Elektron müraciətlər dövlətin vətəndaşlarla ünsiyyətinin müasir formasıdır

 

Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı öz müasirliyinə, geniş informasiya tutumuna, dizaynına və sair parametrlərinə görə diqqəti ən çox cəlb edən saytlardan biridir. Bu sayt gündən-günə təkmilləşdirilir və artıq respublika, həmçinin xarici ölkə vətəndaşlarının daha çox müraciət etdikləri bir ünvana çevrilmişdir. Bu yaxınlarda da saytda bir sıra yeniliklər edilmiş, saytın xüsusilə Prezidentin vətəndaşlarla birbaşa əlaqəsini təmin edən bölməsi, demək olar, tamamilə yenidən qurulmuşdur. Bununla əlaqədar əməkdaşımız Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılovdan müsahibə almışdır. Həmin müsahibəni diqqətinizə çatdırırıq.

- Süleyman müəllim, bu günlərdə respublika mətbuatında ölkə Prezidenti cənab İlham Əliyevin rəsmi internet saytının vətəndaş müraciətlərinə aid hissəsində edilmiş yeniliklər haqqında məlumat verildi. Bu barədə Sizin fikirlərinizi öyrənmək istərdik.

- Müasir dünyada ölkələrin inkişaf dərəcəsi tətbiq olunan innovasiya texnologiyalarının səviyyəsi ilə ölçülür. Bu, qloballaşan dünyada hər bir ölkənin yüksəlişini, rəqabət qabiliyyətli olmasını təmin edən əsas şərtlərdən biridir. Hazırda bütün sahələrdə, o cümlədən dövlət idarəetmə sistemində ən yeni texnologiyaların, elektron vasitələrin istifadəsi zəruri amilə çevrilmişdir. Dünya iqtisadiyyatına və mədəniyyətinə gündən-günə daha sürətlə inteqrasiya edən Azərbaycanda da bu məsələlər daim diqqət mərkəzində saxlanılır. Artıq respublikada vətəndaşların dövlət orqanları ilə əlaqələrinin ən müasir texnologiyalar əsasında sürətlə yenidən qurulmasına başlanmışdır və bu proses uğurla davam etdirilir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin böyük diqqət və qayğısı, bu işə xüsusi əhəmiyyət verməsi sayəsində qəbul edilmiş müvafiq dövlət proqramları inamla həyata keçirilməkdədir. Bu proqramlardan biri də "Elektron Azərbaycan" proqramıdır ki, onun əsas müddəaları çərçivəsində görülən işlərin nəticələri artıq öz bəhrəsini verməkdədir. Məhz bu proqramların yerinə yetirilməsi nəticəsində yaxın vaxtlarda hər bir Azərbaycan vətəndaşı qarşılaşdığı bürokratik maneələri asanlıqla dəf edə biləcək, ona gərək olan hər bir sənəd üçün məmur qapılarını döyməkdən xilas olacaq, uzaq məsafə qət etmədən, vaxt itirmədən istənilən məkandan kompyuter vasitəsilə lazımi arayışı, sənədi, yaxud məlumatı əldə edə biləcəklər.

Vaxtilə poçt xidmətinin, teleqrafın, televiziyanın yaranması insanların həyat tərzində mühüm dəyişikliklər sayılırdısa, bu gün dünyanın inkişaf etmiş ölkələrində dövlətin idarə olunmasında elektron xidmətlərin tətbiqi də belə dəyişikliklərdəndir və gündəlik həyatın vacib atributlarından birinə çevrilmişdir.

- Saytın vətəndaşların müraciətləri ilə əlaqədar hissəsində edilmiş yeniliklərin mahiyyəti və məqsədi barədə oxucularımıza daha ətraflı məlumat verə bilərsinizmi?

- Bu dəyişikliklər sadəcə dəyişiklik xatirinə edilməmişdir. Saytda "Dövlət orqanlarına müraciət etmək" bölməsi yaradılarkən biz mərkəzi və yerli icra hakimiyyəti orqanlarında informasiya-kommunikasiya texnologiyalarının tətbiqi, müasir standartlara cavab verən internet saytlarının və elektron xidmətlərin yaradılması, onların rəsmi saytlarının və "e-mail" ("e-poçt") ünvanlarının fəaliyyəti ilə tanış olduq. Bu saytların bir qismində "Müraciət etmək", "Qəbul günləri" bölmələrinin və "e-mail" ünvanlarının heç də lazımi səviyyədə olmadığını müəyyən etdik. Bu işdə müəyyən sistem yaratmaq üçün görülən tədbirlərdən sonra həmin dövlət hakimiyyəti orqanlarının rəsmi internet saytları təkmilləşdirildi, onların saytları və elektron ünvanları qısa müddətdə işlək vəziyyətə salındı.

Qeyd etməliyik ki, dövlət hakimiyyəti orqanlarının rəsmi saytlarının təkmilləşdirilməsi sahəsində bütün işlərin başa çatdığını söyləmək hələ tezdir. Çünki rəsmi internet saytlarının yaradılması ilk növbədə böyük vəsait və xərc, həmçinin texniki imkanlar tələb edir. Mərkəzi icra hakimiyyəti orqanlarından fərqli olaraq, yerli icra hakimiyyəti orqanlarının imkanları o qədər də geniş deyildir. Lakin hazırda bu işə, necə deyərlər, start verilmişdir, yaxın zamanlarda onun uğurla başa çatdırılacağına inanırıq.

Vətəndaşların ölkə Prezidentinin rəsmi internet saytı vasitəsilə yerli icra hakimiyyəti orqanlarına müraciət edə bilməsi üçün sayta Azərbaycanın interaktiv xəritəsi yerləşdirilmiş, həmin xəritədə 11 iqtisadi rayonun adı yazılmış və bu iqtisadi rayonlara daxil olan şəhər və rayonların icra hakimiyyətlərinin veb.saytları və e-mail ünvanları göstərilmişdir.

Saytda edilmiş digər yeniliklər barədə, özünüz dediyiniz kimi, artıq mətbuatda məlumat verilmişdir. Əlavə olaraq onu deyə bilərəm ki, vətəndaşların bu sayt vasitəsilə dövlət orqanlarına müraciət etməsi bizə həmin müraciətlərin operativ və geniş təhlillərini aparmağa imkan verəcəkdir.

Saytda yeni yaradılmış "Vətəndaşların müraciətlərinə dair qanunvericilik" bölməsinə dair isə bunu demək olar ki, buraya Azərbaycan Respublikası Konstitusiyasının 57-ci maddəsindən başlayaraq, bu məsələlərdən bəhs edən 15 normativ hüquqi sənədin tam mətni və ya müvafiq hissələri daxil edilmişdir. "Müraciətlərin mövzuları" xanasında əsas mövzuların sayı 31-ə, alt mövzuların sayı 63-ə çatdırılmışdır.

- Edilmiş dəyişikliklərdən sonra elektron müraciətlərin sayı çoxmu artıb və onların müəllifləri, əsas mövzuları, növləri barədə oxuculara nə deyə bilərsiniz?

- Ümumiyyətlə, ilin əvvəlindən Prezidentin rəsmi internet saytına respublikadan yüzlərlə elektron müraciət daxil olmuşdur. Bunların böyük əksəriyyəti ərizə və təkliflər, digər hissəsi isə şikayətlərdir. Müraciətlərin arasında bir çox maraqlı təkliflərlə yanaşı, cənab Prezidentin ünvanına ayrı-ayrı rayonlarda aparılan abadlıq və quruculuq işlərinə, bəzi rayonların sosial-iqtisadi inkişafı üçün əlavə vəsait ayrılmasına, müxtəlif təltif və mükafatlara görə minnətdarlıq məktubları da az deyildir. Elektron müraciətlərin dinamikası bu ilin aprel ayından başlayaraq artır. Məsələn, aprel ayında Prezidentin rəsmi internet saytına daxil olmuş müraciətlərin sayı bütövlükdə daxil olmuş müraciətlərin 1,8 faizini təşkil edirdisə, bu göstərici, yəni elektron müraciətlərin sayı son aylarda 6-7 faizə çatmışdır. Təhlillər göstərir ki, ölkə Prezidentinin rəsmi internet saytına daha çox gənclər və orta nəslin nümayəndələri müraciət edirlər. Daha yaşlı nəslin nümayəndələri isə ənənəvi məktub formasından istifadə edir və öz müraciətlərini poçt vasitəsilə göndərməyə üstünlük verirlər.

Əhalinin Prezidentin rəsmi internet saytına müraciətlərinin coğrafiyası da maraq doğurur. Bu müraciətlər respublikanın 79 şəhər və rayonunu əhatə edir, xüsusilə Bakı şəhəri və onun rayonlarından, Sumqayıt, Şirvan, Lənkəran, Saatlı, Salyan, Göygöl şəhər və rayonlarından daha çox elektron müraciət daxil olmuşdur. Prezidentin rəsmi internet saytına xarici ölkələrin vətəndaşlarından da müraciətlər az daxil olmur. MDB ölkələrindən, bir sıra Avropa və Asiya ölkələrindən daxil olmuş belə müraciətlərdə daha çox Azərbaycan haqqında müxtəlif məlumatlar verilməsi, bir çoxlarında isə ölkə Prezidentinin avtoqraflarının göndərilməsi xahiş edilir.

Müraciətlərin mövzularına gəldikdə, digər müraciətlər kimi onlar da əsasən yerli icra orqanlarının fəaliyyəti, fərdi yaşayış evlərinin tikintisi, şəhərsalma, mənzil, sosial yardım və müavinətlər, müalicə və dərmanlarla təminat, işlə təmin olunma, hüquq-mühafizə və məhkəmə orqanlarının fəaliyyəti və digər məsələlər barəsindədir.

- Adi müraciətlərlə müqayisədə elektron müraciətlərə baxılmasında fərq varmı və onlara hansı formada cavab verilir?

- İstər adi qaydada, istərsə də elektron formada daxil olan bütün müraciətlərə "Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında" Azərbaycan Respublikası Qanununa və müvafiq normativ hüquqi aktlara uyğun baxılaraq cavab verilir. Yəqin ki, vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında qanunvericiliyə əlavə və dəyişikliklər ediləcək, bilavasitə elektron müraciətlərə baxılması məsələlərini tənzimləyən müddəalar təsbit olunacaqdır. Yaxın vaxtlarda respublikada elektron imzalar rəsmi surətdə təsdiq olunduqdan sonra elektron müraciətlərə elektron cavablar verilməsi də təmin ediləcəkdir. Bu zaman vətəndaşların da, müvafiq idarə və təşkilatların da elektron imzaları müvafiq qeydiyyatdan keçirilərək rəsmi xarakter daşıyacaqdır.

- Vətəndaşların qəbulunda hansı yeniliklər ediləcəkdir? Qəbulda da elektron vasitələrdən istifadə olunacaqmı?

- Bəli, artıq vətəndaşların qəbulunda yeni forma və üsullar tətbiq edilməkdədir. Məsələn, bəzi mərkəzi icra hakimiyyəti orqanlarında istifadəyə verilmiş yeni elektron proqramlar vasitəsilə bu qurumların rəhbər vəzifəli şəxsləri tərəfindən vətəndaşların videoqəbulunu keçirmək imkanı yaradılmış, ona "Virtual qəbul" adı verilmişdir. Yəni vətəndaşlar dövlət hakimiyyəti orqanlarında müəyyən edilmiş qrafik əsasında elektron müraciət vasitəsilə qabaqcadan müvafiq vəzifəli şəxsin qəbuluna yazılır və təyin olunmuş vaxtda həmin şəxslə videogörüntü formasında üzbəüz danışaraq öz problemi barədə məlumat verir və sorğusuna cavab alır. Təbiidir ki, vətəndaşların qəbulunun daha müasir olan bu formasından digər qurumlarda da istifadə olunması mümkündür. Qəbulun bu forması həm vətəndaşların uzaq məsafəni qət edərək dövlət orqanlarına gəlməsinin, onların əlavə yol və s. xərclər çəkməsinin qarşısını alacaq, eyni zamanda vəzifəli şəxslərə birbaşa öz iş yerində vətəndaşı dinləmək imkanı yaradacaqdır. Bunların hamısı yaxın gələcəkdə həyata keçirilə bilər.

Fikrimizi yekunlaşdıraraq deyə bilərik ki, son nəticədə bu sahədə görülən bütün işlər vətəndaşların müraciətlərinə baxılmasını yaxşılaşdırmaq və onların problemlərini daha operativ həll etmək məqsədi daşıyır. Bunların həyata keçirilməsi dövlətin vətəndaşlarla daha sıx ünsiyyətini təmin edəcəkdir.

 

 

Azərbaycan.- 2011.- 9 avqust.- S.  3.