətnamələr qəbul etməsi ilə nəticələndi.

BMT Təhlükəsizlik Şurasının 1993-cü il iyulun 29-da Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 853 saylı daha bir qətnamə qəbul etməsinə əsas səbəb isə Ermənistan Silahlı Qüvvələrinin Ağdam rayonunu işğal etməsi idi. Elə bu səbəbdən qətnamədə Ağdam rayonunun işğalı və hərbi əməliyyatların genişlənməsi pislənirdi. Qətnamədə Azərbaycan vətəndaşlarının böyük qisminin məcburi köçkün kimi yaşamasından aşkar narahatlıq ifadə edilir, tərəflərin münaqişəni dayandırmaq üçün atəşkəsə nail olmalarının zəruriliyi bildirilirdi. Təhlükəsizlik Şurası növbəti dəfə dövlətlərin ərazi bütövlüyünün toxunulmazlığının təmin olunmasının vacibliyini bəyan edərək ATƏM-in sülh prosesini sürətləndirmək cəhdlərini müsbət məqam kimi diqqətə çəkirdi.

853 saylı qətnamə məzmununa görə, əvvəlki qətnamədən xeyli fərqlənirdi. Məsələ bundadır ki, 822 saylı qətnamədə Azərbaycan ərazilərinə daha çox yerli erməni qüvvələrinin təcavüz etməsinə diqqət yetirilirdi. Yeni qətnamədə isə işğalçı kimi heç də "yerli erməni qüvvələri"ndən bəhs edilmir, ermənilər münaqişədə iştirak edən tərəf kimi təqdim olunurdu. Bu, əslində, Ermənistanın bir dövlət kimi işğal prosesində fəal iştirak etməsinə açıq işarə idi. Məhz həmin işğalçı qüvvələrin Azərbaycan Respublikasının Ağdam rayonundan və işğal olunmuş digər ərazilərdən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılması tələb olunurdu. 853 saylı qətnamənin 9 və 10-cu bəndlərində səslənən fikirlər Ermənistanın BMT tərəfindən işğalçı dövlət kimi qəbul edildiyinin göstəricisi idi. Qətnamənin 9-cu bəndində Təhlükəsizlik Şurası Ermənistanı təkidli şəkildə Dağlıq Qarabağ ermənilərinə təsir göstərməyə, əvvəlki qətnamənin şərtlərinə uyğun olaraq işğal altında olan ərazilərdən çıxarmağa çağırırdı. Əslində, bununla BMT Təhlükəsizlik Şurası Dağlıq Qarabağ ermənilərinin məhz Ermənistandan idarə olunduğunu diqqətə çatdırırdı. 853 saylı qətnamənin 10-cu bəndində isə konkret ad çəkilməsə də, burada yer alan fikirlərin bilavasitə Ermənistana ünvanlandığı aşkar görünür. Həmin bənddə qeyd olunur ki, BMT Təhlükəsizlik Şurası dövlətləri münaqişənin güclənməsinə və ya ərazinin işğalının davam etdirilməsinə gətirib çıxara biləcək hər hansı silah və ləvazimat göndərməkdən çəkinməyə təkidlə çağırır. Xatırladaq ki, həmin dövrdə Dağlıq Qarabağ ermənilərinin əsas silah təchizatı məhz Ermənistandan gəlirdi.

853 saylı qətnamədə digər mühüm cəhət bu idi ki, sənəddə mülki şəxslərə hücumlar edilməsi, yaşayış rayonlarının bombalanması və top atəşlərinə tutulması kəskin şəkildə pislənirdi. Bütün bunlar yeni qətnamənin Ermənistan üçün əvvəlkindən daha sərt xarakter daşıdığını əyani şəkildə nümayiş etdirirdi. Lakin hər iki qətnamənin kağız üzərində qalması son nəticədə Ermənistan silahlı qüvvələrinin xarici havadarlarının köməyi ilə Azərbaycan ərazilərini işğalını davam etdirməsi ilə nəticələndi. 1993-cü ilin avqustunda Ermənistan Füzuli rayonunu işğal etmək məqsədilə hərbi əməliyyatları gücləndirdi ki, bu da sonda BMT Təhlükəsizlik Şurasının sədri adından yeni bəyanatın yayılmasına səbəb oldu. Təhlükəsizlik Şurası sədrinin bəyanatında bir daha Azərbaycan ərazilərinin işğalı faktı təsdiq edilir, Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olduğu vurğulanırdı.

Həmin dövrdə qəbul edilən bu bəyanatın və bundan əvvəlki iki qətnamənin icra olunmaması BMT Təhlükəsizlik Şurasının 1993-cü il oktyabrın 14-də sayca üçüncü olan 874 saylı qətnaməsinin qəbulu ilə nəticələndi. Bu qətnamədə 822 və 853 saylı qətnamələrdə yer almış tələblər bir daha təsdiqlənir, xüsusi vurğulanırdı ki, Ermənistan və Azərbaycan arasındakı münasibətlərdəki gərginlik bölgədə sülh və təhlükəsizliyə potensial təhdiddir. BMT Təhlükəsizlik Şurası qətnamədə həmçinin Azərbaycanda böyük sayda mülki şəxsin məcburi köçkün vəziyyətinə düşməsi ilə əlaqədar narahatlığını da ifadə edirdi.

Bütün bunlar diplomatiyada üstünlüyün tədricən Azərbaycan tərəfinə keçdiyini göstərirdi. Lakin ümummili lider Heydər Əliyevin hakimiyyətə qayıdışınadək iqtidarda olan qüvvələrin yaratdığı hərc-mərcliyin doğurduğu fəsadlar, habelə Ermənistana xaricdən verilən ciddi dəstək bu ölkənin işğalçı qüvvələrinin 1993-cü ilin oktyabrında Zəngilan rayonunu tutması ilə nəticələndi. 1993-cü il noyabrın 11-də isə BMT Təhlükəsizlik Şurası Azərbaycanın növbəti müraciətinə baxaraq sayca dördüncü olan 884 saylı qətnaməni qəbul etdi. Yeni qətnamədə Horadiz qəsəbəsinin və Zəngilan rayonunun işğalı faktından narahatlıq ifadə edilir, bir daha işğalçı qüvvələrin bu və digər ərazilərdən çıxarılması tələb olunurdu. Qətnamədə bir daha Dağlıq Qarabağ regionunda və onun ətrafında münaqişənin davam etməsi, Ermənistan və Azərbaycan arasında münasibətlərin gərgin olaraq qalması region üçün ciddi təhlükə mənbəyi kimi dəyərləndirilirdi.

Təəssüflə vurğulamaq lazımdır ki, sonrakı dövrdə Ermənistan BMT Təhlükəsizlik Şurasının bu qətnamələrinin şərtlərini yerinə yetirmədi və bu gün də işğalçılıq siyasətini davam etdirir. Lakin sözügedən qətnamələrin qəbulundan sonra beynəlxalq aləmdə mövqeləri güclənən Azərbaycan ermənilərin işğalçı siyasətinin dünya miqyasında ifşasına nail oldu. BMT qətnamələrinin yerinə yetirilməsi digər beynəlxalq təşkilatların da Ermənistanın qarşısında irəli sürdüyü əsas tələblərdən biridir.

1994-cü ildə BMT Baş Assambleyasının sessiyalarında ilk dəfə ulu öndər Heydər Əliyevin başçılıq etdiyi nümayəndə heyəti iştirak etmişdir. Ümummilli lider ilk dəfə Azərbaycan Respublikasının Prezidenti kimi həmin tribunadan istifadə edərək Azərbaycanın haqq səsini dünyaya çatdırmış, Ermənistanın ölkəmizə qarşı təcavüzünü və onun ağır nəticələrini beynəlxalq aləmə bəyan etmişdir.

1996-cı ildən başlayaraq BMT Baş Assambleyası "BMT və ATƏT arasında əməkdaşlıq haqqında" Qətnaməsində Azərbaycan Respublikasının ərazi bütövlüyünü (Azərbaycan Respublikasının Dağlıq Qarabağ və onun ətrafında olan münaqişə) təsdiqləmişdir.

Bununla yanaşı, BMT Baş Assambleyasının prinsipial mövqeyi sayəsində 2004-cü il 23 noyabrda BA-nın 59-cu sessiyasının gündəliyinə "Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət" adlı 163 nömrəli bənd daxil edilmişdir. Azərbaycan Respublikasının təşəbbüsü ilə Baş Assambleyanın gündəliyinə salınmış bu bənd Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistanın həyata keçirdiyi məskunlaşdırma fəaliyyətinin qarşısının alınması istiqamətində səmərəli və ədalətli addımların atılması üçün münbit şərait yaratmışdır.

Azərbaycanın diplomatik səyləri nəticəsində 2008-ci il martın 14-də BMT Baş Assambleyasının 62-ci sessiyasında "Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyət haqqında" qətnamə qəbul olundu. Burada Azərbaycanın beynəlxalq səviyyədə tanınan sərhədləri çərçivəsində ərazi bütövlüyünə hörmət və dəstək təsdiqlənir, Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal, qeyd-şərtsiz çıxarılması tələb edilir, işğal olunmuş ərazilərdən qovulmuş əhalinin öz torpaqlarına qayıtması və normal şəraitlə təmin olunması hüququ təkrarlanır, Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları üçün normal, bərabər yaşayış şəraitinin yaradılmasının zəruriliyi vurğulanır, Minsk qrupunun münaqişənin beynəlxalq hüquq çərçivəsində həllinə yönəlmiş vasitəçiliyinə dəstək ifadə olunur. Sənəddə deyilir ki, heç bir dövlət Azərbaycan ərazilərinin işğalı ilə nəticələnən vəziyyəti qanuni vəziyyət kimi tanımamalıdır.

 

 

(ardı var)

 

 

Azərbaycan.- 2011.- 9 avqust.- S. 2.